15 Mart 2025

Şənbə, 02:36

RUSLAR RUSLARA QARŞI

Millətçilər növbəti "rus marşı"nı Stalinin doğum günündə keçirməyə hazırlaşır

Müəllif:

15.11.2006

Minin və Pojarskinin bir neçə əsr əvvəl təşkil etdiyi marş ozamankı rus dövlətçiliyini qoruyub-saxlamağa yönəlmişdisə, bu gün psevdo-millətçilərin təşkil etdikləri yürüşlər, açıq-aşkar müasir Rusiyanın imicini korlamaq məqsədi daşıyırdı. Lakin onların əməlləri xeyli səs-küy yaratsa da, niyyətləri baş tutmadı. Millətçi Qeyri-Leqal İmmiqrasiyaya Qarşı Hərəkatın (QİQH) üzvləri "Rus marşı" adlı kütləvi tədbirinin təşkil olunduğunu bəyan etsə də, bu yürüş baş tutmadı. Nəticədə, millətçilər və onların tərəfdarları, eyni vaxtda "Xalq iradəsi" Millətçi Partiyasının keçirdiyi icazəli mitinqə qatılmaq məcburiyyətində qaldılar. Kütlə bir saat ərzində səs-küy salsa da, sonda dağılışmalı oldu. Oxşar mənzərə Rusiyanın bir sıra digər şəhərlərində də yaşandı: Moskva da daxil olmaqla, yerli hakimiyyət onların aksiyalarına icazə vermədi.

 

Antifaşistlər 

Millətçilərin sərt müqavimətlə üzləşməsi çox şeydən xəbər verir. Həmçinin, Moskvada millətçilərlə eyni gündə "Faşizmsiz Rusiya uğrunda!" şüarı ilə keçirilən tədbir də təqdirəlayiqdir. Lakin paytaxtda hər şey kifayət qədər sülh şəraitində keçsə də, Sankt-Peterburqda "faşistlər" və "antifaşistlər" arasında küçə döyüşlərinə bənzər hadisələr yaşandı. 

Görəsən, doğrudanmı çoxmillətli ölkə üçün "Rusiya ruslar üçündür" kimi təhlükəli şüarı səsləndirən millətçilər və neofaşistlərə qarşı, nəhayət, mərkəzləşdirilmiş qaydada müqavimət hərəkatı yaradılır?

Rusiyanın bir müddət əvvəl BMT Baş Assambleyasına təqdim etdiyi rasizm və ksenofobiyaya qarşı qətnamə layihəsi də bu baxımdan nikbinliyə ciddi əsas verir. Sənəddə qeyd olunur ki, "Rasizmin müasir formasının qızışdırılması, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı dözümsüzlük yolverilməzdir". "Rus marşı" ərəfəsində bir çox hüquq-müdafiə təşkilatları və liberal qurumları, həmçinin, demokratların, solçu və müstəqil siyasətçilərin bu tədbirə qarşı sərt çıxışlar etməsi də sevindirməyə bilməz.

Bununla yanaşı, millətçilər hələ təslim olmağı düşünmürlər. Belə ki, dekabrda daha bir "Rus marşı"nın keçirilməsi planlaşdırılır. Müstəqil deputat Kuryanoviçin sözlərinə görə, həmin marş Stalinin (!) doğum gününə təsadüf edəcək. Görünür, millətçilərin sıra ilə irəliləmək və telereportajların qəhrəmanına çevrilmək çox xoşuna gəlib. Sadəcə, bu dəfə onlar kumirlərini dəyişmək fikrinə düşüblər - millətin əfsanəvi xilaskarları olan Minin və Pojarskinin yerində, bu dəfə qanlı tiran Stalin dayanacaq.

 

Koba - millətçilərin "rəmzi"

Təəccüblüdür ki, qafqazlıların ən məşhur siması olmuş şəxs, qeyri-leqal immiqrantlara qarşı çıxan insanlara kömək edə bilər. Yoxsa millətçilər vaxtilə ölkədə "qayda-qanun yaratmış Stalin"in siyasətini təkrarlamaq istəyən Züqanovun elektoratını ələ keçirmək fikrinə düşüblər? Belə olan halda, millətçilərə, yəqin ki, mane olmaq lazım deyil: təsəvvür edin, başına toxuma papaq qoymuş qoca qarı, əlindəki Stalinin portreti ilə, xarici görkəmi Kobaya bənzəyən gürcü emmiqrantı döyür? Təsəvvür etdiniz?

İndi Rusiya rəhbərliyi  üçün ən vacib olanı millətçilərin teatral küçə yürüşləri ilə real siyasi qüvvə roluna iddia etməsinə imkan verməməkdir. Amma bu templə və yürüş üçün belə təəccüb doğuran günü (Stalinin ad gününü) seçməklə, onların əhali arasında populyarlıq qazanacağı ehtimalı çox azdır. Millətçilər özlərinə yaxın kütlə axtarışında açıq-aydın böhran yaşayır. Onlar seçim edə bilmirlər: ya əllərində Putinin şəkilləri ilə Kremlin ətrafında toplaşmaq, ya Putinin əvəzinə, Stalinin şəkillərini qaldırmaq, ya da sadəcə, səs-küç salmaq və qarşılarına çıxan əcnəbiləri döymək. Razılaşın ki, seçmək imkanı o qədər də çox deyil.

Millətçilərin planlarını alt-üst etməyin yeganə yolu xalqa, yəni bütün rusiyalılara, şəxsi ləyaqət hissini qaytarmaqdır. Axı vaxtilə faşist Almaniyasında da millətçilər məhz bu faktordan - Birinci Dünya müharibəsindən sonra təhqir olunmuş, alçaldılmış almanlardan, dünyanın bir nömrəli millətini yaratmaq ideyasından istifadə etmişdilər. Yəni millətçilər xalqı onun "dünyanın bir nömrəsi" olduğuna inandıra bildilər, amma bütün bunlar nə ilə nəticələndi, hamımız yaxşı xatırlayırıq: onlar öz unikallıqlarını yəhudi, qaraçı və slavyanları kütləvi şəkildə qırmaqla sübut etməyə çalışdılar.

Məsələ bundadır ki, bu, şəxsi ləyaqət hissini qaytarmağın ən asan yoludur. Və hər bir halda, bu yol sonda iflasa gətirib çıxarır .

Şəxsi ləyaqəti qaytarmağın çətin yolu da var. Amma o, uzun və çətin yoldur. Nə vaxt ki rusiyalıların hamısı keyfiyyətli təhsil və yüksəkmaaşlı işlə təmin olunacaq, təmiz və rahat mənzillərdə yaşayacaq, "müəllim" və "tibb bacısı" sözləri söyüş ifadəsi olmayacaq - bax, onda heç bir qüvvə əhalini millətçilərin bayraqları altında küçələrə çıxmağa məcbur edə bilməyəcək. 

Millətçilərə ümidsizlik və əlacsızlıqdan intiqam almaq istəyi yaranan vaxt qoşulurlar. Avtobus növbəsində boğulan zaman "gəlmə" bir nəfəri "Mersedes"də görmək kifayətdir ki, onu bütün bədbəxtliklərin baiskarı sayasan. Məhz belə bir insan axtardığını "Rus marşı"nda tapacağına inanır və onun üçün milli oyanışın yeganə yolu məhz budur.

Halbuki milli oyanış sıravi Sıçyovu vəhşicəsinə döyərək ömürlük əlil edənlərə qarşı, rusları kütləvi şəkildə zəhərləyən saxta araqların istehsalına göz yumanlara qarşı, Rusiya şəhər və kəndlərinə böyük həcmdə narkotik maddələrin keçirilməsinə yol verənlərə qarşı mübarizədən başlamalıdır. Əgər Kuryanoviçin tərəfdarları dövlətin yüksəlişi üçün məhz bu yolu seçsələr, onların bayraqları altına toplaşanların sayı daha çox olardı. 

Amma bunun üçün ağıl, cəsarət və mərdlik tələb olunur. Müdafiəsiz immiqrantları döyənlərdə, qaradərili tələbələrə və asiyalı uşaqları qaranlıq küçələrdə təkləyib bıçaqlayanlarda isə bu xüsusiyyətlər yoxdur.


MƏSLƏHƏT GÖR:

364