15 Mart 2025

Şənbə, 02:51

XEYİR VƏ ŞƏR QARDAŞDIR…

İtaliya futbolunda yaşanan korrupsiya qalmaqalı, bu ölkənin öz tarixində 4-jü dəfə qazandığı dünya çempionu adına da kölgə saldı

Müəllif:

15.07.2006

Bu günlərdə Yer kürəsi sayca 18-ci Dünya çempionatını yaşadı və turnir Avropa kontingentinə ilk dördqat Dünya çempionunu bəxş etdi. Bu, İtaliya yığmasıdır. Qələbələr və məğlubiyyətlər, sevinclər və kədərlər, doğrulan və doğrulmayan ümidlərlə dolu bir ay arxada qaldı. Dünya çempionatının reqlamenti belə qurulub ki, sonda cəmi bir ölkə qələbəni bayram edir. Digər ölkələr isə mundialı məğlub edilmiş və kədərli şəkildə tərk edirlər. Bu dəfə həmin komanda Fransa yığmasından güclü çıxan «skuadra adzurra» (italyanlar ölkə yığmasını belə adlandırırlar - müəllif) oldu.

 

Finala aparan yol

Bu iki komandanın turnirdə keçdiyi yol fərqlidir. İtalyanlar mundialboyu onun əsas fovaritlərindən biri hesab olunduğu halda, fransızlar ilkin mərhələdə öz azarkeşlərini əməlli-başlı məyus etdilər. 

Əvvəlcədən proqnozlaşdırıldığı kimi, italyanlar öz qruplarında Qana və Çexiya millilərini çətinlik çəkmədən məğlub etdi, ABŞ millisi ilə isə heç-heçə oynayaraq birinci yeri tutdu. İtalyanların yalnız 1/8 finaldakı qələbəsini şübhə altına almaq olar. Həmin qarşılaşmada Avstraliya yığması ilə üz-üzə gələn İtaliya millisi Yaşıl ada təmsilçisinə əsas vaxtın sonuncu dəqiqəsində, əslində, hakimin səhv qərarı ilə verilmiş penalti ilə qalib gəldi. 1//4 finalda isə onların qarşısında Ukrayna millisi idi və ukraynalılar «skuadra adzurra»ya layiqli müqavimət göstərə bilməyərək, qapısından üç cavabsız top buraxdı.

İtaliya və Almaniya yığmaları arasında keçirilən yarımfinal isə mundialın əsl bəzəyinə çevrildi. Həmin qarşılaşmada hər şey var idi - parlaq və baxımlı hücumlar, fədakarcasına müdafiə və hər top uğrunda mübarizə, nəhayət, gözlənilməz və dramatik sonluq. 119-cu dəqiqədə, rəqiblərin artıq qalibin penalti seriyasında aydınlaşacağına hazırlaşdığı bir vaxtda, qəfildən, sanki «şimşək çaxdı»». Əvvəlcə italiyalı futbolçular hesabı açdılar. Cəmi bir dəqiqə sonra isə Del Pyero qolun əvəzini çıxmaq üçün irəli atılmış alman futbolçulardan sıyrılaraq, yekun nəticəni elan etdi. Boks termini ilə ifadə etsək, Almaniya nokauta, alman azarkeşlər isə şoka salındılar.

Fransızlar isə Dünya çempionatının əvvəlində ortasəviyyəli oyun nümayiş etdirərək, 1998 və 2000-ci illərdə Dünya və Avropa çempionu olmuş qorxunc komandanın zəif kölgəsini xatırladırdı. Bir çox ekspertlər nəsildəyişmə prosesinin uzandığından danışaraq, bildirirdilər ki, hazırda Fransada Zinəddin Zidan, Liliam Türam, Makelele və digər veteran futboçuları əvəz edə biləcək oyunçular yoxdur. Qrup mərhələsində fransızlar İsveçrə ilə heç-heçə oynadılar (0:0), koreyalılarla matçda məğlubiyyətdən güclə xilas oldular (1:1). Onlar yalnız güclü olmayan Toqo yığması üzərində asan qələbə qazandılar. 

Belə zəif qarşılaşmalardan son-ra İspaniya ilə Fransa arasındakı 1//8 finalda, öz qrupunda güclü təsir bağışlamış İspaniya favorit sayılırdı. Lakin bu mərhələdə Fransa millisi tamamilə fərqli və dinamik bir oyun nümayiş etdirərək, çoxları üçün gözlənilməz sayılan nəticəyə imza atdı. Onlar İspaniyanı 3:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazandılar. Lakin heç kim inanmazdı ki, 1//4 finalda fransızlar məğlubedilməz Braziliya millisini dayandıracaq. Bu qarşılaşmada Zidan və onun komandası çempionatdakı ən yaxşı oyununu oynadı. Onlar bil qol vuraraq Ronaldo, Ronaldinyo və digər braziliyalı ulduzları tam zərərsizləşdirdi və nəticədə, rəqib Bartezin qapısı qarşısında, faktik olaraq, bir dənə də təhlükəli vəziyyət yarada bilmədi. Bununla da braziliyalılar 1998-ci il Dünya çempionatının finalında üçrənglilərdən aldıqları 0:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilmədilər. 

Mundialın yarımfinalında Loren Domenekin yetirmələri yenə də minimum hesabla portuqaliyalılara qalib gəldilər.

 

Qatı düşmənlərin köhnə münasibətlərinin aydınlaşdırılması

Almaniyadakı dünya birinciliyinin Fransa-İtaliya finalı həm də ona görə maraqlı idi ki, o, 2000-ci ildə keçirilmiş Avropa çempionatı finalının təkrarı idi. Həmin vaxt Fransa millisi «Yuventus» klubunun forvardı David Trezeqenin gətirdiyi 2:1-lik qələbəni bayram etmişdi. Bir qədər irəli gedərək qeyd edək ki, təsadüf elə gətirdi ki, dünya birinciliyinin finalının antiqəhrəmanlarından biri elə həmin Trezeqe oldu...

Revanşın baş tutub-tutmaya-cağını bilmək üçün «Olimpiaştadion»a kimlər gəlməmişdi?! BMT-nin Baş katibi Kofi Annan, ABŞ-ın eks-prezidenti Bill Klinton və sabiq amerikalı dövlət katibi Genri Kissincer, Milli Olimpiya Komitəsinin keçmiş və hazırkı prezidentləri Jak Roqe və Xuan Antonio Samaranç, Almaniyanın hazırkı və keçmiş kanslerləri Angela Merkel və Helmut Kol, Fransanın hazırkı prezidenti Jak Şirak, FİFA-nın fəxri prezidenti Joao Avelanj... Siyahını sonsuzluğa qədər uzatmaq olar. Çünki bu, Dünya çempionatının finalı idi.

Hər şey pərtliklə başladı. İlk dəqiqədəcə italyan müdafiəçi Kannavaro meydanın mərkəzində kobud oynadı və onun Anrini ya dirsək, ya da çiyinlə qarşılaması nəticəsində fransız hücumçu xeyli vaxt nokdaun vəziyyətində qaldı. Həkim uzun müddət forvard üzərində cadugərlik etməklə məş-ğul oldu, ona soyuq kompres edildi, naşatır iylədildi və nəhayət, Anri meydana qayıtmaqla üçrənglilərin azarkeşlərini sakitləşdirdi. Bir qədər sonra isə qarşılaşmanın əvvəli üçün gözlənilməz olan qol da gəlib çıxdı. Sağ tərəfdən cərimə meydançasına daxil olan Maluda topu Materazzi və Kannavaronun arasından ataraq yıxıldı. Etiraf etmək lazımdır ki, onun yıxılması çox inandırıcı göründü və görünür, bu səbəbdən də argentinalı hakim Elisondonu yanıltdı. Yalnız təkrarda açıq görünürdü ki, Materazzi «Lion»un hiyləgər yarımmüdafiəsinin guya ilişdiyi ayağını onun qarşısına qoymadı, əksinə, geri çəkdi!

Penaltinin özü isə heç də az maraqlı alınmadı. Onu vurmağa, təbii ki, Portuqaliya ilə yarımfinal qarşılaşmasında 11 metrliyi ideal şəkildə yerinə yetirən Zidan getdi. Görünür, o, Buffonun aşağı künclərdən hansınasa tullanacağını düşünərək, tamamilə başqa cür addım atmaq qərarına gəldi və topu, sadəcə olaraq, onun üzərindən atmağa çalışdı. Bu yerdə futbol Allahı Zidanın üzünə güldü. O, dahi futbolçunu karyerasının son oyununda qoldan etmək istəmədi. Zidanın asma zərbəsindən sonra (Buffon həqiqətən də küncə tullandı), top qapı çatına dəydi. Lakin qapı xəttindən içəri düşdü.

Amma italyanlar məyusluğa qapılmayaraq, tezliklə status-kvonu bərpa etdilər və bu qola əlini (daha dəqiq, başını) elə həmin Materazzi qoydu. Kamoranezi Abidal ilə top uğrunda sonadək mübarizə apardı və nəticədə, künc zərbəsi qazandı. Eks-argentinalı əvvəlcə künc zərbəsini özü yerinə yetirmək istəsə də, sonradan bunu meydanın küncünə, Allah bilir, haradan qaçıb-gələn «standart vəziyyət»lərin ştatlı sahibi olan Pirloya həvalə etdi. Pirlo əbəs yerə qaçmırmış. Künc zərbəsini Kamoranezi yerinə yetirsəydi, bir müddət əvvəl əbəs yerə cəzalandırılan Materazzinin Viyeyradan yuxarı tullanaraq, topu başı ilə qapı çatının altına göndərə bilib-bilməyəcəyi məlum deyil. Pirlonun asmasını isə interli müdafiəçi məhz bu cür qolla tamamlamağı bacardı.

Bundan sonra hər iki komanda bir neçə qol vəziyyəti yaratsa da, onlardan heç biri uğurlu sonluqla nəticələnmədi. Hətta italyanlar bir dəfə rəqib qapısına yol tapsalar da, Luka Toninin oyundankənar vəziyyətdə olması qolun hesaba alınmasına imkan vermədi. Tribunalarda isə dəqiqələr ötdükcə, mahnı sədaları azalırdı. Azarkeşlər mahnı oxumaq əhvalında deyildilər, onlar son nəticəni gözləyirdilər. Düzdür, hər keçən dəqiqə onun əsas vaxtda bilinmə ehtimalını azaldırdı: komandalar məsuliyyət hiss edərək, son dərəcə ehtiyatlı davranırdılar.

Əlavə vaxtda isə fransızlar daha çox hücum edirdilər. Epizodların birində Fransa millisi şansı deyil, superşansı əldən verdi! Zidan hücumu son anadək davam etdirdi və Sanyol oradan topu cərimə meydançasına göndərdi. Fransızların kapitanı hücumu özü bitirdi və 10 metrdən zərbə endirdi. Qola yalnız əzəmətli Buffon imkan vermədi və ağlasığmaz şəkildə topu qapı çatının altından çıxartdı.

 

Materazzi nə dedi?

Lakin təəssüf ki, Zidanın heyrətamiz karyerasındakı son qarşılaşma bununla yadda qalmaya-caq. 110-cu dəqiqədə Materazzi ilə təkbətək mübarizədən sonra o, italiyalı müdafiəçi ilə söz güləşdirdi və bununla da adi epizodun sona çatdığı güman olunurdu. Lakin belə olmadı! Rəqiblər sakit şəkildə meydanın mərkəzinə doğru gedən zaman italyan daha hansısa sözləri əlavə etdi. Onun həmin an nə dediyini, çox güman, yalnız iki futbolçunun özləri bilir. Amma hər nə idisə, Zidan qəflətən geri çevrilərək, var gücü ilə rəqibin döş nahiyəsinə baş zərbəsi endirdi. Materazzi sanki biçilmiş kimi qazona sərildi. Bu zaman oyun hadisə yerindən uzaqda getsə də, Elisondo yan xətt hakimi ilə məsləhətləşdikdən sonra, cibindən qırmızı vərəqəni çıxartdı. Zidan yalnız onunla təskinlik tapa bilər ki,  meydanı məğlub kimi tərk etmədi. Belə ki, həmin vaxt tabloda hələ iki dənə 1 rəqəmi yazılmışdı...

Bəs görəsən, öz soyuqqanlılığı ilə tanınan Zidanın bu hərəkətinə əsas verən Materazzinin hansı sözü olub? Versiyalar kifayət qədər idi. Onlardan birinə görə, müdafiəçi Zidanı terrorçu adlandıraraq, onun kabuləsilli olduğunu xatırladıb. Bu haqda Fransanın «El-se i» kanalı məlumat verib. Qeyd edək ki, Zidanın atası Əlcəzairdəki Kabul milli azlığının nümayəndəsidir. Bu, bar-bar xalq-larındandır. Milli zəmində təhqir isə Əlcəzairdə olduğu kimi, Fransada da çox ciddi qəbul olunur və bu səbəbdən Zidanın reaksiyası təəccüblü deyil. Eyni zamanda, kabullular sünni müsəlmandırlar; Zidan isə Fransa millisinin bir çox digər futbolçuları kimi, çox inanclı şəxsdir.

Lakin digər bir versiya da var ki, ona əsasən, Zidan şifahi sözləşmə ilə Materazzini provakasiyaya çəkib ki, nəticədə, italyan futbolçu «üçrənglilər»in kapitanının valideynlərindən birinin ünvanına təhqir işlədib. Bu isə öz növbəsində, onun baş zərbəsi ilə nokauta salınmasına gətirib çıxarıb. 

Tamamilə digər bir versiyaya əsasən, Materazzi Zidanın fasilədə yenidən narkotik maddə qəbul etdiyinə işarə edib (əvvəllər bu haq-da inadlı müzakirələr aparılırdı). Hər halda, Zidan qırmızı vərəqə alaraq, sanki ömürlük meydandan qovuldu. Belə ki, o, bir daha milli komandanın şərəfini qorumayacaq.

 

İtalyanlar almanlara kiçicik borclarını qaytardılar

Final qarşılaşmasının sonluğuna qayıdaq. Zidanın meydandan çıxarılmasından sonra, komandalar, sadəcə olaraq, qalan 10 dəqiqənin başa çatmasını gözləyərək, qarşılaşmanın penalti seriyasına getməsinə çalışırdı. Bu yerdə 1994-cü ildə ABŞ-da keçirilən Dünya çempionatının finalını xatırlamaq yerinə düşər. Həmin matçda da İtaliya millisi 11 metrliklərin dəqiq yerinə yetirilməsində braziliyalılarla yarışırdı. Həmin vaxt «skuadra adzurra»nın heyətində topu qapıdan aralı vuran dahi oyunçu Roberto Bacco ona olan inamları doğrultmamışdı. İtalyanların budəfəki heyətində R.Bacco səviyyəli lider yox idi. Penalti seriyasında isə onlar son dərəcə dəqiq və sərrast oldular. Penalti zərbələrinin yerinə yetirilməsində antiqəhrəman 2000-ci ilin Avropa çempionatında fransızlara İtaliya üzərində qələbə gətirən David Trezeqe oldu: bu dəfə Trezeqe 11 metrliyi qapı çatına vuraraq, «skuadra adzurra»ya qələbə gətirdi. 

Beləliklə, İtaliya tarixi ərzində dördüncü dəfə Dünya çempionu adını qazandı.

 

Bu vaxt isə...

İtaliya yığmasının Dünya çempionatındakı zəfərinə baxmayaraq, son zamanlar İtaliya futbolunun üzərini «qara buludlar» alıb. Dünya birinciliyinin başlanması ərəfəsində İtaliya birinciliyində misli görünməmiş qalmaqal baş verdi. Ölkənin bir çox aparıcı klubları razılaşdırılmış oyunların təşkilində ittiham olunur və bu iddialar, demək olar ki, sübuta yetirilib. Məsələn, Turinin «Yuventus» klubunu «C» divizionuna (İtaliya çempionatının üçüncü liqası) yollanmaq təhlükəsi gözləyir. Həmin aqibəti İtaliyanın bir sıra digər klubları da yaşaya bilər. Mundialın final qarşılaşmasında İtaliyanın Baş naziri Romana Prodinin iştirak etməməsini də məhz bu qalmaqalla əlaqələndirirlər. Lakin hansısa fırıldaqçı rəhbərlərin hiylələri ilə göy forma geyinmiş 11 nəfərin qoruduqları ölkənin maraqları arasında nə əlaqə ola bilər? Qəzetlərin birində onları «qaçqınlar komandası» adlandırıblar. Ola bilər ki, həmin oyunçular birləşərək, ətraflarında baş verən həmin dəhşətə görə belə oynadılar. 

Ola bilər yox, elə belə də var. Bunu futbolçuların özləri bildiriblər.

Yeri gəlmişkən, İtaliyanın Dünya çempionu olması ölkədə artıq hətta siyasi diskussiyaya səbəb olub. Əsası Silvio Berluskoni tərəfindən qoyulmuş «Forza İtalia» Partiyasının rəhbəri Mauritsio Panis İtaliya millisinin mundialdakı qələbəsindən sonra korrupsiyada adı hallanan bütün klublara amnistiya verilməsi təklifi ilə çıxış edib. Lakin siyasətçi yalnız prokurorun yox, hətta... bir sıra futbolçuların etirazı ilə qarşılaşıb. Cennaro Qattuzo fikrini belə bildirib: «Amnistiya olmamalıdır. Kim cinayət törədibsə, cəzasını almalıdır».

 «Milan» klubunun oyunçusunu başa düşmək olar. Ola bilər, məhz bu hiyləgərliklər səbəbindən onun klubu növbəti dəfə qızıl medalları əldə edə bilməyib.

Yeri gəlmişkən, məhz bu baş verənlər səbəbindən İtaliya millisinin dünya birinciliyini qazanması əfsanəyə çevrilə bilər. O, 1982-ci ilin mistik təkrarı ola bilər. Belə ki, həmin ildə də «skuadra adzurra» Dünya çempionu titulunu futbolda bir qədər zəif korrupsiya qalmaqalından sonra qazanmışdı. İki il futboldan kənarda qalan Paolo Rossi mundiala bir az qalmış meydana dönərək, onun ən yaxşı bombardiri adını qazanmışdı. 

 

İstənilən halda, 

Zidan ən yaxşıdır!

 

İstənilən halda Zidan ən yaxşıdır. Mundialın finalında meydandan qovulmasına baxmayaraq, Zinəddin Zidan FİFA tərəfindən Dünya çempionatının ən yaxşı futbolçusu adını qazandı. Ona mundialın ən yaxşısına ənənəvi olaraq verilən «Qızıl top» təqdim edildi. Bu titula sahib çıxmaqla, fransalı yarımmüdafiəçi iki italyan - Fabio Kannavaro və Andrea Pirlonu qabaqladı. Onlara müvafiq olaraq «Gümüş top» və «Bürünc top» təqdim edildi. 

Qeyd edək ki, bu mükafatın sahibini turnirə akkreditə olunmuş jurnalistlər müəyyənləşdiriblər. Zidan 1012, Kannavaro 1977, Pirlo isə 715 mətbuat nümayəndəsinin səsini qazana bilib. Dörd il əvvəl də mundialın ən yaxşı futbolçusu adını final qarşılaşmasındakı çıxışı birmənalı qiymətləndirilməyən futbolçu qazanmışdı. Almanların qapısına Ronaldonun vurduğu qol zamanı yol verdiyi ciddi səhv də turnirin ən yaxşı oyunçusu adının almanların qapıçısı Oliver Kanna verilməsinə mane olmamışdı.

Zidan üçün Dünya çempionatının ən yaxşı oyunçusu adı ilk analoji tituldur. O, 1998-ci ildə, Braziliya millisinin qapısına vurduğu iki qolla Fransa tarixinə ilk dünya çempionluğunu gətirdiyi vaxt artıq bu ada sahib çıxa bilərdi. Lakin finaladək keçirilən səsvermədə jurnalistlər braziliyalı Ronaldonu «ən yaxşı» hesab etdilər. Ronaldoya qədər bu ada 1994-cü ildə Romario, 1990-cı ildə italyan Salvatore Skilaççi, daha dörd il əvvəl isə Meksikada keçirilən Dünya çempionatının qəhrəmanı Dieqo Maradona sahib çıxmışdı. 

Turnirin ən yaxşı qapıçısına verilən Lev Yaşin adına mükafatın sahibi də məlumdur. Bu dəfə mükafata İtaliyanın qapıçısı Canluici Buffon layiq görülüb. O, məşhur sovet qapıçısının adını daşıyan mükafatı qazanan dördüncü laureatdır. 1994-cü ildə bu titul belçikalı Mişel Prüdomma, 1998-ci ildə isə fransız Fabyen Bartezə verilib. Ötən mundialda çempionatın ən yaxşı qapıçısı isə Oliver Kan elan olunub.

18-ci Dünya çempionatının «Təmiz oyun» mükafatı İspaniya və Brazilya millilərinə verilib. Onlar turnir ərzində bütün komandalardan az xəbərdarlıq alıblar. Turnirin ən yaxşı bombardiri alman Miroslav Kloze, «Baxımlı oyun» mükafatının sahibisə Portuqaliya yığması olub. Sonuncu dünya birinciliyinin ən yaxşı gənc oyunçusu adına alman hücumçu Lukas Podolski sahib çıxıb.


MƏSLƏHƏT GÖR:

452