
"MİLAN" YEDDİNCİ DƏFƏ KÖHNƏ DÜNYANIN ƏN YAXŞISIDIR
İngiltərənin "liverpul" klubu iki il əvvəl üç topluq fərqi aradan qaldıraraq, sonda italyanlara qalib gəlməklə həyata keçirdiyi möcüzəni təkrarlaya bilmədi
Müəllif: Kamil ƏLİYEV Bakı
Nəhayət, Avropa futbol üzrə Çempionlar Liqasının yeni qalibinin adını bildi və bu ada finalda İngiltərənin "Liverpul" klubu üzərində qələbə qazanan İtaliya "Milan"ı layiq görüldü. Qeyd edək ki, bu, "Milan"ın Çempionlar Liqasındakı yeddinci qələbəsidir. Bu qələbəni komandasına final matçda 2 qol vuran 33 yaşlı hücumçu Filippo İnzaqi gətirdi.
Xatırladaq ki, hələ iki il əvvəl bu klublar eyni turnirin finalında İstanbulda qarşı-qarşıya gəlmişdi və həmin matç Çempionlar Liqasının müasir tarixinin ən parlaq finalı kimi yadda qaldı. Yalnız 1999-cu ildə "Mançester Yunayted" və "Bavariya" arasında keçirilən qarşılaşmada oxşar triller yaşanmışdı ki, o zaman ingilislər matçın son dəqiqələrində iki qol vuraraq üstün olmuşdular.
2005-ci ildə isə "rossonerlər" ilk hissədən sonra "Liverpul" qarşısında 3:0 hesabı ilə irəlidə olarkən qələbəyə çox yaxın görünsələr də, ikinci yarıda ingilislər nəinki 3 top vura bildilər, hətta oyunsonrası penaltilər seriyası ilə kuboku qazanmağı da bacardılar. Həmin qarşılaşmanın əsas "uğursuzu" isə Eji Dudekə üstün gələ bilməyən Andrey Şevçenko olmuşdu.
O vaxtdan çox şey dəyişib. İngilislərin qapısında polyak öz yerini ispan Xose Reynaya verib, Şevçenko isə Londona yollanıb. Lakin Afinada finala çıxan oyunçulardan 12-si iki il əvvəlki qarşılamada da bir-birlərinə qarşı oynayırdılar. "Milan"da belələrinin sayı yeddidir: Dida, Nesta, Maldini, Qattuzo, Pirlo, Kaka və Sedorf. "Liverpul"da isə Finnan, Karraqer, Riise, Xavi Alonso və Cerard İstanbul finalında da meydana çıxmışdı. Bundan başqa, italyanlarda Kafu və Serjiniyonun, ingilislərdə isə Hyuyupya və Kyuellin ehtiyatda qaldıqlarını da qeyd etmək lazımdır. İstanbul finalının qəhrəmanlarından olan Dudek və Luis Qarsiya isə zədəli idi.
Maraqlıdır ki, iki il əvvəllə müqayisədə hər iki komandanın hucüm xətti tamamilə dəyişmişdi. "Milan" oyuna yeganə forvard - İnzaqi ilə çıxmış, "Liverpul"da bu vəzifə Dirk Keytə tapşırılmışdı.
Matça gəlincə, "Liverpul" qarşılaşmaya daha fəal başladı. "Milan" isə əksinə, xeyli ehtiyatlı təsir bağışlasa da, ilk hissədə hər iki komandanın qol imkanları oldu. Lakin onlardan heç biri bu vəzifənin öhdəsindən gələ bilmədiyi bir vəziyyətdə İnzaqinin qolu tam məntiqsiz alındı. Fasiləyə artıq çox az vaxt qalarkən, braziliyalı Kaka rəqibin qapısının 20 metrliyində cərimə zərbəsi qazandı. Pirlonun ustalıqla yerinə yetirdiyi zərbədən sonra isə top İnzaqinin çiyninə toxunaraq qapıçı Reynanı çaşdırdı və tora daxil oldu.
Fasilədən sonra oyun bərabərləşsə də, bunun əvəzinə qol vəziyyətləri qeybə çəkildi. Düzdür, "Liverpul" hesabı bərabərləşdirmək üçün əlindən gələni edirdi, lakin buna baxmayaraq, ingilislər rəqib qapısına yol tapa bilmir, vaxt isə rəqibin xeyrinə işləyirdi. Nəticədə "Milan" rəqibi daha bir dəfə cəzalandırdı və bu dəfə İnzaqi öz üslubunda qola imza atdı: ofsayd xəttində topu Kakadan qəbul edən hücumçu Reynanı da keçərək topu boş qapıya göndərdi.
İki il əvvəlki xatirələr "Liverpul"un vəziyyətdən çıxacağına inamı saxlayırdı: komandalar hələ 10 dəqiqə oynamalı idilər. Matçın qəhrəmanı olan İnzaqinin meydanı tərk etməsindən bir neçə saniyə sonra isə Keyt künc zərbəsindən qaldırılmış topu başı ilə italyanların qapısından keçirdi - 1:2.
Amma britaniyalıların bundan artığına vaxtı çatmadı.
Oyundan sonraya gəlincə, Britaniya mətbuatı hesab edir ki, "Liverpul"un qapısına ilk qol əllə vurulub. İtaliyada isə əksinə, hamı sevinc içindədir. Hətta qarşılaşmayadək bu sezonun sonunda futboldan gedəcəyini açıqlayan Paolo Maldini sevincindən daha bir il oynamağa qərar verib.
"Milan"ın baş məşqçisi Karlo Ançelotti bu komanda ilə oyunçu kimi indiyədək iki dəfə, baş məqçi rolunda isə 2003-də Avropanın ən yaxşısı olsa da, bu dəfə o, fərqli hisslər keçirirdi: "Bu bizim əldə etdiyimiz böyük qələbələrdəndir. Bu uğura imza atacağımıza inananlar az idi. Lakin biz həqiqətən qeyri-adi uğuru əldə edə bildik. Azarkeşlərimiz arasında da "Milan"ın bu mövsüm belə uğur əldə edəcəyinə inananlar çox deyildi. Düşünürəm ki, bunu, ümumiyyətlə, heç kim gözləmirdi".
Onun opponenti Rafael Benites isə təəssüfünü gizlətmir: "Biz ilk yarıda oyna nəzarət etdik, hücumlar qurduq və təhlükəli anlar yaratdıq. Lakin birinci yarının sonunda rikoşetlə gələn gözlənilməz qol yedik. Futbolda yaranan məqamlardan istifadə etmək və qol vurmaq lazımdır. Qələbə qazandıqda hamı sevinir və onu qeyd edir. Məğlub olduqda isə onun səbəblərini araşdırmaq və gələcəyi düşünmək lazımdır. Siz hamınız "Milan"ın oyununun keyfiyyətini gördünüz. Biz isə artıq oynumuzu necə yaxşılaşdırmaq haqda düşünürük".
Həmişə olduğu kimi, Çempionlar Liqası kimi nəhəng turnirin finalı bu dəfə də azarkeşlərin problem yaratması ilə yadda qaldı. Nəticədə, Afina polisi olimpiya stadionuna soxulmaq istəyən 128 azarkeşi saxladı. Onlardan, əsasən, Böyük Britaniyadan gələn 90 nəfəri stadiona saxta biletlə girməyə, qalanları isə, ümumiyyətlə, matçı biletsiz seyr etməyə çalışdığından asayiş keşikçilərinin hədəfinə tuş gəldilər.
Yeri gəlmişkən
"Milan"ın Çempionlar Liqasının qalibi olduğu gün Azərbaycanın "Xəzər-Lənkəran" klubu milli çempionatın son turunda yüksək liqanın debütantı olan Zaqatalanın "Gilan" klubunu darmadağın edərək tarixində ilk dəfə Ölkə Çempionu adını qazandı. Amma hər şey hələ sona bir tur qalmış ölkə futbolunun flaqmanı "Neftçi"nin gözlənilmədən ortabab rəqibinə - paytaxtın "Olimpik" komandasına məğlubiyyətindən sonra (1:2) həll olunmuşdu. Lənkəranlılar "Neftçi"nin büdrəməsindən yararlanmaq şansını əldən vermədilər və həmin turda qələbə qazanaraq əsas rəqibindən bir xal önə keçdilər. Nəticədə, "Neftçi" yaranmasının 70-ci illiyində ölkə birinciliyinin qızıl medallarını qazana bilmədi.
Bu çempionat da Azərbaycan üçün ənənəvi olan qalmaqalla yadda qalıb və bu, birinciliyin sonunda baş verib. Belə ki, "Flaqman" rəhbərliyi komandanın "Olimpik"ə məğlub olmasında matçın hakimini günahlandırıb və bunu sübut etmək üçün hətta qarşılaşmanı idarə edən İmamxan Sultaninin ömürlük diskvalifikasiya olunmuş həmkarı Elçin Məmmədovla telefon söhbətinin audioyazısını ortaya çıxarıb. Lent yazısında tərəflərin "əlavə pul", "mükafat" və s. haqda danışdıqları açıq-aydın əks olunub. Bu yazını əldə edən "Neftçi" rəhbərliyinin əsas tələbi AFFA-nın sözügedən qarşılaşmanın yenidən oynanmasına qərar verməsi olsa da, onlar istəklərinə nail ola bilməyiblər. AFFA "Neftçi"-"Olimpik" qarşılaşmasının nəticəsinə hakimin müdaxilə etməsini sübut edən faktların olmadığını bildirərək, belə qərar verməkdən imtina edib. Əli Hüseynovun rəhbərlik etdiyi Hakimlər Komitəsi də eyni qərarı qəbul edib. İmamxan Sultani özü isə bildirib ki, audioyazı Elçin Məmmədovun özü tərəfindən montaj edilib.
Hər halda, Azərbaycan futbolunda korrupsiya ilə bağlı qalmaqal ilk dəfə deyil və belə halların olmasının səbəbi, yəqin ki, bizim italyanlar kimi futbol oynaya bilməməyimizdədir.
Amma istənilən halda, qalmaqalla olsa belə, "Xəzər-Lənkəran" özünün ilk çempionluğunu qazandı.
MƏSLƏHƏT GÖR: