14 Mart 2025

Cümə, 23:36

RUS DRAM TEATRI NƏYİ GİZLƏDİRDİ?

Teatr binasının təmiri bir çoxlarının unutduğu unikal şeyləri "aşkarladı"

Müəllif:

01.05.2007

Deyimlərin birində təmir və köçmək yanğınla müqayisə edilir, çünki hətta mənzilin adi təmiri zamanı da ortaya o qədər problem və artıq çoxdan itdiyi güman edilən əşyalar çıxır ki... Köçəndə meydana çıxan problemlər də az olmur, amma əşyalar, əksinə, elə hey itir. Təmir əsaslı, köçürülən isə mənzil yox, teatrdırsa, belə miqyaslı bu iki "təbii fəlakət" xeyli maraqlı  sərgüzəşt vəd edir. Və ilk zərbəni "arxa cəbhə", yəni əsl  qəza şəraitində işləyən teatr müdiriyyəti öz üzərinə götürür.

 

Müvəqqəti dərbədər olan teatr

İndi ölkənin, demək olar ki, beş ən böyük  teatrı əsaslı təmirə dayandırlıb. Əlbəttə, müvəqqəti narahatlıqlar yaratsa da, bu çox gözəl haldır. Jurnalistlər üçün isə belə dövr  həm də onunla maraqlıdır  ki, indi bizim üçün teatr asılqandan, heç səhnə arxasından da yox, məsələn, anbardan və ya mühasibatlıqdan, ya da direktorun otağından başlaya bilər. Demə, pərdə arxasında qalan quru bürokratik sənədlər aktyor və rejissorların emosional müsahibələrindən heç də az maraq  dogurmur...

Gəlin, teatra xidməti girişdən daxil olaq və ona içəridən baxıb, peşələri belə adi səslənən direktor, administrator və başqalarının buradakı həyatı ilə maraqlanaq. Biz bunu keçən ilin noyabrında köhnə teatrda son tamaşasını oynamış Rus Dram Teatrının nümunəsində etmək fikrindəyik. Unikal memarlıq abidəsi olan bu bina indi tam təzələnir - təmirdən sonra o,  yeni zahiri  görünüşlə yanaşı,  tamamilə təzə müasir "daxili" avadanlıq - interyerdən və sırf teatr maşınlarından tutmuş, kondisioner sisteminə qədər - hər şeylə təchiz olunacaq. Teatrın sakinlərisə hələlik  həmin o müvəqqəti çətinliklərə dözürlər...

Təmir RDT-ni, sözün əsl mənasında, dərbədər edib. Onun arxivi və ümumi çəkisi 5 ton (!) olan kitabxanasına müvəqqəti olaraq ölkənin ən iri - Axundov  kitabxanası sığınacaq verib. Quraşdırma, kostyum, rekvizit və qrim sexləri paytaxtın Xətai rayonundakı Mədəni Mərkəzin binasında məskunlaşıb. Nəqliyyat baxımından ən böyük çətinlik müdiriyyətin, mühasibatın, kadrlar  şöbəsinin və  tərtibat (butafor - dekorasiya və tikiş ) sexinin payına düşüb - onlar şəhərin kənarında, Bakıxanov (keçmiş Razin) qəsəbəsində icarəyə götürülmüş xüsusi ərazidə yerləşib.

RDT-nin  inzibati və  yaradıcı heyəti isə Xəzər dənizçilərinin mədəniyyət sarayında müvəqqəti "qeydiyyatdadır" - Xəzər Dəniz Gəmiçiliyi İdarəsi şəhərin lap mərkəzində yerləşən, əla səhnəli klubunu teatrın sərəncamına verib. Belə səxavətli jestlə gəmiçilik idarəsi teatrı dəstəkləyib ki, o, pərəstişkarlarını itirməsin, axı bütün hallarda, teatr şəhərin mərkəzində yerləşməlidir. RDT-nin yerləşdirilməsi üçün  mədəniyyət sarayının xidməti əraziləri - qrim otaqları, otaqlar və səhnə  altındakı dəhliz xüsusi təmir olunub. Səs və işıq avadanlıqları doğma teatrdakından fərqli quraşdırılıb -  hər halda, klubun səhnəsi RDT səhnəsindən kiçikdir.     

 

Birinci sıraya artıq bilet

Tamaşaçılar təzə yerə o saat alışmadılar, lakin vəziyyət tədricən düzəldi. Soruşa bilərsiniz ki,  nə dəxli var, "alışıb, ya alışmayıb", axı biletlər öncədən alınır?  Demə, bu belə deyil, tamaşaya bir ay qalmış əlliyə qədər bilet satılır, çünki tamaşaçıların əsas hissəsi bileti  tamaşanın başlanmasına on beş dəqiqə qalmış alır (əlbəttə, söhbət premyeradan getmir - onda kontramarkalar qızıl qiymətinə olur) - sadəcə, "Torqovı"da teatrın yanından keçənlər afişanı oxuyur və kassaya bilet almağa gedirlər ki, axşamı zövqlə keçirsinlər. Ən məzəlisi isə odur ki, bu vaxt zaldakı ən yaxşı yerlərdə əyləşmək şansı yaranır - birinci sıralar  həmişə nazirlikdən və başqa VİP-personaların gəlməsi üçün ehtiyatda saxlanır. Bu yerlərə biletlər tamaşanın başlanmasına yarım saat qalmış satılır. Qəribə paradoksdur.

Teatrın direktoru Marat İbrahimov əmin edir ki, az qala, ziyanlı olsa da, teatrda qiymət siyasəti yaxın günlərdə dəyişməyəcək: "Heç kim tamaşaçının cəlb olunması reseptini verə bilməz, amma aydındır ki, biletlərin qiyməti önəmli amildir. Məsələn, "Tabakerka" uzun illər, ümumiyyətlə, biletsiz işləyib ki xalq "cığır salsın". Elə bizim ölkədə də belə olub - ilk beş ildə "Yuğ"  da  bu cür işləyib. Qiymətlər gülməli olsa da (uşaq tamaşalarına 1 manat,  digər tamaşalara 2 manat), biz onları qaldırmırıq.  Zaldakı yerlərin mötəbərliyinə və rahatlığına görə qiymətlərin fərqlənməsinə də yol vermirik".

Direktor teatrın administratoru İlham Məmmədovla birlikdə ağır 90-cı illərdə biletlərin yayılması üsullarını necə tapmalarını xatırlayır; məsələn, onlar məktəblərin yanında valideynlərə uşaq tamaşalarının vərəqələrini paylayırdılar. Əksinə də olurdu - teatrın girişində kütlənin təzyiqinin qarşısını almaq lazım gəlirdi (zal rezindən deyildi axı!). Demə, incəsənət təkcə yaradıcı yox, inzibati heyətdən də qurban tələb edir. Məsələn, bir dəfə teatra can atan kütlənin ön sıralarındakı xanımlar onları dayandırmağa çalışan İlham Məmmədovun dəri gödəkcəsini cırmağa nail olmuşdular (İlham uzun müddət pul yığıb, gödəkcəni  bu uğursuz premyeradan lap bir neçə gün əvvəl almışdı). 

Buna baxmayaraq, hətta RDT kimi imkansız teatr da köçəndə incəsənət sferasındakı həmkarları ilə nəyisə bölüşə bildi. Məsələ ondadır ki, çoxdan gözlənilən təmir RDT üçün yeni texnika və başqa maddi gəlirlərlə əlamətdar olacaq.  Amma köhnə texnika, işlənmiş olsa da, hələ nəyəsə yarayır və RDT-nin balansından müxtəlif mədəniyyət və incəsənət müəssisələrinin balansına təmənnasız olaraq inventar və avadanlıq (müxtəlif alətlər, o cümlədən bir neçə piano, balet dəzgahları, dekorasiyalar və başqa spesifik əşyalar) verilib. Bunların ümumi  dəyəri  11 min manat təşkil edir. RDT-dən "humanitar yardım" almış müəssisələrin sırasında Azərbaycan Teatr Xadimləri İttifaqı, Nizami adına Gəncə Poeziya Teatrı, Sumqayıt Musiqili Dram Teatrı, Xızı Rayon Musiqi Məkəbi, Salyan rayon MİŞ, İrəvan Dram Teatrı və s. var. 

 

Arxivdən sürpriz

Qeyd etdiyimiz kimi, hər bir təmir onunla səciyyəvidir ki, bu zaman qəfildən çoxdan itirilmiş və unudulmuş köhnə əşyalar tapılır. RDT də bu  taleyi yaşadı. Teatrın arxivini Axundov kitabxanasına təhvil verməzdən əvvəl onu diqqətlə gözdən keçirdilər. Nəticədə, çoxlu maraqlı sənəd, o cümlədən Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Soltan Hacıbəyov, Leonid Vaynşteyn və başqalarının 37 əlyazması aşkar olundu. Bu notların heç də hamısı sırf musiqi baxımından dəyərli deyil, çünki onların əksəriyyəti gələcək metrlərin, o zaman isə gənc bəstəkarların RDT tamaşaları üçün  yazdıqları kiçik özəl bəstələrdir. Amma bu əlyazmalar bizim üçün ötən əsrin ikinci yarısının əfsanəsinə çevrilmiş insanların avtoqrafları kimi əvəzsizdir. RDT onları  təmənnasız olaraq Musiqi Mədəniyyəti Muzeyinə verdi.

Beləliklə, köçmə və təmir çətin, amma faydalı işdir. RDT təqdirəlayiqdir, çünki yeni reallıqlara tez alışdı. Bu il yanvarın ortalarında yeni səhnədə, Dənizçilərin mədəniyyət evində ilk səhnə əsəri tamaşaya qoyuldu və o vaxtdan burada Rus Dram Teatrının əllidən artıq tamaşası göstərilib. Teatr yeni premyeralar astanasındadır. Onlardan birincisi R.Şartın "Arvadımın adı Morisdir" pyesi əsasında  səhnələşdirilərək, tezliklə tamaşaçıların mühakiməsinə veriləcək tamaşadır (rejissor İranə Tağıyeva). Bu rejissor Yeni il ərəfəsində uşaqları İ.Tokmakovanın pyesi əsasında səhnələşdirilən "Morozko" tamaşası ilə sevindirməyi planlaşdırır. B.Lukinski yay fasiləsindən sonra, sentyabrda V.Siqarevin "Yalan detektoru" premyerasını tamaşaçılara təqdim edəcək. Teatrın baş rejissoru Aleksandr Şarovski isə bu il iki tamaşa planlaşdırır. Onlardan biri - "Bu azad kəpənəklər" (L.Gerş) ilk dəfə iyunda, ikincisi - Çingiz Abdullayevin pyesi əsasında səhnələşdirilən  "Ötəri natura"  noyabrda nümayiş etdiriləcək. Bir sözlə, teatr yaşayır, teatr yaşayacaq.


MƏSLƏHƏT GÖR:

508