15 Mart 2025

Şənbə, 00:40

ODLAR ÖLKƏSİ İLƏ EHRAMLAR ÖLKƏSİ

Onlar ikitərəfli münasibətlərin inkişafında son dərəcə maraqlı görünür

Müəllif:

15.05.2007

Azərbaycan prezidenti İlham Əliyev Misirə üçgünlük rəsmi səfəri çərçivəsində bu ölkənin dövlət başçısı Hüsnü Mübarək, baş nazir Əhməd Nazif, Misir parlamentinin spikeri Fəth Surur və Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əmr Musa ilə görüşlər keçirib. Səfərin yekunu olaraq, iki ölkə arasında idman, turizm, poçt xidməti, kənd təsərrüfatı və ədliyyə sahələrində əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlər imzalanıb.

Ümumiyyətlə, Azərbaycan prezidenti iki ölkə arasında münasibətlərə böyük əhəmiyyət verir. İ.Əliyevin fikrincə, onun Qahirəyə ilk rəsmi səfəri iki ölkə arasında yaxşı münasibətlərin mövcudluğunu, həmçinin regional məsələlərdə Bakı ilə Qahirənin mövqeyinin bir-birinə yaxın olduğunu bir daha sübut edib. "Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik. Əminəm ki, mənim Misirə bu səfərim bizim münasibətlərimizdə yeni səhifə açacaq", - deyə prezident qeyd edib.

İlham Əliyev iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyinə də diqqət çəkib: "Hesab edirəm ki, hazırda Azərbaycanla Misir arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar və potensial var. Azərbaycan intensiv inkişafa malik iqtisadiyyatı olan ölkədir. Artıq üçüncü ildir ki, bizim ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə nəinki regionda, hətta dünyada lider mövqedədir. Bu göstərici 2005-ci ildə 26%, 2006-cı ildə isə 35% təşkil edib. 2007-ci ilin ilk rübündə Azərbaycanda ümumi daxili məhsulun həcmi 40%-ə çatıb. Bu, bizim imkanlarımızı artırır". 

Dövlət başçısı ölkənin karbohidrogenlərin nəhəng ixracatçısına çevrildiyini də nəzərə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi Misirin şirkətlərini həm investor, həm də xidmət qurumları kimi qarşılamağa hazırdır.

Bundan başqa, İ.Əliyev Misirə səfəri çərçivəsində, qeyd etdiyimiz kimi, ƏDL-in baş katibi Əmr Musa ilə də bir araya gəlib, həmçinin quruma üzv ölkələrin səfirləri ilə görüşüb. Bu görüşə qatılanları Azərbaycandakı situasiya ilə tanış edən dövlət başçısı ölkənin 1992-1993-cü illərdə üzləşdiyi problemlərdən danışıb, 1993-cü ildən etibarən qısa müddətdə stabilliyin və iqtisadi uğurların əldə olunduğunu söyləyib. Prezident bildirib ki, məhz bundan sonra Azərbaycanın beynəlxalq arenada rolu artmağa başlayıb və hazırda ölkə bir çox beynəlxalq təşkitlatların, həmçinin İslam Konfransı Təşkilatının (İKT) üzvüdür.

Görüş iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi haqda da məlumat verən İlham Əliyev bildirib ki, Azərbaycan problemin dinc yolla çözülməsini istəyir. Eyni zamanda münaqişənin hərbi yolla həllini də istisna etməyən dövlət başçısının sözlərinə görə, məhz bu variantı da düşünən Azərbaycan ordunun gücləndirilməsi ilə məşğuldur. "Artıq on ildən artıqdır ki, bizim əsas problemimiz Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi ilə bağlıdır. Ermənistan rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyondan artıq vətəndaşımız doğma torpaqlarından qaçqın düşüb və onlar hələ də qaçqın və məcburi köçkün şəraitində yaşayırlar. On ildən artıqdır ki, Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan yeddi rayonumuz da Ermənistan silahlılarının işğalı altındadır. Dağlıq Qarabağda yaşayan 40 mindən artıq azərbaycanlı da oradan didərgin salınıb. Bundan başqa, Dağlıq Qarabağın inzibati sərhədindən kənardakı rayonların 700 min sakini məcburi köçkün şəraitində yaşamalı olub. Ermənistanın özündən də 250 min azərbaycanlı qovulub", - deyə İ.Əliyev bildirib. - "Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və onların işğalçı siyasəti dinc sakinlər arasında minlərlə insanın ölümünə səbəb olmaqla yanaşı, həmin ərazilərdə infrastrukturun tamamilə dağıdılmasına gətirib çıxarıb. Azərbaycanın 8 rayonu, demək olar ki, tamamilə dağıdılıb. Həmin ərazidə yerləşən bütün məscidlər, qəbiristanlıqlar, həmçinin bizim tarixi abidələrimiz erməni işğalçılar tərəfindən məhv edilib".

Prezidentin sözlərinə görə, rəsmi Bakı münaqişənin həlli üçün ordunun qüdrətinin artırılmasını vacib sayır. O, hazırda Azərbaycan iqtisadiyyatının Ermənistanın göstəricilərindən, ən azı, yeddi dəfə üstün olduğunu diqqətə çatdırıb. "Bizim ölkəmiz dinamik iqtisadi inkişaf yolundadır. Biz nəhəng enerji layihələri reallaşdırırıq ki, bu da Azərbaycanın güclü iqtisadi potensiala malik olmasına gətirib çıxarır. Müdafiə imkanlarımızı da daha çox maliyyələşdiririk. Bu gün Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın ümumilikdə dövlət büdcəsinə bərabərdir. Beləliklə, Azərbaycanla Ermənistan arasındakı fərq sürətlə artır ki, bu da bizə problemin həlli üçün daha geniş imkanlar yaradır. Bir daha demək istəyirəm ki, bizim üçün bir nömrəli problem Dağlıq Qarabağ münaqişəsidir. Biz yüz minlərlə azərbaycanlının öz doğma yurdlarına qayıtmaları üçün əlimizdən gələni edirik", - deyə İlham Əliyev bildirib. Dövlət başçısı çıxışında ƏDL-in fəaliyyətinə toxunaraq, beynəlxalq arenada Azərbaycana dəstək verdiyi üçün təşkilata minnətdarlığını bildirib.

Misir prezidenti, öz növbəsində, qeyd edib ki, Qahirə Azərbaycanın suverenliyinə hörmətlə yanaşır və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, ATƏT-in Minsk Qrupunun dəstəyilə çözülməsini istəyir.

Qeyd edək ki, İ.Əliyevin Misirə səfərində Fars körfəzindəki durum, İran-Qərb qarşıdurması, İraq və Livandakı vəziyyət, Fələstin-İsrail münaqişəsi və Fələstin Muxtariyyətinin blokadadan çıxarılması məsələləri də müzakirə olunub.

Artıq Misirlə Azərbaycan arasında Şarm Əş-Şeyxdən keçməklə, birbaşa aviareysin açılması məsələsi ətrafında danışıqlar aparılır. Eyni zamanda iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əlaqələr də genişdir: hazırda Misirin müxtəlif universitetlərində 200-dək azərbaycanlı tələbə təhsil alır. Bu ildən isə 16 misirli tələbə Azərbaycanın ayrı-ayrı dövlət universitetlərində oxuyur. İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin fəallığını sübut edən məqam bu il Azərbaycanda ilk dəfə olaraq Misir mədəniyət həftəsinin keçirilməsidir. Misirdə Azərbaycan mədəniyyət həftəsi isə 2005-ci ilin noyabrında təşkil olunub.

Bundan başqa, rəsmi Bakı Misirin BMT, İKT və digər beynəlxalq qurumlardakı rolunu və əhəmiyyətini yaxşı anlayır. Bu səbəbdən də Azərbaycan üçün Qahirə ilə münasibətlərin möhkəmləndirilməsi vacibdir. 

Öz növbəsində, Misir də anlayır ki, bu gün Azərbaycan Qafqazda liderliyə iddia edir. 

Beləliklə, iki ölkənin bir-birinə marağı qarşılıqlıdır. İ.Əliyev ilə H.Mübarəkin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün əllərindən gələni etdikləri də aydındır. Bu gün iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq üçün neft, turizm və əczaçılıq sektorları daha perspektivli ola bilər.


MƏSLƏHƏT GÖR:

437