14 Mart 2025

Cümə, 22:30

ƏDALƏT HAMI ÜÇÜN DEYİL?

"Vaşinqtona marş"dan yarım əsr sonra ABŞ cəmiyyəti hələ də irqçilik problemindən əziyyət çəkir

Müəllif:

30.07.2013

Bir il əvvəl dava zamanı 17 yaşlı qaradərili Treyvon Martini güllələmiş 29 yaşlı məşhur drujinaçı Corc Simmerman haqqında çıxarılmış bəraət hökmü amerikalıları yenidən irqçilik, qanunun ədalətliliyi, qaradərili gənclərin problemləri və silah gəzdirmə hüququ haqda düşünməyə vadar edib.

Bu, necə ola bilər? Axı, ABŞ məhkəməsi müəyyən çatışmazlıqlarına rəğmən, hər zaman nümunə sayılıb. Məşhur vəkil Perri Meysona həsr olunmuş filmlərdən başlamış, KİV-də işıqlandırılan real cinayət işlərinədək bilirik ki, amerikalı vəkillər yüksək peşəkarlığa malikdir, hakimlər sərt və vicdanlı, prisyajnılardan ibarət münsiflər isə tam bitərəfdirlər. Əlbəttə ki, hər bir sistemin öz qaranlıq tərəfləri var. Amma son nəticədə həmişə məşhur "Ədalət hamı üçündür" filmində olduğu kimi, Femidanın ideal və mərd qulluqçusu - Al Paçinonun qəhrəmanı Artur Kyorklend - qalib gəlir. Bundan başqa, bütün millətin eyni arzu uğrunda çalışdığı ölkədə gənclərlə bağlı hansı problemdən söhbət gedə bilər? Nəhayət, ABŞ-ın başında artıq ikinci müddətə seçilmiş qaradərili prezident dayanırsa, irqçilik, cins, seksual oriyentasiya və digər məsələlərə son dərəcə diqqətlə yanaşıldığı ölkədə hansı irqçilikdən danışmaq olar?

Amma hər şey göründüyü qədər sadə deyil. Bunu uzun illər ərzində ilk dəfə irqçilik haqda danışan prezident Barak Obama da etiraf edib. Ağ Evin sahibi bu problemin hələ onun ölkəsində tam aradan qaldırılmadığını söyləyib. Obama bir çox afroamerikalının ABŞ-ın məhkəmə sistemindən məyus olduğunu, hökumətin özünümüdafiə ilə bağlı qanunvericiliyə yenidən baxmasının vacibliyini də qeyd edib.

"Mənim oğlum olsaydı, o da Treyvona bənzəyə bilərdi... Mən özüm də 35 il əvvəl Treyvon Martin ola bilərdim" - deyən prezident 17 yaşlı yeniyetmənin ölümünü faciə adlandırıb.

Faciə 2012-ci ilin fevralında Florida ştatının Senford şəhərində baş verib. Könüllü polis (vandalizm, xuliqanlıq və ya oğurluq kimi kiçik cinayətlərin qarşısını almaq üçün drujinaçı) əməkdaşı Corc Simmerman mənzil oğurluqlarının artdığı öz rayonunda patrul xidməti aparırdı. Naməlum bir şəxsi görən Simmerman şübhələnərək dərhal polislə əlaqə yaradır. Asayiş keşikçilərisə ona şübhəli şəxslə təmasa girməməyi məsləhət görür və tezliklə əraziyə patrul maşını göndərəcəklərini bildirirlər. Amma Simmerman məsləhətə qulaq asmayaraq naməlum şəxsi təqib etməyə başlayır. Drujinaçının sözlərinə görə, o, bir anlıq Martini itirib. Az sonra naməlum yeniyetmə gözlənilmədən ona yaxınlaşır. Onlar söyüşməyə başlayır və sonda dava düşür. Simmerman burnundan zərbə alır, Martin onu yerə yıxır və başını səkiyə döyməyə başlayır. Drujinaçının ifadəsinə görə, yeniyetmə onun silahına da əl atır. Bu zaman drujinaçı tapançasını çıxararaq Martinin sinəsinə atəş açır.

Simmerman Florida ştatı tərəfindən qəsdən edilməyən qətldə ittiham olunub. Prisyajnıların hökmü isə fərqli olub və Simmermana bəraət verilib.

KİV-də detallı reportajların yer almasına baxmayaraq, insidentin bir sıra məqamları hələ də qaranlıq olaraq qalır. İddiaya görə, konfet və çay almaq üçün mağazaya gedən yeniyetmə Simmermana nədən o dərəcədə şübhəli təsir bağışlayıb ki, o, polisin gəlişini gözləmədən riskə gedib? Yerə yıxılmış Simmerman silahını necə çıxara bilib? 17 yaşlı yeniyetmə özündən yaşca böyük və fiziki cəhətdən xeyli güclü olan rəqibini necə yıxa bilib?

Bütün bu mübahisəli məqamlar özünümüdafiə haqda qanunu ön plana çıxarıb. Həqiqətən də, silahsız şəxsə qarşı odlu silahdan istifadə istənilən halda şübhəli təsir bağışlayır. Əgər Simmerman Martinə elə onun kimi cavab versəydi, yəni vursaydı, yerə yıxsaydı və s. onlar sadəcə dava etmiş olacaqdılar və bu zaman, güman ki, ölüm baş verməyəcəkdi. Amma Florida və yeri gəlmişkən, ABŞ-ın daha 22 ştatının qanunvericiliyi hücum edən şəxsə qarşı silahdan istifadəyə icazə verir və bu zaman qarşıdakı şəxsin cibində nabat, yaxud tapança olmasının heç bir fərqi yoxdur. Belə çıxır ki, Simmerman kimi istənilən könüllü polis şübhələndiyi istənilən şəxsi münaqişəyə cəlb edə, dava sala, sonda isə güllələyə bilər. Qanun isə onun tərəfində olacaq.

Maraqlıdır ki, elə həmin Floridada, demək olar ki, eyni vaxtda odlu silahdan istifadə ilə daha bir insident baş verib. Ceksonvill şəhərində 31 yaşlı afroamerikalı Marissa Aleksandr sərxoş həyat yoldaşından müdafiə olunduğu üçün 20 il azadlıqdan məhrumetmə cəzasına layiq görülüb. Səbəb isə sadəcə... havaya bir xəbərdarlıq atəşi açmasıdır. İnsidentlə bağlı istintaq son dərəcə qısa olub və Marissa Aleksandr 20 il müddətinə azadlıqdan məhrum edilib. Halbuki o, havaya özünü qorumaq üçün atəş açdığını bildirir. Üstəlik, onun məişət zorakılığına məruz qaldığını göstərən sübutlar var - Marissanın 36 yaşlı həyat yoldaşı Qrey xanımını döydüyü üçün iki dəfə həbs olunub.

Femidanın qəribəliyi ortadadır. Əlbəyaxa döyüşdə 17 yaşlı silahsız yeniyetməni güllələmiş drujinaçı azadlığa buraxılır, yeni doğulmuş uşağın anası, daim əri tərəfindən döyülən qadın isə sadəcə havaya bir xəbərdarlıq atəşi açdığı üçün 20 il müddətinə azadlıqdan mərhum olunur...

Marissa Aleksandrın, həmçinin Treyvon Martinin işində irqi məqamların ortaya atılması təəccüblü deyil. Doğrudur, prosesdə Martinin ailəsinin maraqlarını müdafiə edən vəkil Deril Parks "The Washington Post" qəzetinə müsahibəsində Simmermanın işində afroamerikalılara nifrətlə bağlı heç bir məqamın aşkarlanmadığını bildirib. Buna baxmayaraq, bəzi şərhçilər bildirir ki, odlu silahdan istifadə olunduğu bu cür hallarda qaradərililərin ittihamçı hökmlərlə daha çox qarşılaşdıqlarını bildirir.

Simmerman haqqında bəraətverici hökmün çıxarılması böyük ictimai rezonansa səbəb olub. Ölkədə minlərlə insanın iştirak etdiyi mitinqlər başlayıb. Nyu-Yorkda, Çikaqoda, Los-Ancelesdə, San-Diyeqoda və digər şəhərlərdə hökmdən qəzəblənmiş insanlar küçələrə axışıb. Nümayişə çıxanların əksəriyyəti "İrqçilik ölməyib!", "Ədalətsiz sülh yoxdur!" kimi şüarlar səsləndirib, əyinlərinə Simmermana şübhəli gələn kofta geyiblər. Koftanın üzərində isə yazılıb: "Məni güllələ. Mən qarayam".

Simmermanın azadlığa buraxılmasına etiraz edən məşhur musiqiçi Stivi Uander Amerikanın Florida ştatını boykot etmək qərarına gəlib. Amerika KİV-nin yazdığına görə, artıq Madonna, Rod Stüart, Aşer, Castin Timberleyk, Rihanna və Cey Zi də Uanderə qoşulmağa hazır olduqlarını bəyan ediblər. Tanınmış afroamerikalı ictimai xadim və hüquq müdafiəçisi Cesi Cekson baş prokuror, afroamerikalı Erik Holderdən məsələyə müdaxilə etməsini, məsələyə yenidən baxılması təşəbbüsünü irəli sürməsini tələb edib. Ceksonun fikrincə, "Simmerman haqqında bəraətverici hökmün çıxarılması Amerikaya vurulan şillədir".

ABŞ-da məsələ ilə bağlı növbəti etiraz aksiyaları avqustun 28-nə gözlənilir. Qeyd edək ki, avqustun 28-i məşhur "Vaşinqtona yürüş"ün 50-ci ildönümü tamam olur. 50 il əvvəl keçirilmiş və bu adla məşhur olan dinc etiraz aksiyası ölkədə "Vətəndaş hüquqları haqqında" və "Seçki hüququ haqqında" qanunların qəbulu ilə nəticələnib. Həmin qanunlar qaradərili amerikalıların hüquqi və sosial hüquqlarını artırıb, ictimai yerlərdə onlara qarşı ayrı-seçkiliyi qadağan edib, ağdərililərlə eyni seçki hüquqları verib.

Jurnalistlər isə oxşar şəraitdə qətlə yetirilmiş digər qaradərili yeniyetmələri də yada salır. Jacksonville.com yazır ki, Xəstəliklər üzərində nəzarət mərkəzinin məlumatına görə, zorakı əməllər nəticəsində ölüm halları məhz qaradərili yeniyetmələr arasında daha yüksəkdir. Saytda qaradərili vətəndaşların məsələ ilə bağlı fikirlərinə də yer ayrılır. Onlar hesab edirlər ki, "qanun qaradərililəri ağdərili amerikalılarla eyni dərəcədə qorumur", "ölkədə rahatlıq, üstünlük və güc hələ də dərinin rəngilə müəyyənləşir".

Məhz bu məqamda problem başqa bir səviyyəyə yüksəlir. Bəzi tədqiqatlar göstərir ki, Amerikada qaradərili gənclər arasında işsizliyin səviyyəsi ağdərililərlə müqayisədə iki dəfə çoxdur. Güllələnərək qətlə yetirilmiş Treyvon Martin haqqında deyirlər ki, o, 17 illik həyatında  oğurluq, narkotik maddələrin saxlanılması ilə bağlı dəfələrlə polis idarəsinə aparılıb, dəfələrlə küçə davalarında iştirak edib.

Bəzi ağdərili fəallar isə qaradərili həmvətənlərinin özlərinin fərqlənməyə, ağdərililərdən uzaq qaçmağa çalışdıqlarını bildirirlər. Başqa sözlə, onlar söhbətin əks tərəfin irqçiliyindən getdiyini iddia edirlər

"National Review" isə yazır ki, "irqi gərginlik" solçular tərəfindən ortaya atılmış yalandır.

İstənilən halda, sadəcə "zəngi" sözünün işlədilməsinə görə (bir çox ölkələrdə bu ifadə mənfi qəbul edilmir) adamın işdən qovulduğu, həbsxanaya göndərildiyi, həmişəlik dözümsüz insan damğası vurulduğu ölkədə bu cür hallar haqda eşitmək qəribədir. Amma hətta Barak Obama da ABŞ-da hələ də irqçiliyin olduğunu etiraf edirsə, bu bəlkə, ölkədə politkorrektliyin sadəcə qurama olduğunu, real problemlərin isə ört-basdır edildiyini göstərir?



MƏSLƏHƏT GÖR:

642