14 Mart 2025

Cümə, 23:29

VAŞİNQTON QƏRBİ BAŞINA YIĞIR

ABŞ və Aİ "tarixin ən böyük alyansı" olacağı gözlənilən azad ticarət zonası yaradır

Müəllif:

16.07.2013

Vaşinqtonda ABŞ-la Aİ arasında azad ticarət zonasının (ATZ) yaradılmasına dair danışıqlara başlanılıb. Dünya KİV-i artıq layihəni "tarixin ən nəhəng iqtisadi razılaşması" adlandırır. Bununla yanaşı, şübhəsiz ki, bu ATZ-nin yaradılmasının geostrateji məqsədi də var. Hədəf Qərbin dünya liderliyini əlində saxlamasıdır.

Danışıqların sonunda Amerika ilə Avropa arasında imzalanması gözlənilən razılaşma Transatlantik ticarət və investisiya tərəfdaşlığının əsasını qoyacaq. Ekspertlər əmindirlər ki, layihənin əsas motivi Qərbin Çin, Hindistan və sürətli iqtisadi inkişafa nail olan digər ölkələrlə rəqabətdə hökmranlığı öz əlində saxlamasıdır. Tərəflər buna ABŞ ilə Aİ arasında ticarət və investisiya əməkdaşlığındakı maneələrin aradan qaldırılması yolu ilə nail olmağa çalışır.

ATZ-nin yaradılması təşəbbüsü ilk dəfə hələ 2007-ci ildə, yəni qlobal iqtisadi böhrandan əvvəl Almaniya kansleri Angela Merkel tərəfindən irəli sürülmüşdü. Lakin onun bilavasitə reallaşdırılmasına ABŞ prezidenti Barak Obamanın bu ilin fevralında səsləndirdiyi müvafiq bəyanatdan sonra başlanılıb. Ağ Evin başçısı layihənin iqtisadi təmayüllü olduğunu bildirib. Obama hesab edir ki, ATZ-nin yaradılması Birləşmiş Ştatların və Avropa İttifaqının "Asiyanın inkişaf etməkdə olan bazarlarındakı" maraqlarını təmin edəcək.

Qeyd edək ki, hazırda dünyanın ən iri xarici ticarət tərəfdaşları olan ABŞ və Aİ dünya ÜDM-in, təxminən, yarısını öz əllərində cəmləşdirirlər. Dünyanın xarici ticarət dövriyyəsinin üçdə biri də ABŞ və Aİ-nin payına düşür. Ötən il Amerika və Avropa şirkətləri 646 milyard dollarlıq alver ediblər. Avratlantik ATZ-nin yaradılacağı təqdirdə, bu rəqəm daha 300 milyard artacaq. Ekspertlərin hesablamalarına görə, yaxın perspektivdə bu rəqəm 3 trilyon dolları ötə bilər. Bundan başqa, gömrük maneələrinin aradan qaldırılması ABŞ üçün olduğu kimi, Avropa İttifaqının işsizlik səviyyəsi 20%-i ötmüş bəzi ölkələrində də çox yerinə düşür.

Bütün bunlarla yanaşı, ekspertlərin "bütün dövrlərin ən böyük alyansı" adlandırdıqları Amerika-Avropa layihəsi faktiki olaraq "qızıl milyardlar" zonasında qapalı ticarət zonasının yaradılması anlamına da gələ bilər. Bu alyans müxtəlif əngəllərlə dünyanın digər dövlətlərinin üzünə qapana bilər. Dünya KİV-nin söhbətin dünyanın siyasi-iqtisadi xəritəsini dəyişə biləcək nəhəng tarixi prosesə başlanıldığını yazması təsadüf deyil.

Amma ABŞ-Aİ danışıqlarında tez bir zamanda irəliləyişin olacağını söyləmək də çətindir. Transatlantik ticari proses asan olmayacaq. Çünki tərəflərin hər biri özünün aparıcı sahələrini rəqabətdən qorumaqda maraqlıdır. Üstəlik, Avropa Birləşmiş Ştatlarla azad ticarətə keçidin Qərb blokunun daxilində Vaşinqtonun hakim mövqeyini daha da gücləndirəcəyindən narahatdır. Köhnə Dünyanın ayrı-ayrı siyasi dairələri Amerika ilə danışıqlara başlanılması üçün uğurlu vaxtın seçilmədiyini düşünür. Çünki hazırda Aİ ciddi borc böhranı yaşayır, bu isə ona Vaşinqtonla dialoqda üstünlük əldə etməyə imkan vermir. Bundan başqa, ATZ-nin reallaşdırılacağı təqdirdə, Aİ-nin bütün üzvlərinin ondan eyni həzzi almayacağı da məlumdur. Hesablamalara görə, bu halda Böyük Britaniya iqtisadiyyatı 9,7, Fransa iqtisadiyyatı isə cəmi 2,6% artacaq. Odur ki, Fransanın siyasi elitasının bir hissəsi Avratlantik ATZ-nin (Qərb KİV-i bu layihəni "iqtisadi NATO" da adlandırır) yaradılması ideyasını o qədər də bəyənmir. Onlar buna Parisin NATO-ya qayıtması qədər mənfi yanaşırlar. Fransızların qanını qaraldan Avropanın artıq çoxdan hərbi suverenliyini itirməsidir. İndisə söhbət Köhnə Dünyanın iqtisadi, hətta mədəni cəhətdən birdəfəlik Birləşmiş Ştatlardan asılı vəziyyətə düşməsindən gedir. Fransanı ən çox narahat edən məqamlardan biri ATZ-nin yaradılacağı təqdirdə, kənd təsərrüfatı sahəsinə dövlət yardımının azaldılmalı olacağı ilə bağlıdır. Bu, məşhur fransız pendiri və şərabının istehsalı və ixracının üzərindən xətt çəkə bilər. Mədəni fərdiliyini  qoruyub saxlamış fransızlar Hollivudun Fransa kinematoqrafiyasını birdəfəlik boğmasını da istəmirlər.

Məsələyə Almaniyanın münasibəti də ziddiyyətlidir. Nəzərə almaq lazımdır ki, Qərb institutları, ilk növbədə, NATO və Aİ çərçivəsində Almaniya Avropa ölkələri arasında həmişə "transatlantik həmrəylik"ə sadiqliyilə fərqlənib. Amma əvvəllər bu, əsasən istehsalat sahəsilə bağlı idisə, Berlin Avropa iqtisadiyyatının lokomotivi sayılırdısa, son bir neçə onillikdə, xüsusilə Almaniyanın birləşməsindən sonra o, Aİ-də siyasi hökmranlığa da iddia etməyə başlayıb. Bu, Berlinin Vaşinqton və digərlərilə münasibətində açıq-aşkar qıcıqlandırıcı amilə çevrilib.

Bu mənada ABŞ-la Aİ arasında ATZ-lə bağlı danışıqların başlanması ərəfəsində baş qaldırmış "casus qalmaqalı"nı misal göstərmək olar. Söhbət Mərkəzi Kəşfiyyat İdarəsinin ifşaedici bəyanatlar səsləndirən sabiq əməkdaşı Edvard Snoudendən gedir.

Avropa diplomatlarının və məmurlarının izlənilməsindən daha çox qəzəbi məhz Almaniya ifadə edir. Bu, həm də Birləşmiş Ştatların "Beş Göz" (Five Eyes) qlobal şəbəkəsi yaratdığına dair Qərb mətbuatında yer almış materiallarla bağlıdır. Şəbəkəyə Birləşmiş Ştatlarla yanaşı, "anqlosak blok"a aid daha 4 dövlət daxildir - Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya.

İfşa olunmuş məlumata görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin dinlədiyi danışıqlar və izlədiyi faksların əksəriyyəti məhz Almaniyanın payına düşür. Belə çıxır ki, müttəfiqləri Almaniyaya etibar etmir, Avropanın iqtisadi və siyasi həyatında onun hökmranlığından narahatlıq keçirirlər! Almaniya ictimaiyyətinin ayrı-ayrı nümayəndələri buna az qala anqlosak dünyanın almanlara qarşı qəsdi kimi baxır, hətta Aİ ilə ABŞ arasında ATZ-nin yaradılmasına dair start götürmüş danışıqların dayandırılmasına çağırışlar edir.

Amma ABŞ-ın əməllərinin Avropadakı  rəsmi dairələr tərəfindən ciddi tənqid olunmasına baxmayaraq, görünən odur ki, bu casus qalmaqalı Birləşmiş Ştatlarla Avropa  münasibətlərində köklü dəyişikliklərə səbəb olmayacaq. Bundan başqa, guya, Moskvadan Boliviya prezidenti Evo Moralesin təyyarəsilə qaçmalı olan Snoudenin ələ keçirilməsinə edilən qalmaqallı cəhd Avropanın hökmran müttəfiqi qarşısındakı müstəqilliyinin əsl dəyərini göstərdi. Vaşinqtonun tələbilə Fransa, Portuqaliya və İspaniya hökumətləri Boliviya prezidentinin təyyarəsinin onların hava məkanına daxil olmasını qadağan etdi, Avstriya rəhbərliyisə, hətta təyyarənin Vyana aeroportunda yoxlanılmasına belə, getdi. Bununla da, Avropa dövlətləri ABŞ-ın təhrikilə nəinki beynəlxalq hüququn normalarını pozdular, həm də Boliviya prezidenti, təyyarədəki digər sərnişinlər və heyət üzvlərinin həyatına ciddi təhlükə yaratdılar. Əslində isə onlar bu əməllərilə öz ölkələrinin suverenliklərinin nə qədər xəyali olduğunu nümayiş etdirdilər. Maraqlıdır ki, Latın Amerikası dövlətlərinin Aİ-nin beynəlxalq hüquq baxımından yol verdiyi bu qanunsuzluqla bağlı hiddətinə Avropa liderlərinin heç bir reaksiyasına rast gəlinmir.

Bu arada Snoudenin son açıqlamaları ABŞ-ın Avropa ölkələrinin, xüsusilə Almaniyanın xüsusi xidmət orqanları ilə elektron izləmə proqramı çərçivəsində fəal əməkdaşlıq etdiyini də göstərir. Bu, Avratlantik müttəfiqlər arasında iqtisadi, hətta siyasi fikir ayrılıqlarının belə, bu münasibətlərin strateji məzmununa zərər vurmaq iqtidarında olmadığını bir daha təsdiqləyir. Eyni fikri ABŞ ilə Aİ arasında ATZ-nin yaradılması məsələsinə də aid etmək olar. Bu danışıqların uğurla bitəcəyinə tərəflərdən heç birində şübhə yoxdur.



MƏSLƏHƏT GÖR:

749