Müəllif: İrina XALTURİNA Bakı
Xüsusi xidmət orqanları nə ilə məşğul olurlarsa-olsunlar, təki “soyuq müharibə” olmasın. Bu deyimi keçmiş FTX agenti Aleksandr Litvinenkonun qətlinin təhqiqatı ilə bağlı siyasi detektivə (onu başqa cür adlandırmaq da olmur) də şamil etmək olar. Berezovski və Luqovoyla yanaşı, onun adı da gündəmdən düşmür - KİV bu qalmaqallı məsələnin ən xırda təfərrüatlarını qibtə edilməyə layiq ardıcıllıqla açıqlayır.
Bu işin belə qalmaqal doğurmasının əsas səbəbi isə Litvinenkonun öldürülməsi üçün istifadə olunan üsul oldu - onun poloni-210 radioaktiv maddəsinin köməyilə zəhərləndiyi iddia edilir. Naməlum qatilin (yaxud qatillərin) belə orijinal bir vasitəyə əl atması onun heç də izi itirmək fikrində olmadığına, əksinə, mümkün qədər çox iz qoymağa can atdığını göstərir! Otellər, təyyarələr, keçmiş FTX agentinə aidiyyəti olan və olmayan şəxslərin orqanizmində poloninin izlərinin aşkarlanması da elə buradan qaynaqlanır. Axı peşəkarlar (Litvinenkonu məhz peşəkarların aradan götürdüyünə isə şübhə yoxdur) işi elə qura bilərdilər ki, heç kimin ruhu da inciməzdi. Əlbəttə, bu barədə açıq danışılmasa da, lakin dünyanın müxtəlif ölkələrində məmurlar, ictimai xadimlər və iş adamlarının aradan qaldırılmasının daha "incə" usülları kifayət qədər çoxdur. O ki qaldı Rusiya xüsusi xidmət idarələrinin keçmiş əməkdaşına... Xatırlayırsınızsa, məşhur filmdə Şellenberq Ştirlisə deyirdi: "Siz ömrünüzü həbs düşərgəsində başa vuracaqsınız. Hərçənd, Müller heç sizi həbs də etməyəcək - həddən artıq çox şey bilirsiniz. Sizin kimiləri avtomobil qəzasından sonra dəbdəbə ilə dəfn edirlər". Yeri gəlmişkən, Qərb mətbuatında mütəmadi olaraq şahzadə Diananın heç də bədbəxt hadisə nəticəsində həlak olmadığına eyham vururlar. Altay vilayətinin həddən artıq xəlqi və işə həddən artıq böyük canfəşanlıqla girişən keçmiş qubernatoru Mixail Yevdokimovun başına da elə eyni faciə gəldi. Yəni ona da guya zəng vurur, hədələyirdilər, guya hətta bu barədə şahid ifadələri də var, amma sonda o da bədbəxt hadisə nəticəsində - avtomobil qəzasında həlak oldu. Burada qəribə nə var ki? Qubernatorlar da yol-nəqliyat hadisələrinə düşürlər.
Litvinenkonun başına da buna bənzər bir hadisə gələ bilərdi - onun mindiyi liftin trosu qırılardı, lazım olmayan dərmanı içərdi, qadağan olmuş yerdə yolu keçərdi, nəhayət, başına kərpic düşərdi - axı heç kim belə hallardan sığortalanmayıb. Amma onu poloni ilə zəhərlədilər, həm də nümayişkaranə şəkildə, uzun sürəcək söz-söhbət, səs-küylü ifşaedici çıxışlar, gurultulu bəyanatlar doğurmaq məqsədilə. Buna nail də oldular və hazırda biz buna şahidik.
Arayış: Aleksandr Litvinenko - RF FTX-nin 2000-ci ildə Böyük Britaniyaya qaçmış və 2006-cı ilin oktyabrında bu ölkənin vətəndaşlığını almış keçmiş zabiti.O, keçən il noyabrın 23-də Londonun Universitet kollecinin xəstəxanasında keçinib. Onun vəfatından sonra Britaniya Sağlamlığın Mühafizəsi Agentliyinin mütəxəssisləri Litvinenkonun orqanizmində "xeyli" poloni-210 radioaktiv elementi aşkarladıqlarını bildiriblər. Lakin hakimiyyət orqanları ölümün səbəbləri və cəsədin yarılmasının nəticələri barədə heç bir rəsmi açıqlama verməyiblər.
Litvinenkonun kifayət qədər qalmaqal yaradan işi mayın sonu - iyunun əvvəllərində yenidən gündəmə gəldi. Bunun səbəblərindən biri isə Rusiyanın daxili işlər nazirinin müavini Arkadi Yedelevin bəyanatı oldu. O, məlumat verdi ki, yaraqlıların Dağıstana hücumu, Volqodonsk, Moskva, Buynaksk və Stavropol vilayətində törədilmiş terror aktları ilə əlaqədar cinayət işlərinin təhqiqatı zamanı Boris Berezovskinin çeçen yaraqlılarına maliyyə dəstəyi göstərdiyinə dair faktları təsdiq edən materiallar əldə edilib. Şahid ifadələrinə görə, mühacir oliqarx zavodlardan birinin yenidən qurulması üçün Basayevə bir neçə milyon dollar ayırıb, o isə nə üçünsə (təəccüblüdür!) bu pullara silah alıb. Yedelev həmçinin vurğulayıb ki, FTX-nin keçmiş əməkdaşı Aleksandr Litvinenko Basayev və Berezovskinin maliyyə əməliyyatlarının şahidlərini aradan götürmək üçün Gürcüstan ərazisindən Çeçenistana keçib. Həm də səfəri baş tutmayan Litvinenko mühacir oliqarxın göstərişlərinə əsasən hərəkət edib. Günahlandırılan Berezovskinin cavabı özünü çox gözlətmədi. "Əgər Saşa Londondan Qafqaza getsəydi, mənə bu haqda məlumat verərdi. Həm də bəs "qıfıllı sərhəd" necə olsun? Saşa lap Gürcüstandan da olsa, Rusiya sərhədçilərinin və xüsusi xidmət əməkdaşlarının yanından keçib Çeçenistana, ya da Rusiyanın başqa bölgələrinə neçə gedərdi?" - deyə Boris Abramoviç etiraz edib. Berezovskinin Basayevə "sponsorluq" etməsinə gəlincə, Rusiyanın "Kommersant" nəşrinin yazdığına görə, biznesmen pulun verilməsi faktını inkar etmir. Sahibkar iddia edir ki, onun çeçen səhra komandiri ilə görüşü "Moskva və Qroznı arasında barışıq imzalandığı dövrdə", Berezovski Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində çalışarkən baş tutub. "O zaman Çeçenistanda seçkilər keçirilmişdi, Aslan Məshədov rus hökuməti tərəfindən tanınmış prezident idi, Basayev isə respublikanın baş naziri təyin olunmuşdu. Çeçen liderlərinin pulları hara xərclədiyi məsələsi isə mənə yox, səlahiyyətli orqanlara aiddir". O həm də vurğulamağı unutmayıb ki, Moskva pulun köməyilə Qroznı ilə münasibətlərini qaydaya salmaq istəyirdi.
Bu arada mayın 31-də RF XİN-in rəsmi bəyanatlarından bir gün əvvəl rusiyalı biznesmen, Britaniya hökumətinin Litvinenkonun ölümündə günahlandırdığı Andrey Luqovoy mətbuat konfransı çağıraraq bəyanat verib ki, Berezovski və Litvinenko Britaniyanın Secret Intelligence Service (Mİ-6) əks-kəşfiyyat idarəsinin agentləri olub və çeçen yaraqlıları ilə əməkdaşlıq ediblər (Litvinenko Əhməd Zakayevin tapşırıqlarını yerinə yetirib; yeri gəlmişkən, onda Litvinenkonun sözlərindən belə çıxır ki, öz növbəsində, Britaniya xüsusi xidmət orqanları çeçen yaraqlıları ilə də əməkdaşlıq ediblər). Rusiyalı iş adamı iddia edir ki, Litvinenko Pankis dərəsində - Gürcüstanın Çeçenistanla həmsərhəd bölgəsində də olub. Xatırladaq ki, Rusiya hakimiyyət orqanlarının məlumatına görə, orada yaraqlıların bazaları yerləşirdi. Litvinenkonun etiraflarını təsdiqləyən dostu - iş adamı Dmitri Kovtun Şimali Qafqazdakı terrorçu təşkilatlarla əlaqələri barədə ona Litvinenkonun özünün danışdığını bildirmişdi. Guya mərhum FTX agenti hətta "bir neçə il bundan əvvəl Nalçikdə baş verən və Rusiya hüquq-mühafizə orqanlarının təxminən 75 əməkdaşının həlak olması ilə nəticələnən" hadisələrin təşkilində də iştirak da etmişdi. Qeyd etməyə dəyər ki, Luqovoy haqqında cinayət işində Kovtunun adı onun əlbir olduğu adam kimi çəkilir, çünki sonuncu dostu ilə birlikdə 1 noyabr 2006-cı ildə - Litvinenkonun zəhərləndiyi güman edilən gün onunla "Millenium" otelində keçirilən görüşdə iştirak edib.
Luqovoy onu da bildirib ki, Litvinenko və Berezovskidən başqa, Mİ-6 onu da ələ almağa cəhd göstərərək Rusiya prezidenti Vladimir Putin və onun ailə üzvləri barədə istənilən ifşaedici materiallar toplamağı təklif etmişdi. İş adamının sözlərinə görə, Litvinenko hətta ona informasiyanı şifrələmək üçün xüsusi "vasitə" - Qrişkovitsin "Köynək" kitabını da verib. Mətni səhifələr, abzaslar və sətirlərin nömrələrilə kodlaşdırmaq nəzərdə tutulurdu (bu məqsədlə Ştirlis "Montenin əsərindən" yararlanırdı). "Gizli əlaqə saxlamaq" üçün Luqovoya "ingilis mobil telefonu" da verilmişdi və onunla Moskvadan Londona zəng etməli idi.
Litvinenkonun qatillərinə gəldikdə, iş adamı bu rola bir neçə namizəd irəli sürüb: Britaniya xüsusi xidmət idarələri, Boris Berezovski və "rus mafiyası".
Beləliklə, birinci versiya: Litvinenko "onun qədrini bilməyən və xidmətlərinə görə az pul verən" ingilis sahiblərindən bezmişdi, öz növbəsində, o özü də artıq Mİ-6-nı qane etmirdi. Luqovoyun cəlb edilməsilə bağlı uğursuzluq Litvinenkonun ingilislərin gözündən düşməsini daha da sürətləndirdi. Luqovoyun açıqlamasından: "Kəşfiyyatçılar məsələsini nəyin bahasına olur-olsun həll etməyə çalışan Litvinenko onun üçün nəzərdə tutulan agent-cəlbedici rolunun hüdudlarını tez-tez aşır və mənimlə söhbətlərində ağzından çoxlu artıq şey qaçırırdı". Beləliklə, Litvinenko "xüsusi idarələrin nəzarətindən kənara çıxan agentə çevrildi və onu aradan götürdülər".
