14 Mart 2025

Cümə, 23:29

QAZ SEKTORU

İsrailin yeni qaz yataqlarının işlənməsinə başlaması Yaxın Şərqə nə vəd edir?

Müəllif:

27.08.2013

Yaxın Şərqdə enerji sahəsində hadisələrin gedişi göstərir ki, dünyanın enerji xəritəsində yeni enerji fövqəldövləti yaranmaqdadır. Bu, İsraildir. Hələ bir neçə il əvvəl bu fikri yalnız ekstravaqant futuroloqun sürrealist fərziyyəsi kimi qəbul edərdik. Bu gün isə bu, adekvat reallıq qəbul olunur. Artıq 2013-cü ilin aprelindən İsrail qaza olan tələbatının bir hissəsini "Tamar" dəniz yatağından hasil etdiyi "mavi yanacaq" hesabına ödəyir.

Yataq 2009-cu ildə aşkarlanıb və Hayfa şəhərinin 90 kilometrliyində yerləşir. Hesablamalara görə, orada təxminən 240 milyard kubmetr qaz var. "Tamar"ın ardınca İsrail daha bir nəhəng qaz yatağını aşkarlayıb. "Tamar"dan fərqli olaraq, "Leviafan" adlanan bu yataq sahildən o qədər də uzaqda yerləşmir. Livanla dəniz sərhədi yaxınlığındakı yataqda 450 milyard kubmetr təbii qaz ehtiyatının olduğu guman edilir. Bu yataqdan qaz hasilatına 2016-cı ildə başlanılacağı gözlənilir.

İsraildə neft və qaz yataqları əvvəllər də tapılıb. Məsələn, hələ 1955-ci ildə Sderot şəhəri yaxınlığında o qədər də böyük olmayan "Heles" neft yatağı aşkarlanmışdı. Sonradan müxtəlif vaxtlarda Ölü dəniz ərazisində və Aşdod şəhəri yaxınlığında "Zaor", "Kidot", "Ha-Kanaim" kimi yataqlar aşkarlandı. Lakin onlardakı ehtiyat az, neftin keyfiyyəti isə son dərəcə aşağı səviyyədə idi. İsrail ehtiyatının müəyyən qədər ciddi olduğu ilk yatağı 2000-ci illərdən sonra aşkarlayıb. Aşdod yaxınlığında aşkarlanan "Meri-Bi" qaz yatağı ehtiyat həcminə görə, orta ölçülü sayılırdı. Onun 30 milyard kubmetr qaz ehtiyatının olduğu müəyyənləşdirilmişdi. Bu yataq ərazidə daha nəhəng yataqların olduğunun göstəricisi idi və onların aşkarlanması artıq zaman məsələsi idi.

Və gözlənilən zaman yetişdi və həm də çox yerinə düşdü. İsrailin öz qazının olması nəinki ölkə daxilində, hətta bütünlükdə regionda vəziyyəti köklü şəkildə dəyişib. "Tamar" yatağının istismarı İsrailə özünü təbii qazla Misirdə təlatümlərin başladığı zaman təmin etmək imkanı yaratdı. İsrailə ildə 1,7 milyard kubmetr qaz nəql edən və yəhudi dövlətinin təbii qaza olan tələbatının 43%-ni ödəyən Misirdə Hüsni Mübarəkin devrilməsindən dərhal sonra Təl-Əvivlə qaz müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi elan olundu. Bu, İsrail üçün problemə çevrildi. Çünki o, enerji sahəsində tələbatının təxminən 40%-ni məhz təbii qaz hesabına ödəyir. Aydın idi ki, bundan sonra kifayət qədər uzun bir dövrdə iki ölkə arasında enerji sahəsində əvvəlki əlverişli əməkdaşlıq olmaya bilər. Üstəlik hələ müqavilənin ləğvinədək İsrailə qaz nəql edən boru xətti dəfələrlə hücumlara məruz qalmışdı və bu, yəhudi dövlətindən təcili olaraq alternativ qaz mənbələri axtarışını tələb edirdi. Misirin qaz müqaviləsini ləğv etməsi İsrailin elektrik enerjisilə təchizatında problemlər yaratdı, onun qiymətində 25%-lik artıma səbəb oldu. İsrail yalnız öz qazının hasilatına başlamaq hesabına ölkənin enerji sektorunda sabitliyi bərpa edə bildi.

İsrailin dənizdəki təbii qaz yataqlarının işlənməsinə başlanılması regionun enerji geosiyasətini köklü şəkildə dəyişə bilər. İlk növbədə İsrail təbii qaza olan daxili tələbatını tamamilə öz hesabına ödəyə, bir neçə il bundan sonra üçün də qaz ehtiyatı əldə edə, bununla da yəhudi dövlətinin mövcudluğunu belə, şübhə altına alan regiondakı qonşularından bu sahədəki asılılığını aradan qaldıra bilər.

Bundan başqa, qaz yataqlarının işlənməsi İsrailin qonşu dövlətlərlə münasibətlərinə də təsir göstərə bilər. Məsələn, Livan artıq "Leviafan" yatağına iddiasını ortaya qoyub. O, yatağın Livanın ərazi sularında yerləşdiyini iddia edir. Düşünmək olardı ki, bu, İsrailə yaxşı heç nə vəd etmir. Amma əslində bu vəziyyət əksinə, yəhudi dövlətinin işinə yarıya bilər. Məsələ ondadır ki, Livan İsraili tanımır və BMT-dən iki dövlət arasındakı dəniz sərhədlərinin demorkasiyasını tələb edir. Yeri gəlmişkən, Livanla İsrail arasında quru sərhədlərinin demarkasiyası məhz bu qurum tərəfindən həyata keçirilib. Nəticədə Livan dolayısı ilə İsrailin mövcudluğunu qəbul edir. Üstəlik Beyrut qonşu Suriya və Kiprlə də dəniz sərhədlərinin demarkasiyası prosesinə başlayıb. Bu da Livanın Aralıq dənizinin enerji resursları uğrunda yarışa qoşulmaq niyyətindən xəbər verir. Belə olan təqdirdə karbohidrogenlər "ov"unun iştirakçıları arta bilər. Perspektivdə isə qarşılıqlı maraqlara əsasən, yataqlardan sahilə ümumi boru xətti çəkilə, bu isə iki ölkə arasında münasibətləri yeni səviyyəyə yüksəldə bilər.

İsrail qaz hasilatının artması və daxili tələbatın ödənilməsi fonunda "mavi yanacaq"ın ixracatçısına çevrilmək haqda da düşünür. Doğrudur, hələ ki, onun qonşu ölkələrə qaz satması problemlidir, çünki, yəhudi dövlətinin qonşuları ilə münasibətləri yumşaq desək, yaxşı deyil. Amma hələ ki, İsrailin müstəqilliyini tanımış azsaylı ərəb dövlətlərindən olan İordaniyaya müəyyən həcmdə qaz ixrac etmək mümkündür. İordaniya Misirdən ildə 2,4 milyard kubmetr qaz idxal edirdi. Lakin Panarab qaz borusunun partladılması və bu ölkəyə qaz nəqlinin dayanması İordaniya iqtisadiyyatına hər gün 5 milyon dollar ziyan vurur. Hazırda İordaniyanın başqa qaz mənbəyi yoxdur və İsrailin bu ölkəyə "mavi yanacaq" ixrac etməsi hər iki ölkə üçün yalnız kommersiya baxımından yox, siyasi baxımdan da əhəmiyyət kəsb edə bilər. İsrail bununla İordaniyanın simasında regionda müttəfiq olmasa da, tərəfdaş qazana, bununla da onların arasında münasibətlər strateji səviyyəyə yüksələ bilər.

İordaniyadan başqa, İsrail qazının ixracı üçün Avropa bazarı da perspektivli istiqamətdir. "Leviafan" yatağının işlənilməsinə başlanıldıqdan sonra Türkiyə sahillərilə sualtı boru xətti çəkmək, onu Türkiyənin qaz kəməri sisteminə birləşdirmək olar. Perspektivdə İsrail qazının Azərbaycan hökumətinin "Şahdəniz" yatağından hasil olunan təbii qazın Avropa bazarlarına çıxarılması üçün təklif etdiyi TANAP layihəsilə ixracı da mümkündür. Yeri gəlmişkən, bu, Azərbaycanla İsrail arasında enerji sahəsində ilk əməkdaşlıq olmadı. İsrail idxal etdiyi neftin təxminən üçdəbirini Azərbaycandan alır. Bundan başqa, SOCAR-ın törəmə şirkəti olan Caspian Drilling Company israilin "Med Aşdod" yatağının qazma işlərində iştirak edir. Bu, SOCAR-ın Azərbaycandan kənarda yataq işlənməsində ilk iştirakıdır. Orada əldə olunan təcrübə bu istiqamətdə fəaliyyəti inkişaf etdirməyə imkan yaradacaq.

İsrailin TANAP layihəsində iştirakı iki ölkə arasında əməkdaşlıq üçün daha bir addım ola bilər. Üstəlik boru xətti İsrail Hərbi Dəniz Qüvvələrinin "Mavi Mərmərə" gəmisini saxlamasından sonra Təl-Əvivlə münasibətlərində ciddi soyuqluq yaranmış Türkiyə ərazisindən keçir. Təl-Əvivin bir müddət əvvəl həmin hadisəyə görə rəsmi Ankaradan üzr istəməsi münasibətlərin bir qədər isinməsinə yol açıb. Odur ki, münasibətlərin tam bərpası üçün yeni əməkdaşlıq sahələrinin meydana çıxması son dərəcə yerinə düşərdi.

Qeyd etmək lazımdır ki, təbii qaz artıq xeyli vaxtdır, ciddi iqtisadi təhlil mövzusu deyil. Söhbət İsraildən getdikdə isə onun strateji əhəmiyyəti dəfələrlə artır. Ölkə öz enerji təhlükəsizliyini öz imkanları hesabına təmin etmək şansı qazanıb. Bundan başqa, qaz İsrailin region dövlətlərilə yeni, dayanıqlı münasibətlər qurmasına imkan verəcək. Nəticədə yəhudi dövləti öz mövqelərini möhkəmləndirmək və regional siyasətində enerji strategiyasına söykənmək imkanı əldə edəcək. Başqa sözlə, "Tamar" yatağının istismarı həm İsrail, həm də bütünlükdə region üçün multiplikasiya effekti olacaq.



MƏSLƏHƏT GÖR:

756