Müəllif: Aydan MANAFOVA Bakı
Müxtəlif təamların yer aldığı hansı ənənəvi Azərbaycan masasında "çobansalatı"na rast gəlinməz? Bu, xırda doğranmış xiyar, pomidor, baş soğan və göyərtidən hazırlanan, günəbaxan yağı və lumu şirəsi ilə qarışdırılan, tərkibinə bir qədər duz və istiot qatılan dadlı və faydalı salatdır. Ləzzət... Sanki bütün bu dadlı nemətlər ləkdən yığılaraq masaya verilib.
Ən dadlı xiyar və pomidorun məhz Azərbaycanda yetişdiyini desək, bu, heç də lovğalıq olmayacaq. İnanmırsınız? Ölkəmizin qonaqlarından soruşun. Azərbaycana gələn hər bir qonaq və ya turist məhz Azərbaycanın bərəkətli torpağında yetişmiş bu tərəvəzlərin xüsusi dadını nəzərdən qaçırmır.
Yaşıl və kal
Adi xiyar qabaq fəsiləsinə aid birillik bitkidir.
Alman dilçi alimi Maks Yulius Fasmerin etimoloji lüğətinə görə, bu tərəvəzin adı yunan dilindən götürülüb və "kal" sözündəndir. Kal halda yeyilən bu tərəvəz dəymiş halda yeyilən yemişlə müqayisə olunur.
Alimlərin son araşdırmalarına görə, yemiş və xiyarın genetik bənzərliyi 95% təşkil edir. Xiyar yalnız kalorisi az məhsul deyil. O, həm də ən az kalori ilə yanaşı, maksimum faydası olan tərəvəzdir. Təzə xiyarın 100 qramında cəmi 13,5 kilokalori var. Bu, ən sərt pəhriz saxlayan insanların da xiyardan imtina etməməsinə imkan verir. Bundan başqa, xiyar artıq çəkidən əziyyət çəkənlər üçün xeyirlidir. Çünki o, iştahı tənzimləyir, toxluq hissi yaradır və həzmi yaxşılaşdırır.
100 qram təzə xiyarın tərkibində 98,5 qram su var və bu, susuzluğu aradan qaldırır, orqanizmi təmizləyir; 100 qram xiyarın tərkibində cüzi zülal, yağ və karbohidrata rast gəlinir. 100 qram təzə xiyarda B qrupuna aid çoxsaylı vitamin, askorbin turşusu, E, PP vitaminləri, böyük həcmdə kalium da var. Xiyarın əsas zənginliyi olan kalium ürəyin və böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir. Xiyarda başqa tərəvəzlərlə müqayisədə yod da çoxdur və o, orqanizm tərəfindən yaxşı həzm olunur. Mineral maddələr - natrium, kalsium, maqnezium, fosfor, xlor, alüminium, kobalt, xrom, ftor, sink, mis, manqan, molibden maddələr mübadiləsini yaxşılaşdırır.
Xiyar zülallı qidaların həzminə kömək edir. Bu səbəbdən də onu ət yeməkləri ilə birlikdə qəbul etmək lazımdır. Təzə xiyar ürək-damar və həzm sistemində problem olan şəxslər üçün çox faydalıdır. Onun sidikqovucu, işlətmə və ödqovucu xüsusiyyətləri var. Təzə xiyarın köməyi ilə şişdən, qəbzlikdən xilas olmaq mümkündür. Onun zərif sellülozu bağırsaqları təmizləyir, orqanizmdəki artıq xolesterini aradan qaldırır və bu, ateroskleroz üçün profilaktika sayılır. Təzə xiyarın nadir üstünlüklərindən biri də maddələr mübadiləsini pozan, duz çöküntüsü və orqanizmin qocalmasına yol açan turşu birləşmələrini neytrallaşdırır. Mütəmadi şəkildə təzə xiyar yemək qalxanvari vəz xəstəliklərini önləyir.
Xiyar şirəsi bu gün də dərinin və saçın gözəlliyi üçün əvəzolunmaz vasitədir. Dəridəki çillərin, ağarmaların aradan qaldırılması, iltihabla, səpgilərlə və artıq piylənmə ilə mübarizə təzə xiyarın "bacardığı" işlərdəndir. Bəs təzə xiyar kimin üçün ziyanlı ola bilər? Mədə xəstəliklərindən əziyyət çəkən və turşuluq dərəcəsi yüksək olanlardan ötrü. Xiyarın mədə şirəsində turşuluğu artırmaq xüsusiyyəti onu qastritdən, xoradan əziyyət çəkən və bu üzdən pəhriz saxlayan şəxslər üçün əvəzolunmaz vasitəyə çevirir.
Uşaq əmizdirən analar təzə xiyarın işlətmə funksiyasına malik olduğunu da unutmamalıdırlar.
Xiyar Şərq təbabətində
Şərq təbabəti tarixi sahəsində mütəxəssis olan Fərid Ələkbərlinin sözlərinə görə, Azərbaycanda bu birillik bitki hər bölgədə, xüsusilə suvarılan ərazilərdə becərilir. Azərbaycanlı müəllif Yusif ibn İsmayıl Xoyi hələ 1311-ci ildə yazırdı ki, xiyar bağırsaqların iltihabı zamanı işə yarayır. Bundan başqa, o, xiyarın susuzluğu aradan qaldırdığını, sidikqovucu və ödqovucu funksiyaya malik olduğunu, daşları əritdiyini yazırdı. Kəskin qızdırma, sarılıq, başağrısı zamanı da xiyar yemək məsləhət bilinir.
İbn Sina yazırdı ki, xiyar yarpağı dəri xəstəliklərinə kömək edir. Özüngəngetmə zamanı adama xiyar iylədilməsi məsləhət görülür. Onun kökü isə qusdurucu vasitə sayılır. Məhəmməd Mömin insan bənizinin rəngini yaxşılaşdırmaq üçün bu resepti məsləhət bilirdi: mixək 1 sutka xiyar şirkəsində saxlanılır, sonra o, şirədən çıxarılır və bal şərbəti ilə içilir. Bu müalicə bir neçə gün davam etdirilərsə, insanın bənizinin rəngi yaxşılaşır. Üç gün ərzində təzə xiyarın qabığı dəmlənərək suyu içilərsə, o, sarılıq xəstəliyi üçün dərmandır.
Məhəmməd Hüseyn Xan (XVIII əsr) deyirdi: "Xiyarın ən yaxşı növləri hamar və nazik, ən pisi isə tikanlı xiyarlardır... Xiyar təmizləyici xüsusiyyətə malikdir. Onlar susuzluğu aradan qaldırır, orqanizmə sərinlik gətirir, ödqovucu xüsusiyyətə malikdir. Xiyar qan təzyiqini aşağı salır. Bundan başqa, o, böyrəklərdən, sidik kisəsindən qum və daşı təmizləyir. Bu işdə acı xiyar daha faydalıdır".
"Daha çox tomat!"
Diyetoloqlar bildirirlər ki, söhbət ürək-damar xəstəliklərinin profilaktikasından və qipoxolesterin pəhrizdən gedən zaman pomidor ən faydalı vasitədir. Təzə pomidorun və tomat ekstraktının orqanizmdə xolesterinin azalmasına kömək etdiyi sübuta yetirilib. Bundan başqa, tomat ekstraktının ürəktutmasının qarşısını aldığı da sübut olunub. Dünya pomidoru Amerikanın sayəsində tanıyıb. Meksika sakinləri, asteklər pomidoru "tomatl" adlandırıblar. "Tomat" sözü də buradan yaranıb. Avropalılar isə bu ekzotik tərəvəzi "sevgi alması" və ya "qızıl alma" (fransızca bunu, pomme d'amoure, italyanca isə pomi doro) adlandırıblar. Bununla da "pomidor" sözü meydana gəlib. Pomidor özündə badımcanı, şirin bibəri, kartofu birləşdirən quşüzümü fəsiləsinə aiddir. Şərqə pomidor Qərbi Avropadan gəlib. Müasir araşdırmalar göstərir ki, pomidorda ürəyin, həmçinin damarlar və sümüyün müdafiəçisi olan likopin maddəsi var. Selen, beta-karotin, A və E vitaminləri kimi, likopin də miokard infarktı riskini azaldır. Həkimlər maddələr mübadiləsi pozulmuş, ürək-damar xəstəliklərindən əziyyət çəkən, mədə-bağırsaq sisteminin fəaliyyətində problemlər olan şəxslərə pomidor yeməyi məsləhət görürlər. Bundan başqa, tomatın tərkibində xəstəliktörədən mikroorqanizmlərin inkişafını əngəlləyən maddələr var.
Tomatın xərçəng əleyhinə vasitə olduğunu bir çox tədqiqatlar təsdiqləyib. Onun tərkibində iki vacib xüsusiyyət cəmləşib: güclü antioksidant və iltihabəleyhinə maddə ağır xəstəliklərin profilaktikası üçün eyni dərəcədə vacibdir. Xərçəng xəstəliyinin əksər növləri xroniki stresdən, xroniki iltihab xəstəliyindən başlayır. Tomat isə bu proseslərin qarşısını alır.
Xərçəng xəstəliyinin tomat qəbulu ilə əlaqələri araşdırılmış əsas növü prostat vəzin xərçəngidir. Alimlərin bu barədə rəyi yekdildir: kişilərin çoxlu pomidor yeməsi onların prostat vəzinin xərçəngi xəstəliyinə tutulma riskini ciddi şəkildə azaldır. Tomatda alfa-tomatin - artıq mövcud xərçəng hüceyrələrini məhv edən maddə var.
Bundan başqa, pomidor ağ ciyərdə əmələ gələn bir sıra xərçəng növlərinə, mədəaltı vəzin və sidik kisəsinin xərçənginə müsbət təsir göstərir. Onun tərkibindəki alfa-tomatinlə yanaşı, likopin də qoruyucu rola malikdir.
Faydalı qidalı maddələrlə zəngin olan pomidoru bir sıra diaqnozlar zamanı yemək vacibdir. Məsələn, metabolik sindrom və piylənmə zamanı, bir sıra nevroloji xəstəliklərin yaranma riskinin (o cümlədən alsgeymer) azaldılması üçün pomidor yemək məsləhət görülür. Bundan başqa, siz, sadəcə, artıq 2-3 kiloqramdan xilas olmaq istəyirsinizsə, gündəlik rasionunuza mütləq azkalorili pomidor əlavə edin. Tomat orqanizmi C vitamini ilə beta-karotinin əla qarışığı ilə təmin edir. O, orqanizmi lazımi səviyyədə manqan, həmçinin E vitamini ilə təmin edir. Pomidorun tərkibində çoxlu miqdarda kalium və K vitamini var. Pomidorun sümüklərin, qaraciyərin, böyrəklərin və qanın antioksidant müdafiəsini təmin etdiyini təsdiqləyən çoxsaylı araşdırmalar mövcuddur.
"Çobansalatı"
"Çobansalatı" - Azərbaycan süfrəsinin ayrılmaz hissəsidir. Xüsusilə yayda - tərəvəz və göyərtinin bol olduğu vaxtda, ona, demək olar ki, hər masada rast gəlinir. Onun bu cür adlandırılmasının asan başa gəlməsi ilə əlaqəli olduğu aydındır. Bu salatı bir anda, hətta çoban belə, hazırlaya bilər. Bunun üçün çobana özü ilə pomidor, xiyar, göyərti götürmək, onları doğrayaraq qarışdırmaq, duzlamaq, istiotlamaq kifayətdir. Vəssalam. Bununla da çoban kölgəliyə çəkilərək nahar edə bilər.
İnqrediyentlər:
Xiyar - 2 ədəd
Pomidor - 4 ədəd
Bolqar bibəri - 1 ədəd
Qırmızı soğan - 1 kiçik baş
Göyərti - keşniş, şüyüd, reyhan, nanə
Duz, istiot
Bitki yağı - 1 xörəkqaşığı
Salatı yeməkdən 30 dəqiqə əvvəl hazırlamaq məsləhətdir. Hazırlamazdan əvvəl tərəvəz və göyərti yuyulmalıdır. Tərəvəzlər və göyərti xırda şəkildə doğranmalıdır. Onların üstünə zövqə görə bitki yağı, duz və istiot əlavə olunur. Bundan sonra salat qarışdırılır, suyunu buraxması üçün soyuducuya qoyulur. Yeri gəlmişkən, onun suyu da çox dadlı olur. Çörəyi salatın suyuna batıraraq yemək olar. Salata 1 xörəkqaşığı lumu şirəsi də əlavə oluna bilər. O, ət xörəkləri, xüsusilə kababla yaxşı tutur.
MƏSLƏHƏT GÖR: