15 Mart 2025

Şənbə, 00:42

ŞAMAXI - AZƏRBAYCANIN QEYRİ-NEFT SEKTORUNA AÇILAN QAPI

Azərbaycanın bölgəsində keçirilən ilk beynəlxalq biznes-konfrans investorların qeyri-neft sektoruna böyük marağını nümayiş etdirdi

Müəllif:

15.06.2008

Böyük regional layihələrin həyata keçirilməsinə stimul verən sürətli iqtisadi inkişaf Azərbaycanın dünya iqtisadiyyat reytinqlərində ön yerləri tutmasına gətirib çıxardı. Ölkə rəhbərliyinin ölkənin işgüzar mühitinin yaxşılaşdırılmasına yönəlik siyasəti 1993-2007-ci illər ərzində Azərbaycan iqtisadiyyatına bütün mənbələrdən qoyulan sərmayələrin $50 milyarda çatmasına səbəb olub. 

O da sevindiricidir ki, ölkənin qeyri-neft sektoruna qoyulan sərmayənin miqdarı da ilbəil artır. Əgər  2006-cı ildə neftdənkənar bölməyə 2,6 milyard manat yatırılmışdısa, 2007-ci ildə bu göstərici 3,3 milyard manat olub.  2008-ci ildə isə sərmayələrin 4,2 milyard manata çatacağı gözlənilir.    

2004-2008-ci illəri əhatə edən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi beynəlxalq maliyyə institutlarının ayırdığı vəsaitləri qeyri-neft sektoruna yönəltməyə imkan verib və xarici sərmayədarların ölkəmizə marağını artırıb.

 

300 milyonluq bazarın mərkəzində

Ölkənin iqtisadi inkişafında son ayların əhəmiyyətli hadisələrindən biri 25-27 may tarixlərində Şamaxı şəhərində "Evsen" Şirkətlər Qrupu və AZPROMO-nun birgə təşkil etdiyi Birinci Azərbaycan Beynəlxalq Biznes Konfransı olub. Tədbirin miqyasını konfrans iştirakçılarının sayı nümayiş etdirirdi. Tədbirə Türkiyə, Çin, İran, Baltikyanı ölkələr, Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, İraq, Pakistan, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Belarus da daxil olmaqla, 32 ölkənin şirkət və müəssisələrini təmsil edən 450-dən artıq nümayəndə qatılmışdı. 

"Evsen" Şirkətlər Qrupunun prezidenti Əli Evsenin qeyd etdiyi kimi, konrfrans ilk növbədə azərbaycanlı sahibkarların dünya bazarına çıxmasını stimullaşdırmaq və Azərbaycan bazarında rəqabət qabiliyyətli məhsul istehsalının inkişafına xidmət etmək məqsədi daşıyır. İlk dəfə idi ki, Azərbaycanın bölgəsinə dünyada 100 minlərlə iş yeri yaradan və ümumi kapital qoyuluşları 1 trilyon ABŞ dollarını keçən şirkətlərin nümayəndələri yığışmışdı.

Əli Evsen bildirib ki, Azərbaycan 300 milyonluq insanı əhatə edən nəhəng bazarın mərkəzində yerləşir. Ölkə bütün Cənubi Qafqaz bölgəsinin iqtisadi inkişafınının lokomativinə çevrilib. 

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov isə öz növbəsində ölkədə həyata keçirilən iqtisadi islahatların Azərbaycanı bölgədə liderə çevirdiyini bəyan edib. Onun sözlərinə görə, son illər ərzində ölkədə iqtisadi inkişaf templəri iki dəfə artıb. Yalnız 4 ay ərzində ümumi daxili məhsulun artımı 15% təşkil edib.

Nazir müavininin səsləndirdiyi digər bir məlumata görə isə, 2007-ci ildə ölkə iqtisadiyyatına $7,8 milyard investisiya qoyulub ki, onun da $5 milyardı xarici mənbələrdən daxil olub. Ölkədə regionların sosial iqtisadi inkişafı barədə danışarkən N. Səfərov bildirib ki, 2007-ci ildə regionlarda iqtisadi layihələrin maliyyələşdirilməsinə 700 milyon manat ayrıldığı halda, 2008-ci ildə bu rəqəm 1 milyard manatı keçəcək.

2007-ci ildə istifadəyə 822 tikinti-inşaat, 600 kənd təsərrüfatı, 1700 xidmət və 400-dən artıq emal müəssisəsi istifadəyə verilib, 900 sahibkarlıq subyektinə 90 milyon manat güzəştli kredit ayrılıb. 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi qeyri-neft sektorunda ümumi daxili məhsulun artımının 11,6% səviyyədə olacağını proqnozlaşdırır. Xatırladaq ki, ilkin proqnoza əsasən, artım 10% həcmində olmalı idi. 

Tədbirdə çıxış edən Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə xarici sərmayəçiləri Azərbaycanın qeyri-neft sektoruna kapital qoyuluşu etməyə çağırıb. Onun sözlərinə görə, bu kapital qoyuluşları artıq orta müddətli perspektivə böyük gəlirlər təmin edəcək. 

Parlament komissiyasının rəhbəri konfrans iştirakçılarının diqqətini iri regional layihələrin uğurla həyata keçirilməsinə yönəldib. Və bildirib ki, yeni iqtisadi qanunlar Azərbaycanda iqtisadiyyatın bütün sahələrində əlverişli biznes mühitin yaradılmasına imkan verir. Ziya Səmədzadə eyni zamanda qeyd edib ki, Azərbaycan rəhbərliyi öz qarşısına idxalçı ölkədən qlobal ixrac bazarının nəhəng oyunçulardan birinə çevrilməyi məqsəd qoyub. Bu məqsədlə yerli istehsalın genişlənməsini təmin edəcək avadanlığın ölkəyə gətirilməsinə diqqəti artırmaq lazımdır.

 

Birbaşa sərmayələrin inkişafına stimul

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusu Kılıc konfrans iştirakçılarının diqqətini 2007-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin $1, 68 milyard təşkil etməsi faktına yönəldib. Azərbaycanın xarici ticarət tərəfdaşları arasında Türkiyənin birinci yerdə olmasına diqqət çəkən səfir əlavə edib ki, hazırda ölkədə 60 Türkiyə şirkəti fəaliyyət göstərir. Onlar Azərbaycanın enerji və qeyri-neft sektoruna ümumilikdə $3 milyard sərmayə qoyub və 50 min Azərbaycan vətəndaşını işlə təmin edib. Lakin iki ölkənin iqtisadi əməkdaşlığının inkişafı üçün potensial tükənməyib. Bununla əlaqədar səfir Türkiyə sərmayəçilərini qardaş Azərbaycanda yeni layihələri gerçəkləşdirməyə çağırıb. Daha sonra çıxış edən İranın Ticarətin Stimullaşdırılması üzrə Təşkilatının direktoru Mehdi Qəzənfəri konfrans iştirakçılarına Azərbaycan-İran əlaqələrinin inkişafı və perspektivlərindən danışıb. O, son illər ərzində iki qonşu ölkə arasında əlaqələrin inkişaf etdiyini, sərhədyanı ticarət həcminin artdığını xüsusi vurğulayıb. 

Çin nümayəndəsi, Çin-Azərbaycan Texniki və İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Xu Binq isə Jin "Çin-Azərbaycan" mövzusunda məruzə ilə çıxış edbi. O qeyd edib ki, Çinlə Azərbaycanın əməkdaşılğı zamanın tələbidir. Onun sözlərinə görə, Çin sahibkarları Azərbaycanla əlaqələrin inkişafında maraqlıdırlar və gələcəkdə daha sıx əməkdaşlıq edəcəklər. 

Şamaxıdakı Beynəlxalq Biznes Konfransın yekunlarını təhlil edən "Evsen" şirkətlər qrupunun rəhbəri Əli Evsen vurğulayıb ki, bu səviyyəli tədbirlər Azərbaycana daha çoxlu sayda xarici şirkətlərin cəlb olunmasına imkan yaradır və bu şirkətlərin rəhbərləri Azərbaycan bazarı ilə yerində tanış olmaq imkanı əldə edirlər. 

 "Ölkənin bölgələrində biznes konfransların keçirilməsi Azərbaycan iqtisadiyyatına birbaşa sərmayələrin artmasına real stimuldur" deyən Əli Evsen həmçinin xatırladıb ki, Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı üzrə geniş miqyaslı dövlət proqramlarının həyata keçirilməsi buraya sərmayələrin yatırılmasını daha da əlverişli edir. 

Bir sözlə, hazırda Azərbaycanda sahibkarlığın inkişafı üçün ən əlverişli şərtlər mövcuddur, yerli və xarici sahibkarların birbaşa əlaqələrinin yaranması ölkənin iqtisadi potensialını bir az da gücləndirir, onun regionda liderliyinin təminatçısına çevrilir. Sonda Ə.Ev-sen gələcəkdə bu cür konfrans və sərgilərin ənənəvi keçiriləcəyini bildirib.


MƏSLƏHƏT GÖR:

425