15 Mart 2025

Şənbə, 00:37

VAHİD CƏBHƏ

125 milyon Türk və Azərbaycanlı öz səylərini və imkanlarını birləşdirir

Müəllif:

15.03.2007

Türkiyə Azərbaycanı qüdrətli dövlət kimi görmək istəyir. Elə bir dövlət ki Türkiyə üçün yük yox, dayaq olacaq". Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmiz haqda türk diplomatlarından birinin söylədiyi bu sözlər Bakıda Azərbaycan və türk diaspora təşkilatlarının birinci forumunun keçirildiyi günlər  yadıma düşdü. Həqiqətən də, bu gün Bakıda belə bir tədbirin təşkili bir daha sübut edir ki,  bir vaxtlar Türk Dünyasının ən qüdrətli dövlətində - Türkiyədə dəstək axtaran ölkənin özü artıq Türkiyə üçün dayağa çevrilib. Və indi artıq yer üzündə olan 50 milyon azərbaycanlı və 75 milyon türkün bir yumruq kimi birləşməsinin vaxtı çatıb.

Azərbaycan və türk diaspora təşkilatlarının birinci forumu Türk Dünyasının əsl gücünü göstərdi. Və qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan ilk dəfə deyil ki, öz ümumi etnik kökləri, siyasi baxışları və milli maraqlarından irəli gələn birliyi nümayiş etdirir. "Yəqin ki, dünyada xalqların etnik mənsubiyyəti, siyasi baxışlar və ümumi maraqlar baxımından, bir-birilə bu qədər sıx birləşmiş başqa iki ölkə yoxdur. Biz elə etməliyik ki, birliyimiz daha da möhkəm olsun", - deyə forumda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib. Dövlət başçısı bu işdə xaricdə yaşayan soydaşların rolunu xüsusilə vurğulayıb. Azərbaycanın müstəqilliyinin ilk illərində Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayan İ.Əliyev bəyan edib ki, bu gün - artıq Azərbaycanın möhkəmləndiyi bir vaxtda bütün Türk Dünyasını narahat edən problemlərin həlli naminə səyləri birləşdirmək zamanıdır. "Biz - böyük qüvvə-yik. Biz maraqlarımızın tam təmin olunması, bizi narahat edən bütün problemlərin aradan qaldırılması, ədalətin zəfər çalması və xalqlarımızın firavan və sakit yaşaması üçün əlimizdən gələni etməliyik. Biz buna layiqik və birgə səylərimiz və işimizlə buna nail olacağıq", - deyə prezident vurğulayıb. O, birgə səylərin nəticəsi kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini önə çəkib. Bu layihələrin reallaşdırılması zamanı Azərbaycanla Türkiyə ciddi maneələrlə üzləşmişdilər. Amma məhz birgə səylər nəticəsində, Ankara ilə Bakı təkcə regionda deyil, bütün dünyadakı geosiyasi reallığı dəyişməyə nail oldu. 

Azərbaycan dövlətçiliyinin güclənməsi, xaricdəki diasporanın imkanlarını da artırdı. Və artıq dünya ictimaiyyətinin diqqətini ümummilli problemlərimizə cəlb etmək üçün, birgə informasiya və ideoloji hücumun vaxtı çatıb. Prezident İ.Əliyev təəssüf hissilə qeyd edib ki, dünya ictimaiyyətində hələ də bizim problemlərimiz haqqında dolğun məlumat yoxdur. "Bunun öz səbəbləri var. Bizə qarşı güclü erməni lobbisi fəaliyyət göstərir. O, Türkiyə və Azərbaycana qarşı düşmən mövqedən çıxış edir, onun əsas məqsədi şər atmaq, ölkələrimizdə gedən prosesləri ləkələmək, yalan və böhtan kampaniyası aparmaqdır", - deyən İ.Əliyevin sözlərinə görə, buna qarşı yalnız diaspor təşkilatlarının koordinasiya olunmuş fəaliyyəti ilə müqavimət göstərmək olar. Bakıda keçirilən forumun əsas məqsədi də məhz budur.

İ.Əliyev erməni lobbisinin fəaliyyətinə təsadüfən toxunmayıb. Axı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Türkiyəyə qarşı irəli sürülən "erməni soyqırımı" böhtanı Azərbaycan və Türkiyə diasporalarının ətrafında birləşməli olduqları əsas problemlərdir. Bu zaman, onlar yalnız böyük maliyyə imkanlarına malik erməni lobbisi ilə deyil, həm də fövqəldövlətlərdə hökm sürən ikili standartlarla üz-üzə qalır. Məhz bu ikili standartlı yanaşmanın nəticəsidir ki, erməni-Azərbaycan münaqişəsi hələ də öz həllini tapmayıb. 

Amma zaman Ermənistanın xeyrinə işləmir. İldən-ilə Azərbaycanın iqtisadi qüdrəti, deməli, həm də dünyadakı mövqeləri möhkəmlənir. Bu gün Azərbaycan artıq əvvəlki ölkə deyil və onunla şantaj dilində danışmaq qeyri-mümkündür. "Ermənistan artıq 10 ildən çoxdur Azərbaycan torpaqlarını işğal edib, üstəlik, bizi işğalçılıq siyasətində ittiham edir. Bizim əcdadlarımızın torpaqları - İrəvan xanlığı, Zəngəzur, digər ərazilər indi erməni dövləti üçün əraziyə çevrilib. Bu bizim tarixi torpaqlarımızdır, amma biz Ermənistana qarşı ərazi iddiası irəli sürmürük. Halbuki sürə bilərik, çünki indiki Ermənistanın yerləşdiyi ərazi - qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyini düşünürlərsə, öz siyasətlərini dəyişməlidirlər. Onlar qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərini tərk etməli və Türkiyəyə qarşı əsassız iddialardan imtina etməlidirlər. Əks təqdirdə, Ermənistanın özünün taleyi sual altına düşə bilər", - deyə Azərbaycan prezidenti bildirib.

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan da Azərbaycanın dövlət başçısının sözlərinə dəstək verib. O, Azərbaycan torpaqlarının işğalını "türk xalqının qanlı yarası" adlandırıb. Türkiyə dövlətinin başçısı əmin olduğunu bildirib ki, Ankara və Bakının birgə səyləri nəticəsində ədalət bərpa olunacaq. "Biz buna inanırıq. Təəssüf ki, bu, Ermənistanın və erməni xalqının bir hissəsinin, diasporasının xüsusiyyətidir. Hazırda onlar bizə qarşı addımlarını davam etdirirlər və dünyada "erməni soyqırım" kampaniyasını aparırlar. Bu məsələyə heç bir aidiyyəti olmayan ölkələrdə lobbilər yaradırlar, tələm-tələsik mövcud olmayan "erməni soyqırım" məsələsini həmin ölkələrin parlamentlərinə çıxarırlar. Heç kəs bunu qəbul etməyəcək!" - deyə Ərdoğan bəyan edib. O vurğulayıb ki, öz arxivlərini açmaqla, Türkiyə tarixi həqiqətin üzə çıxmasında maraqlı olduğunu nümayiş etdirib. Amma erməni tərəfi bu jestə cavab vermək istəmir və əsassız iddialarla dünya birliyini çaşdırmağa çalışır. Türkiyənin baş naziri xaricdə yaşayan soydaşlarını erməni "dezinformasiyası"na qarşı vahid cəbhədən çıxış etməyə çağırıb. O vurğulayıb ki, bu gün türk diasporunun potensialı heç də erməni diasporundan geri qalmır. Hazırda dünyanın 118 ölkəsində 5 milyon Türkiyə vətəndaşı yaşayır. Onların əksəriyyəti işçi statusundan işverən statusuna keçib və yaşadıqları ölkədə böyük nüfuz sahibidirlər. Bu gün Türkiyənin xaricində 80 min türk sahibkarı yaşayır və onların ümumi kapitalı 30 milyard avroya çatıb. Onlar Avropada 420 min insanı işlə təmin ediblər. 

R.T.Ərdoğan öz çıxışında xüsusilə vurğulayıb ki, erməni məsələsi Azərbaycanla Türkiyəni türk dünyasının digər problemlərindən yayındırmamalıdır. Burada söhbət həm İraq türkmənlərinin problemindən, həm də Kipr türklərinin beynəlxalq təcridindən gedir. Bununla bağlı Ərdoğan foruma Şimali Kipr Türk Respublikasının prezidenti Məhmət Əli Tələtin də dəvət olunduğuna görə, Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Kipr türklərinin liderinin özü də Şimali Kiprə yanaşmada ikili standart siyasətindən istifadə olunduğunu bildirib. O xatırladıb ki, yunanlardan fərqli olaraq, türklər Kipr münaqişəsinin həllinə dair beynəlxalq təşəbbüsləri dəstəkləyib. Amma buna baxmayaraq, adanın türk hissəsinin təcrid olunması hələ də davam edir. M.Ə.Tələt dünya birliyinin nüfuzlu üzvləri olan Türkiyə ilə Azərbaycanın dəstəyinə ehtiyac olduğunu da söyləyib.

Qeyd edək ki, Bakıda keçirilmiş forum yalnız Azərbaycan və türk diaspora təşkilatları rəhbərlərinin iştirakı ilə yadda qalmayıb. Ümumilikdə, tədbirdə dünyanın 48 ölkəsindən 513 nümayəndə iştirak edib. Ən böyük nümayəndə heyətləri Türkiyə, Almaniya, ABŞ, Rusiya, Hollandiya, Ukrayna, İsveç, Rumıniya, Norveç və Litvadan təşrif buyurublar. Diaspora təşkilatlarının nümayəndələri ilə yanaşı, forumda Qazaxıstan, Qırğızıstan, Latviya, Litva və Estoniya hökumətinin nümayəndələri də çıxış ediblər. Bu faktın özü, Bakı forumunun beynəlxalq əhəmiyyətinin göstəricisidir.


MƏSLƏHƏT GÖR:

423