Müəllif: Rəsmiyə QƏMBƏROVA Bakı
Orqanoterapevtik preparatların istehsalından başlayan Gedeon Richter şirkəti 100 ildən artıq bir müddətdə təkcə Macarıstanda deyil, bütün dünyada əczaçılıq nəhən-ginə çevrildi. Şirkətin Azərbaycanda təmsilçiliyinin açılması zavodun təsisçisinin xaricdə dayaq məntəqələri yaradılmasının zəruriliyi ideyasına sadiqliyinə daha bir örnəkdir. Həmin dayaq məntəqələri vasitəsilə bazarda "multimilli iştirak" təmin edilir. Zavodun Azərbaycan təmsilçiliyinin direktoru Səidə Həsənovanın sözlərinə görə, onların filialının şirkətin dərman preparatlarının yayılmasına istiqamətlənən fəaliyyəti çeşidli iş formalarını ehtiva edir - həkimlərlə fərdi görüşlər və həftəlik mini-konfranslardan tutmuş, təqdimatlar, seminarlar və iri simpoziumların keçirilməsinə qədər.
Gedeon Richter şirkəti Azərbaycan əczaçılıq bazarında mövqelərini möhkəmləndirmək məqsədilə ölkənin tibb ictimaiyyətilə fəal iş qurub. Belə ki, təkcə son bir il ərzində şirkət "Azərbaycan Respublikasında ixtisaslaşmış uşaq onkogematoloji yardımının təşkili", "Uroonkoloji araşdırmalara müasir baxış" kimi çox önəmli seminarların, məşhur alim Əziz Əliyevin 110 illiyinə həsr olunmuş elmi-praktik konfransın təşkilinə sponsorluq edib.
Gedeon Richter şirkətilə əczaçılıq preparatlarının ilk rəsmi distribüteri olan yerli Vita Ltd. Şirkəti arasında biznes əlaqələrinin nəticəsi Vita-Richter birgə Azərbaycan-macar əczaçılıq müəssisəsinin açılması oldu. İkitərəfli əməkdaşlıqda məqsəd illik dövriyyəsi bölgələrdə filiallarla iş sayəsində də artmaqda olan şirkətin məhsullarını istehsalçıların ala bilmələrini təmin etməkdir.
Macarıstan AB üzvüdür
1 may 2004-cü ildə Macarıstan AB-ın səs hüququna malik həqiqi üzvü oldu. Birləşmiş Avropa bazarına maneəsiz çıxarıla bilmələri məqsədilə, Şərqi Avropada ən böyük dərman istehsalçılarından biri olan Gedeon Richter zavodunda bütün preparatların yenidən qeydiyyatdan keçirilməsilə bağlı möhtəşəm iş görüldü. Zavodun bütün dünyada qeydiyyatdan keçən preparatlarının ümumi həcminin 33%-i hazırda Amerika bazarının payına düşür, 22% isə MDB ölkələrində satılır.
Zavodun tarixindən
Şirkət 1901-ci ildə indi də adını daşıdığı macar əczaçısı Gedeon Rixter tərəfindən təsis edilib. Universitetdə təhsilini başa vuran G.Rixter hələ cavan yaşlarında Yer kürəsi ətrafında elmi səyahətə yollanır. Qayıtdıqdan sonra Budapeştdə hələ də işləməkdə olan "Şaş" ("Qartal") aptekinin sahibi olur. Rixter çox tez bir zamanda məşhurlaşan 4 orqanoterapevtik preparat buraxır, 1903-cü ildə isə Budapeştdə böyük bir sahə alaraq, orada əsl sənaye fəaliyyətinə başlayır.
Sonradan müəssisədə bitki xammalarının emalına başlanılır. 1909-cu ildə hiperol üçün patent alınır. Dezinfeksiyaedici təsirə malik preparat Birinci Dünya müharibəsi illərində ordu üçün çox önəmli idi. 1912-ci ildə indinin özündə də isifadə edilən kalmopirin preparatı meydana çıxır. Müharibə başa çatanda Gedeon Richter çox mühüm əczaçılıq zavodu sayılırdı.
1935-ci ildə zavodda artıq 230 işçi çalışırdı. Araşdırmaların əsas hərəkətverici qüvvəsi Rixterin özü idi: səhər saat 7-dən 14-ə qədər zavodda işləyir, sonra isə gecə yarısına qədər bütün vaxtını xüsusi ədəbiyyatın öyrənilməsinə sərf edirdi. O, müəssisənin inkişaf strategiyasının inkişaf etdirilməsində də görünməmiş uğurlar qazandı. Dərman istehsalının geniş xarici əlaqələrsiz rentabelli olmayacağını dərk edən Rixter beynəlxalq ticarət şəbəkəsini məqsədyönlü şəkildə inkişaf etdirməyə başladı. Xaricdə bir-birinin ardınca asılı müəssisələr yaratmaqla, o bir çox multimilli şirkətləri qabaqladı. 30-cu illərdə onun təşəbbüsü ilə 5 qitəni əhatə edən agentlər şəbəkəsi fəaliyyət göstərir, xaricdə açılan 10 müəssisə həm istehsal, həm də satışla məşğul olurdu. İkinci Dünya müharibəsi ərəfəsində Gedeon Richter Macarıstanın ikinci böyük ixracatçısı idi.
Zavod mütəxəssislərinin SSRİ-yə ilk səfəri 1954-cü ildə təşkil edildi. Şirkətdə aparılan ən intensiv tədqiqat işləri də, demək olar ki, elə həmin dövrə təsadüf edir. Nəticədə, məşhur seduksen preparatının istehsalına başlandı. Vinkamin üzərində başlanan araşdırmalar kavinton preparatının işlənib-hazırlanmasına gətirib çıxardı. Bu dövr Sovet İttifaqına əczaçılıq məhsulları ixracının xeyli artması, xarici ölkələr, o cümlədən Belçikanın "Yanssen" şirkətilə lisenziya müqavilələri bağlanması ilə səciyyələnir. 1962-ci ildə ilk birgə müəssisə yaradıldı. 90-cı illərdə Yaponiyanın "Nomura" şirkəti Gedeon Richter zavodunu Mərkəzi Avropada ən önəmli əczaçılıq müəssisələrindən biri adlandırıb.
Gedeon Richter bu gün
Hazırda zavod xaricdə çox geniş təmsil olunub. Təkcə MDB ərazisində onun ümumi sayı 180 nəfər olan 20 bölgə təmsilçiliyi var.
Yeni şərait təklif olunan preparatların da yeni keyfiyyətə malik olmalarını tələb edir. Zavodun indiki fəlsəfəsi şirkətin təsisçisinin fəlsəfəsilə üst-üstə düşür - həyatın keyfiyyətini yüksəltmək istəyən hər bir kəsin əldə edə biləcəyi təsirli dərmanların geniş çeşidini istehsal etmək.
Şirkətin iqtisadi durumu
Şirkətin səhmləri Budapeşt, London, Frankfurt, Vyana və d. birjalarda satılır. Onun birja dəyəri $1 mlrd artıqdır. Qərb institusional ekspertləri onun səhmlərini, obrazlı desək, "mavi fişkalar", yəni etibarlı və gəlirli qiymətli kağızlar hesab edirlər. Gedeon Richter preparatlarının həm Rusiya və MDB ölkələrində, həm də Qərbi Avropa, ABŞ, Yaponiyada illik satışı durmadan artır. Zavod 100-dən artıq adda yüksək keyfiyyətli preparat istehsal edir. Hər il yeni preparatların işlənib-hazırlanması üzrə elmi araşdırmalara on milyonlarla dollar vəsait sərf edilir. Yeri gəlmişkən, zavodun elmi bazası Avropada ən güclülərdən biri sayılır. Bununla əlaqədar, şirkətin iqtisadi durumu da çox sabit qiymətləndirilir ki, bu da öz növbəsində, zavodun səhmlərinə təsirini göstərir.
MƏSLƏHƏT GÖR: