15 Mart 2025

Şənbə, 01:19

İRANIN NÜVƏ PROQRAMI - ANKARANIN GÖZÜ İLƏ

İranın nüvə proqramı ətrafındakı problem hərbi yolla həll olunajağı təqdirdə, ən jiddi zərbə türkiyəyə dəyə bilər

Müəllif:

01.08.2006

İran probleminin kökündə duran əsas arqument Qərb ilə Tehran arasındakı qarşılıqlı inamsızlığın hökm sürməsidir. Qərb hesab edir ki, İran «altılıq» tərəfindən təqdim olunan təkliflər paketini hələ də cavablandırmamaqla vaxt udmağa çalışır, Tehran isə təkliflər paketini hazırlayan dövlətlərin verdikləri sözün üstündə durmayacağından ehtiyatlanır.

İranın nüvə proqramı ətrafında yaranmış böhranın həllində Türkiyənin yeri və rolu nədən ibarətdir?

Son ay ərzində Türkiyənin xarici işlər naziri Abdulla Gül iranlı həmkarı ilə dörd dəfə görüşüb. Lakin məsələ yalnız XİN başçıları səviyyəsində müzakirə ilə bitmir. Bu müddət ərzində Ankaranın problemlə bağlı ABŞ, Avropa Birliyi, MAQATE, BMT və Rusiya ilə də aktiv müzakirələri baş tutub. Ankaranın İranın nüvə probleminin həlli prosesinə qoşulmaq üçün etdiyi israrlı cəhdlərin səbəbi nədir? 

Cavab sadədir: problem hərbi yolla həll olunacağı təqdirdə, ən çox ziyan çəkən tərəflərdən biri məhz Ankara olacaq. Üstəlik, İran daxilində baş verə biləcək qeyri-sabitliyin dərhal Türkiyənin sərhəd regionlarına öz təsirini göstərəcəyi də şübhəsizdir.

Türkiyənin xarici ticarət saldosunun mənfi olduğunu da unutmaq olmaz və qonşu dövlətlə xarici ticarət əlaqələrinə yeni zərbənin vurulması arzuolunan deyil. 

Həmçinin, Türkiyə tranzitin dayandırılacağı halda da ciddi zərərlə üzləşəcək. Nəzərə almaq lazımdır ki, Şimali İraq artıq Türkiyə şirkətlərinin üzünə bağlıdır. 

Bundan başqa, Türkiyənin turizm sahəsi də təbii ki, ziyan çəkəcək. Belə ki, Qərb turistləri «qaynar nöqtələr»ə gəlməkdən çəkinirlər.

Əlbəttə ki, Ankara İranın nüvə dövlətinə çevrilməsini də qətiyyən arzulamır. Çünki belə olacağı təqdirdə, Ankara, regionda qüvvələr balansının pozacağını və bunun faktik olaraq Türkiyəyə potensial təhlükə yaradacağını anlayır. 

Üçüncüsü, Türkiyənin rəhbər dairələri yaxşı dərk edirlər ki, İranda baş verəcək istənilən hərbi toqquşmaların regiona həm siyasi, həm də humanitar cəhətdən təsiri qaçılmazdır. Unutmaq olmaz ki, Türkiyə ictimaiyyətində antiamerika əhval-ruhiyyəsi məhz Vaşinqtonun İraqda müharibəyə başlamasından sonra güclənib. Yeni «qaynar nöqtə» elə Türkiyənin daxilində «səbir kasası»nı daşdıra bilər və nəticədə, antiqərb, antiavropa mövqeləri daha da güclənər.

Şübhəsiz, İraqdakı qeyri-sabitlik artıq Türkiyədəki situasiyanın pisləşməsinə təsirini göstərib. Bunu, xüsusilə, cənub regionlarına aid etmək olar. Şimali İraq isə Kürd Fəhlə Partiyasının (PKK) terrorçularının məskəninə çevrilib. Türkiyə rəhbərliyinin inadlı tələblərinə baxmayaraq, Vaşinqton Ankaranın Şimali İraqda PKK əleyhinə əməliyyatlara başlamasını dəstəkləmədi. Nəticə göz qabağındadır: ABŞ-ın Türkiyəyə dəstək siyasəti sıfıra bərabərdir.

Son sosioloji sorğuların nəticələrinə görə, türklərin əksəriyyəti «bütün dünya üçün nüvə təhlükəsi mənbəyi» kimi İranı yox, İsraili görür. Respondentlər açıq şəkildə bildirirlər ki, Qərbin siyasətində ikili standartlar var və Qərb «İsrailin nüvə başlıqlarını görməməyə çalışır». Nəhayət, təhlükəsizliklə bağlı növbəti dalğanın regiondakı layihələrə, o cümlədən, Bakı-Tbilisi-Ceyhan (BTC) neft borusuna necə təsir göstərəcəyi məlum deyil. İran mətbuatında artıq regional «amerikapərəst boru kəmərləri»nin məhv ediləcəyi ilə bağlı hədələr səsləndirilib.

 

Amerika-Türkiyə münasibətlərinin «yumşalması» Vaşinqtonun Ankaraya inamı demək deyil

Bu konteksdə ABŞ-ın Ankaraya qarşı yürütdüyü siyasət maraq doğurmaya bilməz. Ağ ev Yaxın Şərq regionunda «müqavimət nöqtələri»nin orientasiyasının dəyişilməsində maraqlı deyil; xüsusilə də, Vaşinqton Ankaranın İraqdakı hərbi əməliyyatlara münasibətini bilir. Vaşinqtonda ayrı-ayrı şəxslər Türkiyənin ərəb ölkələri və Fələstinlə bağlı siyasətini «ikili» sayır və Ankaraya o qədər də etibar etmirlər. Türkiyəin Osmanlı İmperiyasının davamçısı imicinin möhkəmlənməsi və ABŞ-ın ərəb dünyasındakı mövqelərinin zəifləməsi də Ağ evin marağında deyil. 

Analitiklərin fikrincə, vəziyyət Türkiyəni xarici işlər nazirinin Vaşinqtonda apardığı iyul danışıqlarının nəticələri bəlli olduqdan sonra aydınlaşacaq. Sözsüz ki, hazırda iki ölkə arasında münasibətlər «sərindir». Bunu təsdiq edən daha bir məqam BTC-nin açılış mərasimində ABŞ-ın yalnız energetika nazirinin müavini səviyyəsində təmsil olunmasıdır.

Vaşinqton 2006-cı ilin aprelində ABŞ dövlət katibi Kondaliza Raysın Ankaraya səfəri zamanı İran məsələsində Ankaraya güvənirdi. Bu səfərdən dərhal sonra MAQATE-nin rəhbəri Məhəmməd əl-Baradeyi bəyan etdi ki, Türkiyə çox sərfəli mövqedə yerləşir və Ankaranın Yaxın Şərq ölkələri və İranla dərin əlaqələri var. «Qərb ilə yüksəksəviyyəli əlaqələrin olması və NATO-ya üzvlük də düzgün siyasətin qurulması üçün vacibdir. Mən əminəm ki, Ankara region ölkələrinə və ilk növbədə, Tehrana fikir ayrılıqlarının aradan qaldırılmasının düzgün yolunu göstərə biləcək», - deyə əl-Baradeyi bildirib.

İran qazının Türkiyədən keçməklə Avropaya çıxarılması planları haqda da unutmaq olmaz. İyulun əvvəlində İranın neft nazirinin köməkçisi Hadi Necat Heseyniyan Ankarada bəyan edib ki, Tehran sözügedən layihənin gerçəkləşməsində çox maraqlıdır.

Bununla yanaşı, təbii qazın Türkiyə ərazisindən Avropaya çıxarılması vasitəsi sayılan layihədə İranın «mavi yanacaq»ına da müəyyən yer ayrılır. Buraya Ədalət və İnkişaf Partiyasının «paralel olaraq Qərb və Şərq ilə yaxınlaşma» və «sivilizasiyalar arasında körpü funksiyası» siyasətini də əlavə etsək, Türkiyənin üzərində «oynadığı» sapın nə qədər nazik olduğu aydınlaşar...

 

ABŞ-ın təzyiqinə baxmayaraq, Ankara regionda yeni «gərginlik ocağı»nın əleyhinədir

Türkiyənin xarici işlər naziri Abdulla Gül bəyan edib ki, Ankara diplomatiyasının məqsədi «İranın nüvə proqramı ətrafında yaranmış böhranın sülh yolu ilə həllinə nail olmaqdır». «Bunun üçün Tehranın BMT Təhlükəsizlik Şurasının 5 üzvü və Almaniya tərəfindən təqdim olunan təkliflər paketinə müsbət cavab verməsi vacibdir», - deyə nazir Tehrana son səfəri zamanı qeyd edib.

Ankara Qərbin İrana dərin dövlətçilik ənənələri olan bir ölkə kimi hörmət etməsini istəyir. Ankaradakı diplomatik dairələrin fikrincə, Tehran tərəfindən edilə biləcək istənilən cüzi güzəşt, iranmeylli qüvvələrin mövqelərini möhkəmləndirəcək və böhranın dərinləşməsinə imkan verməyəcək.

Sonda terrorizmlə mübarizə məsələsinə də toxunmaq vacibdir. Vaşinqtondan fərqli olaraq, rəsmi Ankara bu məsələdə Tehranın ciddi dəstəyini hiss edir. Vaxtaşırı İrana məxsus qüvvələr Türkiyə ilə sərhəd rayonlarda terror əleyhinə əməliyyatlar keçirir və nəticədə, PKK yaraqlılarının hissələri məhv edilir. 

Razılaşın ki, Türkiyə üçün bu, azəhəmiyyətli məsələ deyil.


MƏSLƏHƏT GÖR:

386