15 Mart 2025

Şənbə, 00:31

HƏLL EDİLMİŞ MƏSƏLƏ

Atatürkün dönəmindən bəri ilk dəfə olaraq Türkiyədə hakimiyyət bir siyasi qüvvənin - islamçıların əlində cəmləşə bilər

Müəllif:

01.05.2007

Türkiyənin hazırkı prezidenti Əhməd Nejdət Sezərin yeddiillik səlahiyyət müddəti mayın 16-da başa çatır. Çox güman ki, onu bu vəzifədə hakim Ədalət və İnkişaf Partiyasının üzünsürən müzakirələrdən sonra namizədliyini irəli sür-düyü hazırkı xarici işlər naziri Abdulla Gül əvəz edəcək.

Türkiyə qarışıq - prezident və parlament üsul-idarəsinin mövcud olduğu ölkədir. Məhz bu səbəbdən orada prezident deputatlar tərəfindən seçilir və bu seçki dörd müxtəlif turdan ibarət ola bilər. İkinci turda namizədin prezident seçilməsi üçün parlamentdəki 550 səsdən 367-si tələb olunursa, artıq üçüncü turda 276 deputatın səsi dövlət başçısının müəyyənləşməsi üçün kifa-yətdir. Bu dəfə də yeni prezidentin müəyyənləşdirilməsi mümkün olmadıqda parlament buraxılmalı və növbədənkənar seçki elan edilməlidir.

Bununla yanaşı, Türkiyədə prezidentliyin yalnız formal və təntənəli vəzifə olduğunu da düşünmək düzgün deyil. Əslində, onun əlində ciddi səlahiyyətlər var və dövlət başçısı veto qoymaq hüququna malikdir. Bundan başqa, prezidentin heç bir qərarı, hətta Konstitusiya Məhkəməsində belə müzakirə edilə bilməz. Yalnız prezident vətənə xəyanətdə ittiham olunarsa, bu zaman iddianı sübut edəcək ciddi faktlar və ümumi deputatların 3/4-nün səsi onu vəzifəsindən kənarlaşdıra bilər.

İndiyədək Türkiyədə keçirilən prezident seçkiləri əksərən kifayət qədər sakit ab-havada baş tutub. Bu dəfə isə vəziyyət fərqlidir. Məsələ ondadır ki, analitiklərin əksəriyyəti hakim ƏİP-in prezidentliyə namizədinin hazırki baş nazir Rəcəb Teyyub Ərdoğan olcağına əmin idi. Onun özü isə son anadək bu haqda gəzən informasiyaları nə təsdiq, nə də təkzib edirdi və yalnız son anda Ərdoğan prezidentliyə Abdulla Gülün namizədliyinin irəli sürüldüyünü açıqlayıb. Məhz bu səbəbdən uzun müddət yeni prezidentin məhz Ərdoğan olacağı haqda ehtimallar ölkədə ictimai-siyasi vəziyyəti xeyli gərginləşdirmişdi. Əsas ehtiyat isə islampərəst ƏİP-in Türkiyənin kübar hakimiyyət düzənini dəyişə biləcəyi ilə bağlı idi. 

Bu mənada, ilk olaraq narahatlığını dilə gətirən səlahiyyət müddəti başa çatmaqda olan prezident Əhməd Nejdət Sezərin özü olub. Xatırladaq ki, vaxtıilə məhz o, deputatlara Prezident Sarayına müsəlman qaydası ilə geyinmiş, yəni çarşablı xanımları ilə gəlməyi qadağan edib. Türkiyə Quru Qoşunları Akademiyasında çıxışı zamanı Sezər bəyan edib ki, "hansısa xarici qüvvələr" Türkiyəni "islam dövlətinə çevirməyə çalışır" və bu, ölkənin geri gedərək sonda "ikinci İrana çevrilməsinə səbəb ola bilər". 

Türkiyə Silahlı Qüv-vələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıt da Sezərin fikirləri ilə tam razıdır. O, ölkənin növbəti prezidentinin "mül-ki və ya hərbi şəxs olacağına, respublika ideallarını sözdə yox, əməldə icra edəcəyinə" inandığını da qeyd edib. 

Yeri gəlmişkən, Türkiyədə parlament və prezidentlə yanaşı üçüncü qüvvənin - ordunun da böyük nüfuza və təsirə malik olduğunu xatırladaq. Hətta ölkə konstitusiyasında qeyd olunur ki, Türkiyənin dünyəvi idarəedilməsinin qarantı məhz ordudur. Bu səbəbdən də yerli KİV on il əvvəl Türkiyə islamçılarının lideri, ovaxtkı baş nazir Nəcməddin Ərbakanın ilyarım çalışdıqdan sonra "paqonlular"ın təzyiqi ilə vəzifəsindən istefa verdiyini xatırlatmağı lazım bilib. Qeyd edək ki, o, Türkiyə dövlətçiliyinin əsasını islamlaşdırmağa çalışmaqda günahlandırılaraq istefaya göndərilib. Hətta Ərbakanın partiyasının seçkiqabağı mitinqi zamanı Qazaxıstandan Mərakeşədək islam dünyasının birləşdirilməsi, islam dövlətlərinin ümumi bazarının yaradılması, həmçinin, islam NATO-su, BMT-nin təsis olunması, Ankaranın Avropa İttifaqına götürdüyü kursa yenidən baxılması kimi çağırışlar səslənmişdi.

Hazırkı situasiyada isə Sezərin ehtiyatlı fikirlərinə ölkənin çoxsaylı alimləri, hüquqşünasları və digər insanlar, əsasən şəhərlərdə yaşayan sakinlər də qoşulub. Amma Ərdoğanın prezidentliyə namizəd olmasına qarşı yalnız intellektual təbəqə ilə hərbçilərin çıxdığını söyləmək düzgün olmazdı. Ölkə ərazisində keçirilən rəy sorğuları göstərir ki, Türkiyə əhalisinin əksəriyyəti Ərdoğanı Çankaya Sarayında görmək istəmir. Maraqlıdır ki, parlamentdəki çoxluğa malik olan Ərdoğanın partiyası (təxminən 70%) da liderlərinin prezident seçilməsinə ehtiyacın olmadığını və ƏİP liderinin baş nazir kimi fəaliyyətini davam etdirməsinin daha düzgün olduğunu düşünür.

Aprelin 14-də Ankarada Türkiyənin tarixində ən genişmiqyaslı etiraz aksiyasının baş tutmasını da bununla əlaqələndirənlər var. Qeyd edək ki, nümayişçilər Türkiyədə dünyəvi hakimiyyətin dəyişdirilməsinə etiraz etmək üçün küçələrə çıxıb. Onların səsləndirdikləri əsas şüar "Din siyasətdən ayrı olmalıdır!", "Biz imam-prezident istəmirik!" olub. Nümayişçilər yürüşə 1923-cü ildə Osmanlı İmperiyasının çökməsindən sonra müasir Türkiyə Cümhuriyyətini quran Mustafa Kamal Atatürkün mavzoleyindən başlayıblar. Yeri gəlmişkən, Atatürk və onun davamçıları daim inamlı dünyəvilik siyasəti yürüdüb və dinin insanların həyatının tamamilə başqa bir hissəsi olduğunu bəyan ediblər. Şübhəsiz ki, keçən uzun müddət ərzində ölkənin ilk prezidentinin prinsiplərində müəyyən dəyişikliklər olub. Lakin indiyədək ölkədə dünyəvi hakimiyyətin dəyişməsinə təhlükə olması haqda belə ciddi ajiotaj yaşanmamışdı.

Ərdoğan isə öz növbəsində onun islamı dövlət səviyyəsinə gətirmək istəməsi haqda ittihamları daim rədd edib. Buna sübut kimi, o, baş nazir vəzifəsində çalışdığı bütün müddət ərzində Ankaranın Avropa İttifaqına üzvlüyü istiqamətində çalışdığını, bu məqsədlə bir sıra qanunların dəyişdirilərək, Avropa standartlarına uyğunlaşdırıldığını göstərib. Ərdoğanın tənqidçiləri isə bildirir ki, onun rəhbərlik etdiyi hökumət eyni zamanda əhalinin gündəlik həyatının bir hissəsinin islam qanunları ilə idarə edilməsinə də çalışıb. Bu, xüsusilə dövlət və təhsil qurumlarında qadınların hicabla gəzməsini qadağan edən qanunun  ləğvi (Ərdoğanın xanımı da məhz belə geyimdə gəzir), həmçinin alkoqollu içkilərin qəbulunun qadağan edilməsi kimi faktlarla əsaslandırılır. Bundan başqa, Ərdoğan ailəyə xəyanətin Cinayət Məcəlləsi ilə tənzimlənməsinə  çalışsa da, onun bu təklifi prezident Əhməd Nejdət Sezər tərəfindən qəti şəkildə rədd edilib.

Bütün bunlarla yanaşı, Türkiyədə daxili siyasi vəziyyətin xeyli çətin xarici situasiyanın yaşanması fonunda gərginləşməsi də diqqət çəkəndir. Söhbət Ankaranın Aİ-yə qəbulu ilə bağlı yaşanan problemlər və İraqın şimalındakı gərgin situasiyadan gedir. Görünür, Ərdoğan məhz bu çətinlikləri nəzərə alaraq, güzəştə getməyə, prezidentlik iddiasından əl çəkməyə qərar verib. Artıq prezidentliyə namizədliyi irəli sürülmüş Gül bildirib ki, "Baş nazir şəxsi istəyi ilə dövlət başçısı postunu tutmaq iddiasından imtina edib". 

Qeyd edək ki, Ərdoğanla Gülün bir partiyada təmsil olunmasına baxmayaraq, ikinci ictimaiyyət arasında daha az mübahisə doğuran imicə malikdir.

Artıq ekspertlər belə düşünür ki, Gülün Türkiyə prezidenti seçilməsi həll edilmiş məsələdir. Belə ki, hakim ƏİP parlamentdə böyük çoxluğa malikdir ki, bu da təşkilatın namizədinin ali posta təsdiqlənməsində problemin olmayacağına zəmanət deməkdir. Bununla yanaşı, prezidentin seçilməsi üçün üç tura ehtiyacın olacağı proqnozlaşdırılır - aprelin 27-si, mayın 2-si və 9-u.

Qeyd edək ki, hazırda Böyük Millət Məclisində ƏİP-in 354 deputatı var (bu, partiyaya təkbaşına böyük koalisiyanı formalaşdırmaq imkanı vermir). Parlamentdə daha 153 mandat Xalq Cümhuriyyət Partiyasına (XCP), 19 yer sağ-mərkəzçi Ana Vətən Partiyasına (AVP) məxsusdur. Daha 17 yeri isə müstəqil şəxslər və digər partiya nümayəndələri öz aralarında bölürlər. Məclisdə 7 yer vakantdır, ƏİP-dən olan spiker Bülənt Arınç isə səsvermədə iştirak etmir.

Prezidentliyə Abdulla Güllə yanaşı, onunla bir partiyadan olan Ərsönməz Yarbay da namizədliyini irəli sürüb ki, onun qələbəsinə inam, demək olar ki, yoxdur. Yarbay bu addımı, sadəcə, namizədlərilə yarışa qatılmayan digər partiyalara  nümunə göstərmək üçün atdığını bildirib.

Türkiyənin aparıcı müxalifət partiyası olan XCP isə seçkini boykot edəcəyini açıqlayıb. Partiya sədrinin müavini Bülənt Özyürək bildirib ki, XCP üzvləri, ümumiyyətlə, prezident seçkisinin keçiriləcəyi iclasa qatılmayacaqlar. Partiyanın lideri Dəniz Baykal isə deyib ki, prezidentliyə namizəd bütün siyasi qüvvələr tərəfindən bəyənilməsə, o, məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Beləliklə, Abdulla Gül prezidentliyə özünəməxsus şəkildə kompromis namizəd olsa da, bu, türk ictimaiyyəti arasında yaşanan gərginliyi tamamilə aradan qaldırmayıb. Bütün bunların nə ilə nəticələnəcəyi isə artıq bu ilin noyabrında keçiriləcək parlament seçkisində üzə çıxacaq. 


MƏSLƏHƏT GÖR:

419