15 Mart 2025

Şənbə, 20:00

«QARANLIQ» GƏLƏJƏK

Rusiyanın Perm şəhərinin «Ural-Qreyt» basketbol klubunda da çalışan Rimas Kurtinaytis bizə lazımdırmı?

Müəllif:

01.08.2006

Yaxın vaxtlarda Azərbaycan basketbolunu ciddi dəyişikliklər gözləyir və onlar milli basketbolsevərlər üçün o qədər də sevindirici deyil. Məlum olduğu kimi, bir qədər əvvəl Seulun Olimpiya çempionu, əvvəllər basketbol üzrə milli komandanı və «Qala» klubunu çalışdırmış Rimas Kurtinaytis Rusiyanın Perm şəhərinin məşhur «Ural-Qreyt» klubu ilə üçillik müqavilə imzalayıb. Bu isə o deməkdir ki, Azərbaycanın güclü basketbol klubu «Qala» son dörd il ərzində birgə işlədiyi məşqçisini itirib. Əlbəttə, bu klub beynəlxalq arenada hər hansı uğur əldə edə bilməyib. Lakin Rimas Kurtinaytis və onun yetirmələri 2005-ci ildə Albaniyada keçirilən ilk İslam oyunlarında İnkişaf Kubokunu qazanmışdılar.

 

«İkili» Rimas...

Hələ Rimas Kurtinaytisin Permin «Ural-Qreyt» ilə əlaqələri haqda məlumat yayılanadək, Azərbaycan Basketbol Federasiyası bəyan etdi ki, məşqçi ilə yalnız milli komandanın çalışdırılması ilə bağlı müqavilə imzalanacaq və onun qarşısına 2012-ci ildə keçiriləcək olimpiadaya vəsiqə əldə etmək tələbi qoyulacaq. Nəticədə, Rimas Kurtinaytis iki vəzifəni - Azərbaycan basketbol millisinin və «Ural-Qreyt» klubunun baş məşqçisi funksiyalarını yerinə yetirəcək. 

İdmansevərlərə yaxşı məlumdur ki, bir məşqçinin iki komandada çalışması çox vaxt effektsiz olur. Konkret olaraq Rimasa gəlincə, onun işləyə-cəyi iki yer bir-birindən çox uzaqdadır. Mütəxəssisin özü «R+»a bildirib ki, o, bir neçə ildir, Azərbaycanda işlədiyi uçun yerli basketbolçuların səviyyəsini dərindən öyrənə bilib və bu səbəbdən də onun daim ölkədə olmasına ehtiyac yoxdur. Həmçinin, Kurtinaytis Azərbaycan basketbolçularının (faktik olaraq, «Qala»nın oyunçularının) səviyyəli xarici klublara keçməsinə çalışacaq. Xüsusilə, mütəxəssis azərbaycanlı basketbolçu Aleksandr Rındini (boyu 225 sm) özü ilə «Ural-Qreyt»ə aparmaq fikrindədir. Bu barədə bir qədər sonra.

Görəsən, həqiqətənmi, Rimas Kurtinaytis 2012-ci il Olimpiadasına vəsiqəni yalnız orta yaş həddi həmin vaxt üçün 30-u keçəcək «Qala»nın oyunçuları ilə əldə etməyi düşünür? Həmin vaxt bu oyunçuların fiziki imkanları da əvvəlkindən fərqlənəcək və təbii ki, onlar artıq karyeralarını başa vurmaq haqda düşünəcəklər. Çıxış yolu isə sadədir - böyük həmkarlarından təcrübə toplayacaq yeni istedadlar hazırlamaq və beynəlxalq arenada ölkənin şərəfini qorumaq. Lakin bunun üçün bilavasitə Azərbaycanda zəhmətə qatlaşmaq lazımdır. Milli komandanın məşqçisi isə ölkədən kənarda yox, onun daxilində olmalıdır. Əks halda, gənc kadrların yetişdirilməsi (əlbəttə ki, münasib şərtlər daxilində) tamamilə yerli mütəxəssislərin çiyinlərinə düşür. Rimas Kurtinaytis isə beynəlxalq yarışların başlanmasına bir həftə qalmış Azərbaycana gələcək və faktik olaraq, yerli mütəxəssislərin «məhsulu» ilə işləyəcək. Belə təqdirdə, tamamilə məntiqi sual yaranır: belə olarsa, Azərbaycan basketboluna Rimas Kurtinaytis lazımdırmı?

 

Əvəzolunmaz şəxs yoxdur!

Əlbəttə, etiraf etmək lazımdır ki, litvalı mütəxəssis Azərbaycan basketbolunun inkişafına xeyli töhfə verib. Lakin o, növbəti ildən işləyəcəyi qrafiki müəyyənləşdirməklə özünü «yandırdı» və belə olan təqdirdə, çətin ki, milli basketbolumuza yeni nəsə gətirsin. Ölkəyə yalnız burada çalışacaq və xaricdə hansısa fəaliyyətlə məş-ğul olmayacaq daha yüksəksəviyyəli mütəxəssisin dəvət edilməsi vacibdir. Ən pis halda, yerli mütəxəssislərə özlərini göstərmək imkanı yaradılmalıdır. İstənilən halda, yerli mütəxəssislərə bütün lazımi şərait yaradılarsa, onlar özlərinin peşəkar işlərinə laqeyd yanaşmayacaqlar və belə olan halda, beynəlxalq arenada daha böyük uğurlara nail olmaq mümkündür.

Bunun üçün Azərbaycanın mükəmməl çempionatının təşkil edilməsinin və basketbol komandaları ilə işləməyə sponsorların cəlb edilməsinin vacibliyi isə başqa söhbətin mövzusudur. Belə olarsa, bizdə yenidən legionerlər oynamağa başlayacaq ki, bu, çempionatın səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərəcək. Təəssüf ki, federasiyada bununla bağlı heç bir iş görülmür. Ədalət naminə qeyd edək ki, ötən il məhz federasiyanın təşəbbüsü ilə UGBL (uşaq-gənc basketbol liqası) çempionatı keçirildi. Lakin basketbolçuların perspektivinin üzə çıxması üçün məhz belə turnirlərmi lazımdır? Ölkənin ali basketbol qurumunun bu işdə gecikdiyini söyləmək olar. Belə ki, UGBL kimi turnirlərin keçirilməsi vaxtı çoxdan yetişmişdi.

Daha bir maraqlı fakta toxunmaq istərdik: bu il böyüklər arasında çempionatın baş tutmayacağı haqda çoxlu fikirlər dolaşmaqdadır və bunun səbəbi kimi əksər sponsorların basketboldan ayrılmaları göstərilir. Bundan başqa, təsdiq olunmuş məlumatlara görə, Azərbaycanın ən güclü klubu olan «Qala» hazırda dağılmaq ərəfəsindədir. Narahatedici məsələ odur ki, Rimas Kurtinaytisin «Ural-Qreyt»ə keçməsi məlum olduqdan sonra, klub rəhbərliyi bəyan edib ki, komanda bu dəfə Avropa turnirlərinə çıxarılmayacaq. Belə qərarın səbəbi isə kifayət qədər təəccüb doğurur: «Qala» klubu bu il dincəlmək fikrindədir. Rimas Kurtinaytis Perm klubuna keçdi və «Qala»nın Avropa turnirlərində iştirakdan imtina etməsi arasında paralel aparılan zaman bir daha aydın olur ki, Azərbaycanda litvalı mütəxəssisin uğurlarını həddindən artıq qiymətləndirirlər və onu əvəzolunmaz sayırlar. Bu isə təbii ki, düzgün deyil.

 

Rimas iş tapar...

Yeri gəlmişkən, «Qala»nın dağılacağı haqda xəbərlərin Rimas Kurtinaytisin Azərbaycan basketbolçularının xarici klublara keçməsinə çalışacağı haqda açıqlaması ilə bağlı olması da istisna edilmir. Belə ki, o, Azərbaycan basketbolçularından danışarkən, əsasən, özünün «Qala»dakı keçmiş yetirmələrini nəzərdə tutur. Nəticədə, Azərbaycanın güclü basketbol klubu aparıcı oyunçularından məhrum olar bilər ki, bu da basketbolçularımızın Avropa turnirlərində yarışmasının iflasa uğraması ilə nəticələnər.

Azərbaycanın son zamanlar ustalığını kifayət qədər artıran və İnkişaf Kubokunun finalında millinin Albaniya üzərində qazandığı qələbədə əsas pay sahibi olan ən ucaboy basketbolçusu Aleksandr Rındinə gəlincə, onun haqqında bir neçə məlumat var. Məsələ ondadır ki, 21 yaşlı idmançı artıq ikinci ildir drafta çıxarılır (söhbət, NBA-dakı ABŞ klublarına namizədlikdən gedir) və hər dəfə son anda namizədliyi geri çağırılır. Rındinə maraq göstərən Rimas Kurtinaytis və İtaliya şirkəti bunu Azərbaycan basketbolunun təcrübəsizliyi ilə əsaslandırırlar. Onların fikrincə, Rındinlə daha sərfəli müqavilə imzalanması üçün onun təcrübə toplaması vacibdir. Amma basketbolçumuzun yalnız boyu onun amerikan klublarından biri ilə, konkret olaraq, Rındinə ciddi maraq göstərən «Çikaqo Buls»la sərfəli müqavilə imzalamasına imkan verərdi. Bununla yanaşı, bir daha qeyd edək ki, Rındin son illər ustalığını xeyli artırıb və İnkişaf Kubokunun finalında Albaniya millisinə qarşı keçirilən qarşılaşmada bu bir daha sübut olundu.

Amma «R+»un əməkdaşı ilə söhbətində «Ural-Qreyt» klubunun prezidenti Sergey Belovla söhbətdən məlum olur ki,  Aleksandr Rındinin namizədliyinin geri götürülməsi onun təcrübəsizliyi ilə bağlı deyil. Sən demə, R.Kurtinaytis «Ural-Qreyt»ə gələn andan klub rəhbərliyinə bu azərbaycanlı basketbolçunun adını çəkib, onun qeyri-adi fiziki göstəricilərindən danışıb. Bir sözlə, Kurtinaytis ilk gündən Rındinin NBA-ya getməsində maraqlı olmayıb və onu özü ilə «Ural-Qreyt»ə aparmaq niyyətindədir. Bəs əgər hər şey əvvəlcədən planlaşdırılmışdısa, bütün bu komediyalara nə ehtiyac var idi?

Beləliklə, Rimas Kurtinaytislə müqaviləni uzatmazdan əvvəl, Azərbaycan Basketbol Federasiyası bütün məsələləri ölçüb-biçməli idi ki, sonda indiki vəziyyətə düşməyək. Amma görünür, bunu heç kəs düşünmədi.

Bu istidə federasiyada Azərbaycan basketbolunun inkişaf yolları haqda düşünən var?


MƏSLƏHƏT GÖR:

418