15 Mart 2025

Şənbə, 02:43

HƏLLİNİ TAPMAYAN GÖL MƏSƏLƏSİ

Texnogen təsir nəticəsində abşeronun su hövzələri böhran durumundadır

Müəllif:

01.12.2006

Mübaliğəsiz demək olar ki, Azərbaycan heyrətamiz və təkrarsız təbiətə malik ölkədir. Ölkəmizin ərazisində dağlar, meşələr, çaylar və dünyada ən böyük göl yerləşir. Lakin malik olduğumuz sərvəti qiymətləndirməmək, təbii sərvətləri amansızcasına məhv etmək bizdə artıq adət halını alıb. Son zamanlar cəmiyyətin diqqət mərkəzində ekoloji durumu ekoloqları artıq çoxdan narahat edən Xəzər dənizidir. Hər il dənizə tonlarla həm sənaye tullantıları, həm də təmizlənməmiş məişət suları axıdılır ki, bu da unikal təbiəti tədricən "öldürür". Onu da qeyd etmək lazımdır ki, Xəzər ölkəmizin ərazisində reanimasiyaya ehtiyacı olan heç də yeganə göl deyil. Abşeron yarımadasının, demək olar ki, hər yerində hazırda ağır durumda olan duzlu minigöllər var. 

Onlar bölgənin ekosistemində, şübhəsiz, o qədər də böyük önəmə malik olmasa da, bununla belə, Abşeronun ayrılmaz tərkib hissələridir. Təəssüf ki, insanların dağıdıcı fəaliyyəti onları da "qara günə salıb". Əslində, Abşerondakı göllər hər cür tullantının atıldığı, çirkab suların axıdıldığı yerlərə çevrilib. Şəhərin hakimiyyət orqanları isə özlərinə artıq problem yaratmamaq üçün, çirklənmiş gölləri təmizləməkdənsə, onlardan bəzilərini, sadəcə, qurutmaq qərarına gəldi. 

 

Əsas məsələ: qurudulsun, ya yox?

Şəhər İcra Hakimiyyətinin "xeyir-duası"ndan sonra, Qanlıgöl quruduldu və artıq xeyli vaxtdır növbədə Böyükşor gölünün olması barədə söhbətlər dolaşmaqdadır. Lakin bu xəbər cəmiyyətdə kifayət qədər güclü əks-səda doğurdu və belə bir tədbirin çoxlu əleyhdarı meydana çıxdı. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamenti Abşeronda yerləşən Böyükşor gölünün qurudulmasının mümkünsüz olduğunu və bunun son dərəcə neqativ nəticələr doğura biləcəyi barədə informasiya yaydı. Departamentin direktoru Lahudi Əliyevin sözlərinə görə, bu göl qurudulduğu halda, onun dibindəki tullantılar külək vasitəsilə havaya sovrula bilər ki, bu da hələ elmə məlum olmayan dəhşətli xəstəliyə gətirib çıxarar. ETSN gölü aşağıdakı kimi təmizləməyi təklif edir: bura çirkab suların axıdılmasının qarşısını almaq və yaxınlıqdakı yaşayış məntəqələrini kanalizasiya sistemi ilə təmin etmək.    

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Vaqif Məmmədov Abşerondakı göllərin fəlakətli durumunu yarımadanın ərazisinin, təxminən, 2000 kvadrat kilometr təşkil etməsi, göllərin isə bunun cəmi 2,5%-ni tutması ilə əlaqələndirir. Hazırda Abşeronda 150-yə yaxın göl var və bunların hamısı duzlu göllərdir. Müsahibimizin dediklərindən: "Artıq çoxdan sübut olunub ki, təbiətin əleyhinə getmək və onu insanların tələbatına uyğun şəkildə dəyişdirmək mümkünsüzdür. Belə ideyalar keçən əsrin 30-cu illərində xüsusilə geniş yayılmışdı və insanlar Qaraqum səhrasının çiçəklənən vadiyə çevrilməsinin o qədər də çətin bir iş olmadığına inanırdılar. Lakin insanın gördüyü tədbirlərdən asılı olmayaraq, səhra elə səhralığında qalır. Həmin sözləri göllər barədə də demək olar. Onları bu gün qurutsaq da, bir müddət sonra təbiət yenə də istədiyinə nail olacaq və əvvəllər göl olan yerlər yenə də su ilə dolacaq. Qeyd edim ki, Abşerondakı göllərin qurudulması ideyası heç də yeni deyil. Məsələn, XIX əsrin axırlarında Böyükşor gölü Nobelin göstərişi ilə qurudulmuşdu. Belə bir aqibət Kürdəxanı gölünə də nəsib olmuşdu və qurudulduqdan sonra o, iki hissəyə bölünmüşdü. Lakin məlumdur ki, zaman keçdikcə, qurudulmanın səmərəsi zəifləyir və həmin sahələrə yenə də su dolmağa başlayır.

  Abşerondakı göllərin çirklənmə dərəcəsi müxtəlifdir. Üstəlik, onları əhatə edən torpaq da çirklənmiş, ona neft məhsulları hopmuşdur. Hazırda bu göllərdə su əvəzinə zərərli kimyəvi maddələrlə zəngin maye var. Məsələn, Abşerondakı ən böyük göl - sahəsi 10 kvadrat kilometr olan Böyük-şor gölü indi məhz belə bir vəziyyətdədir". 

V.Məmmədovun sözlərinə görə, kimsə bu və ya digər göldən çirkli suyu boşaldaraq, ora təmiz su vurmaq istəsə belə, bu tədbir səmərəli olmayacaq və gözlənilən nəticəni verməyəcək. Təmiz su artıq bir neçə gündən sonra gölün dibinə və sahillərə hopmuş neft məhsullarını özündə həll edəcək. 

 

Göllərin bəlasının mənbəyi

Daha sonra V.Məmmədov bildirdi ki, göllərin normal duruma gətirilməsi, yəni  onların ekoloji tarazlığının bərpası çoxmərhələli, ən əsası, fərdi yanaşma tələb edir: "Həmin göllərin təmizlənməsi onların çirkləndirilməsindən dəfələrlə baha başa gələcək. Buna ABŞ və Kanadanın nümunəsində asanlıqla  əmin olmaq mümkündür. Bu ölkələr keçən əsrin 70-ci illərinə qədər Böyük Amerika göllərinin təmizlənməsi ilə fəal məşğul olub. Nəticədə, təxminən, $16 mlrd sərf etməklə onlar təmizləmənin yalnız birinci mərhələsini başa çatdırıblar.

Qeyd edim ki, böyüklüyünə görə Abşeronda ikinci göl Masazır gölüdür. Bu göl yarımadanın digər gölləri kimi güclü çirklənməyib və sahillərində indi də duz çıxarılır. Lakin burada da vəziyyət  ürəkaçan deyil, çünki həmin gölə təmizlənməmiş çirkab suları axıdılır. Bu problem ildən-ilə daha da aktuallaşmaqdadır - qəsəbə genişlənir, əhalinin sayı, müvafiq olaraq, axıdılan kanalizasiya sularının həcmi də artır. Gölün çirkləndirilməsinin qarşısının alınmasına dair təcili tədbirlər görülməsə, burada çıxarılan duz yaxın vaxtlarda istehlak üçün yararsız olacaq.

Ümumiyyətlə, Abşeronda mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması ən əsas problemlərdən biridir. Abşeron kəndlərinin bir çoxunda kanalizasiya-məişət tullantıları birbaşa göllərə tökülür. Təbii ki, belə göllərdə çimmək olmaz, çünki müxtəlif dəri xəstəliklərinə tutulmaq mümkündür. Onların suyunda Mendeleyev cədvəlindəki elementlərin, demək olar ki, hamısı var. Təbii obyektlərin, o cümlədən, göllərin mühafizəsinə dair çoxsaylı sənədlər mövcud olsa da, problem hələ də öz həllini gözləməkdədir. 

Artıq çirkləndirilmiş göllər yaxınlığında yaşamaq da təhlükəlidir. Məsələn, evləri Böyükşor gölü yaxınlığında yerləşən sakinlər özlərini pis hiss etdiklərindən şikayətlənir və tez-tez  xəstələnirlər. Bundan başqa, neft məhsulları tullantıları yanğın təhlükəsi yaradır ki, bu zaman yaxınlıqda yaşayan əhali də ciddi zərər çəkə bilər". 

 

Kiçik göllərin böyük problemləri

V.Məmmədovun sözlərinə görə, son vaxtlar Abşerondakı göllərdə heç də müsbət istiqamətdə olmayan bir sıra dəyişikliklər baş verib. Əvvəllər, çirklənmiş olmaları ilə yanaşı, onların dərinliyi də 1 metrdən artıq olmurdu. Bu göllər yayda quruyur, onların yerində yalnız şoranlıqlar qalırdı. Bu, Abşeronda illik yağıntının, təxminən, 300 mm, buxarlanmanın isə 1000 mm təşkil etməsi ilə əlaqədar idi. Hazırda yalnız Masazır gölü quruyur, qalanlarının dərinliyi isə artıq bir neçə metr təşkil edir. Məsələn, Böyükşor gölünün dərinliyi artıq, təxminən, 8 metrə çatır. 2000-ci ildə, hətta 3 oğlanın dambadan gölə düşüb, boğulması da baş vermişdi. 

V.Məmmədovun dediklərindən: "Abşeron gölləri təbii durumda olduğu dövrlərdə onlar özünəməxsus miniiqlimformalaşdırıcı amillər rolunu yerinə yetirirdi. O zaman göllərin suyu ilə yeraltı sular arasında özünəməxcsus balans mövcud idi. 

Məlum olduğu kimi, Abşeronun ərazisində çay yoxdur və burada yaşayan insanlar yalnız yeraltı içməli su mənbələrindən istifadə edirdilər. İndi Ceyranbatan su anbarı tikilib və yarımadaya su digər üç mənbədən çatdırılır. Belə bir durum Abşeronda yeraltı suların səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dərinliyi 10-15 m olan, atmosfer yağıntıları və yeraltı sularla qidalanan gölə bənzər su hövzələrinin meydana çıxmasına səbəb oldu. 

Göllər ətrafındakı torpaqların rekultivasiyasına  gəldikdə, ölkəmizdə bu istiqamətdə heç bir iş görülmür. Neft təsərrüfatının inkişafı ilə biz Böyükşor, Zığ, Kürdəxanı, Qala, Fatmayi, Pirşağı, Masazır və s. göllərdə yüksəkkeyfiyyətli duz çıxarılan mənbələri itirdik. Respublikada duz emalının yüksək iqtisadi səmərəsi barədə hələ keçən əsrin 20-ci illərində məşhur kimyaçı-texnoloq Çingiz İldırım da dəfələrlə söz açıb. Əgər əvvəllər Abşeron göllərindəki suyun 1 litrində, təxminən, 200-300 qram duz olurdusa, göllərin neft və çirkab suları ilə çirkləndirilməsindən sonra, suyun minerallaşması xeyli azalıb. 

Biz Abşeron göllərində çöküntü şəklində olan müalicəvi palçıqdan da məhrum olduq. Göllərdəki palçığın müalicəvi xüsusiyyətlərini Fizioterapiya İnstitutu araşdırıb. Araşdırma üçün Böyükşor və Masazır göllərinin dibindəki çöküntülərdən nümunələr götürülüb. Elmi təcrübələr sübut edib ki, müalicəvi palçıq oynaqlardakı ağrıların, qadın və dəri xəstəliklərinin müalicəsi zamanı kömək edir. 

Təbii ki, bizdə göllərə nəzarət etməli olan dövlət strukturları var. Lakin bu sahədə ayrıca monitorinq müşahidələri aparılmır. Nəticədə, biz neçə gölümüz olduğunu, suyun həcmini, kimyəvi tərkibini bilmirik, göllər üzrə kadastr yoxdur. Bu, durumu daha da ağırlaşdırır, çünki göllərin kadastrı olmayınca, bu problemdən xilas yollarından danışmaq qeyri-ciddi olardı". 

İlk baxışdan, Abşerondakı göllərin çirklənməsi problemi o qədər də önəmli problem kimi görünməyə bilər. Lakin göllərə ziyan vurmaqla, insan, ilk növbədə, özünə zərər vurur. 

Məlumdur ki, təbiət özünə qarşı belə münasibəti bağışlamır və ona edilən pisliyi bumeranq prinsipi ilə geri qaytarır. Əvvəllər insanlara xeyir verən, öz sərvətlərini duz və müalicəvi palçıq şəklində onlara bəxş edən göllər indi ətraf mühitin çirklənmə mənbəyinə çevrilib və gələcəkdə ciddi nəticələr doğura bilər. Odur ki nə qədər gec deyil, müvafiq tədbirlər görmək lazımdır.


MƏSLƏHƏT GÖR:

541