
OYUNDAN KƏNAR
Milli komandanın oyunçuları əcnəbi klublara düşmədi; mərkəzdə oynayan aleksandr rındin isə rusiya çempionatında oynaya bilmədi
Müəllif: Kamil ƏLİYEV Bakı
Ötən saylarımızın birində basketboldan danışarkən biz 1988-ci ilin Olimpiya çempionu Rimas Kurtinaytisin ölkəmizi Permin "Ural-Qreyt" klubuna dəyişməsindən sonra, basketbolumuzun dumanlı perspektivindən söz açmışdıq. Görünür, həqiqətən də artıq duman çöküb...
Xatırladaq ki, Azərbaycanı tərk edən zaman litvalı mütəxəssis söz vermişdi ki, o, Azərbaycan basketbolçularının ustalığının artırılması məqsədilə onların xarici klublarda təmsil olunmaları üçün əlindən gələni edəcək. Bunun üçün Rimas Kurtinaytis, hətta basketbol sahəsindəki şəxsi əlaqələrindən istifadə edəcəyini də bildirmişdi. Və ilk vaxtlarda onun vədlərinin real həyatda əksini tapdığı haqda fikir formalaşmağa başladı.
Əvvəlcə planetin ən ucaboylu basketbolçularından biri (225 sm), Azərbaycan millisinin mərkəz oyunçusu Aleksandr Rındin Permin "Ural-Qreyt" klubunda peyda oldu. Bunun ardınca millinin kapitanı Tahir Baxşiyev və Zaur Paşayevin Litvanın "Ayvara" klubunun diqqət mərkəzinə düşməsinə və tezliklə onların hər ikisinin Litvada olacağına dair informasiya yayıldı. Bunlan başqa, artıq "Ural-Qreyt"in məşqçisi olan və Azərbaycan millisinin məşqçisini əvəz edən Kurtinaytis bəyan etdi ki, yerli idmançılar Fuad Niftəliyev, Anar Sarıyev və David Barbakadze (Azərbaycan vətəndaşlığını almış gürcü) ilə Litvanın digər klubları da maraqlanır.
Həmin vaxt belə qənaətə gəlmək olardı ki, bütün problemlər həllini tapıb, oyunçular xarici klublarda oynayacaq, yerli klublar isə gənc oyunçularla yarışacaq ki, onlar da döyüş yoldaşları kimi xaricə üz tutmağa çalışacaq. Lakin az keçəmiş, təəssüfləndirici xəbərlər bir-birini əvəz etməyə başladı. Əvvəlcə məlum oldu ki, nə Zaur Paşayev, nə də Tahir Baxşiyev Litvada oynama-yacaq. Belə ki, "Ayvara"nın prezidenti avtomobil qəzasında həlak oldu və məlum oldu ki, başqa heç kəs basketbolçularımıza əməkhaqqı vermək fikrində deyil. Digər yerli basketbolçularımıza gəlincə, onlar haqqında deyilənlər söz-söhbətdən o tərəfə keçmədi.
Ümidlər puç oldu
Ən maraqlı hadisələr Azərbaycan basketbolunun əsas ümidi olan Aleksandr Rındin ətrafında baş verdi. Onun Rusiya çempionatında çıxış edən "Ural-Qreyt"in heyətində çıxışetmə perspektivinə hələ sezonöncəsi toplantı zamanı, məşqçilər korpusunun kluba amerikalı mərkəz oyunçusu Sem Hoskini cəlb etməsi ilə kölgə düşdü. Bundan sonra "Ural-Qreyt"də daha bir mərkəz oyunçusu Aleksandr Başminov peyda oldu ki, nəticədə, əndişə daha da artdı.
Lakin bununla yanaşı, ümid hələ də qalırdı və çempionatın başlanması ilə Rındinin Perm klubunun heyətində peyda olacağını gözləyənlər var idi. Lakin Rusiya birinciliyinə start verilən zaman məlum oldu ki, Azərbaycan millisinin üzvü "Ural-Qreyt"in heyətində yoxdur. Onun əsas kluba salınmaması ilə yanaşı, Rındinin adı heç farm-klubda (ikinci heyət) da yox idi. Bundan sonra məlum oldu ki, Aleksandr Rındin ilə bağlı heç də hər şey qaydasında deyil.
Perm klubunun rəhbəri Yevgeni Permyakovun keçirdiyi mətbuat konfransında məlum oldu ki, Rındinin adı heyətə məşqçi şurasının qərarı ilə salınmayıb və onlar hesab edib ki, azərbaycanlı idmançı hələ Rusiya birinciliyi kimi güclü çempionatda yarışmağa hazır deyil. Bu səbəbdən də Kurtinaytis onu əsas heyətə salmayıb və Rındin oraya yalnız lazımi təcrübə topladıqdan sonra düşə bilər. Belə olan halda tam məntiqi sual yaranır: onda Rındinin Rusiyaya aparılması nəyə lazım idi?
Digər tərəfdən, Şimal qonşumuzda dublyorlar arasında da yarış keçirilir və orada məhz aşağısəviyyəli basketbolçular çıxış edirlər. Odur ki Rındin superliqada oynamaq iqtidarında deyilsə, farm-klubda yarışa bilər. Amma millimizin üzvünün adı orada da yoxdur. Permyakovun sözlərinə görə, bu da litvalı mütəxəssisin istəyinə əsasən baş verib və o, Rındinin əsas komanda ilə birlikdə məşq etməsini istəyir. Belə yanaşma öz-özlüyündə absurddur: hətta dublyorlar arasındakı yarışmada belə çıxış etməməklə, idmançı necə təcrübə toplaya bilər? Bunu ən adi məşqçi də təsdiqləyər. Odur ki Rimas Kurtinaytisin də bundan bixəbər olması mümkün deyil.
Y. Permyakovun daha bir açıqlaması lap çaşdırıcı oldu: məşqçilər heyəti Rındindən avrokuboklarda yararlanmaq fikrindədir... Daxili çempionatda heyətə düşə bilməyən oyunçu komandasına beynəlxalq turnirlərdə necə yardım edə bilər?
Müqavilə isə olmayıb...
Güclü detektiv əsərlərində olduğu kimi, cavab gözlənilməyən yerdən gəldi. Milli Basketbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Ramin Kəsəmənskinin sözlərinə görə, Aleksandr Rındin hələ də Azərbaycanın "Qala" klubunun oyunçusudur və o, "Ural-Qreyt"lə heç bir müqavilə imzalamayıb. Mətbuat xidmətinin rəhbəri bildirib ki, hazırda tərəflər arasında danışıqlar aparılır. Elə bu məqamda hər şeyə aydınlıq gəldi - məhz bu səbəbdən Azərbaycan yığmasının üzvündən Rusiya birinciliyində, həmçinin, dublyorların yarışında istifadə oluna bilmir. Maraqlıdır, 4 ay ərzində də danışıqlar aparılar (məhz dörd aydır, Rındin Perm klubundadır)?
Qeyri-rəsmi məlumata görə, Perm klubu Rındinin qeydiyyatdan çıxarılması ilə bağlı milli federasiyadan lazımi sənədləri almayıb. Bundan başqa, tərəflər razılaşmanın məbləği ilə bağlı razılığa gəlməyib. Bax belə! Bütün bunların fonunda əziyyət çəkən milli basketbolçumuzdur və artıq oyun təcrübəsindən uzaq qalan idmançının gələcək nailiyyətlərindən və inkişafından danışmaq yersizdir. Məsələ ondadır ki, Rındin artıq Rusiya birinciliyində yarışa bilməz. Çünki orada idmançıların ərizə vermək müddəti sona çatıb. Eyni sözləri Azərbaycan birinciliyi haqda da söyləmək olar. Təbii ki, onun avrokuboklarda iştirak məsələsi də artıq gündəmdə deyil. Yeri gəlmişkən, Rındinin hələ də "Qala"nın oyunçusu olması haqda məlumat yayıldıqdan sonra, əvvəlcə idmançımızın oyun təcrübəsinin olmamasına görə heyətdə təmsil olunmadığını söyləyən Yevgeni Permyakov hər hansı şərh verməkdən imtina edib. Bu isə təəccüblü deyil. Kim həyasızcasına yalan danışdığını etiraf etmək istəyər ki?
Şayiələr haqqında...
Basketbol dairələrində son zamanlar belə şayiə gəzir ki, yaxın vaxtlarda Aleksandr Rındin Azərbaycana qayıda bilər və o, "Qala"nın heyətinə salınıb. Beləliklə, Azərbaycan basketbolçularının əcnəbi klublara keçəcəyi ilə bağlı bütün bu epopeya hoqqabazlıqdan başqa bir şey olmadı. Bu həm də basketbolçu kimi uğurlar qazansa da, məşqçi kimi ciddi nailiyyəti olmayan Rimas Kurtinaytisə güvənən Milli Basketbol Federasiyasının işini düzgün qurmamasının göstəricisidir. Azərbaycan millisinin İslamiyyədə və "Tərəqqi" kubokundakı nailiyyətlərini isə Rimas Kurtinaytisin qələbələri hesab etmək olmaz və bu zəfərlər hər şeydən əvvəl Azərbaycan basketbolçularının xidmətidir.
Mütəxəssislər yaxşı anlayırlar ki, idman təcrübəsindən məhrum olan idmançı tezliklə formasını itirir. Rındin isə bu ilin iyunundan ("Tərəqqi" kubokundakı qələbədən sonra) sonra meydana çıxmayıb. Bunu federasiyada başa düşmürlər və ya anlamaq istəmirlər. Onlar, sadəcə, Kurtinaytisin "məşqçi istedadı"na inanıb, vəziyyəti dəyişmək üçün heç bir addım atmır. Əgər bu ilin sentyabrında start götürən Avropa çempionatının seçmə mərhələsində millimizin iştirak etməməsi, federasiya tərəfindən onların iyunda keçirilmiş "Tərəqqi" kubokunda yorulması ilə izah olunursa, buna nə ad vermək mümkündür? Bununla yanaşı, basketbol üzrə milli çempionat da yarımçıq qalmaq təhlükəsi ilə üzləşib: yalnız ona görə ki, ölkədə yeganə olan Olimpiya Mərkəzindəki basketbol tablosu işləmir.
Nəticədə, biz yazının əvvəlindəki fikrə qayıtmalı oluruq: Azərbaycan basketbolunun gələcəyi dumanlı görünür və bu duman hələ uzun müddət çəkilməyəcək...
MƏSLƏHƏT GÖR: