
YAXIN ŞƏRQ: ARXEOLOQLAR NƏ TAPIBLAR?
Qüdsdəki arxeoloji axtarışların ciddi siyasi fəsadları ola bilər
Müəllif: Tomris SARMAT Bakı
Qüdsdə hər həftənin cümə günü yenidən ciddi təhlükəsizlik tədbirləri görülür, müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs yer sayılan Əl-Əksa məscidində Cümə namazı qılmağa isə yalnız ahılyaşlı qadın və kişilər buraxılır. Çünki burada baş verən toqquşmalarda yalnız cavan kişilər və gənclər deyil, gənc xanımlar da polis əməkdaşlarını daş qalaq edirlər. Gərginliyə səbəb isə... arxeoloji qazıntılar olub.
Hər şey nahaqdan başladı. Üç il əvvəl güclü qar və zəlzələ nəticəsində Məğrib qapılarına aparan piyada körpüsü uçdu. Əvvəlcə o, ağacdan hazırlanan müvəqqəti keçidlə əvəzlənsə də, sonradan orada etibarlı və həmişəlik körpünün inşa edilməsi qərara alındı. Amma bunun üçün tikinti yerində arxeoloji axtarışlara ehtiyac yarandı.
İsrail KİV-in verdiyi məlumata görə, bu qazıntılar artıq Qüds məbədinin dəqiq yeri haqda fərziyyələrdən birini təsdiqləyib. Qazıntı yerindən yeni maddi sübutlar tapan Avropa Universitetinin arxeologiya fakültəsinin professoru Yosef Patrixu iddia edir ki, müqəddəs məbədin əsas binası həqiqətən də "Kədər divarı"nın cənub-şərqində yerləşib. Məbəd dağının cənub hissəsində isə su üçün nəhəng rezervuar aşkar olunub və tədqiqatçıların fikrincə, bu, yaxın ərazidə qurbangahın olduğunun göstəricisidir. İsrail mətbuatının yazdığına görə, alimlər hesab edir ki, Əl-Əksa və Kubba-əs-Səhra məscidlərinin inşa olunduğu qayalıq massiv Qüds məbədinin yerləşdiyi ərazidən kənarda olub.
Son dəqiqləşmələr Qüdsün tarixi ətrafındakı mübahisələr fonunda xüsusi əhəmiyyət daşıyır. Qüds məbədi həmin Məbəd dağında, bu gün Əl-Əksa və Kubba - əs-Səhra məscidlərinin yerləşdiyi ərazidə olub və Qüdsdə bu tarixi-coğrafi reallıqdan siyasi kozır kimi istifadə etməyə çalışan fanatiklər heç də az deyil. Sağlam düşüncəli siyasətçilərin Əl-Əksa və Kubba-əs-Səhra məscidlərinin qalanın üzərinə dayanmadığı və onların altında heç nəyin olmaması haqda xəbərdarlıqları da fanatların, daha dəqiqi, siyasi spekulyantların qarşısını ala bilməyib. Halbuki məscidlərin təhlükədə olması şüarından aktiv istifadə olunacağını proqnozlaşdırmamaq mümkün deyildi.
Bir sözlə, başlanılan qazıntılar növbəti siyasi gər-ginliyin başlanmasına səbəb olub. HƏMAS lideri Xaled Maşal İsrailin Əl-Əksa məscidi ətrafında apardığı qazıntı işlərini "odla oynamaq" kimi qiymətləndirib. "Düşmənə sərt xəbərdarlıq etmək istəyirəm. 2000-ci ildə Əl-Əksanın Şaron tərəfindən murdarlanması intifadaya səbəb olmuşdu və İsrail rəhbərliyi bundan özü üçün nəticə çıxarsın. Onlar müqəddəs məscidin murdarlanmasının nələrə yol açacağından xəbərdardırlar. Bu, odla oynamaqdır", - deyə Maşal Suriya paytaxtında keçirdiyi mətbuat konfransında bildirib.
Fələstinin "Əl-Əksa Şəhidləri Briqadası" (FƏTH) terrorçu qruplaşmasının da bəyanatında bildirilir ki, İsrail Məbəd dağında işləri dayandırmasa, sinaqoqların partladılmasına başlanılacaq. Terrorçular vətəndə və ondan kənarda yaşayan fələstinliləri baş verənlərə qarşı kütləvi etiraz aksiyalarına başlamağa da çağırıb.
Qeyd edək ki, Maşalın söz açdığı "2000-ci ildə Əl-Əksanın murdarlanması" məsələsi təsadüfən xatırlanmır. Söhbət həmin vaxt sağçı müxalifətin lideri olan Ariel Şaronun Məbəd dağında gəzintiyə çıxmasından gedir. Amma məsələ ondadır ki, həmin vaxt nə Şaron, nə də onu müşayiət edən şəxslər məscidin içərisinə daxil olmayıb, həmçinin, heç bir təhqiredici, qaydalara zidd hərəkətə yol verilməyib. Amma əgər Azərbaycanda, Türkiyədə, Misirdə qeyri-müsəlman məzhəbinə aid insanların məscidə daxil olmasına icazə verilirsə, Qüdsdə hər şey əksinədir. Məlumat üçün qeyd edək ki, İstanbulda Sultan Məhəmməd və Süleymaniyyə, Qahirədə Məhəmməd Əli məscidləri turistlərin ən çox sevdiyi məkanlar sırasına daxildir. Türkiyədə qeyri-müsəlman turistlərə, hətta Topqapı məscidinə girişə də icazə verilir. Qeyd edək ki, müsəlmanlar üçün müqəddəs sayılan əşyalar, həmçinin, Məhəmməd Peyğəmbərə məxsus silah, onun dişi və saqqalından olan tük, Kəbədəki müqəddəs məbədin açarları və s. məhz Topqapı məscidində saxlanılır. Burada axundlar fasiləsiz olaraq Quran oxuyur, bir neçə dildə yazılan lövhəciklərdə isə turistlərin nəzərinə çatdırılır ki, onların ətrafında müsəlman zəvvarların olduğunu unutmasınlar və onların dini hisslərinə hörmətlə yanaşsınlar.
Artıq qeyd etdiyimiz kimi, Qüdsdə vəziyyət tamamilə fərqlidir: Əl-Əksa və Kubba-əs-Səhra məscidləri qeyri-müsəlmanların üzünə bağlıdır və onların Məbəd dağında peyda olmaları fələstinli "islamın təmizliyinin müdafiəçiləri" tərəfindən "məscidin murdarlanması" kimi qiymətləndirilir.
Bununla yanaşı, müşahidəçilər başqa bir məqama da diqqət çəkir. Fələstin liderləri indiyədək İsrail rəhbərliyinə dəfələrlə xəbərdarlıq edib ki, aparılan qazıntı işləri çox qədim məscidi uçmaq təhlükəsi il üz-üzə qoyur. Lakin İsrail iddia edir ki, bütün bunlar təbliğatdan başqa bir şey deyil. Onların sözlərinə görə, qazıntı işləri heç bir təhlükə yaratmır və heç kəsin məscidləri uçurmaq fikri yoxdur. Üstəlik, burada aparılan işlər əgər doğrudan da ətrafdakı qədim tikililərə təhlükə yaratsa, bu, ilk növbədə, yəhudilərin ən müqəddəs ziyarətgahı olan "Kədər divarı" üçün təhlükəlidir, nəinki müsəlmanların müqəddəs yerləri...
Baş verənlərin həqiqətən də "Əl-Əksa"nın taleyindən narahatlıqdan doğduğunu, yoxsa adi təxribatçı "piar" olduğunu aydınlaşdırmaq istəyən müşahidəçilər, bu zaman 1996-cı ildə "Həsmənilər tuneli"nin turistlərin üzünə açılması zamanı baş verənləri xatırladırlar. O zaman Qüdsdəki müsəlman ziyarətgahlarının yaxınlığında olan bu tunelin açılması ciddi narazılıqlara yol açdı və hətta onlarla insanın ölümünə səbəb olmuş toqquşmalarla nəticələndi. O zaman da radikal müsəlman təşkilatları bu tunelin Əl-Əksa məscidi üçün təhlükə yaratdığını bildirirdilər. Amma bu tunel, daha dəqiq desək, kəhrizi təmizlədilər və ərəb kvartallarına istiqamətləndirdilər. Sonradan bu su hövzəsi turistlərin ən çox gəzdiyi əraziyə çevrildi ki, bundan da ilk növbədə çoxsaylı ərəb restoranları qazandı. Düzdür, tuneli bir qədər uzatdılar, amma bu işlər Məbəd dağından xeyli aralıda aparıldı.
Nəhayət, İsraildə bildirirdilər ki, tunel Məbəd dağındakı məscidlərlə müqayisədə "Kədər divarı"na daha yaxındır və çətin ki, "sionistlər"in öz müqəddəs ziyarətgahlarına təhlükə doğuran hansısa layihə reallaşdıraydılar.
Bu yerdə ritorik sual yaranır - bu tunel nə vaxt daha təhlükəlidir - "torpaqdakı adi deşik" kimi unudulduğu dövrdə, yoxsa onun təhlükəsizliyinin turizm standartlarına uyğunlaşdırılmasından sonra? Amma bu arqumentlərə heç kəs qulaq asmaq istəmirdi. Çünki radikallar İslam ziyarətgahlarının qorunması ilə bağlı növbəti "siyasi sifarişi" yerinə yetirirdi.
İndi isə arxeoloji qazıntılar vəziyyəti yenidən son dərəcə gərginləşdirib və ərəb liderlərinin hiddətinə səbəb olub. Əvvəlcə həmin şəxslər aparılan qazıntı işlərinə Əl-Əksa məscidi üçün potensial təhlükə kimi baxırdılar. Lakin coğrafi və geoloji reallıqların bu işlərin, əslində, məscidlərə deyil, yəhudilərin müqəddəs məkanı olan "Kədər divarı"na təhlükə yarada biləcəyi məlum olduqdan sonra, qazıntılar nəticəsində üzə çıxa biləcək islam dəyərləri məsələsi qaldırılmağa başlandı. Ən təhlükəlisi isə bu prosesə İranın da qoşulmasıdır. Bununla bağlı İranın dini lideri ayətulla Əli Xamnei bildirib ki, "islam ölkələri sionistləri bu əməllərinə görə peşman etməlidir". "Belə təhqiredici hadisəyə sükutla yanaşmaq olmaz. Müsəlman dünyası buna layiqli reaksiya verməyə borcludur", - deyə Xamenei İranda səfərdə olan "İslami cihad"ın liderlərindən biri olan Abdulla Ramadan ilə görüşündə bəyan edib.
İran parlamentinin 206 deputatı isə İsrailin əməllərinə qarşı bu ölkəyə nota verilməsinə dair məktubu imzalayıblar. İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Mottaki də baş verənlərə münasibət bildirib. Onun fikrincə, İsrailin Məbəd dağında qazıntılara başlaması ilə bağlı İslam Konfransı Təşkilatının təcili toplantısı çağırılmalıdır. "Əl-Əksa məscidi yaxınlığında qazıntılara başlanması İsrail rejiminin ekstremist mahiyyətini ifşa etdi. Onların siyasətinin mahiyyəti fələstinlilərə saymazlıq göstərilməsi, bütün müsəlmanlar üçün müqəddəs sayılan yerlərin təhqir olunmasından ibarətdir", - deyə Mottaki İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İshanoğluna ünvanladığı məktubda qeyd edib: "İnanırıq ki, 57 müsəlman ölkəsini özündə birləşdirən yeganə beynəlxalq təşkilat olan İKT İsrailin bu aqressiyasına qarşı ciddi tədbirlər görəcək".
Artıq müşahidəçilər məsələyə ciddi yanaşmağı məsləhət görürlər. Onlar Danimarkadakı "karikatura qalmaqalı"nın İKT-də müzakirəsinin nə ilə nəticələndiyi unutmamağı tövsiyə edirlər.
Bütün bunlarla yanaşı, qeyd olunan qazıntı işləri ətrafında səs-küy Fələstindəki növbəti qarşıdurma fonunda vüsət alıb. Belə ki, həmin vaxt həm Yaxın Şərq, həm də dünya siyasətçilərinin diqqəti FƏTH və HƏMAS arasında sonda milli birlik hökumətinin yaradılması ilə bağlı razılığın əldə edildiyi Məkkə görüşünə yönəlmişdi. Düzdür, Məkkədə hər hansı razılığın əldə olunması haqda məlumatlar müxtəlif fələstinli qruplaşma liderləri tərəfindən təkzib olunur. Fələstin hökumətinin xarici maliyyə dəstəyi alıb-almayacağı da hələ sual olaraq qalır. İstənilən halda, Rusiya və ABŞ-ın bu məsələ ilə bağlı mövqeləri növbəti dəfə haçalanıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərq "dördlüyü"nün üzvü kimi muxtariyyət rəhbərliyinin vasitəçilər tərəfindən təcrid duruma salınması haqda məlumatları təkzib edib: "Dördlük" nümayəndələrinin görüşünün nəticəsi olaraq qəbul edilən bəyanat balanslaşdırılıb və belə qərara gəlinib ki, yeni Fələstin hökumətinin "dördlüyün" meyarlarını qəbul etməsi üçün onların mükafatlandırılması, şirnikləndirilməsi vacibdir. Toplantıda dünyanın hər şeydən xəbərdar edilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə atılmalı olan addımlar müəyyənləşdirilib. Buraya fələstinlilərə yardımların göstərilməsi də daxildir. Odur ki "dördlük" heç kimə qarşı boykot elan etməyib".
ABŞ-ın dövlət katibi Kondoliza Rays isə Fələstin rəhbərliyinə hər hansı dəstək haqda danışmağın hələ tez olduğunu bildirib. "Əvvəllər də söylədiyim kimi, hazırda bizim dəstəkləyə biləcəyimiz heç bir milli birlik hökuməti mövcud deyil", - deyə Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri qeyd edib. Bununla yanaşı, o, açıq şəkildə bildirib ki, Vaşinqton hələ Fələstinin yeni hökumətini tanımaq, xüsusilə də onlara maliyyə yardımı göstərməklə bağlı qərar verməyə tələsmir və bu məsələdə gözləmə mövqeyini tutub. "Yeni hökumət İsraili tanımalıdır və əks halda, ABŞ-ın mövqeyi dəyişməyəcək", - deyə Rays qeyd edib.
Düzünə qalsa, Məkkədəki danışıqların ilk günündən elə bir formula düşünülmüşdü ki, həm Qərb siyasətçilərinə fələstinlilərlə ünsiyyət qurmağa, həm də fələstinlilərə öz simasını itirməməyə imkan versin: beynəlxalq vasitəçilər bildirmişdilər ki, Məkkədəki razılığın mətninə, yeni hökumətin İsraillə əvvəlki razılıqları qüvvədə saxlayacağı haqda bənd salınsa, bu artıq hökumətin İsraili tanıması kimi qəbul ediləcək. Yəni, fələstinlilərin bunun üçün xüsusi bəyanatla çıxış etməsinə ehtiyac yoxdur.
Lakin fələstinlilər çox çətin tərəfdaş olduqlarını bir daha nümayiş etdirdilər. Fələstinin baş naziri İsmail Haniyyənin siyasi köməkçisi Əhməd Yusif bildirib ki, muxtariyyətdə yaradılacaq milli birlik hökuməti İsraili tanımaq fikrində deyil. "ABŞ və "kvartet"in digər üzvləri (Aİ, BMT və Rusiya) tərəfindən bütün təzyiqlərə baxmayaraq, yeni hökumətin platformasında İsrailin tanınması ilə bağlı heç bir bənd olmayacaq", - deyə Yusif qeyd edib.
Odur ki Qərbin Fələstinə yardıma qadağa qoyacağı tamamilə gözləniləndir. Bu dəstək olmadan isə Fələstin administrasiyasına yaşamaq asan olmayacaq: Fələstinin ikimilyardlıq büdcəsinin əsas hissəsi məhz xarici maliyyə təşkil edir. Bu işdə əsas donor kimi isə Avropa İttifaqı çıxış edir və hər il muxtariyyətə yarım milyard avro ayırır. Eyni zamanda, Fələstin büdcəsi hər ay İsraildən də vergi və gömrük rüsumları şəklində 50-55 milyon dollar alır.
Lakin indi bütün bu ödəmələr dayandırılıb. HƏMAS-la yalnız Moskva, İran və ərəb ölkələri əlaqələri davam etdirməyə hazır olsa da, maliyyə baxımından onların Avropa İttifaqını əvəzləyəcəyi inandırıcı görünmür. Bu fakt isə FƏTH-ın siyasi revanş qazanmaq və Məkkədə əldə olunmuş razılaşmalara yenidən baxmaq şanslarını artırır.
MƏSLƏHƏT GÖR: