
"İNQİLAB" GERİ DÖNÜR
Misirdə "Müsəlman qardaşlar" hakimiyyətinin devrilməsi daxili mübarizənin başa çatdığı anlamına gəlmir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Misirdə dramatik təlatümlər davam edir. Cəmi bir il əvvəl "ərəb inqilabı"nı bayram edən ölkədə artıq "qalib" hakimiyyət devrilib. Bu "geriyə sayım" Misir xalqına nə verəcək?
Ümumilikdə silahlı qüvvələrin Məhəmməd Mursini hakimiyyətdən devirməsindən sonra Misirdə hadisələrin inkişafı ehtimal olunan istiqamətdə gedir. Mursi hərbçilərin qətlində, Misir iqtisadiyyatının talan edilməsində və HƏMAS, "Hizbullah" kimi terrorçu təşkilatlarla əlaqədə günahlandırılaraq həbs olunub. Eks-prezidentin təmsil etdiyi "Müsəlman qardaşlar" hərəkatı təqiblərə məruz qalır, onların təşkil etdikləri çoxsaylı etiraz aksiyaları fonunda bu təqiblər daha da artır. İslamçıların daha radikal hissəsi isə hüquq-mühafizə orqanlarına qarşı müəyyən aqressiv addımlar atmağa başlayıblar. Rəsmi KİV onları, hətta ölkədə pravoslav kopt kilsələri yandırmaqda da ittiham edir.
Ölkədə yaşananların dönüş nöqtəsi güc strukturlarının eks-prezident tərəfdarlarının Qahirə və digər şəhərlərdə qurduqları çadır-çəhərciklərini dağıtması olub. Rəsmi məlumatlara görə, bu zaman 600-dən artıq insan öldürülüb, yaralıların sayı isə 4200-dən çoxdur. "Müsəlman qardaşlar" isə 3 minədək itki verdiklərini, 10 mindən artıq yaralının olduğunu bildirir.
Bunun ardınca Misirin müvəqqəti prezidenti Adli Mənsur ölkə ərazisində bir ay müddətinə fövqəladə vəziyyət elan edib. İslamçı hərəkat üzvlərinin həbsləri isə davam edir. Onların arasında "Müsəlman qardaşlar"ın lideri Məhəmməd Badiya da var.
Müvəqqəti prezidentin məsləhətçisi Mustafa Hicazi Misirdəki iğtişaşların siyasi fikir ayrılıqlarının deyil, islamçıların terrorçu fəaliyyəti və ekstremizmin nəticəsi olduğunu bəyan edib. Müvəqqəti olaraq baş nazir səlahiyyətlərini icra edən Hazem Beblaui isə daha da irəli gedərək, "Müsəlman qardaşlar"ın rəsmən buraxılması təklifini irəli sürüb.
Sonuncular bu arada yenidən qanunsuz elan edilə bilər. Xatırladaq ki, onlar Hüsni Mübarəkin illərlə davam edən diktaturasının devrildiyi "Misir inqilabı"nadək yarım əsrdən artıq müddətdə məhz bu cür fəaliyyət göstəriblər. Yeri gəlmişkən, son günlərdə Misirdə yaşananlar Mübarəkin taleyinə də təsirini göstərib: Misir məhkəməsi etiraz aksiyalarının dağıdılması zamanı insanların kütləvi şəkildə məhv edilməsində günahlandırılaraq həbs edilmiş Mübarəki azadığa buraxıb. Səbəb eks-prezidentin həbsdə saxlanılması üçün əsasların tapılmamasıdır. Bu hadisə Misirdə "ərəb inqilabı"nın, ən azı, onun tiraniyanın devrilməsi və islamçıların hakimiyyətə gəlməsi ilə nəticələnən mərhələsinin sona çatdığını göstərir.
Qeyd olunanlar "ehramlar ölkəsi"ndə daxili siyasi gərginliyin cəmiyyətdəki parçalanmanın nəticəsi olduğunu təkzib etmir. İslamçıların etiraz aksiyalarının yatırılması onların elektoratının azalması anlamına gəlmir. Mursi və "Müsəlman qardaşlar" məhz bu elektoratın sayəsində cəmi bir il əvvəl Misirdə hakimiyyəti ələ almışdı. Misir ordusunun komandanlığı isə bu günlərdə nəinki hərbi dairələrin birliyini, həm də əhalinin böyük bir hissəsinin onları dəstəklədiyini nümayiş etdirir. Hərbçilərin islamçıları cəzalandırmasını, əslində ölkədə şəriət qanunlarının tətbiqindən narazı olan, dünyəvi düşüncəli əhalinin hamısı dəstəkləyirdi. Bunu ordunu islamçılardan üstün tutan liberallara da aid etmək olar. "Misir baharı"nın "islamçı nəticəsi"ni lap əvvəldən qəbul etməyən xristian-koptlart da o cümlədən...
Bütün bunlarla yanaşı, Misiri yaxın gələcəkdə nələrin gözlədiyinə, yeni rəhbərliyin hansı kursu yürüdəcəyinə dair suallar açıq qalır. Bu mənada əsas diqqəti cəlb edən Misirin faktiki rəhbəri general Abdul-Fəttah Əs-Sisidir. O, "Müsəlman qardaşlar"ın hakimiyyətdən kənarlaşdırılması prosesinin əsas simasıdır. Çoxları növbəti prezident seçkisi zamanı məhz onun qalib gələcəyini düşünür. Bu, kifayət qədər əsaslı düşüncədir. Üstəlik, Misirin azsaylı liberallarından olan Məhəmməd əl-Baradeyinin hakimiyyət cəbhəsini tərk etməsi bu ehtimalı daha da artırıb. Əl-Baradeyi siyasi meydanı hərbçilərin islamçıların etiraz aksiyalarını həddindən artıq sərt şəkildə dağıtmasına etiraz olaraq tərk edib. Onun Misirin vitse-prezidenti postundan istefa verməsi general Əs-Sisinin siyasi mövqelərini daha da gücləndirib. Bununla əlaqədar olaraq Qahirə Universitetinin professoru Məhəmməd Soffarın mövqeyi kifayət qədər maraqlıdır. O, "misirlilərin psixoloji baxımdan mülki lider qəbul etməyə hazır olmadıqlarını" düşünür.
General Əs-Sisi isə "millətçi" kimi tanınır. O, ötən əsrin 50-60-cı illərində Misirin müstəqilliyinin müdafiəsi və beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsində böyük rol oynamış Hamal Abdel Naserdən ilham alır. Beynəlxalq ictimaiyyətin Misir və onun ətrafında yaşananlara münasibəti isə elə yarım əsr əvvəl olduğu kimi, bu gün də birmənalı deyil.
Misirin hərbi rəhbərliyinin əməlləri Avropa İttifaqı tərəfindən sərt tənqid olunur. Misirin yeni hakimiyyətini islamçılara qarşı zorakı əməllərdən çəkinməyə çağıran Aİ Qahirəyə silah-sursat, polis əməliyyatları üçün xüsusi vasitələrin tədarükünü dayandırmaq niyyətindədir. Bundan başqa, Brüssel Misirə maddi-iqtisadi yardım proqramını da dondurmağı düşünür. Avropanın aparıcı dövlətləri Misirdə baş verən zorakılığın səviyyəsini "qəbuledilməz" adlandırır və qarşı-qarşıya duran tərəflərdən zorakılığın dayandırılmasını, danışıqlar masası arxasına əyləşmələrini tələb edirlər.
Bu arada Misirdə baş verənləri yalnız Türkiyə hərbi çevriliş kimi qiymətləndirir və BMT Təhlükəsizlik Şurasından yeni hakimiyyətin zorakı əməllərinin pislənilməsi üçün toplanmasını tələb edir.
