14 Mart 2025

Cümə, 23:29

SPEKULYASİYALARA SON

Bakı və Moskva qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını təsdiqlədilər

Müəllif:

27.08.2013

Vladimir Putin əvvəllər də Azərbaycanda olmuşdu. Onun Sovet İttifaqının dağılmasından sonra Azərbaycana səfər etmiş Rusiyanın ilk dövlət başçısı olması faktı tarixdə qalacaq. Bu, 2001-ci ildə baş vermişdi. O zaman rəsmi səfərin yekunu olaraq Bakı bəyannaməsi və Xəzərdə əməkdaşlığın prinsiplərinə dair birgə bəyanat imzalanmışdı.

Budəfəki səfər Putinin Rusiya prezidenti kimi Azərbaycana etdiyi sayca 5-ci, ötən il onun yenidən Kremlə rəhbərliyə başlamasından sonra isə ilk səfəri idi. Bununla da Bakı ilə Moskvanın Qəbələ RLS-in gələcəyi  ilə bağlı razılığa gələ bilməməsindən sonra iki ölkə arasında münasibətlərin soyuqlaşdığına dair spekulyasiyalara son qoyuldu. Bu mənada sıx tərəfdaş münasibətlərinin qorunub-saxlanılmasının hər iki tərəf üçün vacibliyini qeyd edək, Rusiya ilə Azərbaycan arasında ənənəvi mehriban qonşuluq münasibətləri və əməkdaşlığın qorunub-saxlanılacağını proqnozlaşdıran rusiyalı və azərbaycanlı analitiklər haqlı çıxdılar.

Azərbaycan üçün Rusiyanın əhəmiyyətindən danışmaq artıq olardı. Onların iki əsr boyunca bir dövlətin tərkibində olmaları zamanı  (Rusiya İmperiyası, ardından isə SSRİ) ölkələr və xalqlar arasında həm dövlət, həm də ictimai strukturlar, müəssisələr, təşkilatlar, eyni zamanda, milyonlarla konkret insan arasında sıx əlaqələr formalaşıb. Rusiya 5 məlum fövqəldövlət (BMT TŞ-in daimi üzvləri) arasında ölkəmizlə həmsərhəd olan yeganə ölkədir. Rus dili, mədəniyyəti və elmi Azərbaycanda geniş təmsil olunur. Hər iki ölkədə minlərlə nümayəndəsi olan diaspor var.  Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir.  Ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsi sabit artım tempinə malikdir. Bunu bir sıra digər dövlətlər, o cümlədən MDB dövdlətləri haqda da söyləmək mümkün deyil. 2012-ci ilin nəticələrinə görə, bu ticarət dövriyyəsi 11% - 3,4 milyard dollaradək artıb. Bu ilin yanvar-may aylarında isə bu artım 50% təşkil edib.

Azərbaycan da öz növbəsində Rusiya üçün vacib dövlətdir. Biz Rusiyanın sənaye və kənd təsərrüfatı istehsalçıları üçün getdikcə genişlənən və ən əsası, alıcılıq qabiliyyəti olan bazarıq.  Prezident İlham Əliyevin sözlərinə görə, ölkələrimiz arasında yalnız hərbi-texniki sahədə əməkdaşlığın həcmi 4 milyard dollara çatır. Moskva Bakı ilə Qafqazda silahlı cihadçılar və dini ekstremistlərə qarşı mübarizədə, Xəzərin bölünməsi məsələsində də sıx əməkdaşlıq edir. Enerji sahəsində tərəfdaşlığın da çox yaxşı perspektivləri var. Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvüdür, İranla həmsərhəd ölkədir. Bütün bunlar Bakı ilə Moskvanın ən ciddi beynəlxalq problemlərlə bağlı əməkdaşlığını zəruri edir. Buraya İranın nüvə proqramından tutmuş, Suriyadakı vəziyyət və ümumilikdə, Yaxın Şərqdəki durum da daxildir. Cənubi Qafqazdakı problemlər də Azərbaycanla Rusiyanın maraq dairəsindədir. Onların arasında ən təhlükəlisi isə təbii ki, Dağlıq Qarabağ münaqişəsidir.

Göründüyü kimi, Moskvanın Bakı ilə müzakirə edəcəyi məsələlər çoxdur. Bu, yalnız onun demoqrafik, iqtisadi potensialı, sərfəli coğrafi mövqeyi  ilə bağlı deyil. Bu, həm də Bakının bir sıra digər postsovet ölkələrindən fərqli olaraq, müstəqil xarici siyasi kurs yürütməsi  ilə əlaqədardır. Azərbaycan çoxşaxəli xarici siyasət konsepsiyasına uyğun olaraq Şərq-Qərb, həmçinin Şimal-Cənub istiqamətləri üzrə münasibətlərdə müəyyən balans saxlayır. Məsələn, Bakı qoşulmama hərəkatına üzv olmaqla, hər hansı hərbi-siyasi bloka üzvlük arzusunun olmadığını nümayiş etdirib. Bakı yalnız Moskvanın inteqrasiya təşəbbüslərindən (Gömrük İttifaqı, KTMT, Avrasiya İttifaqı) kənarda durmur, eyni zamanda Avropa İttifaqı və ya NATO-ya inteqrasiya prosesini də düşünmədən sürətləndirməyə çalışmır.

Rusiya nümayəndə heyəti Bakıya gələn kimi "Zuğulba" hökumət iqamətgahında prezidentlər təkbətək görüş keçirdilər. Daha sonra danışıqlar geniş tərkibdə davam etdirildi. Sonda birgə mətbuat konfransı və sənədlərin imzalanması mərasimi oldu. Onların arasında ən əhəmiyyətlisi "Rosneft"lə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanmış sənəddir. Ümumilikdə isə Rusiya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 6 sənəd imzalandı. Onlar dövlətlərarası sərhəddə avtomobil körpüsünün inşası, humanitar sahədə əməkdaşlıq və sair daxil olmaqla, geniş sahələri əhatə edir. Vladimir Putinlə İlham Əliyev beynəlxalq və regional siyasətdəki əsas məsələlərlə bağlı fikir mübadiləsi də apardılar, Xəzərin hüquqi statusu, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdilər. Prezidentlər bu il 31 oktyabr - 1 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan III Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələsi haqda da diskussiya apardılar.

Səfər qısamüddətli idi və bir sutkadan da az davam etdi. O, işgüzar xarakter daşıdığından xüsusi təntənəli mərasimlər olmadı. Amma Putin Əliyevlə birlikdə yenilənən Bakının gözəlliklərini seyr etməyə, ev şəraitində çay içməyə, eyni zamanda, Azərbaycan prezidentinə Rusiyanın "Dağıstan" raketdaşıyan gəmisini göstərməyə macal tapdı. Qeyd edək ki, o, Bakıya "Volqodonsk" kiçik artilleriya gəmisinin müşayiəti ilə dost səfəri etmişdi.

Əksər yerli, Rusiya və xarici KİV Putinin Bakı səfərinin nəticələrini şərh edərkən diqqəti bir məqama çəkib: Moskva Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkisindən sonra Rusiya rəhbərliyinin İlham Əliyev hökuməti  ilə işləməli olacağını anlayır. Məhz bu üzdən də Vladimir Putin səfəri seçkidən sonraya saxlamağa ehtiyac görməyib. Rusiyanın tanınmış analitikləri (Sergey Markov, Aleksey Vlasov və b.) bunu Putinin həmkarı İlham Əliyevə dolayı dəstəyi kimi qeyd edir, eyni zamanda Əliyevin buna o qədər də ehtiyac duymadığını vurğulayırlar. Azərbaycanda sabitlik hökm sürür, atmosfer sakitdir, İlham Əliyevin reytinqi və seçkidə qələbə şansı isə yüksəkdir.

Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyi davam etdirəcəyini vurğuladığı çıxışında diqqəti çəkən məqam onun problemin yalnız siyasi yolla çözülməli olduğunu qeyd etməsidir. Putinin müttəfiq Ermənistanın çoxsaylı dəvətlərinə məhəl qoymadan böyük nümayəndə heyətilə Azərbaycana səfər etməsindən narazılığını gizlətməyən erməni siyasətçilər və KİV indi onun münaqişənin "siyasi həlli"lə bağlı bəyanatından təskinlik tapmağa çalışırlar. Amma bu, heç də o demək deyil ki, Ermənistanın aşkar naşükürlüyü və Avropa İttifaqına tərəf yönəlməsi fonunda Moskva onun ərazi iddialarına dəstəyi davam etdirəcək, Azərbaycan ərazilərinin 20 ildən artıqdır işğal altında saxlanılmasına göz yumacaq.

"Ermənistan Aİ ilə hərtərəfli ticarət zonasına daxil olarsa, Moskva nədən Bakını regiondakı əsas tərəfdaşı kimi qəbul etməsin?" - deyə MDU-nun Postsovet Məkanında İctimai-Siyasi Proseslərin Öyrənilməsi Mərkəzinin direktoru Aleksey Vlasov "Amerikanın səsi" radiosunun Rusiya xidmətinə müsahibəsində bildirib.

Rusiya və postsovet məkanı üzrə aparıcı alman ekspert Aleksandr Rar isə Moskvanın Bakı ilə tərəfdaşlıqda maraqlı olduğunu deməklə yanaşı, Azərbaycanın Rusiyanın siyasi orbitinə daxil ola biləcəyini istisna edib. O, Azərbaycanın müstəqil siyasət yürütdüyünü, Türkiyə kimi qüdrətli regional fövqəldövlətlə müttəfiq olduğunu, İsrail və ABŞ-la yaxşı əlaqələr qurduğunu xatırladıb. Ekspert bildirib ki, Rusiya diplomatları bütün bunları yaxşı anlayır və bu üzdən ortaya qəbulolunmaz təkliflər və hədəflər atmırlar.

İki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdəki ənənəvi əməkdaşlıqla yanaşı, enerji sektorunda da əməkdaşlığın perspektivli olduğunu söyləmək mümkündür. Moskva Azərbaycanın qaz ixracı üçün TAP boru xəttini seçməsini müsbət qarşılayıb. İndi Rusiya şirkətlərinin Azərbaycanla əməkdaşlığı genişləndirmək imkanı yaranıb. Bu istiqamətdə xüsusi maraq və fəallığı Rusiyanın ən nəhəng neft-qaz şirkəti olan "Rosneft" nümayiş etdirir. Onun strateji səhmdarı olan BP-nin bu hövzənin əsasən Azərbaycan sektorunda çalışdığını nəzərə alsaq, "Rosneft"in perspektiv strukturlara cəlb olunması yalnız Xəzərdə yox, üçüncü bazarlarda da üçtərəfli əməkdaşlığın əsasını qoya bilər.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev SOCAR və "Rosneft"in Urals markalı neftin Bakı-Novorossiysk neft kəmərilə əks istiqamətdə nəqlinə dair danışıqlar apardığını söyləyib. Söhbət ildə 5 milyon ton neft nəqlindən gedir. Onun müəyyən hissəsi Bakı-Tiflis-Ceyhan boru xəttinə vurula, oradan emal olunmaq üçün İtaliya və Almaniyaya göndərilə bilər. Bu işdə "Rosneft" də pay sahibidir. Tərəflər Rusiya neftinin bir hissəsinin Azərbaycanın Neft Emalı Zavodunda emal edilməsi, hazır məhsulun isə xarici istehlakçılara göndərilməsi imkanlarını da nəzərdən keçirir. Bu planların reallaşdırılması məqsədilə tərəflər paritet əsaslarla birgə müəssisə yaradacaq. O, Rusiya və Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdə neft və qaz yataqlarının kəşfi, işlənilməsi layihələrinin reallaşdırılması ilə də məşğul olacaq.

SOCAR-la əməkdaşlığın perspektivini "Rosneft"in prezidenti İqor Seçin də yüksək qiymətləndirib. Bakıda əməkdaşlıq haqda imzalanmış razılaşma haqda danışan Seçin onun "strateji sənəd olduğunu və aktivlərin mübadiləsini, birgə hasilatı nəzərdə tutduğunu" söyləyib. "Bir sıra istiqamətləri inkişaf etdirməyə hazırlaşırıq: qarşılıqlı tədarük, əməliyyatlar, birgə infrastrukturlardan istifadə imkanları, perspektivdə isə ola bilsin ki, treyder istiqamətində işlər", - deyə o, qeyd edib.

Beləliklə, Moskva ilə Bakı arasında ən yüksək səviyyədə dialoqun bərpa olunduğunu əminliklə söyləmək mümkündür. Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri bir məqamı təsdiqlədi - Rusiya ilə Azərbaycanın tərəfdaşlığı vacib və qarşılıqlı səmərəlidir.



MƏSLƏHƏT GÖR:

706