Təbii ki, London rus iş adamının bütün ittihamlarını dərhal rədd etdi və onun öz açıqlamaları ilə hər şeyi daha da dolaşdırdığını bəyanladı. Luqovoyun Litvinenko ilə görüşlərinə gəldikdə, burada da fövqəladə bir şey yoxdur. Üstəlik, dumanlı Albion KİV-lərinin yazdığı kimi, "Mİ-6-nın bir prinsipi var: kiminsə onun fəaliyyətinə aid olub-olmadığını nə təsdiq, nə də inkar etmək". Litvinenkonu Britaniya kəşfiyyatçılarının o dünyaya göndərmələri barədə iddia isə əsassızdır, çünki Mİ-6-nın motivlərini heç vəchlə izah etmir. Bu onun nəyinə lazım idi? Luqovoy bu suala ağlabatan cavab verə bilmədi. Eyni zamanda, xüsusi xidmət idarələrindəki mənbələrə istinadən "Qardian" qəzeti ingilis kəşfiyyatçılarının "heç vaxt Luqovoyla təmasa girmədiklərini" yazır. Rəsmi London, o cümlədən, həmin idarələrin təmsilçiləri Litvinenkonun öldürülməsinin "kəşfiyyata aidiyyəti olmayan cinayət işi" olduğunu açıq şəkildə bildiriblər. Moskva da təxminən həmin ruhda açıqlama ilə çıxış edib: RF xarici işlər naziri Sergey İvanov bildirib ki, Londonda bəzi dairələrin Litvinenkonun ölümünün araşdırılmasını siyasiləşdirmək cəhdləri Rusiya-Britaniya münasibətlərinə mənfi təsir göstərir. Əlbəttə, bütün bunlar kifayət qədər qəribə görünür: əgər hər iki tərəf bu məsələyə siyasəti və xüsusi xidmət idarələrini qatmaq istəmirsə, bu, hətta "xüsusilə önəmli" cinayət işi nədən belə səs-küyə səbəb olub?
Mümkün qatillərin müəyyənləşldirilməsinə qayıdaq. İkinci versiya: Litvinenkonu Berezovski zəhərləyib. Yenə də Luqovoyun mayın 31-də keçirilən mətbuat toplantısında dediklərindən: "Aleksandrın 2006-cı ilin son aylarındakı davranışından məlumatlı olduğumdan və onu təhlil etdiyimdən, onun həm Berezovski, həm də Britaniya xüsusi xidmət orqanlarından olan sahiblərinə münasibətdə məyusluğunu görməyə bilməzdim". Əlamətdardır ki, çoxları rusiyalı iş adamının Berezovski barədə sözlərini ciddi də olmasa, ən azı böyük maraqla qarşıladı. Buna səbəb isə Boris Abramoviçin siyasətdə fırıldaqçılığı ilə ad çıxarmasıdır. Məsələ Litvinenkonu aradan qaldırmağın onun nəyinə lazım gəlməsindədir. Bu barədə də bir neçə təxmin var ki, onlardan birini müstəqil şəkildə üçüncü versiya kimi ayırmaq olar: Berezovski Britaniya xüsusi xidmət idarələrinin köməyilə Litvinenkonu ona görə öldürür ki, sonradan hər şeyi Rusiya kəşfiyyatının üstünə yıxaraq, Putinin adına ləkə gətirsin və Londonla Moskvanın arasını vursun. Lakin burada da ortaya tamamilə məntiqi şübhələr çıxır: şübhəli şöhrət qazanan keçmiş FTX agentinin (hətta İngiltərə vətəndaşı olsa da) öldürülməsi (hətta səs-küy doğursa da) Rusiya prezidentinin imicinə ciddi zərər vura bilərmi? Yaxud kimsə buna görə Böyük Britaniyanın Rusiya ilə diplomatik münasibətləri kəsəcəyinə ciddi şəkildə ümid edirmi? Nəhayət, Moskva ilə bu dərəcədə ciddi şəkildə pozuluşmaq Londonun nəyinə gərək? Berezovski Britaniya xüsusi xidmət idarələrinə hər hansı bir aidiyyəti olduğunu qətiyyətlə inkar edir və Luqovoyun Kremlin göstərişilə hərəkət etməsində iddialıdır. Gözdən düşmüş oliqarx cinayətə aidiyyəti olmadığını sübut etmək üçün hətta Litvinenkonun dul qadınının öz ərinin ölümündə günahkar olanların tapılması üçün təsis etdiyi fonda bir milyon dollar da köçürüb.