Misirdəki vəziyyətlə bağlı ABŞ-ın mövqeyi daha çox maraq doğurur. Qeyd edək ki, Vaşinqtonla Qahirə arasında müttəfiq münasibətləri var və Misir Silahlı Qüvvələri (ölkənin hazırkı siyasətinin əsas aktyoru) Birləşmiş Ştatların və onun hərbi yardımının məhsuludur. Barak Obama bir tərəfdən, Məhəmməd Mursinin hərbi çevriliş yolu ilə devrildiyini etiraf etməkdən boyun qaçırır, digər yandan isə Misir hərbçilərinin əməllərinə dəstək vermir. Ağ Ev Misirdə fövqəladə vəziyyət elan olunmasını rəsmən pisləyib və Qahirəyə 1,3 milyard dollarlıq yardımın dondurula biləcəyinə eyham vurub.
Misirə yardım məsələsində əksər ekspertlər Səudiyyə Ərəbistanının Misir hərbçilərinə görünməmiş yardımına diqqət çəkir. Ər-Riyad, hətta ABŞ-ın Qahirəyə yardımını dayandıracağı təqdirdə, Misirə dəstəyi daha da artıracağını bəyan edib. Səudiyyə Ərəbistanının "Müsəlman qardaşlar"a bu qədər mənfi münasibəti misirli islamçıların bu ölkənin ərəb dünyasındakı liderliyinə son qoya biləcəyi ilə əlaqələndirilir. Bundan başqa, Səudiyyə Ərəbistanının monarx klanı Mursi hakimiyyətini "ərəb baharı"nın Fars körfəzi ölkələrinə yayılması baxımından da təhlükə hesab edirdi.
Xarici qüvvələrin Misirdə hadisələrin bu və ya digər istiqamətdə inkişafında həddindən artıq maraqlı olması göstərir ki, "ehramlar ölkəsi"ndə yaşananlar heç də yalnız daxili qarşıdurmalarla əlaqədar deyil. "Ərəb baharı" ətrafında baş verənlər getdikcə onu göstərir ki, bu prosesi kənardan qızışdıran qüvvələrin məqsədi Yaxın Şərqdə, hətta bütünlükdə islam dünyasında idarəolunan xaosun baş qaldırmasıdır. Bəzi region ölkələrində dünyəvi rejimlərin devrilməsi və hakimiyyətə islamçıların gətirilməsi, ardından da devrilməsi məhz bununla bağlıdır. Bunu Misirin timsalında da görmək mümkündür. Hazırda ölkə vətəndaş müharibəsi astanasındadır (vətəndaş müharibəsinin nələrə səbəb olduğunu isə yüz mindən artıq insanın həlak olduğu Suriyanın nümunəsində görmək olar).
Misirdə siyasi islamın məğlubiyyəti heç də dünyəvi və lerikal inkişaf yolu tərəfdarları arasında mübarizənin sona çatması demək deyil. Nəzərə alsaq ki, ordunun və dünyəvi dairələrin islamın yüksəlişini güc tətbiqi və ölkədə fövqəladə vəziyyətin elan edilməsi ilə önləməkdən başqa yolu yoxdur (Mübarəkin çoxillik idarəçilik təcrübəsi də bunu göstərib), bu, tamamilə aydın olur. Axı ötən il Misirdə keçirilmiş həm prezident, həm də parlament seçkisi "Müsəlman qardaşlar"ın qələbəsi ilə bitmişdi...
Bəs, sosial-iqtisadi problemlər, ABŞ və bütövlükdə Qərbin hegemonluğuna qarşı etirazların güclənməsi fonunda, getdikcə bütün müsəlman dünyası miqyasında populyarlığını artıran islamçılığın qarşısını necə almaq olar? Bu suala nə Amerika-Avropa strateqləri cavab verir, nə ərəb ölkələrinin dünyəvi inkişafının ideoloqları, nə də Misirin "bu gün və indi baş verənlər"lə bağlı taktiki qərarlar qəbul edən hərbi dairələri.
MƏSLƏHƏT GÖR: