14 Mart 2025

Cümə, 23:36

KEÇMİŞ XARRATIN ŞÜBHƏLİ KARYERASI

Ermənistanın siyasi gələcəyi ümumxalq seçkisinə xeyli qalmış həll olundu

Müəllif:

15.04.2007

Ermənistanda parlament seçkisinin hələ mayın 12-də keçiriləcəyinə baxmayaraq, bu ölkədə qüvvələr nisbətini müəyyənləşdirən hadisə artıq baş verib. Söhbət prezident Robert Köçəryanın indiyədək Ermənistanın müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Serj Sarkisyanı baş nazir vəzifəsinə təyin etməsindən gedir. Bundan başqa, Andranik Marqaryanın ölümündən sonra Sarkisyan, həmçinin,  hakim Respublika Partiyasına rəhbərliyi də ələ alıb. Məhz bu partiyanın Siyasi Şurası Sarkisyanın hökumət başçısı postuna namizədliyini dəstəkləyib.

Sabiq müdafiə naziri hökumət başçısı postunu, de-yure,  mayın 12-də keçiriləcək parlament seçkisinədək tutacaq. Amma əvvəlcə baş nazirin səlahiyyətlərinin icraçısı, sonra isə bu vəzifəyə təsdiq olunan Serj Sarkisyan çətin ki bu vəzifəni sonradan sakit şəkildə kiməsə təhvil vermək və bununla da siyasi karyerasına son qoymaq istəsin. Onun irəliyə sıçrayışı kifayət qədər sürətli oldu və yeni baş nazir artıq açıq şəkildə Robert Köçəryanın varisi qismində qəbul edilir. Ermənistanda və ondan kənardakı müşahidəçilər hesab edir ki, hökumətə rəhbərliyin "qarabağlılar"da olması onların yalnız parlament seçkisində deyil, həmçinin, artıq Sarkisyanın "favorit" elan olunduğu prezident seçkisində də inzibati resurslardan istifadə etməsinə rahat şərait yaradacaq.

Hələlik Ermənistanın yeni baş naziri ilə bağlı yalnız Moskva öz mövqeyini açıqlayıb. Rusiya hökumətinin başçısı Mixail Fradkov bildirib ki, o, Sarkisyanın Moskva-Yerevan münasibətlərinin möhkəmlənməsi istiqamətində çalışacağına əmindir. 

Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə fikrini daha açıq şəkildə ortaya qoyub. Onun fikrincə, bu gün elə postsovet ölkəsi tapıla bilməz ki, orada XXI əsrin hakimiyyətə gəlmək vasitəsi sayılan "rəngli inqilab" texnologiyasının həyata keçirilməsinə cəhd olmasın. Markov əmindir ki, Ermənistan müxalifəti də bu ssenarini hazırlayır. Amma o bu planın Ermənistanda baştutma ehtimalını real hesab etmir. Bu ölkədə ciddi siyasi böhranın olmadığını düşünən S.Markov xatırladıb ki, məsələn, Ukraynada "narıncı inqilab"dan əvvəl ciddi siyasi böhran yaşanmışdı. Lakin rusiyalı politoloq hesab edir ki, Ukraynanın sabiq prezidenti Leonid Kuhçmadan fərqli olaraq, Robert Köçəryanın ölkədə böyük nüfuzu var, müxalifətdə isə Viktor Yuşşenko və ya Gürcüstanda olduğu kimi, Mixail Saakaşviliyə bərabər parlaq sima yoxdur. Ermənistanda keçiriləcək parlament seçkilərinin mümkün nəticələri və Robert Köçəryanın varisi haqda fikirlərini açıqlayan Markov deyib: "Məncə, prezidentliyə müəyyən qədər real namizəd Serj Sarkisyandır və hakim partiya məhz onun namizədliyi üzərində dayanacaq. Hal-hazırda əsas məqsəd bu partiyanın parlament seçkisini uğurla başa vurmasıdır. Belə olarsa, Respublika Partiyası prezidentliyə Serj Sarkisyanın namizədliyini irəli sürəcək və o, uğur qazanacaq".

Seçkilərdə uğur qazanmağa digər namizəd kimi göstərilən "qərbyönümlü qüvvələr"ə  gəlincə, burada vəziyyət o qədər də sadə deyil. Ələlxüsus da nəzərə alsaq ki, artıq Ermənistanda Rusiya ilə "ittifaq"la bağlı müəyyən məyusluq hiss olunmaqdadır. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri, "daşnaksütun"un liderlərindən biri Vaan Ovanesyan Rusiyada nəşr olunan "Nezavisimaya qazeta"ya müsahibəsində bildirib: "Rusiyanın sərt praqmatizmi Ermənistanda çaşqınlıq yaradır". Deputat hesab edir ki, hazırda "Ermənistan ictimaiyyətində yaranmış bir sıra suallar cavabsız qalıb". Məsələn, "Rusiyanın energetika sahəsindəki siyasətçiləri çox praqmatikdir. Biz əməkdaşlıq üçün zirək mexanizmlər axtarsaq da, belə mexanizmlər çox məhduddur. Odur ki Rusiyanın sərt praqmatizmi bu ölkənin hərbi bazalarının yerləşdiyi Ermənistanda müəyyən şübhələr yaradır. Buna görə də bir sıra müxalifət qrupları may seçkisinə bir şüarla gedir: Rusiya hərbi bazalarının Ermənistanda mövcudluğu bizim təhlükəsizliyimizə zəmanət verirmi? Onlar Ermənistanın xarici siyasət istiqamətinin tamamilə dəyişdirilməsi məsələsini qoyur. Bu, hələ ki  dövlətin siyasətinə təsir etmir. Amma  eyni zamanda, əhval-ruhiyyəni də nəzərə almamaq olmaz", - deyə Ovanesyan qeyd edib.

Bütün bunlarla yanaşı, Ermənistanda ikili vətəndaşlıq haqda qanunun qəbulu da qüvvələr nisbətinə ciddi təsir göstərə bilər. Çünki bu qanunun qəbulundan sonra, xarici ölkələrdəki çoxsaylı erməni diasporunun nümayəndələri də seçkidə iştirak edə biləcək. Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Ambaryanın sözlərinə görə, "ikili vətəndaşlıq diasporu  ilə vətənin əlaqələrinin möhkəmləndirilməsi, bütün dünyada ermənilərin birliyinin daha da güclənməsi üçün yeni şansdır və erməni xalqının demokratik və milli cəhdləri üçün vacib stimuldur". Eyni zamanda, o da aydındır ki, "diaspor" Qərb üçün Ermənistandakı situasiyaya təsir baxımından məntiqi kanaldır və ondan heç kəsin istifadə etmədiyini düşünmək sadəlövhlük olardı.

Rusiyanın Ermənistana göstərdiyi iqtisadi, siyasi və hərbi dəstəyin fonunda Ovanesyanın Moskvanın ünvanına səsləndirdiyi ittihamlar heç də ədalətli səslənmir. Amma "piar" üçün arabir belə bəyanatlar da səslənməlidir. 

Ən əsas məsələlərdən biri isə, Ermənistanın "qərbpərəstlər"inin ən həlledici məqamda xarizmatik liderdən məhrum olmasıdır. Hazırda nəzəri cəhətdən bu statusa "Orinats Yerkir" partiyasının lideri, parlamentin sabiq spikeri Artur Baqdasaryan iddia edə bilər. Amma "həlledici döyüş"ü Torosyana uduzan Baqdasaryan hazırkı şəraitdə çətin ki revanşa ümid etsin. 

Daha bir "qərbpərəst" lider kimi xarici işlər naziri Vardan Oskanyanın da adını çəkmək olar. Xatırladaq ki, o, artıq müəyyən iddialarının olduğuna işarə  edib. Amma Ermənistan şərtləri daxilində xarici işlər naziri postu oradan prezidentliyə "tullanmağa" imkan verən vəzifə deyil. Xüsusilə də əgər baş nazir belə "karyera"ya qarşıdırsa.

Serj Sarkisyana gəlincə, onun tərcümeyi-halı düşünmək üçün kifayət qədər əsas verir. Məlum olduğu kimi, hakimiyyətə gələn hər bir siyasətçi özünəməxsus idarəetmə üslubuna malikdir. Rusiya mətbuatının yazdığına görə, Sarkisyanın həyat yolu darıxdırıcıdır.

Sarkisyan 1954-cü il iyunun 30-da Dağlıq Qarabağda dünyaya gəlib. 1979-cu ildə Yerevan Dövlət Universitetinin filologiya fakültəsini bitirən Sarkisyan 1975-1979-cu illərdə Yerevan elektrotexnika zavodunda xarrat işləyib.

O, 1972-1974-cü ildərdə Sovet Ordusunda hərbi xidmət keçib. Hətta onun tərcümeyi-halının "Qarabağ hissəsi" də, jurnalistlərin dili ilə desək, kifayət qədər "qansız"dır: gələcək müdafiə naziri 1989-1993-cü illərdə Dağlıq Qarabağın "özünümüdafiə qüvvələri komitəsi"nə rəhbərlik edib. 1990-cı ildə "məsum"luq haqda qanuna görə ovaxtkı Sovet Ermənistanında Ali Sovetin deputatı seçilib və s.

Əslində isə mətbuatda yer alan məlumatlara görə, Sarkisyan hələ ötən əsrin 70-ci illərində Ermənistanda gizli fəaliyyət göstərən ultramillətçilərin sıralarına qoşulubmuş. İstənilən başqa situasiyada yeni təyinat almış baş nazir tərcümeyi-halındakı bu hissə ilə öyünə bilərdi. Məsələn, mərhum Andranik Marqaryan mütəmadi olaraq 70-ci illərdə "antisovet fəaliyyəti"nə  görə, iki il həbsdə yatdığını xatırlatmağı unutmurdu. Sarkisyanda isə vəziyyət tamamilə fərqlidir. Çünki o, tez bir zamanda DTK-nın nəzarətinə düşüb, sonra isə, müxtəlif məlumatlara görə, 1977-ci ildə Moskva metrosunda partlayış törətməkdə ittiham olunaraq həbs edilən Stepan Zatikyanla bir kameraya salınıb, terrorçudan məlumat toplayıb. O zaman DTK asanlıqla müəyyənləşdirib ki, partlayış terrorçuların özlərinin dediyi kimi, "xüsusi silahlı qrup"un yox, Sovet Ermənistanında fəaliyyət göstərən ASALA şəbəkəsinin işidir.  Amma komitə məsələni açıb-ağartmağı lazım bilməyib. Bunun əvəzində Moskva terrorçularla razılığa gəlməyə, Ermənistan DTK-sı ilə ASALA arasındakı "əlaqələr"dən yararlanaraq beynəlxalq terrorizmdəki "qara beynəlmiləl"ə "çıxmağa"  və Ermənistan aeroportundakı Nəzarət-Buraxılış Məntəqəsi və digər yerlərdə qızıl qaçaqmalçılığına nəzarət etməyə və ondan öz məqsədləri üçün yararlanmağa üstünlük verib. ASALA isə bunun əvəzində məhkəmə qərarı ilə güllələnmiş iki yaraqlıya görə qisas almamağı öhdəliyi götürüb.

Sonralar Sarkisyan Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasında, həmçinin Xocalı faciəsində iştirak edən əsas şəxslərdən hesab olunur. Nəhayət, 1995-ci ildə o, Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edib. 

Qeyd edək ki, Azərbaycan ərazisində törədilən terror aksiyaları və "Sadval" yaraqlılarının hazırlanması, həmçinin, Bakı meropolitenində təşkil olunmuş partlayışa görə məsuliyyəti məhz bu qurum daşıyır. Bundan başqa, bir çox analitiklərin qiymətləndirməsinə görə, Ermənistanda 1997-1998-ci illərdə Levon Ter-Petrosyanın hakimiyyətdən getməsi və onun yerinə Robert Köçəryanın gəlməsi ilə nəticələnən dövlət çevrilişinin əsas təşkilatçısı da məhz Serj Sarkisyandır. Həmin vaxt hakimiyyətin yenidən bölüşdürülməsi prosesi ilə eyni vaxtda bir-birinin ardınca baş verən siyasi qətllərin fonunda Qarabağdan çıxmış və məhz Qarabağ nömrə nişanlarına malik şübhəli avtomobillərdə gəzən "killerlər" haqda yazan jurnalistlər  Sarkisyanın danlağına tuş gəlmişdilər.

İndi isə Ermənistanın böyüklüyünə görə ikinci şəhəri olan Gümrünün meri Vardan Qukasyana qarşı sui-qəsddən danışmağa başlayıblar. Hadisə Yerevan-Gümrü yolunda, Qukasyan və onu müşayiət edən şəxslər Yerevandan qayıdarkən baş verib. Qeyd edək ki, Gümrünün meri paytaxta hakim qespublika partiyasının toplantısına qatılmaq üçün gedibmiş və məhz həmin iclasda baş nazir postuna Serj Sarkisyanın namizədliyi irəli sürülüb. Toplantıdan qayıdan merin iki avtomobildən ibarət olan korteji boz rəngli, nömrə nişanı olmayan "Cip"dəki şəxslər tərəfindən avtomat silahlarla atəşə tutulub. Nəticədə,  merin sürücüsü və iki cangüdəni həlak olub, onun özü, müavini Qagik Manukyan və daha dörd nəfər yaralanıb. Hadisəni törədənləri saxlamaq mümkün olmayıb.

Bir sıra analitiklər Sarkisyan üçün baş nazirliyə yol açan hadisəni - baş nazir Andranik Marqaryanın ölümünü də təsadüf saymır. Məlum olduğu kimi, peşəkarlar üçün aradan götürülən şəxsin "ürək tutması"ndan vəfat etdiyini "sübuta yetirmək" o qədər də çətin i?  deyil. Xatırladaq ki, Balkan müharibəsi zamanı Rusiya silahının,  BMT-nin sanksiyalarına zidd olaraq, Serbiyaya ötürülməsilə məşğul olan "Razdanmaş"ın direktoru, Levon Ter-Petrosyanın qardaşı Telman da məhz ürək tutmasından dünyasını dəyişmişdi. Bundan sonra Rusiya silahının Ermənistana gizli şəkildə verilməsi ilə bağlı yaranan qalmaqala aidiyyəti olan bütün simalar müəmmalı şəkildə bir-birinin ardınca dünyalarını dəyişdilər. 

Odur ki, Ermənistandakı bu seçki yarışında böyük si-yasətin nə ilə başa çatacağını ehtimal etmək elə də çətin deyil.


MƏSLƏHƏT GÖR:

396