
ÖZ DÖVLƏTİNİ VƏ XALQINI QORUMAQ…
İsrailin Azərbayjandakı səfiri Frtur Lenk hesab edir ki, onun ölkəsi ədalətli müharibə aparır
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Yaxın Şərqdəki növbəti böhran dünyanın diqqət mərkəzində qalmaqda davam edir. Məsələ heç də İsrail-Livan sərhədində baş verən hadisələrlə məhdudlaşmır: analitiklər hesab edirlər ki, İsraillə «Hizbullah» arasındakı qarşıdurmaya Yaxın Şərqin bir sıra digər ölkələri də cəlb oluna bilər. Yaxın Şərq ilə bağlı ən bədbin əhvalda olan analitiklər isə, hətta İsrail-Livan münaqişəsinə dördüncü dünya müharibəsinin başlanğıcı kimi yanaşırlar.
Xatırladaq ki, «Hizbullah» qruplaşmasının əsas tələbi İsrailin həmsərhəd «Şebaa ferması» ərazisindən çəkilməsidir. BMT-nin qətnaməsinə əsasən, bu ərazi Suriyaya məxsusdur. «Hizbullah», həmçinin, İsrail həbsxanalarında saxlanılan bütün livanlı məhbusların azad edilməsini tələb edərək, yalnız bunun müqabilində girov saxladıqları İsrail əsgərlərinin azadlığa buraxılacağını bildirir. Livanın cənubunda ölkənin nizami qoşunlarının yerləşdirilməsi ilə bağlı Təl-Əvivin etiraz etməsinə baxmayaraq, «Hizbullah» bu məsələni ölkənin daxili işi sayır.
İsrail hökumətinin və ABŞ-ın fikrincə isə, BMT-nin 1519-cu qətnaməsinin həyata keçirilməsinə və Livanın cənubunu bu ölkənin nizami ordusunun nəzarətinə verilməsinə nail olmadan, əməliyyatların dayandırılması ekstremistlərin qələbəsi demək olardı. Buna görə də İsrail sonadək mübarizə aparmaq fikrindədir. Yaranmış vəziyyətlə bağlı «R+»un suallarını İsrailin Azərbaycandakı səfiri Artur Lenk cavablandırır.
- Cənab səfir, zəhmət olmasa, baş verənlərə aydınlıq gətirin. Bir tərəfdən HƏMAS, digər tərəfdən isə «Hizbullah». Nə baş verir?
- Məncə, bu iki münaqişəni bir-birindən ayırmaq lazımdır. Əlbəttə ki, onlarda ümumi cəhətlər var, lakin əslində, söhbət ayrı-ayrı münaqişələrdən gedir. Hazırda dünya ictimaiyyətinin diqqəti daha çox Livanda, yəni İsrailin bu ölkə ilə şimal sərhədlərində baş verənlərə yönəlib. Burada vəziyyət kifayət qədər sadədir. 6 il əvvəl İsrail ordusu Livandan çıxarılıb və bundan sonra sərhədlər müəyyənləşib. Yəni bugünkü qarşıdurmaya qədər Livanda bir nəfər də olsun, İsrail əsgəri yox idi. Lakin iyulun əvvəlində Livan tərəfdən bir silahlı qüvvə sərhədi keçərək, İsrail ərazisinə soxuldu. Nəticədə, tərəflər arasında toqquşma və itkilər oldu. Bu hücum üçün heç bir səbəb yox idi. Çünki bir daha təkrar edirəm: qarşıdurma başlananadək Livanda bir nəfər əsgərimiz belə yox idi. Yeri gəlmişkən, israillilərin Livanı tərk etdiyini bu ölkə rəhbərliyinə müraciətləri zamanı BMT də dəfələrlə təsdiqləyib və Livan ordusundan sərhədi nəzarətə götürmək xahiş edilib. Amma bu baş vermədi. «Hizbullah» üçün bütün bunlar boş sözlər oldu və qruplaşma üzvləri İsrailin şimal hissələrinə zərbələr endirməyə başladı, bizə tərəf yüzlərlə raket atıldı. Mən sual verirəm: Azərbaycan, Allah eləməmiş, onun ərazisinə Ermənistan və ya İran tərəfindən raket zərbələrinin endiriləcəyi təqdirdə, necə hərəkət edərdi? Hesab edirəm, Azərbaycan rəhbərliyi bu hücumların qarşısını almağa və öz ölkəsini müdafiə etməyə başlayardı; necə ki İsrail bunu edir. Biz, ilk növbədə, raket hücumlarının qarşısını almaq və girov götürülmüş insanlarımızı geri qaytarmaq istəyirik. Nəhayət, Livan ordusu öz gücünü səfərbər edərək. sərhədləri nəzarətə götürməlidir. Yalnız bu tələblərin yerinə yetirilməsindən sonra danışıqlar masası arxasına əyləşmək olar.
- Beləliklə, İsrailin şimal sərhədlərində baş verənləri növbəti intifada (tərcümədə, «yeni dövrün ilk müharibəsi» deməkdir - red.) saymaq olarmı?
- Bu anlayış hazırda Livanla İsrail arasında baş verənlərə aid edilə bilməz. Bunu daha çox İsrail-Fələstin, HƏMAS qarşıdurmasına şamil etmək olar. Bizim şimal sərhədlərimizdə baş verənləri müharibə adlandırmaq olar, intifada isə daha böyük xalq kütləsi ilə mübarizəni özündə əks etdirir. Situasiya fərqlidir. Fələstin yalnız hərbi yolla İsrailin Qəzza zolağını tərk etməsinə nail oldu və bu bir il əvvəl biz buranı tərk etdik. İsraildə səhv olaraq güman edirdilər ki, bundan sonra Fələstin öz inkişafı ilə məşğul olacaq: məktəblər, uşaq bağcaları tikəcək, infrastruktur yaradacaq. Biz sülh şəraitində yaşamağa üstünlük versək də, bu baş tutmadı. Fələstinlilər mübarizəni davam etdirdilər və belə çıxır ki, İsrailin Qəzza zolağını tərk etməsindən sonra hədəf itdi və fələstinlilər bilmədilər ki, nə ilə məşğul olsunlar.
«Hizbullah» isə Livanın cənub hissəsini ələ keçirsə də, hökumət ya bilərəkdən, ya da bacarmadığından, buna reaksiya verə bilmədi. Eyni sözləri HƏMAS haqda da demək olar. Bu hərəkatın muxtariyyətdə keçirilən seçkidə qələbə qazanmasından sonra o, bütün Fələstinə nəzarəti ələ aldı. Məlumdur ki, bu təşkilatın bir hədəfi var, o da İsraili yer üzündən silməkdir. Belədə ortaya sual çıxır: biz Qəzza zolağı və Livanı tərk etməklə nə qazandıq? Hər iki istiqamətdə ölüm! Lakin ən acınacaqlısı odur ki, baş verənlər nəticəsində dinc sakinlər həlak olurlar.
- İsrail dinc livanlıların, mülki vətəndaşların həlak olmasına görə, dünya ictimaiyyətinin Təl-Əvivi qınayacağından qorxmur ki? Artıq bu məsələ ilə bağlı Rusiya, Yunanıstan, İspaniya və Avropa Birliyinin üzvü olan digər dövlətlər etirazlarını bildiriblər...
- Bu bir qədər qeyri-dəqiq məlumatdır. Xəritədə İsrailin şimal, Livanın isə cənub hissəsinə baxmaq kifayətdir. Məncə, Azərbaycan və İsrail hökumətlərinin əsas prinsipi öz xalqını qorumaq-dır. Dünya ictimaiyyətinə gəlincə, mən onun İsrailə qarşı olduğunu düşünmürəm. Bu məsələdə «Böyük səkkizlik» ölkələrinin Sankt-Peterburqda keçirilən sammitində verdiyi bəyanatı xatırlamaq yerinə düşər. Sənəddə deyilir ki, «Hizbullah» hərəkatı mövcud olmalı deyil və Livan hökuməti ölkənin cənub sərhədlərinə nəzarəti əlinə keçirməlidir. Mənə elə gəlir ki, dünya ölkələrinin əksəriyyəti anlamalıdır və anlayır ki, İsrail bu addımları atmalı idi. Altı il əvvəl biz geri çəkildik. Bəs əvəzində nə qazandıq? İnsanların çoxu HƏMAS və «Hizbullah» qruplaşmalarının nə dərəcədə təhlükəli olduğunu anlayır, İranın, Suriyanın siyasətinin əsl mahiyyətini dərk edir.
- Cənab səfir, İsrailin müdafiə qüvvələri bir müddət davam edən döyüşlərdən sonra, Livanın cənubunda «Hizbullah»ın əsas məskənlərindən sayılan Bint-Cbeyl şəhərini nəzarətə götürüb. Bundan əvvəl isə qonşu Marun-ər-Ras ələ keçirilib. İnsan tələfatı var. Sizə elə gəlmirmi ki, bu gün Suriya gözləmə mövqeyindədir və İsrail ordusunun Livandakı əməliyyatlar nəticəsində zəifləməsini gözləyir? Sonda isə Təl-Əvivə qarşı yeni müharibəyə başlamağı düşünür?
- Cənubi Livanda keçirilən hərbi əməliyyatlarda başlıca hədəf «Hizbullah» terror təşkilatının mövqelərini İsraildən kənarlaşdırmaqdır. Bint-Cbeyl şəhəri yaraqlıların İsrail şəhərlərini raket atəşinə tutması üçün istifadə olunurdu. İsrail hesab edir ki, Livanın cənubunda keçirilən əməliyyatlar regionda təhlükəsizliyin təmin edilməsinə xidmət göstərir.
- Bəs İsrail Türkiyənin təcrübəsindən istifadə edə bilərmi? Xatırlayırsınızsa, 1998-ci ildə Ankara Dəməşqin kürdlərə məxsus PKK terrorçu qruplaşmasına dəstək verdiyini bilən zaman, Suriyanın əvvəlki prezidenti Hafiz Əsədə birmənalı ultimatum verdi. Ultimatumda bildirilirdi ki, Suriya 48 saat ərzində PKK ilə bütün əlaqələri kəsməsə, hücuma məruz qalacaq. Ola bilərmi ki, İsrail Suriyaya bu ölkənin «Hizbullah»a silah və maliyyə dəstəyinə dair analoji ultimatum versin?
- İsrail qonşu ölkələrlə konfrantasiyada maraqlı deyil. Yaxşı olardı, Livan hökuməti öz ərazilərini nəzarətə götürsün və bununla da BMT-nin 1559 saylı qətnaməsinə əməl etsin (sənəd «Hizbullah»ın tərksilah edilməsini və Livanın rəsmi ordusunun ölkənin cənub hissəsində İsraillə sərhəd boyunca yerləşdirilməsini nəzərdə tutur - müəllif.).
- Livanda aparılan hərbi əməliyyatlar nəticəsində BMT Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsi yerinə yetirilməsinə nail olmasa, hazırkı müharibəni nəticəsiz adlandırmaq olarmı? Yəni mümkündürmü ki bundan sonra İsrail 2002-ci ilədək mövcud olmuş mövqelərə qayıtsın?..
- İsrail və dünya ictimaiyyəti BMT-nin 1559 saylı qətnaməsinin tamamilə həyata keçirilməsini gözləyir. Bunun həyata keçirilməsində Livan hökumətinə köməklik edilməsi üçün diplomatik səylər davam etdirilir. Mən əminəm ki, bu, Livanın, İsrailin və regionun digər ölkələrinin yalnız xeyrinə olacaq.
- İsrail regiona sülhməramlı qoşunların gətirilməsi ilə razılaşacaqmı?
- Hazırda bu məsələ beynəlxalq səviyyədə müzakirə olunur və xüsusilə İtaliya paytaxtında keçirilən görüşdə məsələ diqqət mərkəzində olub. Düşünürəm ki, beynəlxalq qüvvələrin regionda daha aktiv iştirakı təhlükəsizlik və sabitliyin güclənməsinə xidmət edərdi.
- Bir çox analitiklər hesab edirlər ki, İsrail öz əsgərlərinin «Hizbullah» tərəfindən girov götürülməsindən bəhanə kimi istifadə etdi. Əslində isə bu çoxdan planlaşdırımış aksiya idi...
- Biz insanlara istədikləri kimi düşünməyi qadağan edə bilmərik. Amma fakt faktlığında qalır və israillilər Livanı altı il əvvəl tərk etmişdi. Həm Fransa, həm ABŞ bu ölkənin bərpa olunması və inkişaf etməsi üçün əlindən gələni etdi. Situasiya isə göründüyü kimidir. Bundan başqa, daha bir kədərli məlumat vermək istərdim: qarşıdurmanın ilk günlərində İsrail tankında bizim hərbçilər həlak oldular və onların arasında bir nəfər azərbaycanlı da var idi. Bu, atası azərbaycanlı, anası isə yəhudi olan əsgər Qadir Musayev idi. Bu fakt göstərir ki, tarixi vətəninə dönmüş azərbaycanlılar İsraili, bir çox yəhudilər isə Azərbaycanı doğma vətən kimi qəbul edirlər. İsrail öz vətəndaşlarının həlak olmasını istəyərdimi? Düşünürəm ki, dünyanın sivil ölkələrindən heç biri bunu istəməz.
- Cənab səfir, hərbi əməliyyatlara Suriya və İranın da cəlb edilməsi ehtimalı nə dərəcədə yüksəkdir? Çünki İsrail məhz bu ölkələrin «Hizbullah»a dəstək verdiyini bildirir...
- Bir daha qeyd edirəm ki, İsrail qətiyyən kiminləsə yenidən müharibəyə başlamaq üçün alışıb-yanmır. Hazırkı vəziyyətdə biz özümüzü müdafiə edirik və düşünmürəm ki, İran və Suriya müharibəyə cəlb olunacaqlar. Dəstək məsələsinə gəlincə, buna şübhə yoxdur. Əks halda, «Hizbullah» maddi dəstək və raketləri haradan alır? Bu hərəkatın nümayəndələri fundamentalist düşüncəyə malikdirlər: onlar istəmirlər ki, insanlar azad yaşasınlar, özlərinə xoş gələn paltarları geyinsinlər və s.. Onların bir hədəfi var: İsrail yer üzündən silinməlidir, mövcud olmamalıdır. Bizim ölkəmizin yer üzündən silinməsi ideyasını onlar öz uşaqlarına da aşılayırlar. İsrail isə yalnız sülh istəyir.
- Livanda vətəndaş müharibəsinin başlanması ehtimalı nə dərəcədədir?
- Düzü, belə bir ehtimala inanmıram. Livanda insanların əksəriyyəti «Hizbullah»a nifrət edir və onlardan qorxur. Beyrutda yaşayan insanlar da bizim kimi «Hizbullah»ın nəzarəti altına düşmək istəmirlər. Bəs «Hizbullah» nəyi sübut etmək istə-yir? O, sübut etmək istəyir ki, müsəlmanlar və yəhudilər arasında müharibə həmişə olub və olacaq. Dünyada İordaniya, Türkiyə kimi bir çox müsəlman ölkələri var ki, onlar da HƏMAS və «Hizbullah»a nifrət edir. Belə ölkələr bu qruplaşmaların inkişaf etməsi üçün onlara zərrə qədər də şans vermək istəmir. Lakin radikal müsəlmanlardan qurulmuş bu iki təşkilat, əksinə, sübut etməyə çalışır ki, bütün dünya müsəlmanlarının baxışları eynidir.
- Cənab səfir, Təl-Əvivin bombardman edilməsi mümkündürmü?
- «Hizbullah»ın başçısı Həsən Nəsrullah bildirib ki, onun İsrail üçün bir çox sürprizləri var. Raketlər Hayfa və İsrailin digər şimal rayonlarına düşüb, lakin onlar daha uzaq şəhərlərə də gəlib çata bilər. Bir maraqlı detala fikir verin: İsrail və «Hizbullah» raketləri arasında prinsipial fərq var. Bizim raketlərimiz konkret hədəfləri zərərsizləşdirir. Onlar isə xaotik şəkildə zərbələr endirir. Yəni «Hizbullah» atəş açır və onun üçün maraqlı deyil ki raketlər hara düşəcək, İsrail ərazisində haranı dağıdacaq. Əsas odur ki, nəticədə çoxsaylı insan tələfatı olsun.
- Məlum olduğu kimi, raket zərbələrinə məruz qalan İsrailin şimalından əhali köçürülür. Evlərini tərk edən əhali üçün hansı şərait yaradılıb?
- Vəziyyət ağırdır. Burada çox tez-tez həyəcan siqnalı verilir və demək olar, hər evin altında bomba sığınacağı var. Hər evdə olmasa da, hər bir rayonda belə yerlər var. Lakin insanlar həyatlarını normal şəkildə davam etdirirlər, işə gedib-gəlirlər və s. İsraillilər bilirlər ki, onların qonşuları kimdir və bilirlər ki, hər an hər şeyə, həmçinin, özlərini müdafiə etməyə hazır olmalıdırlar. İsraillilər bu günləri ilə yaşayırlar, çünki sabah başlarına nə gələcəyini bilmirlər.
MƏSLƏHƏT GÖR: