15 Mart 2025

Şənbə, 03:02

EDAM EDİLSİN, BAĞIŞLAMAQ OLMAZ!

İraq diktatoru Səddam Hüseyn haqqında ölüm hökmü çıxarıldı

Müəllif:

15.11.2006

Beləliklə, İraq məhkəməsi bəşəriyyət əleyhinə cinayətlərdə ittiham olunan Səddam Hüseynin asılmaqla edam olunması haqda qərar çıxardı. O, 1982-ci ildə sui-qəsdə məruz qaldığı Dudceyl kəndində 148 şiənin qətlində günahkar bilinir. 

Səddam Hüseynin özü məhkəmə hökmünü "İraqa eşq olsun! İraq xalqına eşq olsun! Allah işğalçılardan güclüdür!" şüarları ilə qarşıladı və dərhal mühafizəçilər tərəfindən məhkəmə zalından çıxarıldı. Keçmiş diktatordan başqa, onun qardaşı, İraq kəşfiyyatının keçmiş rəhbəri Bərzani əl-Tikriti və İraq İnqilab Məhkəməsinin sabiq hakimi Avad həmid əl-Bənder də ölüm hökmünə layiq görüldülər. İraqın eks-vitse-prezidenti Taha Yassin Ramadan haqqında isə ömürlük həbs cəzası qərarı çıxarıldı. Bu şəxslərlə birlikdə, müttəhimlər kürsüsündə əyləşmiş daha üç nəfər 15 il müddətinə azadlıqdan məhrum olundu. Cəmi bir müttəhim - İraqın BƏƏZ Partiyasının sabiq funksioneri Məhəmməd Əzzavi əl-Əli məhkəmə tərəfindən bəraət aldı.

ABŞ Prezidenti Corc Buş məhkəmənin qərarından məmnun qalıb. O, Səddam haqqında çıxarılan ölüm hökmünü gənc İraq demokratiyasının tarixində "əsas hadisə" adlandırıb. Ağ evin mətbuat katibi Toni Snou daha irəli gedərək bildirib ki, "Hökmün çıxarıldığı gün bütün İraq xalqı üçün gözəl gündür".

Bütün bunlara baxmayaraq, eks-prezidentin vəkilləri təslim olmaq fikrində deyillər. Onlar artıq bəyan ediblər ki, məhkəmənin qərarından apellyasiya şikayəti vermək fikrindədirlər. Apellyasiya Məhkəməsi işə baxmaq üçün əsas tapmayacağı halda, edam qərarı 30 gün ərzində reallaşmalıdır. Lakin son qərar Apellyasiya Məhkəməsi tərəfindən 2007-ci il yanvarın ortalarında veriləcək. Bu haqda İraqın sabiq prezidentinin başa çatan məhkəmə prosesində əsas ittihamçı olan Cəfər Mussavi məlumat verib. Onun hesablamasına görə, müdafiə komandasının apellyasiya instansiyasına müraciəti ilə əlaqədar, bütün lazımi prosedurların keçilməsi üçün, təxminən, iki ay vaxt lazımdır.

Ekspertlər isə Səddam haqqında çıxarılan qərarı "Buş və onun seçkiqabağı kampaniyası üçün hədiyyə" adlandırır. Həqiqətən də amerikalılar (daha doğrusu, onların bir hissəsi. Belə ki, Amerika əhalisinin 60%-i İraq kampaniyasına qarşı çıxıb) prezidentlərinin uğurunu qiymətləndirəcəklər. Çoxları belə fikirdədir ki, Konqresə seçkilərin başlanğıc hissəsi ilə üst-üstə düşən məhkəmə qərarına ABŞ-da keçiriləcək seçki prizmasından baxılmalıdır. Qeyd edək ki, ABŞ Konqresinə keçirilən seçkiləri bütün dünya diqqətlə izləyir və məhz o, Birləşmiş Ştatların növbəti prezident seçkilərinədək olan qarşıdakı 1,5 il üçün xarici siyasətini müəyyənləşdirəcək. Keçirilən sorğular göstərir ki, əhalinin 53%-i demokratları dəstəkləyir və bu səbəbdən, respublikaçıların Konqresə nəzarəti itirməməsi üçün informasiya meydanına fövqəladə nəsə atmağa ehtiyac var idi. Bu, Səddam haqqında çıxarılan son dərəcə sərt qərar oldu. 

Unutmaq olmaz ki, Səddam Hüseyn bütün onillik boyunca ABŞ-da bu ölkənin və ümumilikdə sivil dünyanın əsas düşməni kimi qəbul edilib. Bu səbəbdən, Amerika əhalisinin əksəriyyətində Səddamın adı zülüm və bəla kimi qəbul edilir.

Eks-prezident haqda çıxarılan məhkəmə hökmünə beynəlxalq reaksiyaya gəlincə o, tədricən, ifadə olundu və heç də birmənalı deyil. Məsələn, Böyük Britaniya qərardan razı qaldı və ABŞ-la həmrəylik nümayiş etdirdi. Amma təbii ki, baş verənlərə kəskin etiraz edənlər də var - HƏMAS qruplaşması kimi. Həmçinin, "Beynəlxalq amnistiya" və Human Rights Watch təşkilatlarının da prosesə reaksiyası sərt oldu. Hüquq müdafiəçilərinin fikrincə, Hüseyn üzərində aparılan məhkəmə prosesi obyektiv və ədalətli olmayıb və bu səbəbdən o, ədalət məhkəməsi nümunəsi hesab oluna bilməz. BMT-nin insan haqları təsisatının rəhbəri Luiza Arbur İraq rəhbərliyini ölüm hökmünə moratorium tətbiq etməyə və Səddam Hüseynin vəkillərinin apellyasiya ilə lazımi şəkildə məşğul olmasına imkan yaradılmasına çağırıb.

Rusiya isə məsələyə ehtiyatla yanaşıb. Bu ölkə XİN-in açıqlamasında deyilir ki, Səddam haqqında çıxarılan edam qərarı İraqın daxili işidir və bu məsələ siyasiləşdirilməməlidir. Təxminən, eyni ruhda münasibət Hindistandan da gəlib. İsrail isə ümumiyyətlə, faktı şərh etməyib.

Avropa sözügedən məsələ ilə bağlı vahid mövqe nümayiş etdirib. Fransa, Belçika, İtaliya və İspaniya liderləri bəyan ediblər ki, onlar prinsipial olaraq ölüm hökmünə qarşıdırlar. Avropa Birliyinin rəhbərliyi də analoji bəyanatla çıxış edib. Qurumun rəhbəri olan Finlandiya Səddama qarşı ölüm hökmünü icra etməməyə çağırıb. "Avropa Birliyi istənilən halda və istənilən şəraitdə ölüm hökmünün çıxarılmasına qarşıdır və bu qərar icra olunmamalıdır", - deyə Finlandiyanın xarici siyasət idarəsinin bəyanatında bildirilir. Qurum qeyd edib ki, Avropa Birliyi Səddamın günahlarını da dəfələrlə məzəmmət edib: "Lakin eyni zamanda, məhkəmə prosesləri ədalətli araşdırmanın bütün standartlarına cavab verməlidir".

Vatikan da baş verənləri sükutla qarşılamayıb. Vatikanın Sülh və Ədalət Məhkəməsi Departamentinin rəhbəri, kardinal Renato Martinonun rəsmi bəyanatında deyilir ki, "Bir cinayəti törətmiş cinayətkarı başqa cinayətlə cəzalandırmaq - qisasçılıqdır. Bu göstərir ki, biz hələ də "əvəz-əvəz" prinsipindən uzaqlaşa bilməmişik".

İraqın özünə gəlincə, bu ölkənin hökuməti məhkəmənin qərarını dəstəkləyir. İraqın Baş naziri Nuri əl-Maliki bəyan edib ki, "S.Hüseyn cinayətkardır və barəsində çıxarılan hökmə layiqdir". 

Vaşinqtonun nəzarətində olan İraqın hazırkı hökumətinin belə mövqeyi tamamilə təbiidir. Bununla yanaşı, İraq ictimaiyyətində də baş verənlərə münasibət birmənalı deyil. Belə ki, Bağdad sakinləri, xüsusilə də onun şiələr yaşayan rayonlarının əhalisi məhkəmənin qərarı elan olunduqdan sonra, "Allaha şükür!", "Tirana ölüm!" şüarları ilə küçələrə çıxıb. Şiələrin yaşadıqları Ən-Nəsiriyyə və Kərbəla şəhərlərində də şadyanalıqdır. 

Sünni rayon və kəndlərində isə vəziyyət tam fərqlidir. İTAR-TASS agentliyinin məlumatına görə, Səddamın doğulduğu Tikrit yaxınlığındakı Əl-Oca kəndində küçələrə heç kim çıxmayıb. Bu kənddə evlərin qapıları qapanıb. Bağdadın sünnilər məskunlaşan məhəllələrində də məhkəməyə dəstək müşahidə olunmayıb.

Müşahidəçilərin fikrincə, Səddamın edamından sonra, İraqda parçalanma daha da dərinləşəcək. Səddam Hüseynin özü, gözlənilmədən, iraqlıları zorakılığı dayandırmağa və amerikalı işğalçılardan qisas almamağa çağırıb. Onun müraciətini ictimaiyyətə məhkəmə hökmünün oxunmasından sonra eks-prezidentin vəkillər qrupunun rəhbəri Xəlil əl-Dulaimi çatdırıb. Vəkilin sözlərinə görə, müttəhim özü haqqında edam hökmünün çıxarılacağını əvvəlcədən bilirdi və hökmün elan edilməsindən sonra, Əl-Dulaiminin müraciəti səsləndirməsini istəyib. Vəkilin sözlərinə görə, Səddam bəyan edib ki, "Bu hökm onu sındırmayacaq".

Eks-prezident haqqında qərarın elan olunması ərəfəsində İraq ordusu tam hazırlıq vəziyyətinə gətirilib, bütün məzuniyyətlər ləğv olunub. İraq administrasiyası təhlükəsizlik tədbirlərini gücləndirib, həmçinin, paytaxtda və bir sıra digər əyalətlərdə fövqəladə vəziyyət elan olunub. Səddamın tərəfdarları və əleyhdarları arasında baş verə biləcək mümkün toqquşmalarla bağlı Bağdad küçələrinnə əlavə qüvvələr və blok postlar yerləşdirilib. "Məhkəmənin qərarından narazı olanları gözdən qaçırmaq olmaz", - deyə briqadir Əbdul-Kərim Kalaf bildirib.

Bütün bunlara baxmayraq, Səddam haqqında məhkəmə qərarının elan olunmasından keçən günlər  ərzində 2 amerikalı hərbçi qətlə yetirlib. Çox güman, onların qətli məhz məhkəmə qərarına cavab olub. Bununla yanaşı, amerikalı generallar bildirirlər ki, ABŞ əsgərlərinin qətlə yetirilməsi hallarının artacağı istisna olunmur.

İraqın sabiq lideri ilə bağlı qərardan ciddi narazılığını bildirənlər arasında fələstinlilər də var. Onlar, hətta hökmə cavab olaraq əcnəbiləri qətlə yetirəcəkləri ilə hədələyib. Cenində məhkəmənin hökmünə etiraz aksiyaları keçirilir. Şəhərdə mağazalar bağlanıb, şəhərin mərkəzi küçəsində 7-13 yaşlarında 205 məktəbli yürüş keçirərək, "Sevimli Səddam Təl-Əvivə zərbədir!" şüarı səsləndirib. "Biz Amerika administrasiyasına və onun ortaqlarına xəbərdarlıq edirik: Səddam Hüseynə toxunmağa cürət etməyin. Əks halda, biz Qəzza zolağındakı bütün əcnəbiləri qətlə yetirəcək və ya girov götürəcəyik. Onların arasında ilk hədəf ABŞ və Böyük Britaniya vətəndaşları olacaqlar. Girovlar şahidlərin gözləri qarşısında edam olunacaqlar", - deyə yaraqlılardan biri bildirib. 

Beləliklə, Amerika prezidenti İraq diktatoru ilə haqq-hesabını çəkdi. Ancaq çətin ki, Səddamla çəkilən haqq-hesab İraqdakı xaosa son qoysun...


MƏSLƏHƏT GÖR:

445