15 Mart 2025

Şənbə, 00:41

DÜNYA ŞAHMAT ULDUZLARININ ÖNCƏGÖRMƏSİ

Məşhur hollandiyalı qrossmeyster doğma veyk-an-zeedəki məğlubiyyətə görə teymur rəcəbovdan revanş almağa ümid edir

Müəllif:

15.05.2007

Bakı Əyləncə Mərkəzində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan "Prezident kuboku" şahmat festivalı yalnız mübarizənin gərginliyi və qızğın qarşıdurmalarla deyil, həmçinin, onun iştirakçı heyətləri ilə yaddaqalan olub. Belə ki, Azərbaycanda keçirilən ilk beynəlxalq Open-turnirdə dünya şahmatının qrandları  - in-gilis Naycel Şort, hollandiyalı Lyuk van Velli və alman Arkadii Nayditç kimi isimlər iştirak ediblər.

 

Naycel Şort: "Rəcəbov Kasparovun əldə etdiyi uğurları təkrarlaya bilər"

İngilis Naycel Şortun təqdimata ehtiyacı yoxdur. 80-90-cı illərdə o, dünya şahmatının liderlərindən biri olub (onu Qərb şahmatının siması adlandırırdılar) və Dünya çempionu adı uğrunda qarşılaşmada gücünü sınasa da, 13-cü şahmat kralı Harri Kasparova məğlub olub. "Həmin vaxt Harri Kasparov kimi dahi şahmatçı ilə bacarmaq hər kəsin işi deyildi. Amma düşünürəm ki, mən 13-cü Dünya çempionu ilə layiqli mübarizə apara bildim və hətta düşünürəm ki, qələbə qazanmaq üçün yaxşı şansım da var idi. Təəssüf ki, sonda məğlub oldum", - deyə "R+"a açıqlamasında Şort etiraf edib: "Mənə həmçinin Bakının digər yetirməsi olan Teymur Rəcəbovla qarşılaşmaq nəsib olub. Biz cəmi bir dəfə qarşı-qarşıya gəlmişik və bu, blits-partiya olub. Mən Rəcəbovun digər şahmatçılarla qarşılaşmasını izləmişəm və onun böyük potensialının olduğunu söyləyə bilərəm".

Yeri gəlmişkən, Naycel Şort dünya şahmat tacı uğrunda mübarizə ümidindən əl çəkmir. "Əlbəttə ki, hazırda ötən illərlə müqayisədə dünya birincisi olmaq daha da çətinləşib. Amma düşünürəm ki, mən hələ belə bir fədakarlığı gerçəkləşdirmək iqtidarındayam. Niyə də olmasın?!" - deyə Şort bildirib.

Maraqlıdır ki, Naycel Şort artıq Bakıda olub və onun Azərbaycana ilk səfəri 24 il əvvələ təsadüf edir. 1983-cü ildə Bakıda olan şahmatçı burada beynəlxalq turnirə qatılıb və qalib gəlib. "Mən Bakını tərk edən zaman aeroportun əməkdaşları məni saxlayaraq Azərbaycana səfərimin məqsədini soruşdular. Mən onlara bildirdim ki, burada beynəlxalq turnirdə iştirak edərək qalib gəlmişəm. Aeroportun əməkdaşları isə ingilisin qələbəsinə inanmayaraq, təbəssümlə bildirdilər ki, yəqin turnir zəif olub. Amma həmin yarış indiki kimi, çox çətin mübarizə ilə yadda qalmışdı", - deyə məşhur ingilis qrossmeyster bildirib: "Əlbəttə, həmin vaxtdan Bakı son dərəcə dəyişilib və bu dəyişiklik müsbət yöndədir. Bakı çox gözəl və qonaqpərvər şəhərdir və mən 24 ildən sonra buraya təkrarən gəldiyim üçün çox məmnunam. Sizin kababınız mənim çox xoşuma gəldi. Hər halda, o, fil ətindən qat-qat dadlıdır...".

Məlum olduğu kimi, dünya şahmatında son tendensiyalar idmançıların kompüterlə yarışmasıdır. Şort belə mübarizədən çəkinməsə də, "Qidra" proqramı ilə son qarşılaşmasında o, 0,5:5,5 kimi biabırçı hesabla məğlub olub. "Kompüterlə oynamaq çox çətindir. İnsandan fərqli olaraq, o  yorulmur və bütün partiya ərzində eyni səviyyədə oyunu davam etdirir. Beləliklə, kompüter proqramları təkmilləşməkdə davam edərsə, bir müddət sonra insanın onu məğlub etməsi mümkün olmayacaq. Amma mən hələ də kompüter proqramına qalib gəlmək və məğlubiyyətimin əvəzini çıxmaq ümidindən əl çəkmirəm", - deyə Şort qeyd edib.

 

Lyuk van Velli: "Azərbaycanlı şahmatçıların hamısı təhlükəlidir"

Nayceld Şort ötən illərin ulduzu sayılırsa, Lyuk van Velli dünya şahmatının hazırkı məşhur simalarındandır və bu günlərdə keçirilən turnirdə iştirak etmək üçün Bakıya gələnədək o, Azərbaycan haqqında heç bir məlumata malik olmayıb. "Etiraf edirəm ki, ölkəniz haqda məlumatsız olduğum üçün utanıram. Amma səhvimi düzəldəcəyimə söz verirəm. Əsasən, mən "Azərbaycan" adı ilə beynəlxalq turnirlərdə Teymur Rəcəbov və ya Şəhriyar Məmmədovla üz-üzə gəldiyim zaman qarşılaşmışam. Bəzən hollandiyalı tanışlarım olan biznesmenlərdən də Bakı haqda eşitmişəm. Onların hamısı, əsasən, bir fikri səsləndirib: siz çox qonaqpərvər xalqsınız. Buraya gəldiyim zaman mən buna əmin oldum", - deyə Lyuk van Velli "R+"a bildirib.

Maraqlıdır ki, van Vellinin azərbaycanlı şahmatçı Teymur Rəcəbovla münasibətlərində xüsusi məqam var. Belə ki, Rəcəbov ötən il Hanta-Mansiyskdə keçirilən dünya kubokunda çıxışını məhz hollandiyalı qrossmeysterə məğlubiyyətdən sonra başa vurub. Amma artıq bu ilin əvvəlində Hollandiyada keçirilən Veyk-an-Zee turnirində Teymur ondan keçmiş məğlubiyyətinin əvəzini çıxa bilib. Xatırladaq ki, sonda şahmatçımız həmin turniri qalib kimi başa vurub: "Mənim Rəcəbovla qarşılaşmalarım həmişə maraqlı mübarizə şəraitində keçir və onunla oynamaq çox xoşuma gəlir. Bəli, mən Hanta-Mansiyskdə Rəcəbova qalib gəlmişəm. Amma Veyk-an-Zeedə o, revanş götürə bilib. Növbəti dəfə mən revanş götürmək istəyirəm. Düşünürəm ki, Teymur Rəcəbovla uzun illər dünya şahmatının lideri olan Kasparov arasında oxşarlıq çoxdur. Rəcəbov hələ çox gənc olsa da, artıq Veyk-an-Zee turnirində qələbə qazana bilib və hesab edirəm ki, bu, onun üçün irəliyə atılmış böyük addımdır. Rəcəbovun qarşısında çempion tacına aparan üzün yol var".

Şəhriyar Məmmədov üzərində isə hollandiyalı şahmatçı müsbət saldoya malikdir "Şəhriyar Məmmədov da böyük potensiala malikdir və o da  dünya şahmatının elitasına aiddir. Məmmədov daha çox oyunun taktiki tərəfinə üstünlük verir. Amma mən bir dəfə onu məhz taktika üsulunda məğlub edə bilmişəm. Bundan başqa, Məmmədova mövqe yarışında da qalib gəlmişəm və Teymur Rəcəbovla olduğu kimi, Şəhriyar Məmmədovla da mübarizəm davam edir", - deyə van Vellin bildirib: "Ümumiyyətlə, "Prezident kuboku"nda anladım ki, azərbaycanlı şahmatçıların hər biri təhlükəlidir və onların hamısı ilə ehtiyatlı olmaq lazımdır".

 

Arkadi Nayditç: "Hələ ki  azərbaycanlı şahmatçılarla bacarmıram"

Arkadi Nayditç gənc nəsil şahmatçılara aiddir. Əvvəllər o da Teymur Rəcəbov, norveçli Maqnus Karlsen və digərləri kimi uğurlara imza atsa da, son zamanlar Nayditçin beynəlxalq arenada əldə etdiyi uğurların sayı azalıb. Onun ən nəzərə çarpan nailiyyəti 2005-ci ildə Dortmunda keçirilən superturnirdəki gözlənilməz qələbəsi olub. "Həmin turnir hələ də mənim son əsərim olaraq qalır. O zaman məndən heç kəs qələbə gözləmirdi. Mən özüm də belə uğura ümid etmirdim", - deyə şahmatçı bildirir: "Vaxtilə məni də vunderkind sayırdılar və böyük gələcəyimin olduğunu bildirirdilər. Lakin təhsillə əlaqədar olaraq bir neçə ilimi itirdim və bununla da xeyli geri düşdüm. Bunun nəticəsi hələ də mənim oyunlarımda özünü göstərir. Lakin yaxın zamanlarda yaxşı forma yığacağıma inanıram".

Yeri gəlmişkən, bu il Arkadi Nayditç yenidən Dortmunda keçiriləcək super-turnirdə gücünü yoxlayacaq və həmin yarışda o, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədovla qarşılaşmalıdır. "Şəhriyarla biz 10 yaşımızdan oynayırıq"  - deyən Nayditçin sözlərinə görə, onların arasında indiyədək keçirilən qarşılaşmaların ümumi hesabında Şəhriyar minimal hesabla öndədir: "Teymur Rəcəbov isə məndən gəncdir və onunla daha az qarşılaşmışam. Bu səbəbdən də gənclər arasında keçirilən qarşılaşmalarda biz üz-üzə gəlməmişik. Onunla qarşılaşmalarımızın hesabı da mənim xeyrimə deyil. İlk dəfə Teymurla Dortmunda qarşı-qarşıya gəlmişəm və o zaman 1:1 hesablı bərabərliklə ayrılmışıq. Amma daha sonra, Avropa çempionatında mən Rəcəbova məğlub olmuşam. Odur ki hələlik azərbaycanlı şahmatçılarla bacarmıram".


MƏSLƏHƏT GÖR:

404