15 Mart 2025

Şənbə, 01:19

TƏKRARLANAN TARİX

Yaxın şərqi qana qərq edənlərin məqsədi nədir?

Müəllif:

01.08.2006

Tarix bizi yalnız onu öyrədir ki, heç nəyi... öyrətmir. Mütəfəkkirlərdən birinin bu aforizmi bu gün də öz təsdiqini tapır. 1914-cü ildə serb tələbə Havrilo Prinsip Bosniyada Avstriya taxt-tacının varisi Frans Ferdinandı qətlə yetirən zaman, bu cür hadisəni həvəslə gözləyən fövqəldövlətlər olaydan yararlanaraq, əvvəlcədən hazırladıqları hərbi planları işə saldılar. I Dünya Müharibəsi milyonlarla insanın həyatına son qoydu, şəhərləri xarabaya çevirdi, Rusiyada bolşeviklər taxta oturdu, İtaliya və Almaniyada isə faşistlərin reytinqi yüksəldi.

Bu gün də - XXI əsrdə bir insanın taleyi tarixin axarını müəyyənləşdirir. Fələstinin HƏMAS qruplaşması İsrail ordusunun əsgərlərindən birini girov götürdü və bunu çoxdan gözləyən Təl-Əviv dərhal genişmiqyaslı hərbi əməliyyatlara başladı. "Hizbullah" qruplaşması da eyni ssenari ilə hərəkət etdi və toqquşmalar dalğası Livana da keçdi. Nəticədə, həlak olanların və yaralananların sayı artıq minə yaxınlaşır. Ümumdünya geosiyasətinin aparıcı oyunçularından olan dövlətlər isə hərəkətə keçərək, ötən əsrin əvvəllərində olduğu kimi, yenə də bu qarşıdurmadan dividend əldə etməyə çalışır.

Hərbi əməliyyatlar gözlənilmədən başlansa da, hadisələrin bu səmtdə inkişafı çoxdan proqnozlaşdırılırdı. Hələ ötən il fevralın 14-də Livanın eks-baş naziri Rafiq Həririnin qətlə yetirilməsindən sonra, bu ölkədə 1989-cu ildən mövcud olan sabitliyin İsraillə yeni gərginliklə əvəz olunacağı ehtimal edilirdi. 2000-ci ildə mən Livandakı durumla şəxsən tanış olmaq imkanı əldə etmişdim. Bu məqalənin müəllifinə verdiyi müsahibədə Həriri bildirmişdi ki, o, ölkədə baş verən proseslərə nəzarət edir. Başqa cür ola da bilməzdi. Böyük dövlətlərlə yanaşı, Livana qonşu ölkələr, həmçinin, "Hizbullah" qruplaşması da onunla hesablaşır və Həririnin mövqeyini qəbul edirdi. 

Onun qətlindən sonra isə Livanda və ona yaxın ölkələrdə sülhməramlı funksiyanı həyata keçirə biləcək fiqur qalmadı. Həriri dünyasını dəyişdikdən sonra, bəziləri ("Hizbullah") İsraili cəzalandırmaq, digərləri isə (Vaşinqton) İsrailin əli ilə radikal islamçı qruplaşmaları zərərsizləşdirmək kimi niyyətlərini həyata keçirmək şansı əldə etdilər.

Həriri qətlə yetirildikdən sonra, ABŞ Dövlət Departamenti Suriyaya qarşı qoşunlarını Livandan çıxarmaq tələbini sərtləşdirdi. Eyni zamanda, Livan paytaxtı Beyrutda mərhum Həririnin tərəfdarları ABŞ-a dəstək mitinqlərinə başladılar. Bir neçə aydan sonra isə Suriya qoşunlarını Livandan çıxarmaq məcburiyyətində qaldı. Lakin bu proses Livanın çiçəklənməsinə deyil, əksinə, ölkədə əvvəllər mövcud olmuş faciələrin təkrarlanmasına yol açdı. Odur ki "Suriya qoşunları Livanda olsaydı, İsrail Beyrut və onun ətrafındakı rayonlara zərbələr endirərdimi?" sualı qətiyyən təsadüfi səsləndirilmir. Suriya qoşunlarının Livandakı mövcudluğunun özü işğal kimi şərh edilsə də, bu faktor sabitliyin qorunmasına köməyini göstərirdi. Suriyanın dəstəyindən asılı vəziyyətdə olan "Hizbullah" da Dəməşq planının şərtlərini poz-mayaraq, İsrail ərazilərinə hücumlar təşkil etmirdi.   Belə ki, Livan ərazisinə müdaxilə Suriya ilə müharibə aparmaq kimi qəbul olunurdu.

Həriri qətlə yetirildi, Suriya öz qoşunlarını Livandan çıxardı və beləliklə, "Hizbullah"la İsrail arasında "münasibətlərin aydınlaşdırılması" məqamı yetişdi. Daha dəqiqi, Vaşinqton - Təl-Əviv və Dəməşq - Tehran cütlükləri arasında neytral ərazidə (oxu: Livanda) məsələlərin aydınlaşdırılması vaxtı gəlib çatdı. İsrail Suriya qoşunlarının Livan ərazisindən çıxmasından sonra, "Hizbullah" qruplaşmasının mövqelərini zəiflətmək məqsədini qarşısına qoysa da, hər hansı bəhanə olmadan qonşu dövlətin ərazisinə hücum edə bilmirdi. Belə "hədiyyəni"isə Təl-Əvivə "Hizbullah"ın özü verdi. Fələstinə dəstək nümayiş etdirmək məqsədilə İsraillə sərhəddə yeddi yəhudinin qətlə yetirilməsi və ikisinin girov götürülməsi ilə Təl-Əviv çoxdan gözlədiyi əməliyyata başladı. Livana hücumdan bir neçə gün əvvəl İsrail dünya ictimaiyyətinə müraciət etdi: bir israillinin girov götürülməsinə yüzlərlə fələstinli həyatı ilə cavab verəcək, onların evləri isə yer üzündən silinəcək. Deməli, "Hizbullah" görməli idi ki, İsrail iki əsgərinə görə qisas almaq və Beyruta zərbələr endirməyə hazırdır. Elə isə "Hizbullah" hansı səbəbdən İsraillə qarşıdurmaya getdi? Görünür, sivil fəaliyyətdən bezən ("Hizbullah" üzvləri Livan parlamentində təmsil olunurlar və qruplaşmanın bir neçə üzvü nazirdir - red.) "Hizbullah" İsrailə ötən illər ərzində hərbi imkanlarını genişləndirdiyini, arsenalında uzaqvuran raketlər topladığını nümayiş etdirmək, həmçinin, özünün regionda lider iddialarını ortaya qoymaq istəyib. Təəssüf ki, bu zaman qruplaşma əməllərinin nə ilə nəticələnəcəyini nəzərə almayıb...

İsrailin ünvanına səs-küylü hədələrlə çıxış edən "Hizbullah" lideri şeyx Həsən Nəsrullah Yaxın Şərqdə prosesləri idarə edə biləcək şəxslərdən birinə çevrilib. Hələlik o, "İsraillə sonadək vuruşmaq" niyyətini ortaya qoyur. "Hizbullah"ın, həmçinin, şeyxin arxasında İranın dayandığı da sirr deyil. 80-ci illərdə İsrail ordusu ilə mübarizə zamanı "Hizbullah" İranın hərbi xüsusi dəstələrinin xidmətindən yararlanıb, bu qruplaşmanın təmsilçiləri Tehrana səfərlər ediblər. Bu gün də İranın Livandakı səfirliyində "Hizbullah" ilə əlaqələrə cavabdeh olan xüsusi şöbə fəaliyyət göstərir və orada heç də az İran diplomatı çalışmır.

İrana arxalanan "Hizbullah" ötən illər ərzində ciddi hərbi təcrübə toplayıb. Beyrutda ABŞ və Fransa komendaturalarına qarşı 1983-cü ildə törədilmiş terror aksiyalarında qruplaşma üzvləri, təxminən, 300 hərbçi qətlə yetirib. Bundan sonra "Hizbullah" ABŞ-ın Beyrutdakı səfirliyinə hücum etdi və bu, qruplaşmanın Livanda və ərəb dünyasında böyük nüfuz qazanmasına səbəb oldu. Qruplaşmanın növbəti aksiyası 1992-1994-cü illərdə İsrailin Argentinadakı səfirliyi və mədəniyyət evində terror aksiyaları oldu. 80-ci illərin sonunda isə artıq "Hizbullah"ın sıralarında 5000-dən artıq silahlı üzv var idi.

Bəzi məlumatlara görə, İran hər il "Hizbullah"ın büdcəsinə 100 milyon dollar pul ayırır, qruplaşmanı silah-sursatla təmin edir, onun üzvlərinə məsləhətlər verir. Nəticədə, bu gün "Hizbullah", az qala, İsrailin mərkəzində yerləşən hədəflərə belə zərbələr endirmək iqtidarındadır. İran parlamentinin rəhbəri də "İsraildə heç kim özünü təhlükəsizlikdə hiss edə bilməz" bəyanatını səsləndirərkən, güman ki, İsrail ərazilərinə düşən İran raketlərini nəzərdə tuturmuş.

"Hizbullah" Livanın erməni siyasi dairələri ilə də yaxın əlaqələrə malikdir. Livanda olarkən mən Şeyx Nəsrullaha belə bir sual ünvanladım: "Müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu bir şəraitdə, sizin ermənilərlə yaxın münasibətləriniz səhv deyilmi?". Şeyxin cavabı belə oldu: "Ərəblər Osmanlı Türkiyəsinə qarşı ermənilərlə çiyin-çiyinə mübarizə aparıb və bizi çox şey birləşdirir"... Və bu adam İsraili işğal olunmuş torpaqları azad etməyə çağırır...

Bununla yanaşı, Şeyx Nəsrullah özünün altı il bundan əvvəlki müsahibəsində bildirmişdi ki, o, hətta İsrailin işğala son qoyacağı halda belə, bu dövləti rahat buraxmayacaq: "Fələstinin azad olunmasından sonra, Livandakı qaçqınlar öz yurdlarına qayıtlmalıdırlar. Həmçinin, İsrail həbsxanalarından saxlanılan bütün fələstinli və livanlı dustaqların azad edilməsi də vacibdir. Bunlar həyata keçənədək İsrail bizim hədəfimizdə olacaq".

"Hizbullah"ın kənardan idarəolunması faktı Livan üçün daim problemlər yaradıb. Bunun bariz nümunəsi hazırkı qarşıdurmadır. İsrail əsgərlərini girov götürməklə, "Hizbullah" Livan hökumətini və öz xalqını girova çevirdi. İsrailin Livana endirdiyi raket zərbələrindən əsas zərərçəkənlər heç də "Hizbullah" üzvləri yox, dinc sakinlərdir. Ölkə iqtisadiyyatına dəyən zərər isə milyardlarla dollarla ölçülür. Buna cavab olaraq "Hizbullah"ın İsrail ərazisinə endirdiyi zərbələrdən qarşı tərəfin çəkdiyi zərər o qədər də böyük deyil və İsrail özünə dəyən ziyanı cəmi bir neçə ilə aradan qaldırmağa qadirdir. Livan isə hələ 20 il əvvəl - 1982-ci ildə baş verən müharibənin nəticələrini tam aradan qaldıra bilməyib. Odur ki hazırkı iqtisadi böhrandan danışmağa belə dəyməz. Livanın baş naziri qeyd edib ki, ölkənin bombalanması dövləti, ən azı, 50 il geri salıb. Lakin qarşıdurmalar və "Hizbullah"-İsrail münaqişəsinə baxmayaraq, bu müharibə nə vaxtsa sona çatmalıdır.

Dünya ictimaiyyəti Livana BMT-yə məxsus sülhməramlıların göndərilməsi məsələsini nəzərdən keçirir. Həmin qüvvələrin Livanın cənubunda - İsrail ilə sərhəddə yerləşdirilməsi nəzərdə tutulur. İsrail və onu dəstəkləyən ABŞ da məhz buna nail olmaq istəyirdi: əvvəlcə "Hizbullah"ı mümkün qədər zəiflətmək, daha sonra isə regionda BMT sülhməramlılarının yerləşdirilməsi və bununla da həmin qüvvələrin Livan-İsrail sərhədini nəzarətə götürməsinə nail olmaq. Hadisələr bu cür inkişaf edəcəyi halda, "Hizbullah"ın Livanın cənubunda hərəkət etməsi və İsrail ərazisini hədəfə alması kifayət qədər çətinləşəcək. Maraqlıdır, görəsən, iki israilli əsgəri girov götürərək bu qədər günahsız insanın qətlinə və Beyrutun dağılmasına şərait yaratmağa dəyərdimi?

Bəli, tarix təkrarlanır. 80-ci illərin əvvəllərində Livan-İsrail münasibətləri oxşar gərginlik yaşamışdı. 

Odur ki  gələcəkdə tarixi bir daha vərəqləməyə ehtiyac olacaq.


MƏSLƏHƏT GÖR:

382