14 Mart 2025

Cümə, 23:36

"YOXSUL CƏMİYYƏTLİ VARLI ÖLKƏ"

Öz bölgələrində parlament seçkilərini udmuş şotland millətçiləri bu situasiyanı dəyişmək istəyirlər

Müəllif:

15.05.2007

Son 50 ildə ilk dəfə Şotlandiyada parlament seçkilərində  2010-cu ildə Böyük Britaniyadan ayrılmaq haqqında referendum keçirməyi vəd edən millətçilər qələbə çalıblar.

Şotlandiya Milli Partiyası (ŞMP)  Şotlandiya parlamentindəki 129 yerdən 47 ( ötən seçkilərlə müqayisədə +20 yer), Böyük Britaniyada iqtidarda olan leyboristlər 46 yer (-4) tutacaqlar. Konservatorlar 17, liberal-demokratlar - 16, yaşıllar - 2 yer əldə ediblər. 

 

Təntənə üçün əsas varmı?

Bu nəticələri şərh edən ŞMP lideri  vurğulayıb ki, "Şotlandiya yaxşılığa doğru və həmişəlik dəyişib". Qeyd etmək lazımdır ki, Şotlandiyada səslərin sayılması prosesi etibarsız bülletenlərin görünməmiş sayına görə  (100 minə yaxın) xeyli uzandı. Bir neçə seçki məntəqəsində korlanmış bülletenlərin sayı minlərlə idi. Əvvəllər  belə hallara heç vaxt rast gəlinməmişdi. Ekspertlər bunu şotland parlamentinə seçkilərin yerli hakimiyyət orqanlarına seçkilərlə bir yerdə keçirilməsi ilə izah edirlər - bir dəfəyə bir neçə bülleten doldurmaq seçicilərin əksəriyyəti üçün çətinlək törədib.

Aleks Selmond bununla əlaqədar bəyan edib ki, leyboristlər idarə etməyə mənəvi haqlarını itiriblər və söz verib ki, Şotlandiya hökumətinin başçısı seçilərsə, səslərin sayılması ilə əlaqədar "fəlakəti"  "tam hüquqi araşdırma" gözləyir. Lakin bir səs üstünlüyünü ŞMP-nin özünün əldən verməsi də mümkündür. Bu, o zaman baş verə bilər ki, onların əsas rəqibləri - leyboristlər "seçki prosesindəki xaos nəticəsində zərər çəkdiklərini" sübut etməyə nail olsunlar. Məsələ ondadır ki, Leyboristlər Partiyasının Kanningem Nort dairəsindən namizədi, ŞMP-çi rəqibi Kennet Gibsona cəmi 48 səslə uduzan Alan Uilson səsvermənin nəticələrini məhkəmədə araşdırmağa hazırlaşır və hazırda partiyasının vəkillərilə bu imkanları müzakirə edir. Amma, yəqin ki, partiyalar və konkret namizədlərə seçki çatışmazlıqlarının onların şanslarına rəqiblərinkindən daha çox təsir göstərdiyini  sübut etmək çətin olacaq. 

ŞMP-nin tarixi təntənəsi daha çox əhali arasında populyar olan şüarlar hesabına təmin olunub; bura Şotlandiyanın müstəqil xarici siyasəti, Birləşmiş Krallıqdan ayrılmaq haqqında referendumun keçirilməsi və Şimal dənizində neft hasilatından əldə olunan vergi ödəmələrinin Londona verilməsindən imtina daxildir. Amma bu gün aydın olur ki, elə bu şüarlar ŞMP-nin hakim koalisiyanın formalaşdırılması yolunda maneəyə çevrilə bilər. Prinsipcə koalisiyada iştiraka əsas namizədlər kimi liberal-demokratlar və yaşıllar nəzərdə tutulurdu. ŞMP onlarla birlikdə 65 səs toplayardı ki, bu da çoxluq formalaşdırmaq üçün kifayət idi. Problem isə ondadır ki, potensial müttəfiqlərin hamısı ŞMP-nin son məqsədi - Şotlandiyanın Britaniya Krallığından tam ayrılması haqqında referendum keçirilməsi ideyasını dəstəkləmir. Və əgər yaşıllar cari mərhələdə bu  variantı istisna etmirlərsə, liberal-demokratlar məhz  referendum haqqında məsələyə görə ŞMP ilə sazişin əleyhinə açıq çıxışlar edirlər. Onların lideri Nikol Stiven bəyan edib ki,  partiyaları heç bir halda referendumu dəstəkləməyəcək. Müsahibələrinin birində o, qeyd edib ki, " Biz müstəqilliyi və referendum ideyasını dəstəkləmirik, biz yalnız şotland parlamentinin səlahiyyətlərinin genişqləndirilməsinin tərəfdarıyıq". Liberal-demokratların digər nümayəndəsi Teviş Skott açıq-aydın söyləyib ki, ŞMP "referendum ideyasını çirkab quyusuna atmalıdır". Beləliklə, hətta əgər ŞMP yaşılların dəstəyini qazansa belə, şotland parlamentində çoxluq formalaşdıra bilməyəcək. Başqa sözlə, millətçilərin təntənəsi "Pirr qələbəsi"nə çevrilə bilər. 

 

Leyboristlər mövqelərindən çəkilirlər

İngiltərədə yerli şuraya keçirilən seçkinin nəticəsinə əsasən (312 dairədən 299-da hesablanan səslərin sayına görə), leyboristlər malik olduqları 468 yeri və 8 yerli şura üzərində nəzarəti itirdilər. Konservatorların aktivinə isə 870 yerə və 38 şuraya nəzarət  əlavə olundu. Nəticədə şuralarda yerlər konservatorlarda 40%, leyboristlərdə 27%, liberal-demokratlarda isə 26% olmaqla bölüşdürüldü. Ekspertlərin hesablamalarına görə, son seçkilərdə torilər 1978-ci ildən bu yana ən yaxşı göstərici əldə ediblər. Ötən seçkiləri şərh edərkən Toni Bler bildirib ki, leyboristlərin pis nəticəsini heç də faciə hesab etmir. Onun sözlərinə görə, hakimiyyət müddətinin yarısı geridə qalmış hakim partiyanın populyarlığının azalması adi haldır. "Kimsə düşünə bilərdi ki, bu, tam məğlubiyyət olacaq, lakin elə bir şey baş vermədi. Ümumi seçkilər arasında həmişə zərbə altında qalmalı olsaq da, bu nəticələr bizim üçün yaxşı start meydançası yaradır", - deyə baş nazir bildirib.

Leyboristlər Partiyasının Şotlandiyanın gündəliyindəki əsas məsələyə - referenduma dair mövqeyinə gəldikdə, ŞMP-nin qələbəsini qəbul edən leyboristlər, eyni zamanda, hesab edirlər ki, seçicilərin əksəriyyəti bölgənin müstəqilliyinin əleyhinə səs verib.  Leyborist deputatların Qlazqoda qəbul etdikləri bəyanatda deyilir: "Biz şotlandiyalılar və partiyamıza səs verənlər qarşısında məsuliyyətimizi dərk edirik. Bu seçkilər göstərdi ki, Şotlandiya xalqı ayrılmaq ideyasının Şotlandiyanın prioritetinə çevrilməsini istəmir". 

2004-cü ildə yerli hakimiyyət orqanlarına seçkilər zamanı leyboristlərin əldə etdikləri nəticələr indikindən pis olsa da, Blerin partiyası parlament kampaniyasını udmağa və yenidən hökumət formalaşdırmağa nail olmuşdu. Bununla belə, ekspertlər etiraf edirlər ki, gənc Devid Kameronun başçılıq etdiyi mühafizəkarlar partiyası indi torilərin son üç liderinin fəaliyyəti dövründəkindən daha fəal və uğurludur. "Bütün Britaniya adından danışa bilən ümummilli partiya məhz bizik, - deyən Kameron əlavə edib, - fikrimcə, buna əsaslanaraq, irəli gedə bilərik. Mühafizəkarlar partiyası indiki məqamda layiq olduğu nəticələri əldə edib və mən bundan çox məmnunam". 

Böyük Britaniyada növbəti parlament seçkiləri 2010-cu ilin may ayına qədər keçirilməlidir. Toni Bler Leyborist Partiyasının tarixində ən uğurlu lider olub və partiya onun rəhbərliyi altında seçkilərdə üç dəfə dalbadal qələbə qazanıb. Lakin Britaniyanın İraq savaşında iştirakı və kabinetin bəzi üzvlərilə bağlı qalmaqallar üzündən son illər hökumətin nüfuzu kəskin şəkildə aşağı düşüb. Blerin hökumət başında ən ehtimal olunan sələfi - maliyyə naziri Qordon Braun da populyarlığa görə mühafizəkarların lideri Devid Kamerondan geri qalır. Yerli hakimiyyət orqanlarına seçkilərin nəticələrindən sonra açıqlama ilə çıxış edən Braun Britaniya xalqının istəklərini nəzərə alacaqlarını və səhvlərdən nəticə çıxaracaqlarını vəd edib.


MƏSLƏHƏT GÖR:

417