15 Mart 2025

Şənbə, 23:52

"DƏMİR OĞLANLAR" ÜÇÜN "QIZIL"

Azərbaycanlı bodibilder Vüqar Verdiyev avropa çempionu oldu

Müəllif:

15.06.2008

Azərbaycan bodibilderi Vüqar Verdiyevin İspaniyada keçirilən Avropa çempionatında əldə etdiyi qələbə mütəxəssislər tərəfindən hələ çox müzakirə ediləcək. Ölkəmiz üçün millinin çıxışı həqiqətən də mühüm əhəmiyyət kəsb edirdi, çünki komandamız bir daha ən yüksək yerlər uğrunda yarışlara hazır olduğunu nümayiş etdirdi. Bəhreyndə keçiriləcək mundial ərəfəsində isə bu olduqca vacibdir.

 

Aralıq mərhələsi

Azərbaycan Bodibildinq Federasiyasının (ABBF) prezidenti Rauf Bünyatəliyev İspaniyada əldə edilən uğurun əhəmiyyətinin ötən il milli komandanın "Avro-2007"də 2-ci yer tutmasından qətiyyən az olmadığı qənaətindədir. "Çünki bu, Bakıda keçirilmiş turnirdən sonra iştirak etdiyimiz ilk səfər çempionatı idi və biz orada mövqelərimizin möhkəm olduğunu, səviyyəmizi təsdiqləməli idik. Bunu başqa ölkə ərazisində etmək həmişə çətindir. Evdə müəyyən qədər obyektivliyə ümid etmək olursa, səfərdə vəziyyət bir qədər fərqlidir. Lakin biz tuta biləcəyimiz yerlər haqda düşünmədik və sadəcə, yaxşı forma üzərində işdədik. Bundan başqa, Vüqar Verdiyev üçün biz "Avropa-2008"ə həm də Bəhreyn mundialına hazırlıq üçün ara mərhələ kimi də baxırdıq. Mən Fərhad Quliyev və Həmid Keşani qarşısında nəyin bahasına olur-olsun qələbə tələbi qoymamışdım, amma maksimalist olduğundan, Vüqarla maksimum nəticəyə nail olduq və qızıl qazandıq",- deyə R.Bünyatəliyev qeyd edib.

Uşaqlar, xüsusilə də Fərhad və Vüqar kateqoriyaya böyük çətinliklə daxil oldular. Onlar lazımi kondisiyanı yalnız çəkilmə prosesinə bir saat qalmış topladılar. Artıq bu prosedurda V.Verdiyev rəqiblərini öz forması ilə heyrətləndirdi, halbuki həmin vaxt o, sonradan səhnədə nümayiş etdirdiyi nəticədən uzaq idi. Vüqarın əsas rəqibi - İsveç idmançısı ona yaxınlaşaraq, əla formada olması ilə əlaqədar təbrik də etdi. 

Yarış başlayandan sonra isə F.Quliyev klassik bodibildinqdə nümayiş etdirdiyi forma ilə  hakimləri heyrətləndirdi. Protokollar hakimlərə bir qədər əvvəl təqdim olunduğundan, onların heç biri bu idmançının kim olduğunu və hansı ölkəni təmsil etdiyni bilmirdi. Hakimlər Fərhadı digər idmançılarla birlikdə 7-8 dəfə səhnəyə çağırdılar. Demək olar ki, bu ən ağır kateqoriya idi, çünki həmin çəkidə 19 idmançı çıxış edirdi. "İdmançıların sayı çox olduqda, atlet səhnədə "itə" bilər və bu zaman hakim onu layiqincə qiymətləndirməkdə çətinlik çəkir. Lakin Fərhad özünü əla tərəfdən göstərərək, liderlər qrupuna daxil olmağı bacardı. Yarışın ilk günündə o, üçüncü idi. Mən öz protokolumda Fərhadı birinci yerə qoymuşdum. Çünki bu çəki dərəcəsində heç kəsdə bu cür möhkəmlik, simmetriya, əzələlərin belə aydın şəkildə görüntüsü yox idi. 

Odur ki finalda Fərhada beşinci yerin verilməsi ədalətsizlik idi. Düzdür, sərbəst proqramda mənim də Fərhada bəzi iradlarım var idi. Bu proqram onun ən güclü tərəfi olsa da, Fərhad bir sıra səhvlərə yol verdi. Ola bilsin, bu, hakimlərin qiymətləndirməsinə də təsir göstərdi. Hər halda, beşinci yer də Fərhad üçün uğur sayılmalıdır. Çünki bu onun səfərdə keçirdiyi ilk turnir idi. Əlbəttə, Fərhad daha yüksək yerlərə iddia edirdi və bu heç də əsassız deyildi. Lakin o hələ uzun bir yolun başlanğıcındadır", - deyə R.Bünyatəliyev qeyd edib.

V.Verdiyev və X.Keşaninin çıxış etdiyi 90 kq çəki dərəcəsində isə, demək olar ki, bərabər gücdə olan idmançılar toplaşmışdılar. Yarışın lap əvvəlində Vüqar səhnəyə lider beşliklə çağırıldı və bundan sonra o, bir daha səhnəyə dəvət olunmadı. "Bu situasiyanı iki cür qiymətləndirmək olar. Ya Vüqarı ümumiyyətlə "görmədilər", ya da heç kəsdə onun favorit olduğuna şübhə qalmadı. Amma mən yekun protokola baxanda çox təəccübləndim - birinci yarış günündən sonra hakimlər Verdiyevə ikinci yeri vermişdilər. Özü də o, liderlik edən isveçliyə cəmi bir xal uduzurdu. Belə olan halda ortaya sual çıxır: belə kəskin mübarizə gedirsə, Vüqar nəyə görə təkrar olaraq səhnəyə çağırılmadı? Hakim məntiqinə əsaslansaq, bu halda Vüqar Verdiyev ya birmənalı olaraq, birinci yerdə dayanmalı, ya da ümumiyyətlə, finala yüksəlməməli idi. Mən başa düşdüm ki, hakimlər sadəcə Vüqarı birinci yerə buraxmaq istəmirlər. Amma həmişə uşaqlara demişəm ki, elə inamlı qələbə qazanmaq lazımdır ki, heç kəsdə şübhə yeri qalmasın. Və finalda Verdiyev doğrudan da çox inamlı qələbə qazandı, öz rəqiblərinə bir şans belə vermədi",- deyə federasiyanın prezidenti bildirib. . 

 

 

İlk ciddi qələbə

X.Keşaniyə gəlincə, ilk günün nəticələrinə görə, dördüncü olan idmançı sonda beşinciliklə kifayətlənib. Onun hələ ki geniş mütəxəssis qrupu tərəfindən tanınmadığını nəzərə alsaq, belə debüt o qədər də pis nəticə deyil. R.Bünyatəliyevin bu haqda fikirləri belədir: "Ümümilikdə, Vüqarın "qızıl"ını da nəzərə alsaq, komandamızın İspaniyadakı çıxışından çox razıyam. Vüqar ikinci yeri tutsaydı, bu mənimçün faciə olardı. 85 və 90 kiloqram çəki dərəcəsinin qaliblərinə ali mükafatı təqdim etməyin Beynəlxalq və Avropa Federasiyasının prezidenti Rafael Santaha ilə birlikdə mənə həvalə edilməsi də sevindirici haldır. O mənə bizim bu qələbəyə layiq olduğumuzu bildirdi. Mən Avropa çempionatının kubokunu Vüqara şəxsən təqdim etdim, bunun ardınca isə uzaq İspaniyada Azərbaycanın Himni səsləndirildi. Bu, faktik olaraq, Azərbaycan bodibildinq məktəbinin ilk ciddi qələbəsidir və bu üzdən o mənimçün ikiqat xoşdur. Gəlin hər şeyi öz adı ilə çağıraq: biz Tahir Faxruddinovla dünya və Avropa çempionatlarında qələbə qazanmışıq. Lakin bu qələbələr, necə deyərlər, müqavilə əsasında qazanılıb. Doğrudur, biz Tahirə hazırlıq üçün şərait yaratmış, təşkilati planda yardım etmişik. Amma onun qələbəsi ilə Vüqarın qazandığı uğuru eyniləşdirmək olmaz. Çünki  Vüqarın qələbəsi - artıq bizim öz bodibildinq məktəbimizin uğurudur",- deyə Bünyatəliyev vurğulayıb.

Vüqarın hazırlığının nə qədər güclü olduğunu hamı onun absolyut kateqoriyada çempionluq uğrunda yarışa qatıldığı zaman gördü. Düzdür, Vüqar ikinci yeri tutdu, birinci mükafat isə ispan idmançısına verildi. Amma hamı üçün əvvəlcədən aydın idi ki, birinci yer uğrunda cəmi iki idmançı yarışır - Vüqar və ev sahibi.

Onu da qeyd edək ki, finaldan əvvəl  EFBB Konqresində Bakıda Avro-2007-nin yüksək səviyyədə təşkil edildiyini dəfələrlə təkrarladılar və Azərbaycanın 2010-cu ilin dünya çempionatına ev sahibliyi etmək istədiyini tamamilə normal qarşıladılar. 

Odur ki hər şey hələ təzə başlayır və Avropa çempionatında Vüqarın qazandığı qələbədən sonra artıq dünya birinciliyində həm fərdi qaydada, həm də komanda hesabında qələbələrə çalışmaq lazımdır. "Biz qarşımıza çox ciddi hədəflər qoymuşuq. Biz hazırlaşmağın, çempionlar yetişdirməyin və qələbə qazanmağın yollarını bilirik. Əgər 2010-cu ildə tale qarşımıza xoşagəlməz sürprizlər çıxarmasa, komandamız doğma meydanda keçiriləcək dünya birinciliyində layiqli çıxış edəcək", - deyə R.Bünyatəliyev qeyd edib.

Avropa çempionatı haqda fikirlərini bölüşən Vüqar isə ötənilki yarışla müqayisədə əzələlərini artırdığını və bu səbəbdən bu dəfə 90 kiloqram çəki dərəcəsində çıxış etməli olduğunu söyləyib: "Bu özünü tam doğrultdu və hakimlər mənim formamı bəyəndilər. Lakin başlanğıcda bir az çətin oldu - birinci gün məni cəmi bir dəfə səhnəyə çağırdılar və bundan sonra adımı protokolda ikinci yerə yazdılar. Lakin bir gün sonra finalda bu dərəcədə ən güclü atlet olduğumu sübut etdim və qızıl medal qazandım".

V.Verdiyevin sözlərinə görə, idmançı beynəlxalq arenada uzun müddət çıxış edən zaman təcrübə və qələbə qazanacağına inam əldə edir. "Ötən il Bakıda keçirilən Avropa çempionatında ikinci yeri tutduqdan sonra qarşıda çempion olacağıma söz verdim. Mən fəxri kürsüdə dayanmaq, Azərbaycanın himnini oxumaq və bayrağımızın necə yüksəldiyini görmək arzusunda idim. Mən buna nail oldum. İkincisi isə mən ildən-ilə formamı yaxşılaşdıra bildim. Avro-2008-də əldə edilmiş birincilik bunu sübut edir",- deyə Vüqar bildirib.

Artıq V.Verdiyevin ən yaxın hədəfi Bəhreyndə keçiriləcək dünya çempionatında uğurlu çıxış etməkdir: "İdmanda proqnoz  vermək asan deyil. Lakin hər şeyin yaxşı olacağına ümid edirəm. Üstəlik də, nəzərə almaq lazımdır ki, daha uzaq və heç də az əhəmiyyət kəsb etməyən perspektivlər var - mən Bakıda keçiriləcək 2010-cu il mundialını nəzərdə tuturam. Bizim təcrübəli atletlərin toplaşdığı yaxşı komandamız var və onlar beynəlxalq arenada çoxdan çıxış edirlər. Bu isə bizə 2010-cu ilin dünya çempionatında komanda hesabında qələbəyə ümid bəsləməyimizə əsas verir".


MƏSLƏHƏT GÖR:

501