
İRANIN QƏLƏBƏSİ
"R+"un suallarını Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun eksperti Yelena DUNAYEVA cavablandırır
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
- İran və "altılıq" ölkələrinin Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlməsində, İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasına qərar verilməsində hansı amillər həlledici rol oynadı?
- Ümumilikdə, İranla danışıqlar 10 il idi davam edirdi. Tərəflər finiş xəttinə İranda Həsən Ruhaninin hakimiyyətə gəlişi ilə çatdılar. Onun 2012-ci ildə açıqladığı prezidentlik proqramının əsas məqsədi məhz sanksiyaların ləğvinə nail olunması idi. İran hökuməti nüvə proqramı ilə bağlı razılığın əldə edilməsi üçün var gücünü ortaya qoymuşdu. Bununla yanaşı, İran yalnız sanksiyaların ləğvinə deyil, həm də onun dincxarakterli nüvə proqramı haqqının tanınmasına çalışırdı. Beləliklə, sanksiyaların ləğvi ilə İran nüvə texnologiyaları inkişafda olan ölkələr klubunun üzvünə çevrildi. Bu, müəyyən mənada İranın qələbəsidir. "Altılıq" ölkələri ilə İranın razılığa gəlməsi bir sıra amillərlə bağlıdır. Burada Tehrana 2006-cı ildən siyasi, iqtisadi və maliyyə sahələrində tətbiq edilmiş sanksiyaların təsiri, xüsusilə onun 2011-ci ildən etibarən üzləşdiyi sərt beynəlxalq təcrid durumu da öz rolunu oynayıb. Bununla yanaşı, regionda liderlik roluna iddialı olan, vacib geostrateji, geoiqtisadi mövqeyə malik İran dövləti beynəlxalq arenada geniş əməkdaşlıq qurmadan inkişaf edə bilməzdi. Yaxın Şərqdə qeyri-sabit durum, regionda ekstremist islamçı əhvalın güclənməsi İranı və "altılıq" üzvlərini razılığa gəlməyə sövq etdi. "İslam dövləti" (İD) terror təşkilatının ən fəal düşməni olan İran həm də hərbi baxımdan güclü dövlətdir. Amma o, çətin ki, İD-nin öhdəsindən təkbaşına gələ bilsin. İran hələlik öz sərhədlərini qorumağa, İD ilə mübarizə aparmağa nail olur. Qərb ölkələri üçünsə İranın terrorçulara qarşı hərbi koalisiyada iştirakı vacibdir. Burada Yəməndə baş verənlərin də rolu var. Bundan başqa, Barak Obama prezidentlik müddətinin sonunda partiyasının aktivinə daha bir siyasi nailiyyət yazdırmağa çalışırdı: son 37 ildə ilk dəfə olaraq, ABŞ və İranın birbaşa iştirakı ilə razılaşma əldə olunub. Daha bir amil isə əlbəttə ki, Avropa ölkələrinin İran iqtisadiyyatına, onun enerjidaşıyıcılarına maraq göstərməsidir.
- İranın Cənubi Qafqazda nüfuzunu artıracağını gözləmək olarmı?
- İran bütün həmsərhəd ərazilərdə nüfuzunu artırmaq üçün maksimum güc sərf edir. Onun xarici siyasətinin istiqamətlərindən biri də Cənubi Qafqazdır. Prezident Ruhaninin ŞƏT, BRHÇC və Avrasiya İttifaqının sammitlərində iştirakı bunu təsdiqləyir. Beləliklə, İran sanksiyaların ləğvindən sonra, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi üçün zəmin yaradır. Qərb və Rusiya mətbuatında sanksiyaların ləğvindən dərhal sonra, Tehranın Qərbin qucağına atılacağı yazılır. Amma bir şeyi anlamaq lazımdır ki, imzalanmış razılaşma iki tərəfin qarşılıqlı şəkildə həyata keçirməli olduqları kompleks tədbirlər planıdır. Onun icrasına razılaşmanın BMT Təhlükəsizlik Şurasında təsdiq olunmasından sonra başlanılacaq. Bu haqda qərarı və sanksiyaların ləğvi qərarını məhz BMT TŞ qəbul etməlidir. Bunun üçün 90 gün vaxt ayrılıb. Razılaşma ABŞ Konqresində və İran Məclisində də ratifikasiya olunmalıdır.
Məlum olduğu kimi, bu qanunverici orqanlarda razılaşmanın əleyhdarları heç də az deyil. Yəni, sanksiyaların tam ləğvi heç də yaxın gələcəyin işi deyil. İranın siyasi və ya iqtisadi baxımdan regionda irəliləməsi yalnız 1-2 ildən sonra mümkün olacaq. Bu razılaşmanın həyata keçirilməsini ləngidəcək bir çox mexanizmlər var.
- Avropada sanksiyaların ləğvinin iqtisadi perspektivləri haqqında geniş müzakirələr gedir. Bəzi siyasətçilər hesab edirlər ki, İranın nəhəng bazarının dünyaya açılması regionda "pul yağışına" yol açacaq. İran iqtisadiyyatının kapitallaşdırılmasına 70-100 milyard dollarlıq investisiyanın tələb olunduğu deyilir...
- İran üçün geniş imkanların açılmasından yalnız tərəflərin razılaşmanın şərtlərinə tam əməl edəcəkləri şəraitdə danışmaq mümkün olacaq. Lakin nəzərə almaq lazımdır ki, birincisi, bu, bir anlıq proses deyil, ikincisi, 35 illik qapalılıqdan sonra İranda xarici kapitalın qorunmasına və geri qaytarılmasına zəmanət verən qanunvericilik yoxdur. Orada birgə şirkətlərin fəaliyyəti ilə bağlı da qanunvericiliyə rast gəlinmir. Yəni, İran xarici şirkətlərin fəaliyyəti üçün qanunverici bazanın yaradılması istiqamətində çox əziyyət çəkməlidir. İranda xarici şirkətlər işləyib, lakin bu, ikitərəfli razılaşmalarla tənzimlənib. Orada xarici şirkətin İrandan birbaşa mənfəət daşıması halları olmayıb. Bu vacib məsələni həll etmək lazımdır. Hatəminin prezidentliyi dövründə qanunvericiliklə bağlı müəyyən işlər görülüb. Hazırda isə İranda sərt daxili siyasi mübarizə gedir. Orada Qərblə, xüsusilə ABŞ-la münasibətlərin bərpasına qarşı olan ciddi qüvvələr var. Odur ki, İranın qapılarını xarici kapitalın üzünə geniş açacağı, "pul yağışı"nın yaşanacağı inandırıcı görünmür. Doğrudur, artıq indidən sanksiyaların ləğvi ilə əlaqədar İrana müəyyən kapital axını başlayacaq. Lakin bu, İran qanunvericiliyinin imkanları baxımından məhdud olacaq.
- Razılaşmanın əldə edildiyi açıqlanar-açıqlanmaz minlərlə iranlı bu hadisəni bayram etmək üçün İran şəhərlərinin küçələrinə axışıb. Əhali sanksiyaların ləğvi ilə gündəlik həyatlarında müsbət dəyişikliklərin baş verəcəyini gözləyir. Sanksiyaların aradan qaldırılması İranda siyasi islahatlara, siyasi sistemin liberallaşdırılmasına yol aça bilərmi?
- Həqiqətən də iranlılar razılaşmanın əldə olunması haqqında xəbəri sevinclə qarşılayıblar. Lakin bunun İran şəhərlərinin küçələrində bayram edilməsi əhalinin mütləq əksəriyyətinin Qərbi ölkələrində görməyə hazır olduğu anlamına gəlmir. Bu, qətiyyən belə deyil. Proqressiv əhvallı əhalinin bir hissəsi, orta sinif, ziyalılar, biznes elitası, tələbə gənclər qlobal İnternet dünyasında, sosial şəbəkələrdə yaşayır, dünyada yaşanan proseslərlə maraqlanır və sair. Onlar anlayırlar ki, Qərblə əlaqələrin genişləndirilməsi ölkə, cəmiyyət, iqtisadiyyat üçün böyük imkanlar açacaq. Lakin onların sayı ümumi əhalinin maksimum 30%-ni təşkil edir. İranlıların, əsasən, kənd yerlərində, kiçik şəhərlərdə yaşayan əksəriyyəti ənənəvi, dini dəyərlərə sadiqdir. Onlar islam inqilabı ruhunda tərbiyə alıblar və Qərb dünyası ilə istənilən əlaqəyə böyük ehtiyatla, şübhə ilə yanaşırlar. Ölkənin rəhbəri olan ayətulla Xamnei daim Qərbi şər, despot adlandırır və onunla mübarizənin vacibliyini bildirir. Mühafizəkar iranlılar üçün sanksiyaların ləğvi iş yerlərinin açılması, inflyasiyanın azalması, iqtisadi durumun yaxşılaşması, daxili bazarın inkişafı anlamı verir. Onlar bunu qətiyyən İran bazarlarına Qərb şirkətlərinin gəlişi kimi qəbul etmirlər. Yaxın gələcəkdə İran rejiminin məğzinin dəyişəcəyi haqqında danışmağa dəyməz. Ola bilsin, Ruhani hökumətinin möhkəmlənməsi, Qərblə əməkdaşlıq siyasətinin davam etdirilməsi, ölkədə ümumi iqtisadi vəziyyətin yaxşılaşması cəmiyyətlə liberaldüşüncəli insanların artmasına yol açsın. Bu, hazırda hökumətə başçılıq edən mötədil islahatçıların dəstəyinin artmasına səbəb ola bilər. Orta perspektivdə İranın daxili siyasi həyatında demokratik prinsiplərin genişlənməsi haqqında da danışmaq mümkün olacaq. Gələn ilin fevralında dini liderin Qazilər Şurasına (Ekspertlər Şurası) seçki keçiriləcək. Hazırkı liderin kifayət qədər yaşlı olduğunu nəzərə alsaq, Qazilər Şurasının onun varisi məsələsini gündəmə gətirəcəyi istisna deyil. Artıq dini liderin səlahiyyətlərinin azaldılması, onun siyasi sahədə nüfuzunun azaldılması haqqında fikirlər səsləndirilməkdədir. Belə fikirdə olanlar dini liderin yalnız din, sosial, mədəni və s. sahələrdə səlahiyyət sahibi olmasını lazım bilir. Hər halda, İranın siyasi sistemində dəyişikliklər perspektivi haqqında, ən azı, 1 il sonra danışmaq mümkün olacaq. Prinsipcə, İranın dövlət sistemində demokratik dəyərlərin güclənməsi tendensiyası müşahidə olunmaqdadır. Lakin bütün bunlar çox zəif, ləng addımlarla gedir.
- Bəs sanksiyaların ləğvi neftin qiyməti kimi vacib məsələyə hansı təsiri göstərəcək? Hər halda, nəhəng neft ehtiyatlarına malik İran dünyanın neft bazarına qədəm qoyacaq...
- Bu məsələ çoxlarını maraqlandırır. Fikir verin, 2011-ci ilədək İran fəal şəkildə neft satıb. Neftin qiymətini yüksək həddə saxlayan isə heç də İran amili olmayıb. İrana sanksiyaların tətbiq edildiyi və Tehranın neft satışının 2 dəfə azaldığı vaxtda, "qara qızıl"ın qiyməti ucuzlaşmışdı. Yəni, dünyada neftin qiymətinin formalaşmasında digər amillər rol oynayır. OPEK ölkələri neft hasilatının azaldılması haqqında qərar qəbul etməzlərsə, İran neftinin dünya bazarlarına çıxması qiymətə azalma istiqamətində yalnız cüzi təsir göstərə bilər. Onu da qeyd etmək lazımdır ki, İranın neft sahəsindəki imkanları çox köhnəlib. Bu sahə texniki baxımdan yenilənmədikcə, İran bazara böyük həcmdə enerjidaşıyıcıları təklif edə bilməyəcək. Bu sahənin müasirləşdirilməsi isə yenə də xarici investisiyalar hesabına mümkündür. Yalnız bu halda İranda neft hasilatının həcminin ciddi şəkildə artmasından danışmaq mümkün olacaq. Buna da vaxt lazımdır.
MƏSLƏHƏT GÖR: