
ABŞ-DA KEÇİRİLƏN SEÇKİDƏ MÜXALİFƏT QALİB GƏLDİ
Demokratlar ağ evin astanasındadılar
Müəllif: Elxan ŞAHİNOĞLU Bakı
Noyabrın 7-də ABŞ Konqresinə keçirilən aralıq seçkiləri üç əlamətdar hadisə ilə yadda qaldı. Birincisi, Konqresə ilk dəfə olaraq müsəlman üzv seçildi. İkincisi, qurumun aşağı palatasının rəhbəri qadın olacaq və nəhayət, üçüncüsü, bu ən bahalı seçki oldu. Əsası isə odur ki, seçkidə demokratların qələbə qazanması növbəti prezident seçkisində qələbə qazanmağa qadın namizədin iddialarını artırdı. Əlbəttə ki, söhbət ABŞ-ın sabiq prezidentinin xanımı Hillari Klintonun şanslarından gedir.
Artıq ABŞ Prezidenti Corc Buş üçün çətin günlər yaxınlaşır. Belə ki, son seçkinin nəticələrinə əsasən, Konqresin yuxarı palatasında müxalifətçilərin sayı 51, ölkəni idarə edən respublikaçıların sayı isə 49 nəfər olacaq. Konqresin aşağı palatasında da demokratlar respublikaçıları üstələyib. Xatırladaq ki, Konqresə keçirilən son seçkilərədək 2001-ci ildən ABŞ administrasiyasını idarə edən Respublikaçılar Partiyası qanunverici orqanın hər iki palatasında üstünlüyə malik idi. İndi isə Demokratlar Partiyasının nümayəndələri Konqresin hər iki palatasına və onun komitələrinə nəzarət edəcəklər. Aşağı palatada demokratların sayı, hətta onların hər hansı qanunu qəbul etməsi üçün tələb olunan saydan çoxdur.
Qeyd edək ki, eyni gündə ABŞ-da, həmçinin, 35 ştata qubernator seçkiləri keçirildi. Burada da respublikaçılar itkilərlə üzləşdi və müxalifət 28 ştata rəhbərliyi ələ aldı. Respublikaçı məşhur qubernatorlardan Kaliforniyanın rəhbəri Arnold Şvartsenegger postunu qoruya bildi.
Beləliklə, Konqresin aşağı palatasının bütün komissiyalarının, həmçinin, Nümayəndələr Palatasının rəhbər postu demokratların əlinə keçdi. Bununla da ABŞ tarixində ilk dəfə olaraq, sonuncu postu qadın - demokratların nümayəndəsi Nensi Pelosi tutacaq. Ölkədə abortun leqallaşdırılmasının tərəfdarı kimi çıxış edən Pelosi elə ilk günlərdə özünü hazırkı administrasiyanın kəskin tənqidçisi kimi göstərib. O, "hakimiyyətə gəldikdən 100 gün sonra, Corc Buşun respublikaçı administrasiyasının siyasətində ciddi korrektələrə nail olacaqları" haqda bəyanatı ilə gələcəkdə Ağ evə bir sıra ciddi problemlər yaratmaq fikrində olduqlarını gizlətməyib. Odur ki artıq Ağ evin istənilən qanun layihəsinin aşağı palatadan problemsiz keçdiyi günlərin arxada qaldığını düşünmək olar.
Bundan başqa, sözügedən seçkidə respublikaçılarla demokratlar başqa bir sahədə də yarışıb: kimin pulu daha çoxdur? ABŞ tarixində ən bahalı seçki olan son səsvermədə qubernator postuna hər namizəd (onların sayı 161 nəfər idi) seçkiqabağı kampaniyası üçün 3 milyon dollar vəsait toplaya bilib. Ümumilikdə, Konqres üzvü olmaq uğrunda mübarizə aparan 1292 namizədin hərəsi seçkiqabağı kampaniyası dövründə, orta hesabla, 581 min dollar xərcləyib. Bu sahədə rekord Hillari Klintona məxsusdur. O, topladığı 48,7 milyon dolların 33 milyonunu seçkiqabağı kampaniya zamanı xərcləyib.
Bu rekord məbləği xərcləməklə yanaşı, Hillari gələcək iddialarını da orta qoyub. Nü-Yorkda səslərin 70%-ni əldə edən sabiq birinci ledi bununla da bir daha təsdiq edib ki, onun 2008-ci ildə ölkə prezidenti seçilmək ümidləri heç də əsassız deyil. Amma bunun üçün o, hələ nümayəndəsi olduğu Demokratlar Partiyasında keçiriləcək ilkin seçkidə qələbə qazanmalıdır. Mütəxəssislərin fikrincə, demokratlar Ağ evə rəhbərlik etməyə daha şanslı namizəd olan Hillarinin qarşısına, çətin ki, kimisə çıxarsın. Bununla yanaşı, onun eks-prezident, həyat yoldaşı Bill Klintonun timsalında əla məsləhətçisi də var. Sabiq dövlət başçısı indidən xanımının gələcək rəqibi ola biləcək şəxsə hücumlara başlayıb. Hillarinin seçkiqabağı mitinqində çıxış edən Bill Klinton Respublikaçılar Partiyasının ünvanına tənqidi fikirlər səsləndirərək, "Onlar heç nəyi düz edə bilmir", - deyə vurğulayıb.
Qayıdaq demokratların qələbəsinə. Görəsən, amerikalılar nəyə görə üstünlüyü demokratlara verdilər? Məsələ bundadır ki, Buş administrasiyasının iqtisadiyyatda uğurlar əldə etməsinə baxmayaraq, əhali İraqda yaşanan uğursuzluqları məhz hazırkı hakimiyyətin günahı hesab edir. Ölkə əhalisi arasında keçirilən sorğuların nəticələrinə görə, hər 10 amerikalıdan 6-sı Corc Buşun prezident postundakı fəaliyyətindən narazıdır. Müqayisə üçün qeyd edək ki, 2002-ci ildə hazırkı dövlət başçısını əhalinin 67%-i dəstəkləyirdi. İraqda artıq dördüncü ildir davam edən müharibə onların əksəriyyətinin fikrini dəyişməsinə səbəb olub. Buş özü də son zamanlar İraqdakı uğursuzluqları etiraf etməyə başlayıb. Bir müddət əvvəl telekanallardan birinə verdiyi müsahibəsində Ağ evin sahibi bildirib ki, o, İraqı Vyetnamla müqayisə edən şəxsləri başa düşür. Vyetnam isə məlum olduğu kimi, amerikalılar üçün məğlubiyyət simvoludur.
Beləliklə, Buş uğursuzluq rəmzinə çevrilir. Artıq onunla yanaşı olmaq populyarlığın azalmasına aparan yoldur. Florida ştatının qubernatoru Çarli Kristinin bu posta təkrar seçilməsinə yardım etmək üçün, bu ştata səfər edən prezidentlə görüşdən imtina etməsi də təsadüfi deyil. Onun ətrafı bunu qubernatorun ştatın digər şəhərciyində olması ilə izah etsə də, əslində, baş verənlərin səbəbi tam başqadır. Sadəcə olaraq, Çarli Kristi publika qarşısında Ağ evin hazırkı sahibi ilə birgə çıxmaqla, öz reytinqinə ciddi zərbə vuracağını dərk edirdi.
Konqresə keçirilən seçkinin daha bir maraqlı məqamı onun Pentaqon rəhbəri Donald Ramsfeldin fəaliyyətinə son qoymasıdır. İraq müharibəsinin memarı sayılan Ramsfeldin hadisələri qabaqlayaraq könüllü şəkildə istefaya getməsi, demokratların onu məsuliyyətə cəlb etməsinə imkan vermədi. Son anadək Ramsfeldi dəstəkləyən və onun istefasına ehtiyac duymayan C.Buşun seçkilərdən sonra öz dostunu təqaüdə göndərməkdən başqa çıxış yolu qalmadı. Bu postda Ramsfeldi əvəzləyən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbərinə də həsəd aparılmalı deyil. Axı yaxın vaxtlarda Konqres ABŞ-ın İraqdakı uğursuzluğu ilə bağlı məhz onu sorğu-suala tutacaq.
İraq probleminin demokratların seçkidə qələbə qazanmasının əsas səbəbi olmasına baxmayaraq, çətin ki, Ağ ev bu məsələdə mövqelərini tezliklə əldən versin. Əgər Buş ABŞ qüvvələrinin İraqdan çıxarılmasına dair qərar qəbul edərsə, bu onun siyasi karyerasının sonu olar. Lakin bir faktı da nəzərə almaq lazımdır ki, demokratlar hər addımda Buşun İraqla bağlı siyasətinə maneə yaratmağa səy göstərəcəklər. Və əgər Buş səlahiyyət müddətinin başa çatmasına qalmış ilyarım müddət ərzində İraqda qayda-qanun yarada bilməsə, bu, demokratları Ağ evə daha da yaxınlaşdıracaq.
Demokratların ABŞ - Rusiya münasibətlərini təftiş edəcəyi də proqnozlaşdırılır. Hələ SSRİ dövründə demokratlar ön plana insan haqları və söz azadlığı kimi fundamental problemləri çıxarırdı. Hazırda Nümayəndələr Palatasında üstünlük əldə edən demokratların məhz bu amildən çıxış edərək, Buş administrasiyasını Rusiyaya qarşı daha sərt xətt tutmağa çağıracağı güman edilir.
Nəhayət, demokratların Konqresə nəzarəti ələ keçirməsi bizdə də bir sıra sualların meydana çıxmasına səbəb oldu. Məsələn, demokratların çoxunun erməni lobbisinin təsiri altında olduğu sirr deyil. "Ermənilərin himayəçiləri" siyahısında respublikaçıların adlarına da rast gəlinməsinə baxmayaraq, demokratlar arasında belələri daha çoxdur. Onların sırasına Nümayəndələr Palatasının gələcək spikeri, özünün stabil və açıq ermənipərəst mövqeyi ilə məşhur olan N.Pelosi də daxildir. Nəticədə, erməni lobbiçiləri demokratları yenidən "erməni soyqırımı"nı tanımağa çağıra bilər. Çünki nəzərə almaq lazımdır ki, Fransa parlamentinin aşağı palatasının "Erməni soyqırımının inkar olunması"na dair məlum qərarından sonra, ermənilər daha da ürəklənib. Görünür, Ağ ev yenidən seçim qarşısında qalaraq baş sındırmalı olacaq: Türkiyə ilə münasibətlərin qorunub-saxlanılması, yoxsa erməni diasporunun səsi?..
Yeri gəlmişkən, Konqres hər il Dağlıq Qarabağ separatçılarına humanitar yardım adı ilə vəsait ayırır. İndi isə demokratlar bu məbləğin artırılması və 907-ci düzəlişin bərpa edilməsi istiqamətində də səyləri artıra bilərlər. Odur ki Ağ evin belə "təşəbbüs"lərə reaksiyası çox vacibdir.
MƏSLƏHƏT GÖR: