15 Mart 2025

Şənbə, 03:02

YENİ İLDƏ MƏNƏVİ SAFLAŞMA

Bu il Azərbaycan Əhalisi Qurban Bayramı və Yeni İli eyni gündə qeyd edir

Müəllif:

01.01.2007

Azərbaycan müsəlman əhalisinin üstünlük təşkil etdiyi ölkədir. Burada ənənəvi olaraq, Şərq və Qərb mədəniyyətləri uzlaşır ki, bu da dini ehkamlara ehtiramla yanaşmanı dövlətin dünyəvi əsasları ilə əlaqələndirməyə imkan verir. 

Məhz tolerantlıq Azərbaycan xalqının fərqləndirici əlaməti olduğundan, hər il Qurban Bayramı ölkədə həm dövlət səviyyəsində, həm də ayrıca hər bir ailədə qeyd edilir. Həmin gün müsəlmanları ölkə prezidenti də təbrik edir.  

İş elə gətirdi ki, bu il Azərbaycan əhalisi Qurban Bayramını Yeni İllə birlikdə qeyd etdi. Qurban Bayramı ilə Yeni İlin üst-üstə düşməsi Allah qarşısında qurban kəsərək, mənəvi saflıq əldə edən müsəlmanlara növbəti təqvim ilində əmin-amanlıq olması üçün dua etməyə imkan verəcək. Həmvətənlərimizin bir hissəsinə isə bu bayramı Məkkədə, Həcc ziyarətini - İslamın beşinci tələbini yerinə yetirməklə qarşılamaq nəsib oldu. Hər il dünyanın 160 ölkəsindən, təxminən, 3 milyon müsəlman Həcc ziyarətinə gedir. Azərbaycan vətəndaşları arasında bu il 4500 nəfərdən çox adam üçün belə bir imkan yaranıb. Daha 200 yer ölkəmizdə yaşayan əcnəbilər üçün ayrılıb. Zəvvarların əksəriyyəti ziyarətə avtobuslarla, bir qismi isə təyyarə ilə yollanıb.

Həcc ziyarəti müsəlman ay təqviminin on ikinci ayının əvvəlində edildiyindən, bu aya "zülhiccə", yəni "ziyarəti olan" adı verilib. Qurban Bayramı Həcc ziyarətinin - Məhəmməd Peyğəmbərin yaşadığı Məkkə və Mədinə şəhərlərinə səfərin zirvəsidir. Bu bayramın əsası İbrahim Peyğəmbərin öz oğlu İsmayılı Allaha qurban vermək cəhdi barədə məşhur süjetlə bağlıdır. Həccin mənəvi önəmi onun tək Allaha ibadət etmək üçün könüllü və fərdi şəkildə həyata keçirilməsindən ibarətdir. Həcc zamanı zəvvarlar Yer üzündə bütün müsəlmanların ibadət zamanı gündə beş dəfə üz çevirdikləri "Allah evi"ndə qonaq olurlar. Öz evlərini müvəqqəti tərk edən və səyahətin çətinliklərinə tab gətirən zəvvarlar bununla saflaşır, qəlblərinə rahatlıq gətirirlər. Onlar Yaradandan günahlarının bağışlanılmasını və mərhəmət göstərməsini diləyirlər.  

Şəriət qanunları Həcc ziyarətinə getmək üçün aşağıdakı tələbləri irəli sürür: 

insan həddi-büluğa çatmış olmalıdır; 

sağlam düşüncəyə malik olmalıdır; 

azad olmalıdır;  

ziyarət etmək və evdə qalan ailəsini təmin etmək üçün kifayət qədər vəsaiti olmalıdır; 

lazımi fiziki sağlamlığı olmalıdır; 

yolda təhlükəsizliyi təmin edə bilməlidir; 

Həcc ayinlərini müəyyən olunmuş müddətdə (zülhiccə ayının 7-ci gününə qədər) icra etmək üçün səfərə vaxtında çıxmalıdır. 

Əlbəttə, müsəlmanların əsas bayramında iştirak etmək və müqəddəs məkanda şəxsən qurban kəsmək üçün heç də bütün müsəlmanlar Həcc ziyarətinə yollana bilmədiklərindən, İslam qanunları qurban kəsilməsi mərasimini təkcə Məkkədə yox, müsəlmanların yaşadıqları bütün yerlərdə icra etməyi buyurur.

Ən mömin və imanlı müsəlmanlar qurban kəsilməsi mərasimindən əvvəlki 10 gün ərzində könüllü oruc tuturlar. Bayramı isə səhər tezdən qeyd etməyə başlayırlar. Hava azca işıqlanan kimi, müsəlmanlar bayram namazı qılmaq üçün məscidlərə üz tuturlar. Lakin bundan əvvəl tam dəstəmaz almaq, təzə və təmiz paltar geyinmək, mümkün olarsa, ətirli maddələrdən istifadə etmək lazımdır. Namazdan əvvəl qida qəbul etmək məsləhət görülmür. Səhər namazından sonra möminlər evlərinə qayıdır, sonra isə arzulayanlar küçə və ya həyətlərdə qrup şəklində toplaşaraq, təkbir oxuyurlar. Bundan sonra onlar yenə məscidə, yaxud xüsusi ayrılmış meydançaya (namazgah) toplaşır və burada molla və ya imam-xətib xütbə söyləyir. 

Müsəlmanlar qurban kəsmək üçün seçdikləri heyvanı (dəvə, öküz və ya inək, qoyun və ya keçi) xüsusi olaraq yemləyirlər. Hesab edilir ki, qoyun və ya keçi yalnız bir adamın, dəvə, öküz və ya inək isə 7 nəfərin adından qurban kəsilə bilər. Əti bişirir və istənilən adamın da iştirak edə biləcəyi süfrə arxasında yeyirlər. Bundan başqa, qurban kəsilən heyvanın əti imkansızlara paylanır. 

Qurban Bayramı zamanı mütləq müxtəlif ölkələrdə yerli zövqlərə müvafiq, müxtəlif ədviyyat və ətirli maddələr vurulmaqla hazırlanan çeşidli nəfis ət xörəklərindən mütləq dadmaq lazımdır. Süfrənin bayramsayağı bəzədilməsinə, həmçinin, çoxlu şirniyyat hazırlanmasına da böyük diqqət yetirilir. Bayram günlərində hədiyyə verməyə çalışırlar. Adətən, sonrakı günlərdə qohumlara və yaxın adamlara baş çəkilir ki, bu da Qurban Bayramı zamanı xeyirxah və arzuolunan iş sayılır.


MƏSLƏHƏT GÖR:

432