15 Mart 2025

Şənbə, 02:57

YANVARIN 1-NƏ KEÇƏN GECƏ

Hamının bayramı

Müəllif:

01.01.2007

1 yanvar. Həmin gün ən böyük arzu yaxşı dincəlmək arzusu olur - xoşbəxtlik və səadət arzuları ilə dolu yuxusuz gecə, şampan şərabı, dadlı yeməklər, tort, bayram yolkası, Şaxta baba. Santa Klaus... Səmimi uşaq sevinci... Halbuki əslində, sadəcə, gecə-gündüzlə əvəzlənib. Sonsuz təqvimdə bircə rəqəm dəyişib.

Məhz Yeni İli gözləyərək, bəşəriyyətin, demək olar ki, yarısı artıq noyabr ayının sonlarından izah edilməsi mümkünsüz olan bir əhval-ruhiyyədə bayramın həsrətilə yaşayır. Dünyanın bir çox xalqları öz yeni illərini yaz gecə-gündüz bərabərliyi zamanı qeyd etsə də, bir çox xalqlar nağıl və sehrlə bağlı, hədiyyələr və şən məclisdə keçirilən gecə şəklində əsl bayramı məhz ümumdünya Yeni il günü yaşayırlar. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə ilin ən əsas hadisəsini planetimizdə milyonlarla insan qeyd edir. Məhz həmin gün yarımkürələr, ənənələr, sərhədlər, miqrasiya qanunlarının ayırdığı insanlar bütün dünyanın yaşadığı sevinci yaşayaraq, vahid bir bütövə çevrilirlər. Əbəs yerə deyil ki, 1 yanvar Ümumdünya sülh günü sayılır.

Azərbaycanda 2007-ci il çoxdan arzusunda olduğumuz bayram günləri ilə başladı. Elə gətirdi ki, bu dəfə məhz dekabrın 31-də ölkəmizdə 3 bayram üst-üstə düşdü - Yeni il, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Qurban Bayramı. Azərbaycan xalqına 2007-cı ilin qarşılanması ərəfəsində prezidentin sərəncamı ilə hədiyyə də edildi - bayram günləri istirahət günləri ilə üst-üstə düşdüyü halda, onlar iş günlərinə keçirilir. Odur ki bütün qanqaraçılıq və çətinlikləri köhnə ildə qoyub, Yeni İlin gəlişini gen-bol qeyd etmək olar. 

 

Yeni ilin tarixindən

Sən demə, Yeni İl mövcud bayramların ən qədimidir. Qədim Misir ehramlarında qazıntılar apararkən arxeoloqlar üzərində "Yeni ilin başlanğıcı" yazılmış qab tapdılar. Qədim Misirdə Yeni İl Nil çayı daşanda (təxminən, sentyabrın axırında) qeyd edilirdi. Nilin daşması çox önəmli idi, çünki quru səhrada buğda yalnız bunun sayəsində bitirdi. Yeni ildə amon tanrısı, onun qadını və oğlunun heykəllərini qayığa qoyub, Nil çayında üzürdülər. Bu proses mahnılar, rəqslər və şənliklərlə müşayiət olunurdu. Sonra heykəli yenidən məbədə aparırdılar.

Uzun müddət, Yuli Sezar yeni təqvim tətbiq edənədək, romalılar Yeni İli mart ayının əvvəlində qeyd edirdilər. İndi həmin təqvim Yulian təqvimi adlanır. Beləliklə, Yeni İlin qarşılanma tarixi yanvarın ilk günü oldu. Yanvar ayı Roma tanrısı Yanusun (ikiüzlü) şərəfinə belə adlandırılmışdı. Sözün hərfi mənasında ikiüzlü Yanusun bir üzü geriyə - keçmişə, digəri isə irəli - gələcəyə baxırdı. Yeni ilin qarşılanması bayramı "kalenda" adlanırdı. Bayram zamanı insanlar evləri bəzəyir, bir-birinə hədiyyələr və üzərində Yanusun təsviri olan sikkələr bağışlayırdılar, qullarla onların ağaları bir yerdə yeyir və şənlənirdilər. Əvvəlcə bu, könüllü olsa da, sonradan imperatorlar Yeni İldə hədiyyələr tələb etməyə başladılar.  

Uzaq keçmişdə Yeni İli əksər hallarda baharla - təbiətin dirçəlməyə başlaması və yeni məhsul gözləntisi ilə əlaqələndirirdilər. Bu səbəbdən də qədim Rusiyada Yeni İli martın 1-də qeyd edirdilər.  XIV əsrdə Moskva kilsəsi, yunan təqviminə uyğun olaraq, sentyabrın 1-ni yeni ilin başlanğıcı elan etdi. Yalnız 1699-cu ildə Avropaya səyahətdən qayıdan I Pyotr xüsusi sərəncamla "bundan sonra illəri yanvarın 1-dən hesablamağı" əmr etdi: "Rusiyada yeni ili müxtəlif şəkildə saydıqlarından, bu gündən etibarən insanların aldadılmasına son qoyulmalı və hər yerdə Yeni İli yanvarın 1-dən hesablamalıdır. Xoş məram və şənlik əlaməti olaraq, insanlar bir-birini Yeni İl münasibətilə təbrik etməli, işlərdə uğur və ailədə firavanlıq arzulamalıdırlar". 

Yeni İli qeyd etmək ənənəsinin sarsılmaz olduğu təsəvvürü yaranır. Sanki bu ənənə həmişə olub. Lakin bu heç də belə deyil. Bu bayramın tarixi, ən azı, 25 əsrdir. Bu adət ilk dəfə Mesopotamiyada yaranıb. Bəzi alimlərin fikrincə, Yeni İli ilk dəfə məhz burada - qədim Şumer sivilizasiyasında qeyd etməyə başlayıblar (e.ə. üçüncü minillikdə). 

 

Müxtəlif ölkələrin Yeni İl ənənələri

Yanvarın 1-də qeyd olunan ənənəvi Yeni İl heç də bütün ölkələrdə yeni təqvim ilinin başlanğıcı deyil. Əkinçilik ölkəsi olan Çində Yeni İlin qarşılanmasına çox böyük önəm verilir. Qışın axırında yazın gəlişi, ən əsası, yaz əkini ərəfəsində qarşılanan Yeni İl təbiətin həyatverici qüvvələrinin tezliklə oyanacağından xəbər verir. 1911-ci ildə monarxiya quruluşu devrildikdən sonra, Çində Avropa təqvimi tətbiq edildi, ənənəvi ay təqvimi ilə isə Yeni İl Yaz bayramı (Çuns-ze) adlandırıldı. Çinlilərin yeni il şənliklərinin dini əsasını həyatverici istinin öldürücü so-yuq üzərində zəfərini təmin etməli olan bərəkət magi-yası təşkil edirdi. 

Hindlilər bu bayramı ildə dörd dəfədən də çox qeyd edirlər - bu onların milli xüsusiyyətidir... Hindistan çoxlu mədəniyyətlərin və submədəniyyətlərin kəsişdiyi bir ölkədir. Orada xristianlar, müsəlmanlar, buddistlər yaşasalar da, əhalinin əsas hissəsi qədim induizm dininə etiqad edir. Təbii ki, bu sonuncularda Yeni İl induist təqvimdə nəzərdə tutulan vaxtda qarşılanır. Bu o demək deyil ki, onlar müsəlman və xristianların Yeni İl bayramlarına etinasızdırlar. Əksinə, onlar bu bayramlarda, həmçinin, Milad bayramında həvəslə iştirak edirlər. İndusların Qudi Padva adlanan ənənəvi Yeni İli bu il martın 26-da olacaq. Lakin ay təqvimindən asılı olaraq, hər il tarix dəyişir. Yeni ilin qeyd olunması bir neçə gün davam edir, müxtəlif karnaval yürüşləri, yarmarkalar və digər atributlarla müşayiət olunur. Lakin ölkənin siyasi, iqtisadi və sosial sahələri xristian təqviminə istiqamətləndiyindən, yanvarın 1-i də diqqətdən kənarda qalmır. Yeni İlin Şərq təqvimi ilə qeyd edilməsini və müsəlmanların Yeni İlini də unutmaq olmaz. Beləliklə, tam əminliklə demək olar ki, Hindistan Yer üzündə yeni illərin ən çox olduğu ölkədir. 

Avstraliyada bu bayramın qar, yolka ağacları, marallar və digər atributları olmadığından, Şaxta baba Sidney çimərliklərində xüsusi bəzədilmiş sörfinq lövhəsi üzərində üzgüçü qiyafəsində peyda olur. Avropadakı ənənəyə sadiq qalaraq, onun mütləq ağ saqqalı və qotazlı qırmızı papağı da olur. Yeni il gecəsində açıq havada atəşfəşanlıq olan yerləri böyük kampaniyalar halında dolaşmaq adətdir. Avstraliyadakı Yeni İl şənliyinin daha bir xüsusiyyəti onun gecəyarısından sonra, demək olar, dərhal başa çatmasıdır. Bayram və ya istirahət günü olmasına baxmayaraq, avstraliyalılar səhər saat 5-6 radələrində yuxudan durur və axşam saat 10-dan gec olmayaraq yatırlar. Odur ki Yeni İl gecəsi artıq bu baxımdan da istisna təşkil edir. Lakin saat 00:10 dəqiqədə artıq hamı yataqda olur.

İtaliyada belə hesab edirlər ki, Yeni İli bütün köhnə şeylərdən azad olaraq qarşılamaq lazımdır. Bu səbəbdən də Yeni İl gecəsində köhnə əşyaları pəncərələrdən bayıra atırlar. Başınıza sınıq stul və ya xarab ütünün düşməsini istəmirsinizsə, ehtiyatlı olmaq lazımdır. İtaliyalılar bunu cənublulara xas qızğınlıqla həyata keçirirlər - bütün köhnə şeylər pəncərələrdən bayıra uçur... Belə hesab edilir ki, köhnə əşyaların yerini yeniləri tutacaq.

Bütövlükdə, avropalılar İsanın doğum gününə çox həssas yanaşırlar. Fransada  bayram şənliklərinin mərkəzi Yelisey çölü olur. Yüzlərlə elektrik lampasının parlaq işığı bura təxəyyülü valeh edən xüsusi bir rövnəq verir. Mülkiyyət formasından asılı olmayaraq, bütün iri şirkətlərin rəhbərliyi dekabrın 19-dan gec olmayaraq, işçilərinə 14-cü maaşı verir ki, qalan günlər ərzində onlar bu pulu hədiyyələr almağa sərf edə bilsinlər. Bu maaş verilən gündən dekabrın 23-nə qədər bütün mağazalar, supermarketlər, butiklər xüsusi gər-ginliklə işləyir: alıcı axını piştaxtalardakı malları bir göz qırpımında süpürüb-aparır. Həm də Fransada bu dövrdə nə isə alarkən xəsislik etmək məqbul deyil, axı bu hədiyyələr ən əziz insanlar üçündür. Məsələ ondadır ki, bu bayramda çox bahalı hədiyyələr almaq adətdir. Bu, avtomobil, rəsm əsəri (reproduksiya yox!) və s. ola bilər. Milad bayramını ailə üzvlərindən ibarət məhdud bir çevrədə qarşılayır, yalnız ən yaxın dostlar üçün istisna edirlər. Adətən, bayram süfrəsini ənənəvi yeməklər bəzəyir: istridyə, qaz ciyərindən paştet, şabalıdla hazırlanmış hinduşka və tort. 

Bir qayda olaraq, stolun arxasında, təxminən, axşam saat 8-də otururlar. Şampan  şərabı ilə dolu ilk badələri  İsa Məsihin şərəfinə qaldırır, sonra isə şərab içirlər. Gecəyarısı fransızlar artıq o qədər yorğun olurlar ki, saat 12 tamam olmadan dağılışmağa başlayırlar. Xüsusən, ictimai nəqliyyatdan istifadə edənlər tələsir: bayram günlərində Paris metrosu saat 24-ə qədər işləyir. Səhərisi gün fransızlar xizək sürmək üçün şəhərdən kənardakı evlərinə, yaxud kurortlara üz tuturlar. 

Yeni İl gecəsini dostlarla birlikdə restoranda keçirmək ənənəsi var. Süfrəyə cürbəcür soyuq yeməklər, həmçinin, balıq və ət yeməkləri qoyulur. Mütləq lanqust və krevet də olur. Gecə saat 12-də hamı küçəyə çıxır: avtomobillər siqnal verir, tanış və tanış olmayan adamlar bir-birini salamlayır və təbrik edirlər.    

Birləşmiş Ştatlarda Yeni İlin rəsmən yanvarın 1-də qeyd edilməyə başlamasından asılı olmayaraq, bayram şənlikləri dekabrın 31-dən başlayır. Ənənəvi olaraq, hamı gecəyarısına qədər köhnə ili yola salır, sonra isə yeni ili qarşılayır. Amerikalılar bu bayramı restoranlarda, teatrlarda, gecə klublarında səs-küylü şəkildə qeyd etməyi xoşlayırlar.  Düz, gecəyarısı - kilsə zəngləri səslənəndən sonra, atəşfəşanlıq, açılan şampan şüşələrinin səsi və avtomobil siqnalları yeni ilin gəlişindən xəbər verir. İnsanlar bir-birini qucaqlayıb-öpür, səadət arzulayırlar.

ABŞ-ın bəzi iri şəhərlərində yanvarın 1-də paradlar keçirilir. Hamının razılaşdığı kimi, bunlardan ən şən və izdihamlısı Nyu-Yorkdakı Taym-Skverdə keçirilənidir. Burada toplaşan minlərlə şəhər sakininə bu təmtəraqlı şounu televizorla izləyən milyonlarla amerikalı da qoşulur. Birləşmiş Ştatlarda Yeni İl şənliklərinin mütləq atributlarından birinə keçən ilin rəmzi olan qoca kişini və yeni ilin rəmzi olan körpəni də aid etmək mümkündür. Burada qədim Roma allahı Yanusla analogiya aşkar nəzərə çarpır. Onun bir üzü keçmişə, bir üzü isə gələcəyə yönəlib. 

İndi də bu Yeni İlin əsas səbəbkarı - Qaban haqqında danışaq. Qaban cəsarətlidir, özünü fəda etməyə qadirdir. Başladığı bütün işləri sona çatdırır, həm də məqsədinə doğru bütün maneələri dağıdıb birbaşa irəliləyir. Odur ki qarşıdan gələn il "böyük" məqsədə doğru birbaşa irəliləmək üçün ideal şəkildə uyğundur. Nəzərdə tutduqlarınızın hamısını məhz 2007-ci ildə gerçəkləşdirmək mümkündür. Əsas məsələ məqsədi görməkdir. Astroloqlara inansaq, məhz 2007-ci ildə təkcə lokal yox, strateji miqyaslı problemləri də həll etmək mümkündür. Odur ki Yeni İliniz mübarək, dostlar! Səadət və tərəqqi arzulayırıq!


MƏSLƏHƏT GÖR:

509