
"ATLANTÇI", "QOLLÇU" və sadəcə "TETÇERÇİ"
Nikolya Sarkozi Fransada ciddi və köklü islahatlar aparılacağına söz verdi
Müəllif: İbrahim AYXAN Bakı
Fransada başa çatmış prezident seçkisinin nəticəsi əksər müşahidəçilər tərəfindən əvvəlcədən proqnozlaşdırıldığı kimi oldu. Hərçənd, seçkidən əvvəl keçirilən sorğuların nəticələri seçicilərin əksəriyyətinin Nikolya Sarkoziyə səs verəcəyini göstərsə də, bəzi dairələr son anda ciddi dəyişiklikiyn ola biləcəyini də güman edirdi. İstənilən halda, "Xalq Hərəkatı Uğrunda Birliy"in namizədinin qələbə çalacağına inam çox idi. Amma onun böyük üstünlüklə deyil, müəyyən kiçik faizlə prezident seçiləcəyi ehtimal olunurdu.
Beləliklə, bülletenlərin 100%-nin sayılmasından sonra Sarkozinin 53,06%, onun rəqibi, Sosialist Partiyasının namizədi Seqolen Ruayalın isə 46,94% səs topladığı məlum oldu. Ümumilikdə seçkidə seçicilərin 83,97%-i iştirak etsə də, xarici ölkələrdə qeydiyyatdan keçən fransızların cəmi 42,13%-i ikinci turda səsverməyə qatıldı.
Yeri gəlmişkən, Fransanın Azərbaycandakı səfirliyində də səsvermə keçirildi və diplomatik missiyanın mətbuat xidmətinin məlumatına görə, Bakıda qeydiyyatdan keçmiş 72 fransalının 52-si səs verib. Onlardan 29-u səsini Sarkoziyə, 23-ü isə Ruayala verib.
Qeyd edək ki, seçkiqabağı kampaniyadan Fransa sosialistləri çox şey gözləyirdilər. Çünki son iki seçkidə sosialistlər məğlub olmuşdular: sonuncu dəfə bu, 2002-ci ildə baş vermişdi. Xatırladaq ki, həmin il sosialistlərin namizədi gözlənilmədən ultrasağçı Jan Mari Le Penə məğlub olaraq, hətta ikinci tura belə yüksələ bilməmişdi.
Budəfəki seçkilərdə isə, solçulara əsas zərbə mərkəzçi Fransu Bayrudan gəldi.
Seçkinin ilk turunda hər hansı sensasiya baş vermədi. Aprelin 22-də keçirilən səsvermənin nəticələri əvvəlcədən verilən proqnozlarla üst-üstə düşdü və ilk turda hakim partiyanın namizədi Nikolya Sarkozi (31,11%) və sosialist Seqolen Ruayal (25,84%) ən yaxşı nəticə göstərərək ikinci tura adladılar.
55 yaşlı mərkəzçi-demokrat Fransua Bayru isə 18,55% səs qazanaraq ilk turu üçüncü yerdə başa vurdu və bununla da Fransada keçirilən seçkilərdəki ənənvi bölgü bu dəfə pozulmadı.
Beləliklə, intriqa son anadək davam etdi. Seçki ərəfəsində yerli "Le Monde" qəzeti bir məqama xüsusi diqqət ayırırdı: Fransada ilk dəfə olaraq 1944-cü ildən etibarən kişilərlə eyni hüquqda seçmək və seçilmək imkanı qazanan qadınların təmsilçisi ölkə prezidenti postunu tuta bilərdi (məlumat üçün qeyd edək ki, bu hüquq Yeni Zellandiya qadınlarına 1893-cü, avstraliyalılara 1902-ci, finlandiyalılara 1906-cı, danimarkalı xanımlara isə 1915-ci ildə verilib). Yeri gəlmişkən, Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ Fransadan tez - Azərbaycan Demokratik Cümhuriyyəti dövründə verilmişdi.
Birinci Dünya müharibəsindən sonra isə Böyük Britaniya, Almaniya və Avstriya zərif cinsin nümayəndələrinin müharibədəki xidmətlərini nəzərə alaraq, onlara bu hüququ verdi. Monqolustan qadınların seçkiyə qatılmasını qanuniləşdirən ilk Asiya ölkəsi kimi tarixə düşdü (1924-cü il). Birinci və İkinci Dünya müharibələri arasındakı dövrdə bu siyahıya Livan, Türkiyə, İspaniya, Braziliya və Uruqvay da qatıldı.
İndinin özündə də Fransa parlamentdə qadınların sayına görə dünya ölkələri arasında 88-ci yeri tutur. Bu siyahıda hətta Bolqarıstan, Efiopiya, Pakistan və Seneqal kimi ölkələr onu qabaqlayır. Partiyalar qadınların namizədliklərini irəli sürməkdənsə, böyük həcmdə cərimə ödəməyə daha çox üstünlük verir: 2005-ci ildə bərabərliyi qorumadığı üçün "Xalq Hərəkatı Uğrunda Birlik" partiyası 4,2 milyon, "Fransa Demokratiyası Uğrunda Birlik" isə 660 min avro cərimə ödəyib.
Son prezident seçkisində isə Sarkozi nəzakət nümayiş etdirərək, qadın rəqibini önə buraxmaq fikrində olmadığını nümayiş etdirdi. Parisin Həmrəylik meydanında seçiciləri qarşısında çıxış edən hakim partiyanın namizədi artıq qələbə qazanmış kimi danışaraq bildirirdi ki, o, Fransanın bütün vətəndaşları, hətta özünə səs verməyənlər haqda da düşünür. "Həmin insanlara demək istəyirəm ki, mənim üçün fikir ayrılıqlarının əhəmiyyəti yoxdur və məndən ötrü vahid Fransa var. Mən bütün fransızların prezidenti olacağam. Mən hamının yerinə danışacağam", - deyə "France Presse" agentliyinin məlumatına görə, N.Sarkozi qeyd edib.
Bütün bunlarla yanaşı, Sarkozinin qələbəsi kifayət qədər ciddi coşqu və sərt reaksiya ilə qarşılanıb ki, bu da nadir hadisədir. Artıq seçkidən bir müddət keçməsinə baxmayaraq, Parisin miqrantlar yaşayan məhəllələrində kütləvi etiraz aksiyaları və iğtişaşlar davam edir. Onlar yeni prezident və sabiq daxili işlər nazirinə indiyədək baş verənləri bağışlaya bilmirlər. Söhbət vaxtilə miqrantlara qarşı polis zorakılığına verilən qərardan, Sarkozinin Fransada qeyri-qanuni yaşayan gəcnlərin "paltar maşınına atılması" haqda çağırışından (söhbət dərisinin rənginə görə fərqlənənlərdən gedirdi), həmçinin, ovaxtkı daxili işlər nazirinin miqrantların ünvanına açıq şəkildə "tör-töküntü" ifadəsini işlətməsindən gedir.
Hər halda, artıq Sarkozi Fransa prezidenti seçilib və əksər analitiklərin fikrincə, onun hakimiyyətə gəlişilə ölkədə ciddi və köklü islahatlar həyata keçiriləcək. Qeyd edək ki, yeni dövlət başçısı hər şeydən əvvəl iqtisadiyyatda neoliberal dəyişikliklərin tərəfdarı kimi çıxış edir. O, xüsusilə Fransanın həmkarlar ittifaqlarını "cilovlamaq" və sosial proqramları nəzərə çarpacaq dərəcədə azaltmaq fikrindədir. Başqa sözlə desək, yeni prezident insanları işləməyə məcbur etməyi düşünür. Bundan başqa, Sarkozi miqrasiya ilə bağlı qanunları sərtləşdirmək niyyətindər. Baxmayaraq ki, onun özü də təmiz fransız deyil və əcdadları vaxtilə Fransaya mühacirət ediblər.
"The Financial Times" qəzeti "Fransa böyük həcmdə tetçerizm qəbul etməyə hazırlaşır" başlıqlı yazıda bildirir ki, Nikolya Sarkozinin prezident seçilməsilə ölkənin müxtəlif bölgələrində qarışıqlıq yaranıb. Sarkozinin özü də bilir ki, bu hələ yalnız başlanğıcdır. Qəzet hesab edir ki, prezidentin keçmişlə "üzülüşmək"lə bağlı vədinə əməl etməsi ilə ölkədə ciddi çaxnaşma yaranması ehtimalı realdır. Şirakın prezidentliyi dövründə üç baş nazir - Alen Jyuppe, Jan-Pyer Raffaren və Dominik de Vilpenin kütlənin küçələrə çıxaraq etiraz aksiyaları keçirməsi üzündən iqtisadi islahatlardan imtina etməli olduqları Sarkoziyə məlumdur. Amma yeni dövlət başçısı qəti qərara gəlib ki, bu dəfə belə olmayacaq. N.Sarkozinin ətrafındakıların fikri belədir ki, indiyədək Fransada iqtisadi islahatların baş tutmamasına səbəb Jak Şirakın qətiyyətli olmamasıdır. "Nikolanın Yelisey Sarayına gəlməsi ilə isə hər şey qaydaya düşəcək", - deyə onlar bildirir.
Məhz bu səbəbdən qəzet düşünür ki, yeni prezidentin "dəmir əsəblərə" ehtiyacı olacaq. Çünki prezidentin fəaliyyətinin ilk 100 günündə həyata keçirmək istədiyi islahatlar, tərslikdən, məhz əhalinin tətil etməyi sevən hissəsinin maraqlarına zidd olacaq.
