
"TALE ƏSGƏRLƏRİ" NÖVBƏTİ DƏFƏ QALİB GƏLDİLƏR
Və daha beş il Irlandiyanın taleyini həll edəcəklər
Müəllif: Roma NEYMAN Bakı
Mayın 24-də İrlandiya parlamentinin ("Dayl") aşağı palatasına keçirilən seçkidə 1997-ci ildən ölkəyə rəhbərlik edən sağ-mərkəzçi "Fianna Fayl" Partiyası qələbə qazanıb. Baş nazir Berti Axernin rəhbərlik etdiyi "Tale əsgərləri" (irland dilindən tərcümədə partiyanın adı məhz belə səslənir) bu dəfə də kifayət qədər inamlı qələbə əldə edərək, yerli assambleyadakı 166 yerdən 78-nə sahib çıxıblar (2002-ci il seçkisində bu rəqəm 81 idi).
Britaniya mətbuatının yazdığına görə, "Fianna Fayl"ın İrlandiyanın siyasi arenasında "at oynatmasına" baxmayaraq, son seçkidə onun ənənəvi müttəfiqi iflasa uğrayıb. Son seçkiyədək hökumətdə "Tale əsgərləri" ilə koalisiyada olan proqressiv demokratlar cəmi iki mandat qazanıblar (ötən seçkidə bu rəqəm 8 idi) və bununla da Berti Axernin hökuməti formalaşdırmaq işini xeyli çətinə salıblar. Belə ki, artıq hakim partiya indiyədək müttəfiqlik etmədiyi siyasi qurumlarla dil taparaq onların iştirakı ilə yeni koalisiya yaratmaq məcburiyyətindədir. "Fianna Fayl"ın əsas rəqibi sayılan ana müxalifət partiyası - "Fine Qeyl" çətin ki rəqibi ilə koalisiyaya getməyə razı olcun. Yeri gəlmişkən, qeyd edək ki, sözü-gedən təşkilat ötən seçki ilə müqayisədə göstəricisini xeyli yaxşılaşdıraraq, yeni parlamentdə 51 deputat yerinə sahib çıxıb (ötən parlamentdə 31 yer). Seçkinin nəticəsinə əsasən leyboristlər 20 (21), yaşıllar isə 6 (6) mandat qazanıblar. Bundan başqa, parlamentə 5 (14) müstəqil namizəd, İrlandiya Respublika Ordusunun siyasi qanadı olan "Şinn Feyn"dən isə 4 (5) namizəd düşə bilib.
B.Axernin məhz son dörd partiya ilə koalisiya qurulması istiqamətində danışıqlar aparacağı güman edilir.
Seçkiqabağı kampaniyanın lap əvvəlində belə təəssürat yaranırdı ki, İrlandiyada mübarizə sağ və sol siyasi platformalar arasında yox, iki şəxs - son on ildə hökumətə rəhbərlik edən 55 yaşlı baş nazir Berti Axern və 56 yaşlı müxalifət lideri, "Fine Qeyl" Partiyasının sədri End Kenni arasında gedir. Seçkiöncəsi Dublin və digər böyük şəhərlərin divarlarını məhz bu iki şəxsin şəkilləri bəzəyirdi. Seçkiyə bir həftə qalmış keçirilən sorğular isə baş nazirin şəxsi populyarlığının əvvəlkitək rəqibindən xeyli üstün olduğunu göstərirdi. Bunun əsas səbəbi isə, təbii ki, Axernin yürütdüyü uğurlu iqtisadi siyasət, həmçinin onun Olster probleminin həlli prosesinə verdiyi töhfədir. Qeyd edək ki, B.Axern İrlandiya hökumət başçıları arasında Böyük Britaniya parlamentinin hər iki palatası qarşısında çıxış etməyə nail olan yeganə şəxsdir.
Seçki yaxınlaşdıqca isə seçicilərin daha çox şəxslərə görə deyil, siyasi proqramlara görə seçim edəcəkləri aydınlaşırdı. İndiyədək adı bircə qalmaqalda da hallandırılmadığı üçün "telefon baş naziri" adlandırılan cənab Axern öz hökumətinin uğurlarını qabartmağa başlamışdı: iqtisadiyyatda görünməmiş inkişaf, yüksək olmayan vergilər. Qeyd edək ki, bu gün İrlandiya bir çox göstəricilərinə görə, Avropa İttifaqında liderdir və bu səbəbdən çoxları ölkəni "kelt pələngi" adlandırır. Həqiqətən də, İrlandiyada korporativ (12,5%) və gəlir vergiləri Aİ-də ən aşağı səviyyədədir. Quruma üzv dövlətlər arasında adambaşına düşən ümumi daxili məhsulun həcminə görə isə, İrlandiya Lüksemburqun ardından ikinci yeri tutur (43,500 dollar). Cəmi 4 milyon əhalisi olan bu ölkədə 2006-cı ildə ixrac 120 milyard dollara çatıb (idxal isə cəmi 87 milyard). Büdcənin mədaxil hissəsi 75 milyard dollardır.
Buna görə də son 20 ildə cəmi iki il yarım hakimiyyətdə olan və hazırda hakim partiyanı üstələmək üçün real imkanlara sahib olmayan "Fine Qeyl" əsas tənqidi yalnız xəstələrlə dolu xəstəxanalara və uşaqlara yüksək səviyyədə tibbi qulluğun göstərilməməsinə yönəltmişdi. Müxalifət lideri End Kenni qələbə qazanacağı halda bu çatışmazlıqları aradan qaldıracağına, klinikaların sayını artıracağına və beş yaşından aşağı uşaqlara tibbi xidmətin pulsuz olacağına söz vermişdi. Lakin əhali hələ reallaşıb-reallaşmayacağına əmin olmadığı vədlərdənsə, sağ-mərkəzçilərin real uğurlarına üstünlük verdilər.
B.Axern artıq bəyan edib ki, onun partiyasının aşağı palatada çoxluq formalaşdırmaq üçün geniş imkanları var. Bununla yanaşı, o, stabilliyin qorunmasının hakim partiya üçün prioritet olduğunu qeyd edib. Görünür, o, bununla millətçi partiya olan "Şinn Feyn" ilə koalisiyaya getmək fikrində olmadığına işarə vurub.
Yeri gəlmişkən, sözügedən partiya Şimali İrlandiyada bir müddət əvvəl keçirilən seçkidə ciddi uğur əldə edib. Cerri Adamsın rəhbərlik etdiyi bu partiya isə hakim koalisiyada təmsil olunmaq istəyini dəfələrlə açıqlayıb. Xatırladaq ki, o, ötən parlamentdə 5 deputatla təmsil olunurdu. İrlandların əksər hissəsi də bu təşkilatın koalisiya üzvü olmasına etiraz etmirlər. Lakin əksər ekspertlər düşünürlər ki, hakim "Fianna Fayl"ın arxalana biləcəyi yeganə qüvvə proqressiv demokratlar və müstəqillərdir. Leyboristlər və "yaşıllar" isə müxalifətçi "Fine Qeyl"in silahdaşları sayılır. Artıq səlahiyyətini başa vurmaqda olan parlamentdə altı deputatla təmsil olunan "yaşıllar"ın müxalifətçi "Fine Qeyl" və leyboristlərlə koalisiya yaratmağa can atdığı bildirilir.
Yeri gəlmişkən, Yerri Adamsın partiyasının Olster parlamentinə düşə bilməsində böyük rolu olan Axern yaradacağı koalisiyada bu partiyanı görmək istəmədiyini bildirib. Onun sözlərinə görə, bu qərar "Şinn Feyn"in İrlandiya Respublika Ordusu ilə əlaqəsinə görə deyil, partiyanın son dərəcə sol baxışlı iqtisadi platformaya malikliyi ilə əlaqədardır. Artıq solçu partiyalar da "Şinn Feyl" ilə ittifaqdan boyun qaçırıblar. Nəticədə Berti Axern, çox güman ki, leyboristləri öz tərəfinə çəkməyə çalışacaq. "Tale əsgərləri" ilə proqressiv demokratların ötən seçki ilə müqayisədə bir mandat itirmiş leyboristlərlə bir araya gəlməsi mütləq çoxluğa malik yeganə koalisiya olacaq. Ekspertlər əmindirlər ki, leyboristlər qəzəbi mərhəmətə çevirməyə və koalisiyada təmsil olunmaq üçün End Kenninin partiyası ilə əməkdaşlıqdan imtina etməyə hazırdırlar. Yeri gəlmişkən, Dublindəki ən böyük bukmeker kontorunun rəhbəri Peddi Pauer irlandların əksəriyyətinin "Fianna Fayl"a məhz leyboristlərlə koalisiyaya gedəcəyinə görə pul qoyduğunu bildirib.
MƏSLƏHƏT GÖR: