
SAKİTLİYİ POZANLAR
Finala çıxmağı bajaran üç milli dəri əljək ustası danışılmış oyun keçirmək istəyən ermənilərə rədd javabı verdi
Müəllif: Teymur TUŞİYEV Bakı
Bolqarıstanın Plovdiv şəhərində Köhnə qitənin boksçuları üçün ən vacib yarış olan Avropa çempionatı başa çatdı. Qızğın döyüşlərlə zəngin turnirdə digər çempionatlar kimi, qalmaqallı epizodlardan da yan keçmədi.
Bu qitə çempionatının əvvəlkilərdən fərqi onun gələn il olimpiada vəsiqəsi əldə etmək uğrunda keçiriləcək dünya çempionatının seçmə mərhələsi olmasında idi. Bu səbəbdən də onun bütün iştirakçılar üçün böyük əhəmiyyət kəsb etməsi təəccüblü deyil. Yarışma yeni olimpiada tsiklinin başlanğıcı idi. Bu mənada, son illər ərzində ilk dəfə tam heyətlə yarışmaya qatılmış Azərbaycan yığması da istisna deyildi.
Azərbaycanlı boksçuların çempionatdakı çıxışları da ötən illə müqayisədə müsbət oldu. Samir Məmmədov (51 kq), Şahin İmranov (57 kq) və Rahib Bəylərovun (75 kq) timsalında üç gümüş, Elçin Əlizadənin (91 kq) timsalında isə bir bürünc medal. Azərbaycanlı boksçular qitə yarışmasında indiyədək bu sayda medal qazanmamışdılar. Bundan başqa, komandamız qarşıya qoyulan vəzifəni 75% icra etdi - 7 boksçumuz (adları çəkinlənlərdən başqa, Ceyhun Əbiyev (48 kq), Cavid Tağıyev (81 kq) və Emil Kərimov (91 kq-dan artıq) yarışmanın dörddəbir finalına qədər yüksəldi və özlərinin dünya birinciliyində iştiraklarını təmin etdi.
Dördlük
Samir Məmmədovun uğuru, onun yaşının az olmasına baxmayaraq (Samirin cəmi 20 yaşı var), tamamilə qanunauyğundur. Son zamanlar bu boksçu sürətlə inkişaf edir və turnirdən-turnirə daha böyük uğurlar qazanır. Gənclərin yarışlarında iştirak edən Samir Məmmədov indiyədək nə mümkündüsə qazanıb. Böyüklər arasında keçirilən Avropa çempionatında ilk cəhddən finalda rusiyalı Georgiya Balakşinə məğlub olaraq, uğur qazana bilməsə də, gələcəkdə o, çox güman ki, boks olimpində öz yerini tutacaq. Həm də yalnız Avropada yox. Milli komandanın kapitanı, təcrübəli Şahin İmranovun «gümüşü» də təəccüblü deyil. O, turnirin gedişində reytinq cədvəlində öz çəkiləri üzrə birinci və ikinci yerləri tutan fransalı Xedafi Cehir və bolqar Aleksey Şaydulini məğlub edib. Finalda isə rusiyalı idmançı Albert Səlimova qarşı inamsız təsir bağışlayan boksçu sonda məğlub olub.
Rahib Bəylərovun finala çıxmasını isə xoş sürpriz hesab etmək olar. Finalda o da rusiyalı boksçuya qarşı ortaya heç nə qoya bilməyərək, dünya çempionu Matvey Korobova məğlub oldu.
Yeri gəlmişkən, ruslar ümumilikdə 9 qızıl və 2 gümüş medal qazandılar və Avropa boksu növbəti dəfə rusların hegemonluğu ilə barışmalı oldu. Dünya arenasında ruslarla yalnız kubalı idmançılar rəqabət apara bildilər.
Azərbaycanlı boksçuların iştirakına qayıdaq.
Turnirdə ötən çempionatın gümüş mükafatçısı Elçin Əlizadənin «bürüncü»ndən də söz açmamaq olmaz. Lakin milli komandanın məşqçisi Məmməd Eyvazovun etiraf etdiyi kimi, bu boksçudan qızıl medal gözlənilirdi. Odur ki Elçin Əliyevin nailiyyətini, nisbətən, uğursuz nəticə saymaq olar.
Ədalət naminə qeyd etmək lazımdır ki, komandamızda medal qazananların sayı çox da ola bilərdi. Məsələn, ötən çempionatın gümüş və bürünc mükafatçıları Romal Amanovla Emil Məhərrəmov çempionatındakı çıxışlarını onun ilkin mərhələdəcə başa vurdu və onların uğursuzluğunda hakimlərin qeyri-obyektivliyi heç də az rol oynamadı. Romal Amanovla bağlı vəziyyət, hətta, az qala, qalmaqala çevriləcəkdi. Məsələ ondadır ki, bolqarıstanlı Samet Xuseynovla döyüşdə azərbaycanlı boksçu qələbəni minimum hesabla qazandı: 54:53. Amma döyüşdən sonra bolqar tərəfi döyüşü idarə edən hakimə qarşı etirazını bildirərək iddia ediblər ki, o, Romal Amanovun kobud zərbəsinə görə boksçuya ikinci xəbərdarlıq etməyib və nəticədə Xuseynov məğlub olub. Maraqlıdır ki, Bolqarıstan tərəfinin etirazı qəbul olunub və idmançımızın qələbəsi əlindən alınıb.