N.Sarkozinin rəhbərlik etdiyi Fransanın xarici siyasətində heç də az dəyişikliklər gözlənilmir. Bir çox analitiklər düşünür ki, "atlantçı" adlandırılan Sarkozinin Fransanın başına keçməsi son vaxtlar Avropada dəbə minən "antiamerikanizm"in tənəzzülünün başlanğıcı ola bilər. Xatırladaq ki, hələ prezident seçilməzdən əvvəl - DİN-ə başçılıq etdiyi vaxtlar Sarkozi Ağ evdə ABŞ prezidenti Corc Buşla görüşlə "mükafatlandırılmışdı". Onun prezident seçkisində qalib gəldiyi açıqlandıqda isə ABŞ lideri Corc Buş Sarkoziyə zəng vuraraq onu təbrik edən ilk şəxslərdən olub. "Birləşmiş Ştatlarla Fransa tarixi müttəfiq və tərəfdaş ölkələrdir. Prezident Buş bu ölkənin yeni rəhbəri Sarkozi ilə işləməyə başlayacağı günü səbirsizliklə gözləyir və biz möhkəm alyansımızı bundan sonra da davam etdirəcəyik", - deyə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Qordon Conrou bildirib.
"Le Mond" yazır ki, N.Sarkozi de Qollun irsindən imtina etməməklə yanaşı, Vaşinqtona qarşı düşmənçilik bəsləmir. Qəzetin fikrincə, bu məsələdə Sarkozinin mövqeyi Şirakın baxışlarından fərqlənir. Qeyd edək ki, Sarkozi prezident seçildiyi gün bəyan edib ki, "ABŞ Fransanın dostluğuna etibar edə bilər". Bununla yanaşı, İraq müharibəsini "tarixi səhv" adlandıran yeni prezident çalışır ki, Vaşinqtonla mövcud fikir ayrılıqları ehtiraslı mübahisələrə və ya "özündənrazılıq"la bağlı narazılığa çevrilməsin (2003-cü ildə BMT-də Sarkozi Fransanın siyasətini məhz belə adlandırmışdı).
Bundan başqa, yeni dövlət başçısı Ukrayna və Gürcüstanın NATO ilə yaxınlaşmasına müsbət yanaşır (halbuki, Şirakın bu məsələyə yanaşması bir qədər fərqli idi). O artıq səlahiyyət müddəti başa çatmaqda olan prezidentdən fərqli olaraq, sözügedən iki ölkəyə Avropa İttifaqının potensial üzvləri kimi diqqət ayırmağa daha çox üstünlük verir. Fevralın 28-də beynəlxalq siyasətə dair keçirdiyi mətbuat konfransında o, bu ölkələri "Avropanın qardaşları" da adlandırıb. Sarkozi həmçinin Avropanın genişlənməsindən deyil, "yenidən birləşməsindən" danışıb.
Bu fikirlər Rusiya rəhbərliyini ciddi şəkildə əsəbiləşdirir. Moskvada artıq qeyd olunur ki, Sarkozi Gürcüstan prezidenti Mixail Saakaşvilinin yaxın dostudur, üstəlik, o, Çeçenistanda baş verənlərə görə Rusiyanı daim tənqid atəşinə tutur.
Əlbəttə, Sarkozi praqmatikdir. Lakin güman ki, onunla Şirakla olduğu kimi, isti münasibətlərin qurulması mümkün olmayacaq.
Bundan başqa, Fransa ilə Türkiyə arasında onsuz da isti olmayan münasibətlərin Sarkozinin hakimiyyətə gəlməsi ilə daha da sərinləşəcəyini proqnozlaşdırmaq olar. Özünün seçkiqabağı kampaniyası zamanı o, açıq şəkildə bəyan edib ki, Ankaranın Avropa İttifaqına üzvlüyünün əleyhinədir. Amma bu heç də o demək deyil ki, Seqolen Ruayalın qələbəsi Türkiyə üçün daha münasib olardı. Erməniəsilli fransız jurnalist Jan Ekiyanın bildirdiyi kimi, seçki kampaniyası zamanı Ruayalı Ermənistanın solçu "Daşnaksütun" partiyasının Fransa qanadı dəstəkləyib. Sarkoziyə isə digər erməni partiyası - sağçı mövqe tutan "Ramkvar Azatakan" dəstək verib.
Başqa sözlə, Fransada son prezident seçkisində erməni təşkilatlarının simpatiyası "klassik siyasi prinsip" əsasında bölünüb: lakin təəssüf ki, namizədlərin "erməni məsələsi"nə yanaşmasında ciddi fərq yox idi.
MƏSLƏHƏT GÖR: