
"NÜVƏ TAXT-TACINA" İDDİA
Dünya yeni silahlanma yarışının astanasındadır
Müəllif: İrina XALTURİNA Bakı
Nüvə paritetinin yaradılması prosesi İkinci Dünya müharibəsi illərinə təsadüf edirdi. 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə endirilən nüvə zərbələri dünyanı tamamilə yeni reallıqla üz-üzə qoydu: artıq kütləvi qırğın silahı (KQS), beynəlxalq münasibətlərdə həlledici faktora çevrildi. Amma ABŞ-ın bu istiqamətdəki üstünlüyü cəmi 4 il çəkdi və artıq 1949-cu ildə müharibə nəticəsində xarabalığa çevrilmiş SSRİ də özünün nüvə silahını əldə edə bildi. Bundan bir müddət əvvəl isə Uinston Çerçilin məşhur Fulton nitqi ilə "soyuq müharibə" və "silahlanma" dövrü başladı.
Yaradılmış "nüvə klubu"nda Vaşinqton və Moskva ilə yanaşı, London, Paris və Pekin də təmsil olundu. O vaxtdan "seçmə qrup" daim BMT, MAQATE və digər beynəlxalq qurumlar çərçivəsində müxtəlif müqavilə və razılaşmalar vasitəsilə "oyunçu"ların heyətinin genişlənməsinin qarşısını almağa çalışır. Amma bu alınmadı - sonradan bu klubun sırasına Hindistan və Pakistan da qoşuldu. Bir sıra digər ölkələr isə KQS əldə etmək iddialarından əl çəkməyə tələsmir.
Bu üzdən də nüvə texnologiyaları dünyada ləng də olsa, yayılmaqdadır. Əksər hallarda, bu istiqamətdə fəaliyyətin sırf sülh xarakteri daşıdığı iddia olunur və əsl məqsədin nüvə silahı deyil, alternativ enerji mənbəyi əldə etmək olduğu qabardılır.
Son zamanlar KQS-nin yeni nəsil növünün yaradılması haqda informasiyalar eşidilməkdədir. Bir müddət əvvəl ABŞ Prezidenti Corc Buş nüvə silahının istehsalı ilə məşğul olan dövlət laboratoriyalarına yeni texnologiya hazırlamaq haqda göstəriş verib. Bu texnologiya, nüvə silahı kənar şəxsin əlinə düşəcəyi təqdirdə, ondan istifadəni qeyri-mümkün edəjək. Alimlərin bildirdiyinə görə, kənar şəxs silahı işə salmağa cəhd göstərsə, onun tərkibindəki bütün komponentlər, o cümlədən, plutonium və uran dərhal özünü məhv edəcək.
Bu hələ ki yalnız planlar olsa da, deyəsən, dünya yeni silahlanma erasının astanasındadır.
Siyahıda artım
Bu gün nüvə statusuna ciddi şəkildə iddia edən İran və Şimali Koreyanın qonşuları artıq əks-tədbirlər haqda düşünmək məcburiyyətindədir. Bu dövlətlər özlərinin müdafiə və təhlükəsizlik hüququna malik olduqlarını tez-tez xatırlatmağa başlayıblar. Nüvə başlıqları ilə silahlanan qonşulara qarşı əks-tədbir isə analoji silah əldə etmək ola bilər.
Bu ilin oktyabrında Pxenyanın yeraltı nüvə sınağı keçirməsindən sonra, Tokio Qərbə aşkar işarələr verməyə başladı. Əvvəlcə Yaponiya Şimali Koreyaya qarşı sərt iqtisadi sanksiyaların tətbiqini tələb etdi. Daha sonra isə ölkənin baş naziri Sindzo Abenin yaxın ətrafına daxil olan siyasətçilər də daxil olmaqla, bir sıra nüfuzlu siyasət adamları, həmçinin, hakim Liberal-Demokrat Partiyasından olan parlamentari Soiçi Nakaqava Yaponiyada atom silahının yaradılmasına dair müzakirələrə başlanmasının vacibliyini qeyd edib. "Hökumət nüvə silahından imtina siyasətinə sadiq qalır. Amma eyni zamanda, Nazirlər Kabineti hesab edir ki, nüvə silahı əldə etmək hüququna malikdir", - deyə Naqatava bildirib.
Onun bu mövqeyini hökumət katibliyinin rəhbəri Yasuxiza Siodzaki də dəstəkləyib. Siodzaki hesab edir ki, ölkə konstitusiyasına əsasən, Yaponiya "minimum zəruri" silahlı qüvvələr yaratmaq hüququna malikdir.
Bütün bunların fonunda baş nazir Abenin 2007-ci ildə ölkənin əsas qanunvericiliyinə dəyişikliklər etmək istəyi kifayət qədər maraqlı görünür. Bu dəyişikliyin köməyi ilə hökumət başçısı "Yaponiyanın dünyadakı real statusunu yüksəltmək, həmçinin, ölkəsinin diplomatik və hərbi münaqişələrin həllində daha fəal rolunu təmin etməyi" düşünür. Ola bilsin, Yaponiya rəhbərliyi ölkə konstitusiyasının 9-cu maddəsinə dəyişiklik etmək istəyir. Həmin maddəyə görə, Yaponiya beynəlxalq münaqişələrin həlli vasitəsi kimi müharibədən ömürlük imtina etmişdi...
Şimali Koreyanın özünə gəlincə, o, baş verənlərdə ABŞ-ı günahlandıraraq bildirir ki, Vaşinqton Cənubi Koreyanı nüvə silahının yerləşdirilməsi üçün meydana çevirib. KXDR-in Sülhün Qorunması Üzrə Milli Komitəsinin məlumatına görə, Seul amerikalılara minə yaxın atom başlığı və onların daşıyıcılarının yerləşdirilməsi üçün yer ayırıb. Bütün bunlarla əlaqədar, Amerika və Şimali Koreya diplomatları, həmçinin, ABŞ xəzinədarlığının nümayəndələri arasında görüş keçirilib və danışıqlarda əsas mövzu Vaşinqton tərəfindən Pxenyana tətbiq olunan iqtisadi sanksiyalar olub. Bundan sonra Şimali Koreya etiraz əlaməti olaraq altıtərəfli danışıqlardan çıxıb və hazırda özünün dialoqda iştirakının bərpasının blokadanın aradan qaldırılmasından sonra mümkün olacağını bildirir. Halbuki əvvəllər Pxenyan ABŞ tərəfindən yardım və təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə, özünün nüvə proqramından imtina etməyə hazır idi. Hələlik təsdiqlənməmiş informasiyaya görə, Ağ ev bu tələblərə əməl edə bilər. Amma bununla yanaşı, danışıqlarda ciddi irəliləyişin olacağına ümid çox azdır.
Qarışıq tarix
İranın nüvə proqramı ətrafındakı böhranla bağlı da hər hansı nikbinlik yoxdur. Koreya yarımadasındakı situasiya, prinsip etibarilə, müəyyən dərəcədə aydındırsa, Yaxın Şərqdə baş verənlərdən "şeytan da baş açmır". Pxenyandan fərqli olaraq, İranın nüvə iddiaları yalnız bir diktator və onun generallarının təhlükəsizlik zəmanəti almaq və bununla da öz ölkələrinin qapalı qalmasını təmin etmək istəyi ilə məhdudlaşmır. Əksinə, İran Prezidenti Mahmud Əhmədinejat regional liderliyə can atır. Artıq heç kəsdə şübhə doğurmur ki, radikal "Hizbullah" təşkilatının Livandakı etiraz aksiyaları, FƏTH və HƏMAS arasında Fələstində yaşanan qanlı toqquşmalar, həmçinin, İraqdakı situasiya vahid bir zəncirin halqalarıdır və onların hamısının kökləri məhz KQS probleminə gedib çıxır. KQS-nin Tehranın əlinə keçməsi ilə Əhmədinejat Yaxın Şərqdə marağı olan bütün tərəflərə öz şərtlərini diktə edəcək. Şübhəsiz, şiə İranının güclənməsi, xüsusilə sünnilərin üstünlük təşkil etdiyi ölkələrin, ilk növbədə, Səudiyyə Ərəbistanının ürəyincə deyil. Bəs İranın iddialarına qarşı necə tab gətirmək mümkündür?
Ən bədbin proqnozlardan biri ondan ibarətdir ki, Yaxın Şərqdə artıq silahlanma yarışına start verilib. Məlum olduğu kimi, bir qədər əvvəl Misir Prezidenti Hüsnü Mübarək, həmçinin, Əlcəzair və Mərakeş liderləri də sülhtəyinatlı atom əldə etmək istəyində olduqlarını açıqlayıblar. Tehranın təcrübəsi isə açıq şəkildə göstərdi ki, sülhməqsədli atomdan, nüvə silahının əldə edilməsinə cəmi bir addım məsafə var. Əhmədinejatın bir qədər əvvəl Tehranın sülhtəyinatlı nüvə texnologiyasını qonşu ölkələrə verməyə hazır olması haqda bəyanatı da diqqəti cəlb edir. Bundan başqa, İran lideri birgə nüvə proqramı üzərində işləməyə hazırlaşan Fars Körfəzi Ərəb Dövlətləri Şurasına dəstəyini də ifadə edib. Əhmədinejatın fikrincə, region dövlətləri arasında münasibətlərin möhkəmlənməsi "islam düşmənlərinin gizli əlbirliyini neytrallaşdırır". Xatırladaq ki, adıçəkilən qurumda Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı kimi ölkələr təmsil olunur.
Şübhəsiz, İranın bu təşəbbüsləri dünya birliyi tərəfindən sükutla qarşılana bilməz. Vaşinqton artıq bu söhbətlərlə bağlı narahatlığını ifadə edib.
Bu arada isə İsrailin Baş naziri Ehud Olmertin Təl-Əvivin nüvə silahına malik olmasına işarə etdiyi açıqlamaları regionda vəziyyəti daha da gərginləşdirib. Amma açıq danışsaq, ciddi sübutları olmasa da, İsrailin kütləvi qırğın silahına malik olduğuna heç kəsdə şübhə yoxdur. Bəlkə də ona görə ki, hamıya məlum olan bu "sirr" çoxlarına sərf edir. Necə ki vaxilə İsrailin sabiq baş naziri Qolda Meyer demişdi: "İsrailin nüvə silahı yoxdur. Amma lazım gələrsə, o bu silahdan istifadə edəcək".
Yaxın Şərqdə uzun illər qüvvələr balansı da məhz bu qeyri-şəffaflıq şəraitində qorunub-saxlanılıb. Və indi İranın bu balansı pozmaq arzusuna düşməsi ilə durum dəyişib.
Maraqlıdır ki, ABŞ-ın yeni müdafiə naziri Robert Geyts bir neçə gün əvvəl İranın nüvə proqramı ilə bağlı danışarkən, Tehranın "nüvə silahına sahib ölkələrin əhatəsində yerləşdiyini" bəyan etməsəydi, Olmertin bu açıqlamasını ehtiyatsızlıq və təsadüfən ağızdan qaçırılmış söz kimi qəbul etmək olardı. Amma Pentaqon rəhbərliyi, İsrailin adını açıq şəkildə çəkməklə, Təl-Əvivin real statusunu hamının diqqətinə çatdırdı: "İran hər tərəfdən, nüvə silahı olan ölkələrlə əhatə olunub: şərqdən Pakistan, şimaldan Rusiya, qərbdən İsrail, Fars körfəzində isə amerikalılarla".
P.S. Oktyabrın ortalarında Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Məhəmməd əl-Baradeyi dünya ictimaiyyətini xəbərdar edib ki, yaxın zamanlarda, təxminən, 30-dək ölkə nüvə silahı istehsal etmək üçün lazımi texnologiyaya malik ola biləcək. Baradeyinin sözlərinə görə, potensial nüvə dövlətləri hələlik yalnız "virtual status"a malik olsa da, ikiqat təyinat texnologiyası nəticəsində onlar hər an bu sənayeni KQS istehsalına yönəldə bilər.
MƏSLƏHƏT GÖR: