15 Mart 2025

Şənbə, 00:37

AZƏRBAYCANSAYAĞI VÜCUD GÖZƏLLİYİ

Bir neçə gün əvvəl ölkəmizdə keçirilən avropa çempionatında Azərbaycan kulturistləri ilk dəfə olaraq dörd medal qazanaraq qitə ikincisi oldular

Müəllif:

15.05.2007

Bir neçə gün əvvəl İdman Sarayında idmançılar bədənlərinin gözəlliyini nümayiş etdirirdilər. Təbii ki, bu gözəllik özünəməxsus, əzələli gözəllik idi. Rəsmi şəkildə desək, Bakıda bodibildinq, klassik bodibildinq və qarışıq cütlüklər üzrə Avropa çempionatı keçirildi.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, XXI əsrin başlanmasından sonra keçmiş bu 7 il ərzində Azərbaycan artıq  ikinci dəfədir ki, bu idman növü üzrə Avropa birinciliyə ev sahibliyi edir. "Avropa Bodibildinq Federasiyasının növbəti toplantılarından birində Azərbaycanın daha bir Avropa çempionatına ev sahibliyi etmək istəyində olduğunu eşitdikdə, çox sevindik. Çünki Bakıda keçirilən ilk Avropa çempionatının necə yüksək səviyyədə təşkil edildiyini yaxşı xatırlayırıq", - deyə Beynəlxalq və Avropa Bodibildinq Federasiyalarının prezidenti Rafael Santoxa keçirdiyi mətbuat konfransında bildirib: "Bizə o da məlumdur ki, bu il Bakıda bədii gimnastika üzrə də Avropa birinciliyi, həmçinin güləş üzrə lisenziyalı dünya çempionatı keçiriləcək ki, bunlar bir çox beynəlxalq təşkilatların sizin ölkənizə etibar etdiyini göstərir. Hesab edirəm ki, Bakıda bodibildinq üzrə daha nəhəng yarışların təşkili mümkündür".

2001-ci ildə Bakıda keçirilən ilk Avropa birinciliyindən fərqli olaraq, bu dəfə Azərbaycan millisi daha bacarıqlı təsir bağışlayır və yüksək yerlərə iddia edirdi. "Əgər əvvəllər biz idmançılarımızdan hansısa birinin medal qazanmasına ümid edirdiksə, hazırda komanda şəklində yüksək yerlərə iddia etmək gücündəyik", - deyə "R+"a açıqlamasında Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyatəliyev bildirib. 

Avropa Bodibildinq Federasiyasının vitse-prezidenti Pavel Fileborn da Azərbaycan millisinin imkanlarını yüksək qiymətləndirib: "Azərbaycan millisi kifayət qədər güclüdür və desəm ki, milliniz qitə birinciliyində medal qazanacaq, heç də yanılmarım. Əlbəttə, mən hakim deyiləm və bu səbəbdən idmançılarınızın hansı pilləyə layiq olacaqlarını söyləyə bilmərəm. Lakin ev sahiblərinin medalsız qalmayacağını əminliklə söyləyə bilərəm".

Hadisələrin sonrakı gedişi göstərdi ki, milli federasiyanın rəhbəri nə danışdığının fərqində imiş, eyni zamanda Filebornun proqnozları da boş yerə danışılan söz deyilmiş. Belə ki, çempionatda Azərbaycan bodibildinqçiləri iki gümüş və iki bürünc medal əldə etməklə komanda hesabında səkkiz çəki dərəcəsindən yeddisində qızıl medal qazanan Rusiya yığmasının ardından ikinci yeri tutub. Millimizə gümüş medalları Yalçın Məmmədov (70 kq) və Vüqar Verdiyev (85 kq), bürüncləri isə klassik bodibildinqdə Tahir Fəxruddinov və Teymur Aslanov gətirib.

 

Səhnə arxası

İlk baxışdan belə görünə bilər ki, bodibildinq asan idman növüdür və onun əsas prinsipi səhnəyə çıxaraq hakimlərin qarşısında bədənin nümayiş etdirilməsindən ibarətdir. Amma bu mərhələyədək onlar uzun və yorucu məşqlər etməli, ağır rejim və pəhrizə sinə gərməlidirlər. Hətta bədənin nümayiş etdirilməsi mərhələsi də kifayət qədər fiziki güc tələb edir. İdmançıların səhnədən sonra dərhal yollandığı kulisa arxasında olan "R+"un əməkdaşı bodibildinqçilərin hansı əziyyəti çəkdiklərinin şahidi olub. Bu əzələli idmançıları səhnə arxasında görən zaman adamın onlara yazığı gəlir. İdmançılar son dərəcə yorğun görünür, birlitrlik şüşədəki suyu birnəfəsə içirdilər. Bir sözlə, poza vermək, hətta kultiristlər üçün də asan iş deyil.

Bodibildinqin qeyri-ənənəvi idman növü olmasına baxmayaraq, onun azarkeşləri kifayət qədər ənənəvidir və onların futbol fanatları ilə müəyyən oxşarlıqları var. Bu idman növlərinin azarkeşlərinin bir-birinə tam oxşaması üçün yalnız futbol stadionlarındakı azarkeşlərin yaratdığı dalğa çatışmır.

Bu və ya digər idman növündə yarış zamanı məşqçilərin həyəcanı xüsusi hisslər yaradır. Amma yalnız bodibildinqdə məşqçinin kənardan belə çağırışlarını eşitmək olar: "Döşlərini göstər, kürəyini nümayiş etdir, ayaqlarla oyna...". Ukrayna millisinin nümayəndələrindən biri isə yetirmələrindən narazılığını belə ifadə edirdi: "Özün-özünə niyə baxırsan, vurulmusan? Tez pozada dayan. Ukraynada deyilsən, Avropa çempionatındasan...". 

Bir sözlə, emosiya heç də futbol üzrə dünya çempionatında olduğundan az deyil. 

Bakıda keçirilən Avropa birinciliyinin nəticələrinə qayıdaraq qeyd edək ki, federasiya prezidenti Rauf Bünyatəliyev çempionatın başa çatmasından sonra azərbaycanlı idmançıların qızıl medallara layiq olduqlarını bəyan edib. "Heç kəs bizim komanda hesabında ikinci yeri tutacağımızı gözləmirdi. Amma düşünürəm ki, məsələn, Vüqar Verdiyev qızıl medala layiq idi və fikrimcə, çoxları mənim bu fikrim ilə razılaşar. Onun ikinci yeri tutması təəccüblüdür. Belə qərar çıxarılarsa, hətta Rusiya Bodibildinq Federasiyasının rəhbərliyi həmin çəki dərəcəsində qızıl medallarını Vüqar Verdiyevə verməyə hazırdır. Vüqarın tərəzidə çəkildiyi vaxt onun ideal proporsiyasını görən ruslar mənə bildirirdilər ki, onlar öz idmançılarını ikinciliyə hazırlayır və qızıl medalın məhz azərbaycanlı bodibildinqçiyə nəsib olacağını düşünürlər", - deyə federasiya prezidenti bildirib: "Polşa, Çexiya və Slovakiya komanda şəklində birinciliyi hədəfləyərək Bakıya güclü yığma ilə gəlmişdi. Bu ölkədən olan hakimlər də bizə qarşı mübarizə apararaq azərbaycanlı idmançıları sıxışdırırdı. Bu ölkələrin hakimləri Rusiya millisinə çata bilməyəcəklərini yaxşı dərk etdikləri üçün bizi sıxışdıraraq, rusların ardından mükafatçılar sırasına düşməyə çalışırdılar. Amma onlar istəklərinə nail ola bilmədilər və biz hər Avropa birinciliyində mükafatçılar sırasına düşən Çexiya, Slovakiya, Polşa, Ukrayna kimi ölkələri qabaqladıq".

Tarixə baxış

Bodibildinqə "atletizm"in bir hissəsi kimi baxsaq, onun köklərini Qədim Yunanıstanda axtarmaq lazımdır. İlk atletika zallarına nümunə kimi, yarımadanın cənubundakı "Herakl mağaraları" -nı göstərmək olar. Belə ki, orada idman etmək üçün istifadə olunan, yaşı təxminən üç min ilə çatan daşlar hələ də qorunub saxlanılır. 93-cü Olimpiya Oyunlarının qalibi olmuş məşhur filosof Platon keçmişin ən məşhur atleti sayılır.

Yeni tarixdə isə atletika inkişaf mərhələsinə XIX əsrin sonlarından etibarən qədəm qoyub. Məhz həmin vaxtdan əzələ nümayişinə maraq artmağa başlayıb. Belə ki, güclü əzələlər yaşamaq və ya özünümüdafiə vasitəsindən daha çox qədim yunan ideallarına - harmonik inkişaf etmiş insan bədəninə qayıdış hesab edilirdi.

Bodibildinqin müasir formasının yaranma tarixi Beynəlxalq Bodibildinq Federasiyasının birinci prezidenti və vitse-prezidenti, kanadalılar - Ben və Co Veyderlərin adları ilə sıx bağlıdır. Hər şey 1946-cı ildə Conun Monrealın ağır atletika klublarından birində çıxışı ilə başlayıb. O, Həvəskar Atletika Birliyinin (HAB) üzvü hesab olunurdu və bu qurum həmin vaxt ağır atletikada "at oynadan" yeganə təşkilat idi. Bodibildinq  onun qanadı altında olsa da, o qədər də sevilmirdi. Kultiristlərin müsabiqəsi yalnız pərdə arxasında, necə deyərlər, əyləncə üçün kimi keçirilirdi. Lakin bir gün atletlərin müsabiqəsi gözlənilmədən daha uzun çəkdi. Zalın icarə müddətinin bitdiyi məlum oldu və idmançılar səhnə arxasındakı dar, qaranlıq bir otağa qovuldu. Orada kulturistlər öz bədənlərini nümayiş etdirmək üçün... masaya dırmaşmalı oldular. Razılaşın ki, yarım ildən artıq müddətdə gərgin şəkildə müsabiqəyə hazırlaşan insanları təhqir etmək üçün bundan artığını düşünmək olmazdı... Məhz bu hadisədən sonra kultiristlər üçün ayrıca turnirin keçirilməsi qərara alındı.

...Həmin dar otaqda isə hakimlərin ilkin qiymətləndirməsindən 15 dəqiqə əvvəl kuryer Coya HAB-ın ABŞ-da yerləşən mənzil qərargahından göndərilən teleqramı təqdim etdi. Teleqramda prezident kultiristlər üçün ayrıca yarışın keçirilməsini qadağan edərək bildirirdi ki, həmin turnirə qatılan hər bir idmançı HAB-dan ömürlük qovulacaq. Teleqramı hündürdən oxuyan Co və Ben isə turniri heç vəchlə təxirə salmayacaqlarını bəyan etdilər. Bundan başqa, onlar yerindəcə kultiristlərin təşkilatını yaratmaq qərarına gələrək, bunu tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Bundan sonra hər kəsə azad seçim verilsə də, idmançılardan heç biri zalı tərk etmədi... Beləliklə, kultiristlərin və idman növü kimi, bodibildinqin maraqlarını müdafiə edən ilk təşkilat - Beynəlxalq Bodibildinq Federasiyayı yaradıldı. Hazırda o, böyük bir quruma çevrilib və dünyanın 174 ölkəsində nümayəndəliyi var. Bir müddət əvvəl isə bodibildinq Olimpiya idman növü statusu qazanıb.


MƏSLƏHƏT GÖR:

553