
15 İYUN 15 İL SONRA
Müəllif: Redaksiya
1993-cü ilin iyunu. Azərbaycan od içindədir. Bütün cəbhəboyu hücuma keçmiş Ermənistan ordusunun qarşısını alacaq qüvvə yoxdur. Qiyamçı polkovnik Surət Hüseynova tabe olan silahlı birləşmələr ön cəbhəni buraxaraq, hakimiyyətə qarşı döyüşür. Azərbaycan Xalq Cəbhəsi (AXC) hökuməti isə özünə tabe olan qoşunları Gəncəyə yeridir.
Onsuz da Ermənistanla müharibə şəraitində olan ölkə artıq vətəndaş müharibəsi ilə üz-üzədir.
İyunun 4-ü səhər hökumət qoşunları Gəncədə S.Hüseynovun hərbi birləşmələrinin nəzarəti altında olan kazarmaya hücum çəkdi. Lakin gözlənilməz hadisə baş verdi. Qiyamçılar nəinki hücumun qarşısını aldılar, hətta hökumət qüvvələrini darmadağın etdilər, baş prokuror İxtiyar Şirinov və milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərovu isə girov götürdülər. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanı Fəhmin Hacıyev Gəncədən qaçdı.
Döyüşlər nəticəsində hər iki tərəfdən ümumilikdə 80 nəfərə yaxın insan həlak oldu. Bir neçə ay əvvəl baş nazirin müavini, həmçinin Dağlıq Qarabağ və ona bitişik rayonlarda Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi, ikinci ordu korpusunun komandanı vəzifələrindən kənarlaşdırılmış Surət Hüseynovun silahlı dəstəsi Gəncəni tam nəzarətə götürdü. Lakin onu incik salmış prezident Əbülfəz Elçibəy isə Bakıda idi və S.Hüseynov, ilk növbədə, girov götürdüyü baş prokurordan dövlət başçısının həbsinə order verilməsini tələb etdi. İ.Şirinov bu tələbi dərhal yerinə yetirdi. Prezidentin həbsinə order almış qiyamçı polkovnik qoşunlarını Bakıya tərəf istiqamətləndirdi. O, yolboyu qarşısına çıxanları məhv edir, rayonların rəhbərlərini vəzifədən kənarlaşdırır, onların yerinə öz adamlarını qoyurdu.
Ölkə rəhbərliyi isə faktik olaraq şok halında və iflic vəziyyətində idi. Təcili qərarlar verilməli, tədbirlər görülməli idi. Və belə bir vəziyyətdə problemin güc yolu ilə aradan qaldırmağın mümkün olmadığını görən hakimiyyət ağlını işə salmaq qərarına gəldi. Lakin yenə də heç kim öz səriştəsizliyini etiraf etmək istəmirdi. Buna əmin olmaq üçün prezident Ə.Elçibəyin rəhbərliyi ilə keçirilən hökumətin fövqəladə iclasının stenoqramına nəzər salmaq kifayətdir. Sabiq dövlət başçısının həmin toplantıdakı çıxışından bir hissəni diqqətinizə çatdırırıq: "Bizə məlumatların bir hissəsi insanlar vasitəsilə çatdırılır, bir hissəsini söhbətlərdən eşidirik, digər hissəsini isə avtobuslarda eşidirik. Bizim hələ də baş verənlər haqda dəqiq bilgimiz yoxdur. Situasiyanın tam aydınlaşması üçün zamana ehtiyac var". Prezidentin avtobuslardan informasiya topladığı bir vaxtda ölkədə vətəndaş qanı axıdılırdı, hətta bəzən doğma qardaşlar belə səngərin əks tərəflərində dayanmağa məcbur olurdular.
Daxili işlər naziri Abdulla Allahverdiyevin dövlət başçısına etdiyi məruzəyə da nəzər salmaq maraqlıdır: "Təkrar edirəm, bizim şəhərə (Gəncəyə) daxil olmaq imkanlarımız yoxdur. Bütün postlarda hərbi texnika, hərbçilər və mülki şəxslər dayanıb. Onlar bizi şəhərə buraxmır".
Hakimiyyətin bacarıqsızlığı və durumun tragikomikliyi göz qarşısında idi. Digər tərəfdən, parlamentin iclasının stenoqramının da göstərdiyi kimi, qərarların qəbuluna daxili çəkişmələr də mane olurdu.
Belə bir vəziyyətdə təcrübəli və cəsarətli rəhbərə böyük ehtiyac var idi. Məhz bu məqamda Azərbaycan xalqı Naxçıvan Ali Məclisinə rəhbərlik edən və Milli Məclisin deputatı olan Heydər Əliyevin hakimiyyətə gətirilməsini tələbi ilə çıxış etdi. Xalqın tələbinə tabe olmaqdan başqa çıxış yolunun qalmadığını başa düşən Əbülfəz Elçibəy Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldu.
Azərbaycanın müstəqilliyinin taleyi həll olunurdu və bunu bilən Heydər Əliyev ölkəni çətin durumdan çıxartmağa razılıq verdi. 1993-cü il iyunun 9-da o, Ə.Elçibəyin göndərdiyi xüsusi təyyarə ilə Bakıya gəldi. Parlamentdən müəyyən səlahiyyət alan Heydər Əliyev iyunun 13-də Surət Hüseynovla danışıqlar aparmaq üçün Gəncəyə yollandı. Risk böyük olsa da, H.Əliyev buna getdi: arxasında böyük bir ordunun dayandığı qiyamçı ilə danışıqlara yalnız iki cangüdənlə yollandı. Getdi və qələbə qazandı. Qiyamçılar silahı yerə qoydular, ölkədə isə yenidən vətəndaş sülhünün ilk əlamətləri görünməyə başladı.
İndi bu kövrək sülhü qorumaq lazım idi. Bunun da öhdəsindən yalnız Heydər Əliyevin gələ biləcəyini anlayan deputatlar 1993-cü il iyunun 15-də onu parlamentin spikeri seçdilər.
Sonrakı illərdə ümumxalq səsverməsi ilə iki dəfə Azərbaycanın prezidenti seçilən Heydər Əliyev tarixə ümummilli lider kimi düşəcəkdi. Lakin yaddaşlarda Milli Qurtuluş Günü kimi qalan gün məhz iyunun 15-dir.
Həmin vaxt Azərbaycanın düşdüyü situasiyanı daha yaxşı təsəvvür etmək üçün onu da xatırlatmaq yerinə düşər ki, Gəncədə yaşanan faciəvi hadisələrlə eyni vaxtda ölkənin cənub rayonlarındakı separatçılar da fəallaşmışdı. İyunun 15-də Əlikram Hümbətovun rəhbərlik etdiyi silahlı qrup Lənkənranda hakimiyyəti zorla ələ keçirərək, orada yerləşdirilmiş hərbi hissəni özünə tabe etdirmiş və MDB daxilində "Talış-Muğan Respublikası"nın yaradıldığını bəyan etmişdi. Ölkə parçalanma təhlükəsi ilə üz-üzə idi: bir tərəfdən, qeyri-stabil ictimai-siyasi vəziyyət, digər yandan, ermənilərin torpaqları işğal etməsi, o biri tərəfdən isə yeni separatizm ocağı.
Lakin artıq xalqın ümid edəcəyi insan var idi və cənub rayonlarının əhalisi kömək üçün Heydər Əliyevə müraciət etdi. O, qısa zamanda bu məsələnin də həllinə nail oldu: yerli əhalinin və ziyalıların dəstəyilə Əlikram Hümbətovun rejimi məhv edildi.
Maraqlıdır ki, sonrakı illərdə Heydər Əliyevin bu xidmətlərinin üzərinə kölgə salmağa çalışanlar da oldu. Elə qiyamçıların təzyiqinə dözməyərək, dağılmaqda olan Azərbaycanı Heydər Əliyevin öhdəsinə buraxıb qaçmış sabiq prezident Ə.Elçibəyin özü deyirdi: "Əliyev Surət Hüseynovun qiyamından istifadə edərək, hakimiyyəti qəsb etdi. Onun arxasında Moskva, Dövlət Kəşfiyyat İdarəsi və Qraçov dayanırdı". Bununla yanaşı, özünün "Müstəqillik: ikinci cəhd" kitabında Elçibəy Gəncədə baş verən hadisələri birbaşa neft müqavilələrinin imzalanması planları ilə əlaqələndirir: "Qiyamda əsas məqsədlərdən biri bizim Qərblə neft sahəsində müqavilələr imzalamağımızın əngəllənməsi idi. Rusiya və İran buna yol verməmək üçün əlindən gələni edirdi".
Ə.Elçibəy bunu doğru deyirdi - həm Moskvada, həm də Tehranda Qərb şirkətlərinin Azərbaycana gəlməsinin qəti əleyhinə idilər. Lakin sabiq dövlət başçısı bir məsələdə özü-özünü təkzib edirdi. Əgər o, Heydər Əliyevi həqiqətən "Moskvanın adamı" sayırdısa, nə üçün onu ölkəni xilas etməyə çağırırdı? Necə ola bilərdi ki, Azərbaycanın tarixini dəyişən və Qərb şirkətləri ilə Rusiyaya sərf etməyən müqaviləni imzalayan H.Əliyev "Moskvanın adamı" olsun? Axı Qərblə imzalanan "Əsrin müqaviləsi" məhz Heydər Əliyevin sayəsində reallaşdı. Sonrakı illərdə isə bu müqavilənin ardınca beynəlxalq miqyaslı layihələrlə bağlı razılaşmalar gələcəkdi - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və sair...
Yeri gəlmişkən, "Əsrin müqaviləsi"nin imzalanmasından dərhal sonra, 1994-cü ilin oktyabrında elə həmin S.Hüseynov kənar qüvvələrin də təsiri ilə dövlət çevrilişinə cəhd göstərdi. Lakin bu dəfə də böyük təcrübəsi, şəxsi nüfuzu və xalqın dəstəyilə H.Əliyev ölkənin müstəqilliyini qoruyub saxlaya bildi.
Bu yerdə Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin bir sitatı yada düşür: "Azadlığı əldə etmək onu qorumaqdan asandır".
Heydər Əliyev bu missiyanın öhdəsindən gələ bildi və bu gün Azərbaycan nəinki beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvüdür, hətta regionun ən fəal inkişaf edən və möhkəmlənən dövlətidir.
Bütün bunların bünövrəsi isə düz 15 il əvvəl - 1993-cü il iyunun 15-də qoyuldu...
MƏSLƏHƏT GÖR: