15 Mart 2025

Şənbə, 00:45

"İYİRMİNCİ ƏSRİN TAUNU" YENİDƏN AZƏRBAYCANDA

İllər keçdikcə dopinq qalmaqalında adı hallanan azərbaycan idmançılarının sayı artır

Müəllif:

15.04.2007

Kommunizm kabusu Avropada dolaşır". Kapitalist Avropasında vaxtilə uşaqları məhz bu sözlərlə qorxudurdular. İndi bu ifadəni dəyişərək belə səsləndirmək olar: "Dopinq kabusu planetdə dolaşır". Son zamanlar  idmançıların orqanizmində qəbulu qadağan olunmuş tibbi preparatın aşkar edilməsinə dair məlumatlar bir-birini əvəzləməkdədir. Təəssüf ki, "iyirminci əsrin taunu" adlandırılan bu kabus bizim ölkəmizdə  daha çox dolaşmağa başlayıb: dopinq qalmaqalının növbəti qurbanı azərbaycanlı sərbəst güləşçi, 120 kiloqram çəki dərəcəsində yarışan Xızır Durqayev olub.

 

Bir şey istəyirdi, başqası alındı

Əslən Çeçenistandan olan Xızır Durqayev əvvəllər Rusiyada çıxış etsə də, bu ölkənin millisinə cəlb olunmayıb və son illər ərzində beynəlxalq arenada Azərbaycan Bayrağı altında yarışmağa başlayıb. Bizim həm sərbəst, həm də yunan-Roma güləşi üzrə millimizin ənənəvi olaraq problemlər yaşadığını nəzərə alsaq, Durqayevin gəlişi yerinə düşüb və o, problemsiz olaraq ağır çəkidə millinin "bir nömrə"sinə çevrilib. Hələlik Durqayev Azərbaycan millisinin heyətində ciddi uğur əldə etməsə də, son zamanlar güləşçi medallar qazanacağının görüntüsünü verməyə başlamışdı.

Onun qanında qadağan edilmiş maddənin aşkarlanmasına gəlincə, bu, Avropa çempionatı ərəfəsində Xızır Durqayevin Kiyevdə keçirilən beynəlxalq təlim-məşq turnirində iştirakı zamanı baş verib. İdmançıdan istənilən an dopinq testi götürmək hüququna malik olan Ümumdünya Antidopinq Agentliyinin əməkdaşları da məhz həmin turniri izləməyə gəlib və orada müəyyən testlər keçirib. Bu zaman Sidneydə keçirilən olimpiadanın qalibi olmuş Namiq Abdullayevin də heyətində çıxış etdiyi Azərbaycan komandasında yalnız Durqayevdən götürülən "A" dopinq nümunəsinin yoxlanması zamanı müsbət cavab əldə olunub. Belə ki, idmançının orqanizmində qadağan edilmiş tibbi preparatların qəbulu zamanı yaranan norandosteron aşkar edilib. 

"Mən heç bir qadağan edilmiş preparat qəbul eləməmişəm", - deyə Xızır Durqayev bizimlə söhbətində bildirib. - "Ukraynada keçirilən beynəlxalq turnir ərəfəsində məşqçi heyətinin məsləhəti ilə kreatin qəbul etmişəm və bu, Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan edilmir. Ola bilər ki, həmin maddənin istehsalçıları səhvə yol veriblər və onun tərkibində norandesteronun yüksəlməsinə səbəb olan maddə olub. Ola bilər ki, analizin cavabının belə alınmasına da məhz bu səbəb olub".

Azərbaycan Gənclər və İdman Nazirliyi son anadək idmançının bərpa olunacağına ümid etsə də, bu, baş verməyib. Məsələ ondadır ki, norandesteron miqdarının yüksəlməsi yalnız dopinq qəbulu zamanı deyil, həmçinin, maddələr mübadiləsinin pozulması nəticəsində qeydə alınır ki, bu da ağır çəkidə çıxış edən idmançılara xas hadisədir. Bununla əlaqədar olaraq, nazirlik Xızır Durqayevin qanının yenidən yoxlanmasını tələb edib. Lakin təkrar test gözlənilən nəticəni verməyib və "B" nümunəsi də əvvəlki nəticəni təsdiqləyib.

Beləliklə, Durqayev orqanizmində qadağan olunmuş maddənin aşkar edildiyi altıncı Azərbaycan idmançısı olub. Xatırladaq ki, Azərbaycan idmanının müasir tarixində yunan-Roma güləşçisi Hüsaməddin Rəcəbov və cüdoçu Nicat Şıxəlizadə də eyni qalmaqalla üzləşiblər. Lakin sonuncunun qanındakı qadağan edilmiş maddənin miqdarı çox yüksək olmadığından, o cəmi bir il müddətinə diskvalifikasiya olunub və cəzasını çəkdikdən sonra böyük idmana kifayət qədər uğurlu qayıdış edib: Şıxəlizadə iştirak etdiyi ilk turnirdə - Dominikan Respublikasında keçirilən gənclər arasında dünya birinciliyində qızıl medal qazanıb. Hüsaməddin Rəcəbova gəlincə, ikiillik cəza alan bu idmançı döyüş meydanına yalnız bu ilin oktyabrında qayıda biləcək.

 

Altıncı qalmaqal

Güləşçilərin ardınca azərbaycanlı ştanqçılar Nizami Paşayev və Natiq Həsənov da dopinq qalmaqalının iştirakçısına çevriliblər və onların qanından 2005-ci ilin aprelində keçirilən dünya çempionatı zamanı götürülmüş analizin cavabları müsbət olub. Nəticədə, cəzalanan ştanqçıların diskvalifikasiyası bu ilin aprelində sona çatacaq.

Ötən ilin oktyabrında isə "iyirminci əsrin taunu" Azərbaycanının milliləşdirilmiş futbolçusu Sergey Sokolovu haqlayıb. 2008-ci ilin Avropa çempionatının seçmə mərhələsində millimizin Belçika yığması ilə keçirəcəyi qarşılaşmadan əvvəl futbolçunun qanında aparılan analiz zamanı da təəssüfləndirici nəticə üzə çıxıb. Nəticədə Sokolov meydana bir də 2008-ci ilin yayında çıxa biləcək.

Beləliklə, Azərbaycanın Gənclər və İdman Nazirliyində antidopinq departamentinin yaradılmasına, həmçinin, ölkənin idman rəhbərliyinin preparatların qəbulu zamanı son dərəcə ehtiyatlı olmaq barədə çağırışlarına baxmayaraq, altıncı belə haldan da qaçmaq mümkün olmayıb. Xızır Durqayevi itirmək Azərbaycan millisi üçün son dərəcə ağır itkidir. Çünki ölkədə onu layiqincə əvəzləyəcək idmançı yoxdur. Bütün bunları nəzərə alarkən milli mütəxəssilərimizin, funksionerlərin, idmançıların və dopinq qalmaqalında adı hallana biləcək hər kəsin Azərbaycan nümayəndələrinin beynəlxalq turnirlərdə iştirakı məsələsinə necə etinasızlıqla yanaşdığına təəccüblənməmək olmur.

Məsələ ondadır ki, bütün bu qalmaqallar nəinki aparıcı idmançıların cəzalanması üzündən Azərbaycanın cüdo, güləş, ağır atletika və futbol komandalarının zəifləməsinə səbəb olub, həmçinin, beynəlxalq arenada azərbaycanlı idmançıların imicinə ciddi zərbə vurub. Təəccüblü olan odur ki, 2005-ci ildən etibarən hər idman mövsümündə Azərbaycan idmançılarından kimsə bu qalmaqalın iştirakçısına çevrilir. 2005-ci ildə qəbulu qadağan olan preparatlar yalnız iki idmançıda - Nicat Şıxəlizadə və Hüsaməddin Rəcəbovun orqanizmində aşkarlanmışdısa, 2006-cı ildə belələrinin sayı üçə çatıb: Nizami Paşayev, Natiq Həsənov və Sergey Sokolov. Belə çıxır ki, ən adi hesablamalara əsasən, bu il dörd idmançımızın qanında sözügedən maddə aşkar edilməlidir. Çünki bu ilin siftəsi ilin lap başlan-ğıcında qeydə alınıb. Təhlükəli tendensiya deyilmi? Əgər işlər bundan sonra da eyni axarla davam edərsə, bir neçə ildən sonra Azərbaycanın bütün aparıcı idmançıları sıradan çıxacaq.


MƏSLƏHƏT GÖR:

437