Boris Abramoviçə Litvinenkonun tərəfdaşlığından niyə belə təcili qurtulmaq lazım gəldiyi barədə daha bir təxmin də var ki, o, bütün digərlərindən daha inandırıcı görünür. Belə ki, guya keçmiş agent vaxtilə Kovtuna Berezovski haqqında ciddi ifşaedici materiallara malik olduğunu deyib. Sənədlərin bir hissəsi belə açıqlandığı halda, Berezovski böyük problemlər, hətta Böyük Britaniyadan ekstradiksiya ilə üzləşə bilərdi. Başqa sözlə, ölümündən bir az əvvəl Litvinenko Boris Abramoviçi şantaj etməyə ya hazırlaşırdı, ya da artıq bunu etmişdi. Sual yaranır: "Nəyə görə?". Belə bir təxmin var ki, Berezovski ondan maliyyə baxımından asılı olan Litvinenkonu, demək olar ki, vəsaitdən məhrum etmişdi.
Xatırladaq ki, Litvinenkonun zəhərlənməsi ilə bağlı şübhələr, əvvəlcə Mario Sakramellanin - təhlükəsizlik məsələləri üzrə italiyalı ekspertin üzərinə düşmüşdü: Sakramella 1 noyabr 2006-cı ildə Litvinenko ilə Londondakı "İtsu" suşi-barında görüşərək, ona jurnalist Anna Politkovskayanın qətlinin təşkilatçıları barədə məlumatlar verməli idi. Sonradan Sakramella bildirdi ki, həmin gün onda "məhv edilməli olan insanların siyahısı vardı". Xatırladaq ki, Rusiya hökumətinin Çeçenistandakı siyasətini tənqid edən çoxsaylı məqalələrin müəllifi olan Politkovskaya 2006-cı ilin oktyabrında Moskvada odlu silahdan qətlə yetirilmişdi və o zaman Aleksandr Litvinenko onun öldürülməsinin araşdırılmasına başladığını bəyan etmişdi.
Lakin Litvinenkonun özünün həlakolma səbəblərinin araşdırılmasına gəldikdə, qeyd etməyə dəyər ki, noyabrın 21-də Litvinenkonun (noyabrın 23-də vəfat edib) noyabrın 1-də Sakramella ilə görüşə qədər Luqovoyla görüşdüyü məlum olub. Onlar oteldə birlikdə çay (indi Britaniya müstəntiqləri bunun polonili çay olduğunu güman edirlər) içiblər. Beləliklə, dördüncü versiya: Litvinenkonu Luqovoyun əlilə Rusiya xüsusi xidmət orqanları aradan götürüb. Məsələn, "Tayms" yazır ki, "Litvinenkonun işi cəzasız qalan Rusiya agentləri tərəfindən zərgər dəqiqliyi ilə yerinə yetirilmiş əməliyyatdır". Həm də Moskvanın Luqovoyu Britaniyaya ekstradiksiya etməkdən imtina etməsi onun günahkar olmasına inamı yalnız gücləndirir. Bu iş adamına qarşı əsas dəlil London ətrafında poloni izlərinin Litvinenkonun qətlindən əvvəl və sonra məhz bu adamın olduğu yerlərdə aşkarlanmasıdır. Luqovoyun günahkar olduğuna Litvinenkonun dul xanımı Marina Litvinenko da əmindir və o, hesab edir ki, Luqovoy bu cinayəti Rusiya xüsusi xidmət idarələrinin tapşırığı ilə törədib. Lakin bu versiyada ən maraqlısı Litvinenkonun özünün onun ölümündən sonra keçmiş podpolkovnikin dostu Aleksandr Qolfarbın Britaniya KİV-lərindən efirdə səsləndirdiyi son məktubudur: "Fikrimcə, indiki durumuma görə məsuliyyət daşıyan insana bir neçə kəlmə deməyin zamanı çatıb. Siz ən qəddar tənqidçilərin təsvir etdikləri kimi, nə dərəcədə amansız barbar olduğunuzu nümayiş etdirdiniz. İnsan həyatı, azadlıq və sivilizasiyanın digər dəyərlərinə heç bir ehtiram bəsləmədiyınızi göstərdiniz. Vəzifənizə, sivil insanların etimadına layiq olmadığınızı göstərdiniz. Bəlkə də bir insanı susdurmağı bacaracaqsınız, lakin cənab Putin, bütün dünyanın etirazları ömrünüzün sonuna qədər qulaqlarınızda səslənəcək. Qoy Tanrı sizi təkcə mənim deyil, sevimli Rusiyamın və onun xalqının başına gətirdiklərinizə görə də bağışlasın". Rusiya prezidenti ittihamlara kifayət qədər sakit reaksiya verdi. AB ilə sammit başa çatdıqdan sonra Helsinkidə mətbuat toplantısında çıxış edərkən o, qətl ətrafında siyasi möhtəkirlik üçün heç bir əsas olmadığını bildirdi.
Lakin versiyalar sadalananlarla bitmir və beşinci versiya da var. Luqovoy mətbuat toplantısında onu da bildirdi ki, Litvinenko "rus mafiyası"nın qurbanı da ola bilərdi. Səbəb isə vaxtilə ispan polisinə bir neçə cinayətkar qruplaşmanın başçısı sayılan "Kiçik Şakro" ləqəbli cinayətkar avtoriteti - Zaxari Kalaşovu tutmaqda yardım göstərməsi ola bilər. Güman ki, bu versiyanın insanı dəhşətə gətirməsinin səbəbini izah etməyə lüzum yoxdur: təkcə ispan "filialı" düşmənlərini nadir tapılan radioaktiv maddə vasitəsilə aradan götürməyə qadirdirsə, görün, rus mafiyası özü hansı qüdrətə malikdir! Üstəlik, mafiya nəinki sadəcə qətli icra edir, həm də izi məharətlə başqasına nə az, nə çox - prezident Putinə istiqamətləndirir!
Lakin bu da hələ hamısı deyil. Altıncı versiya da eynilə "gözəl" səslənir. Lap Ceyms Bond və Hollivud döyüş filmləri ruhunda: guya Berezovskiyə ("çirkli bomba sifarişçisi"; axı milyonçular da əylənməlidirlər) işləyən Litvinenko ilə Luqovoy Dmitri Kovtun (xüsusi xidmət idarələrinin silah alverçiləri arasında əlaqələri olan əməkdaşı) vasitəsilə hansısa "silah alverçisinə" yol tapıblar, bu sonuncu da onlara poloni-210 maddəsini bombanın komponenti kimi verib. Lakin konteyner, əlbəttə, qapalılıgını itirib və Litvinenko öldürücü şüalanmaya məruz qalıb. Luqovoyla Kovtunun payına isə yüngülvari qorxmaq və Britaniya polisinin təqibləri düşüb. Lakin Boris Abramoviç bu məqamdan da yararlanmaq qərarına gəldiyindən, indi uğursuzluğunu Kremlin əleyhinə yönəltməyə çalışır.
Bəs Litvinenkonu kim öldürüb? Bu sualın cavabı bilinmir və çətin ki nə vaxtsa məlum olsun. Luqovoya gəldikdə, Rusiya hakimiyyətinin nə vaxtsa onun ekstradisiyasına razılıq verəcəyi inandırıcı deyil. Odur ki mülahizələr üçün geniş meydan və bu müəmmanın açılması üçün məqalənin əvvəlində göstərilən kiçik bir imkan qalır - Litvinenkonu bu iş ətrafında qalmaqalda və ona hamının diqqətini cəlb etməkdə maraqlı olan öldürtdürüb.
MƏSLƏHƏT GÖR: