14 Mart 2025

Cümə, 01:27

BEYNƏLXALQ DESANT

BMT-nin Azərbaycan təmsilçiliyinin ən yaxın dövr üçün planı - kommunikasiya məsələləri üzrə səylərin fəallaşdırılmasıdır

Müəllif:

01.06.2007

Hər bir strukturun açıqlığının başlıca indikatoru onun  ictimaiyyətlə əlaqələr üzrə şöbələrinin işi sayılır. Amma təəssüf ki, müxtəlif təşkilatlarda informasiya departamentlərinin işinə heç də həmişə müsbət qiymət vermək olmur. Bununla belə, hər bir qaydada istisnalar var.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annanın sərəncamı ilə Ənvərə Səlimoviç Bakıda BMT İctimai İnformasiya Şöbəsinin nümayəndəsi təyin olunub. 2006-cı ilin oktyabrından Ə.Səlimoviç Bakıda yaşayır və işləyir.

7 ay elə də böyük  zaman deyil. Amma bu müddət ərzində BMT İctimai İnformasiya Departamenti sanballı nəticələr əldə edib, ölkənin dövlət strukturlarını, qeyri-hökumət təşkilatlarını, eləcə də müxtəlif ictimai xadimləri əməkdaşlığa cəlb edə bilib. BMT İctimai İnformasiya Departamentinin gördüyü iş barədə  Ə.Səlimoviçlə söhbət zamanı məlumat aldıq.    

- Bura gəlməmişdən əvvəl Bakı haqqında nəsə bilirdinizmi və ilk təəssüratlarınız necə oldu? 

- Sözün düzü, Azərbaycanın paytaxtı haqqında məlumatım o qədər də geniş deyildi. Amma bilirdim ki, Bakı və Sarayevo arasında ümumi cəhətlər çoxdur. Axı tələbəlik illərində mən Sarayevoda gid işləyirdim və SSRİ-dən gələn turistlər arasında azərbaycanlılarla da rastlaşırdım. Mədəniyyətimiz haqqında məlumat verəndə yerlilərinizin replikalarını eşidirdim: "Hə, burada da bizim Bakıdakı kimidir". Doğrudan da, bu iki şəhəri oxşar edən çox maraqlı aspekt Bakıda da, Saraye-voda da  məscid,  kilsə və sinaqoqların  yan-yana yerləşməsidir.

Bakı  gözəl arxitekturalı nadir şəhərdir. Mən özüm də Şərq və Qərbi birləşdirən şəhərdə doğulmuşam. Ona görə də burada özümü qərib hiss etmirəm. Bakını Sarayevodan neft və dəniz fərqləndirir. Bəlkə də, heç vaxt eşitməmisiniz ki, Bakı və Sarayevo qardaşlaşmış şəhərlərdir.

Hər iki şəhər - Bakı da, Sarayevo da təzadlarla doludur. Burada  təzadların özünəməxsus harmoniyası müşahidə olunur - bir tərəfdə qədim arxitektura, digər tərəfdə göydələnlər,  şüşə və betondan tikilmiş müasir binalar.  

Hər iki şəhər göz önündə yeniləşir, bununla birlikdə, hər halda, məndə belə bir təəssürat yaranıb ki, Bakı da, Sarayevo da  nə iləsə çox gözəl, amma  bir qədər səliqəsiz geyimli qadına bənzəyir. Bir tərəfdən, şəhərin özünəməxsus  arxitekturasını qoruyub-saxlamaq, digər tərəfdən, yeni rayonları plan üzrə tikmək lazımdır, çoxlu pulu olanların istədikləri kimi və harada oldu yox! Məncə, belə yanaşma Sarayevodan çox, Bakıya xasdır.

İşimlə əlaqədar inamla deyə bilərəm ki, Bakıda özümü çox rahat hiss edirəm, çünki Azərbaycan xalqının problemlərini başa düşməkdə çətinlik çəkmirəm, axı yerli mentalitet mənim ölkəmin mentalitetinə  çox oxşayır.

 - Siz 2006-cı ilin oktyabrından Bakıda BMT sistemində çalışırsınız. Rəhbərlik etdiyiniz departamentin konkret nə işlə məşğul olduğu haqqında danışa bilərsiniz ?

- Mən BMT İctimai İnformasiya Departamentində işləyirəm və sualınıza cavab kimi deyə bilərəm ki, təmsil etdiyim departamentin başlıca vəzifəsi BMT-nin nə olduğu və bu təşkilatın həm bütün dünyada, həm də Azərbaycanın özündə konkret nə işlər gördüyünü başa düşməkdə insanlara yardım etməkdir. Bizim ofis BMT-nin böyük ailəsinin bir hissəsidir və o, Azərbaycanda müxtəlif agentliklərlə təmsil olunub.

 Bakıdakı komandamız böyük olmasa da, kifayət qədər operativdir. Biz hamı üçün açığıq və əməkdaşlığa hazırıq. Departamentimiz KİV-in son xəbərlərlə vaxtlı-vaxtında təmin olunmasında, press-brifinqlərin, "dəyirmi masa"ların, Azərbaycanın istənilən vətəndaşını maraqlandıra biləcək press-relizlərin, video və elektron materialların hazırlanmasında, tərcümə və yayılmasında maraqlıdır. Beləliklə, bizim başlıca vəzifəmiz -   vahid məqsədlə -  ölkənizin inkişafı üçün BMT-nin siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə həyata keçirdiyi fəaliyyət barədə Azərbaycanı, onun dövlət strukturlarını və əhalisini  məlumatlandırmaqdır. İşimizdə biz təkcə  müntəzəm olaraq mənzil-qərar-gahdan aldığımız  müxtəlif materiallarla kifayətlənmir, əksər hallarda fəaliyyətimizi Azərbaycanın şəraitini, maraq və ehtiyaclarını nəzərə almaqla   qururuq.

Artıq  həm hökumətdə, həm qeyri-hökumət sektorunda, həm də təhsil sistemində, gənclər  və vətəndaş cəmiyyəti, həmçinin, KİV arasında bizimlə əməkdaşlıqda maraqlı olan tərəfdaşlarımız var. 

Fürsətdən istifadə edərək, Azərbaycanda birlikdə işlədiyimiz və yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş qlobal həftəlik, müxtəlif mövzularda "dəyirmi masa"lar və konfranslar keçirdiyimiz  bütün hökumət strukturlarına xüsusi minnətdarlığımızı çatdırmaq istərdim. 

- Artıq hansı  tədbirləri keçirmisiniz və  yeddi ay ərzində departamentiniz konkret nəyə nail olub?  

- Yuxarıda qeyd etdiyim cari fəaliyyətdən başqa, ofisimiz ayda ən azı bir böyük tədbir təşkil etməyə çalışır. Məsələn, ötən ilin oktyabrında Bakı Dövlət Universitetinin tələbələri ilə BMT Təhlükəsizlik Şurasının modeli əsasında konfrans keçirmişik.

Əvvəlcədən hazırlıq keçmiş tələbələr Təhlükəsizlik Şurasının yığıncağını müstəqil şəkildə çox yüksək səviyyədə modelləşdirə bildilər. Onların BMT sistemi haqqında məlumatlılığını, faktlar təqdim etmək və vaxtlarını səmərəli planlaşdırmaq bacarığını görmək mənə böyük zövq verdi. İnanmaq istəyirəm ki, öz bacarıqları və bizim treninqimiz   harada işləyəcəklərindən asılı olmayaraq,   gələcək fəaliyyətlərində onlara kömək olacaq.

2006-ci ilin dekabrında Beynəlxalq insan                                                                                                                        haqları gününün qeyd olunması ilə əlaqədar  Azərbaycanda Ombudsman ofisi ilə birlikdə  insan haqlarına dair diskussiya təşkil etdik; əsas tərəfdaşlarımız isə gənclərin nümayəndələri idi.

2007-ci ilin yanvarında biz Xolokost qurbanlarının beynəlxalq xatirə gününü, fevralda isə Atatürk Mərkəzində YUNESKO nəzdində milli komissiya ilə birlikdə Azərbaycanda ilk dəfə Beynəlxalq ana dili gününü qeyd etdik.  Bu iki günü ona görə seçdik ki, Azərbaycan  müxtəlif mədəniyyətlərin bərqərar olduğu ölkədir və o, tolerantlığı ilə tanınır. Yeri gəlmişkən, 2007-ci il mayın 16-da BMT Baş Assambleyası  fərqliliyin və  kütləvi anlaşmanın vəhdəti naminə 2008-ci ili Beynəlxalq dillər  ili elan edib.

2007-ci ilin martında Beynəlxalq qadınlar gününün qeyd olunması ilə əlaqar biz "Koalisiya 1325" qadın qrupu ilə birlikdə "Qadınlara və qızlara qarşı zorakılığı dayandırmalı" mövzusunda "dəyirmi masa" təşkil etdik. "Dəyirmi masa"nın iştirakçıları bu mühüm mövzuya daha çox diqqət ayırmaq xahişi ilə hökumətə müraciət qəbul etdilər və ümid edirəm ki, bu problemin mühümlüyünü dərk edən hökumət onun reallaşdırılması üçün gündəlik addımlar atır.

Bu il aprelin 3-4-də Beynəlxalq  mina təhlükəsizliyi məsələləri  üzrə maarifləndirmə günü  və  minalardan təmizləmə fəaliyyətinə yardım münasibətilə  biz Minadan Təmizlənmə üzrə Azərbaycan Milli Agentliyinin (ANAMA) yardımı sayəsində  BMT İnkişaf Proqramının (BMTİP) və BMT Uşaq Fondunun (YUNİSEF) nümayəndələri ilə birlikdə Füzulidəki  minalardan təmizlənmə zonasına səfər etdik.

Aprelin 23-29-da Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin daxili işlər, gənclər və idman, təhsil, səhiyyə və nəqliyyat nazirlikləri ilə birlikdə Azərbaycanda ilk dəfə BMT-nin yol hərəkəti təhlükəsizliyi qlobal həftəsini keçirdik. Yeri gəlmişkən, sonralar DYP Baş İdarəsinin nümayəndələri mənə məlumat verdilər  ki, bu həftə ərzində yol-nəqliyyat hadisələrinin sayı 20%, həlak olanların sayı 35%,  xəsarət alanların sayı isə 15%-dən çox azalıb. Və əgər müştərək aksiyalarımız nəticəsində, heç olmasa, bir həyatı xilas etmək mümkün olubsa, biz çox şadıq.

Mayın 19-da Atatürk Mərkəzində "Mədəniyyətlərin dialoquna nail olmaqda dialoq mədəniyyətinin əhəmiyyəti" mövzusunda "dəyirmi masa" keçirmişik. Bu tədbir  Ümumdünya dialoq və inkişaf naminə mədəni  müxtəliflik gününə həsr olunmuşdu.  Məqsədimiz isə həm gündəlik həyatımızda, həm də mədəniyyətlərin dialoquna nail olunması prosesində dialoq mədəniyyətinin rolu və əhəmiyyəti barədə ictimaiyyətin məlumatlılığını yüksəltmək idi.

Qısaca, biz  medalın iki üzü kimiyik - BMT-nin müxtəlif ölkələrdəki nümayəndələri olmaqla birlikdə, mənzil-qərargahımızla işlədiyimiz ölkə arasında fəal həlqə olmağa can atırıq.

- Departamentin müəyyən prioritet iş sahələri varmı və gələcək iş planlarınız necədir?

- Fəaliyyətimizin prioritet sahələrinə gəldikdə,  bu minilliyin inkişaf məqsədlərinə nail olmaq, eləcə də insan haqları, sülh və təhlükəsizliyin dəstəklənməsi, iqlim dəyişmələri məsələləridir. Amma öz adımdan deməliyəm ki,  humanitar məsələləri, o cümlədən məcburi köçkünlərlə, gender bərabərliyi, təhsil və mədəniyyətlə bağlı problemləri daim qaldırmaq lazımdır. Biz hamının - hökumətin, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların səxavətindən, qüvvəsindən və diqqətindən yararlanaraq,  qarşımızda duran ən təxirəsalınmaz vəzifələri yerinə yetirmək üçün  əlbir işləməliyik.

Planlarımız haqqında. Onlar, sözsüz ki,  çoxdur. Biz artıq ətraf mühit məsələlərinə həsr olunmuş bir sıra tədbirlər həyata keçirməyə başlamışıq və ümidvarıq ki, bu fəaliyyət nəticəsində cəmiyyət, o cümlədən gənclər planetimizdə ekoloji durumun yaxşılaşdırılmasına öz töhfəsini vermək üçün öhdəlik götürməyə hazır olacaq.

Yaxın gələcək üçün daha bir planımız yeni rezident - BMT-nin Azərbaycanda koordinatoru c-b Bruno Puezin rəhbərliyi ilə Kommunikasiya Məsələləri üzrə BMT Qrupunun səylərinin gücləndirilməsidir. İstərdim ki, bu qrup gələcək fəaliyyətini BMT sistemində yeni kommunikasiya mədəniyyətinin formalaşdırılmasına yönəltsin. 

- Asudə vaxtınız qalırmı və siz onu necə keçirirsiniz?

- Boş vaxtım olanda kitab oxumağı, musiqi dinləməyi, filmlərə baxmağı xoşlayıram, amma təəssüf ki, buna o qədər imkanım olmur. Azərbaycan nadir musiqi mədəniyyətinin vətənidir və paytaxtınızın çoxsaylı zal və teatrlarının qonağı olmaq imkanı məni sevindirir. Bəxtim gətirib ki, filarmoniyanın yaxınlığında işləyirəm,  mənzilim isə Opera və Balet Teatrından uzaq deyil və hərdən simfonik konsertlərə, ya da tamaşalara baxa bilirəm.  Axşamlar köhnə sovet və Azərbaycan filmlərinə baxmağı xoşlayıram. Onlarda keçmiş Sovet İttifaqının müxtəlif xalqlarının mədəniyyət və adətlərindən danışılır və bu, çox maraqlıdır.  Həm də bu filmlər Hollivudun "arzular fabriki"nin məhsullarından çox fərqlidir. Mən Avropa kinosunu Amerika filmlərindən üstün sayıram.

Mütaliəyə gəldikdə,  tarixi hadisələrin bədii təsvirini çox xoşlayıram, son zamanlar əsərlərinə əvvəllər rast gəlmədiyim Livanmənşəli çox maraqlı müəllif - Amin Maalufun bir neçə kitabını oxuya bilmişəm. Həm də Maaluf bu diyarlardan, o cümlədən, Bakıdan da yazır. Onun "Levantiya muncuqları" romanının qəhrəmanlarından birinin adı Bakudur. Əlbəttə, "Əli və Nino"nu oxumuşam. Və çox sevinirəm ki,  şəhərdə artıq bu tanınmış əsərin teatr tamaşası müvəffəqiyyət qazanıb. 

Yaxın planlarıma Qazaxıstana, oradan isə heç vaxt olmadığım, amma haqqında uşaqlıqdan çox eşitdiyim və oxuduğum Səmərqənd şəhərinə ezamiyyət daxildir. Amin Maalufun "Səmərqənd" kitabını oxuyandan sonra bu şəhərə marağım daha da artıb.


MƏSLƏHƏT GÖR:

386