Emil Məhərrəmova gəlincə, o, 22:25 hesabı ilə digər bolqar idmançı Boris Georgiyevə məğlub olub. Azərbaycan Boks Federasiyasının rəhbəri, Avropa Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Ağacan Əbiyevin sözlərinə görə, bu cütün qarşılaşmasında bolqar idmançının bir çox zərbələri haqsız olaraq hesaba alınıb, Emil Məhərrəmov isə rəqibini iki dəfə nokdauna salıb.
Ancaq Emil Məhərrəmov, Romal Amanov, həmçinin, Avropa birinciliyin-də iştirak etməyən 2003-cü ilin Dünya çempionu Ağası Məmmədov, o cümlədən, digər idmançılar mundiala qatılmaq üçün daha bir şans əldə edəcəklər. Gələn ilin ilk yarısında əlavə beynəlxalq turnir keçiriləcək və burada Bolqarıstanda keçirilən Avropa çempionatının uğursuzları dünya birinciliyinə qatılmaq üçün yerdə qalan vəsiqələr uğrunda mübarizə aparacaqlar.
Azərbaycanlılar və ermənilər rinqdə
Qayıdaq Bolqarıstanda keçirilən Avropa çempionatına. Bütün başqa beynəlxalq yarışlarda olduğu kimi, burada da azərbaycanlı idmançılarla ermənilərin yolları kəsişdi. Bu dəfə belə prinsipial qarşılaşmalar iki dəfə, özü də ikisi də 1/4 finalda baş tutdu. Ceyhun Əbiyev Ovanis Daniyelyana, Samir Məmmədov isə Vaçaqan Avaqyana qarşı döyüşdü. Amma ermənilər növbəti dəfə provakasiyaya əl atmasaydılar, erməni olmazdılar. Ağacan Əbiyevin sözlərinə görə, Ermənistan Boks Federasiyasının nümayəndələri ona müraciət edərək danışılmış oyun keçirməyi təklif edib. Ermənilər təklif ediblər ki, Ovanis Danielyan Ceyhun Əbiyevə bilərəkdən məğlub olsun, Samir Məmmədov isə eyni addımı Vaçaqan Avaqyana qarşı atsın. Lakin Azərbaycan Futbol Federasiyasının prezidenti ermənilərin təklifindən imtina edərək bildirib ki, iki ölkə arasında münasibətlərin normal olmamasına baxmayaraq, idman siyasətə qatılmamalıdır və iki ölkə idmançıları danışıqlar aparmamalı, münasibətləri rinqdə aydınlaşdırmalıdırlar. Lakin tale elə gətirib ki, hər şey əksinə olub. Belə ki, əsəblərinə hakim ola bilməyən Ceyhun Əbiyev məğlub olub, Samir Məmmədov isə, əksinə, erməni rəqibinə qalib gəlib.
Çempionatın maraqlı detalları sırasında türkiyəli boksçu Aydın Səlcuq və onun məşqçisi Əsələhətdin Pəkdoğanın hakimin qərarlarına son dərəcə kəskin reaksiyasını da göstərmək olar. Bu reaksiya olduqca böyük fəsadlara gətirib çıxardı. Avropa Həvəskar Boks Assosiasiyasının (EABA) prezidenti Eduard Xusainov qurumun növbədənkənar toplantısında türkiyəli boksçunu beş il, məşqçinisə ömürlük diskvalifikasiya edib. Belə səs-küylü qalmaqala səbəb olan hadisə Səlcuqla ingilis Franklin Gevinlə qarşılaşmasında baş verib. Xal hesabı ilə rəqibdən geridə olan türkiyəli boksçu rinqdə özünüaparma qaydalarını kobud şəkildə pozaraq, hakimdən bir neçə xəbərdarlıq alıb və sonda diskvalifikasiya olunub. Özünə qarşı verilən qərarları ədalətsiz sayan və bundan qəzəblənən Səlcuq hakimlərin ünvanına söyüş söyüb, əlcəklərini onların üzərinə tullayıb və reklam şitlərini sındırıb. Özündən çıxmış idmançının köməyinə gələn məşqçi isə döyüşü idarə etmiş hakimə rinqdən kənarda zərbə endirib. EABA İcraiyyə Komitəsinin növbədənkənar toplantısında Türkiyə millisinin rəhbərliyi rəsmən üzr istəsə də, böyük səs çoxluğu ilə kəskin sanksiyanın tətbiqi haqda qərar qəbul olunub. İclasın gedişində bütünlükdə komandanın diskvalifikasiya edilməsi təklif olunsa da, təklif dəstək qazanmayıb.
Avropa çempionatının nəticələrindən danışarkən qeyd etmək lazımdır ki, artıq Azərbaycanda gənc və perspektivli boksçuların meydana çıxması və özlərini böyük beynəlxalq turnirlərdə yaxşı tərəfdən göstərmələri sevindirməyə bilməz. Əsasən, Olimpiya oyunlarından sonra bütün millilərdə nəsildəyişmə prosesi baş verir. Lakin Bolqarıstanda və ötənilki Dünya çempionatında əldə olunmuş uğurları nəzərə alsaq, (Romal Amanov və Elçin Əlizadənin «gümüşü», Emil Məhərrəmovun isə «bürüncü»), biz gələcəyə optimist yanaşa və Pekin Olimpiadasında boksçularımızın həvəskar boksu dünyada dəbə salan rusiyalılar və kubalılarla medal yarışına girişəcəklərinə ümid edə bilərik.
MƏSLƏHƏT GÖR: