
AVROPA QORXU İÇİNDƏ…
Ötən il iyulun 7-si Londonda baş vermiş terror aksiyaları yenidən təkrarlana bilər
Müəllif: İrina Xalturina Bakı
İyulun 7-də günorta bütün Böyük Britaniya ikidəqiqəliyə susaraq, bir il əvvəl ölkədə törədilən terror aksiyalarının qurbanlarının xatirəsini yad etdi. 2005-ci ildə həmin gün metro vaqonları və avtobuslarda 4 kamikadzenin törətdiyi partlayışlar 52 nəfərin (britaniyalılarla yanaşı, daha 14 ölkənin vətəndaşları) ölümü, 700-dən artıq insanın yaralanmasına səbəb oldu. Həmin günlər bütün dünya şok vəziyyətində xüsusi qəddarlıqla həyata keçirilən bu ölüm aktlarının kadrlarına tamaşa edirdi. Və etiraf etmək lazımdır ki, terrorçular məqsədlərinə çatmışdılar - Londonda törədilən terror aksiyalarının rezonansı kifayət qədər böyük alındı. Məsələ ondadır, həmin gün ABŞ Prezidenti Corc Buş Birləşmiş Krallıqda səfərdə idi. Və «Əl-Qaidə» dövlət başçılarının siyasi gündəliyinə girməyi məharətlə bacarmışdı.
O vaxtdan indiyə nə dəyişilib? Böyük Britaniya və ümumilikdə, Avropa terror təhlükəsindən sığortalanıbmı?
Növbəti hədəf hansı paytaxtdır?
Bu ayın əvvəlində Britaniya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsində qəbul olunmuş bəyanatda bildirilir ki, Avropada terror təhlükəsinə qarşı dayanmaq getdikcə daha da çətinləşəcək. Son zamanlar, xüsusilə, Böyük Britaniyaya qarşı «Əl-Qaidə» tərəfindən təhlükə nəzərəçarpacaq dərəcədə artıb. Komitə rəhbəri Mayk Geypsın sözlərinə görə, əl-qaidəçilər çoxlu sayda xırda qruplara bölünüblər və bu səbəbdən də indi onları izləmək son dərəcə çətinləşib. «Məncə, bəzi uğurlarımıza baxmayaraq, «Əl-Qaidə» hazırda əvvəlki dövrlərlə müqayisədə daha böyük təhlükə yaradır», - deyə komitə rəhbəri bildirib. Deputatlar, həmçinin, belə bir nəticəyə gəliblər ki, hökumət terrorçulara və İraq ərazisində təlimlər keçən yeni silahlılara qarşı mübarizədə əməlli-başlı problemlərlə üzləşir. Sənəddə xüsusi olaraq qeyd edilir ki, rəsmi London ərəb və islam dünyası ilə möhkəm əlaqələr yaratmaq üçün kifayət qədər səy göstərmir. Bunsuz isə ekstremistlərə qarşı informasiya müharibəsində uğur qazanmaq mümkün olmayacaq.
Tanış məqamlardan biri ondan ibarətdir ki, britaniyalı deputatlar ölkələrinin xaricdə, xüsusilə də İraq və Əfqanıstandakı hərbi əməliyyatlarda iştirakının, Böyük Britaniyanın təhlükəsizliyi üçün problem yaratdığı qənaətindədir. Parlamentarlar Toni Bler hökumətinə təklif ediblər ki, britaniyalı hərbçilərin Əfqanıstandakı məqsədlərini mümkün qədər konkretləşdirmək lazımdır. Bununla yanaşı, «Dumanlı Albion» əsgərlərinin İraqdan çıxarılması şərtlərinin açıqlanmasının vacibliyi də deputatlar tərəfindən qeyd olunub.
Sənəddən məlum olur ki, parlamentarlar Qərb koalisiyası İrana qarşı mümkün hərbi əməliyyatlara başlayacağı təqdirdə, birtaniyalıların təhlükəsizliyindən ciddi narahatdırlar. Onların fikrincə, narahatlıq üçün «əsas səbəb» Tehranın nüvə proqramıdır. Lakin digər tərəfdən, müharibənn başlanması da «İranın uzaq gələcəkdə nüvə silahı istehsalı etməyəcəyinə zəmanət vermir». Sənəddə qeyd olunur ki, İrana qarşı müharibənin başlanması həm Yaxın Şərqdə, həm də bütün dünyada, o cümlədən, Böyük Britaniyada ciddi fəsadlara gətirib çıxara bilər. Belə ki, «bir çox terror aksiyalarının təşkili, onların həyata keçirilməsinin texnologiyası İranın adı ilə bağlıdır».
Toni Bler isə ünvanına səslənən ittihamları birmənalı şəkildə rədd edib. Lakin fakt faktlığında qalır: yalnız deputatlar deyil, sıravi britaniyalıların əksəriyyəti ötən il Londonda baş vermiş terror aktlarından sonra hökumətin atdığı addımlardan narazıdır. Daha sadə desək, insanlar özlərini təhlükəsiz hiss etmirlər və etiraf olunmalıdır ki, onların narahatlığı üçün kifayət qədər əsas var.
Parlament komissiyasının mövqeyi London polisinin rəhbəri İan Bleyer tərəfindən də dolayısı ilə dəstəklənib. BBC-yə müsahibəsində o bildirib ki, ötən illə müqayisədə, bu il Londonun terror ehtimalı artıb. Britaniya polisinin ötənilki terror aksiyalarının araşdırılmasında iştirak edən regional şöbələrdən birinin rəhbəri isə daha konkret danışıb: onun fikrincə, 2005-ci iln iyulun 7-də baş vermiş hadisələr Britaniya küçələrində yenidən təkrarlana bilər.
Maraqlıdır ki, ərəb mənbələri də britaniyalıların əbəs yerə əndişələnmədiyini təsdiqləyir. Sözügedən terror aksiyalarının birinci ildönümü günü, ərəblərə məxsus «Əl-Cəzirə» telekanalının yayımladığı reportajda 22 yaşlı kamikadze Şəhzad Tanvir bəyan edib ki, London nəqliyyatındakı terror aksiyaları bu ölkə ordusunun İraq və Əfqanıstanda saxlanmasına «cavab»dır. Özünün sağ qalan silahdaşları adından, 22 yaşlı kamikadze Londonu və Britaniyanın digər şəhərlərini yeni terror aksiyaları ilə hədələyib.
Xaosa aparan yol
Beləliklə, beynəlxalq terrorçular Qərbə qarşı məqsədli müharibə aparırlar və Avropa, şübhəsiz, onlar üçün dadlı tikədir. Bunun bir neçə səbəbi var. Onlardan ən başlıcası isə odur ki, dünya terrorunun ideologiyası, əsasən, avropalılarla buradakı çoxsaylı müsəlman icmaları arasında qarşıdurma yaratmağı qarşısına məqsəd qoyub. Elə Böyük Britaniyadakı terror aktlarından sonra məscidlərə hücumlar və ənənəvi müsəlman geyimlərində gəzən insanların təhqirlərə məruz qalması halları qeydə alınmışdı. Beləliklə, dinlərarası və millətlərarası parçalanma, terrorçuların can atdıqları xaosa birbaşa yol açan amildir. Belə parçalanmanın nə dərəcədə real olduğunu isə iyulun 7-də törədilmiş terror aksiyalarını həyata keçirənlərin milliyyəti də göstərir.
Məlum olduğu kimi, terror aksiyalarını həyata keçirənlər Britaniyada yaşayan miqrantlar olublar. Avropada məskunlaşmış miqrantların yaşayış səviyyəsinin çox aşağı olduğu sirr deyil. Məhz buna görə, bu kateqoriya insanlar daim təhlükə mənbəyi sayılırlar. Təsadüfi deyil ki, ötən il Fransada baş verən iğtişaşların hərəkətverici qüvvəsi də məhz miqrantlar idilər. Britaniyada yaşayan miqrantlar da kifayət qədər aqressivdirlər. BBC xəbər verir ki, ölkədəki müsəlmanların xeyli hissəsi, hətta terrorçuların hərəkətlərini təqdir edir. Onlardan 7%-i hesab edir ki, London nəqliyyatında kamikadzelər tərəfindən törədilmiş partlayışlara, «müəyyən mənada, haqq qazandırmaq olar». Belə yanaşmanın kökündə, əksər miqrantların özlərini aşağı sosial statuslu və ikincidərəcəli şəxslər hesab etmələri dayanır. Məhz bu səbəbdən onlardan bəzilərinin «üzərlərində müəyyən iş aparıldıqdan sonra» radikal addımlara hazır olacağı istisna deyil.
Öz növbələrində, evlərində baş verənlərdən qorxuya düşən və eyni zamanda, qəzəblənən «əsl avropalılar» isə günahkarların tapılmasını və cəzalandırılmasını istəyirlər. Artıq qeyd etdiyimiz kimi, terrorçuların da məqsədi məhz «gəlmələr»lə «yerlilər»in münaqişəsinə nail olmaqdır. Xoşbəxtlikdən, ötən il Böyük Britaniyada müsəlman icmasına qarşı baş qaldıran neqativ hisslər və aqressiya yavaş-yavaş ortadan qalxır. Amma kim zəmanət verə bilər ki, bir daha belə hadisə təkrarlanmayacaq? Tərəflərin, nə vaxtsa, ən kritik xətti keçəcəkləri ehtimalı, təəssüf ki, hələ də real olaraq qalır.
Avropa dünyanın mərkəzində
Bununla yanaşı, məlumdur ki, miqrantlar və onların uşaqlarının problemləri ümumi mənzərənin yalnız bir hissəsidir. Britaniya parlamentinin məruzəsindən ortaya çıxan məntiqə əsasən belə nəticəyə gəlmək olar ki, avropalı siya-sətçilər və ekspertlər artıq reallığı qəbul etmək zorunda qalıblar. Onlar anlayırlar ki, dünyada baş verən qloballaşma prosesi qaçılmazdır və Avropa da bu prosesdən kənar qala bilməyəcək. İsraillilərlə fələstinlilərin məqsədli şəkildə bir-birlərini qırdıqları, İraqda hər gün onlarca insanın həlak olduğu, Əfqanıs-tanın, sözün hərfi mənasında, xaşxaş bitkiləri ilə örtüldüyü, Somalidə isə hakimiyyətə açıq şəkildə terrorçuların gəldiyi şəraitdə Avropa sakit və sabit qala bilməz. Hələ ötən ilin aprelində Avropa Polis Agentliyi (AVROPOL) Avropada terror təhlükəsinin analizini aparıb. Onların qənaətincə, terrorçuların əsas hədəfində Böyük Britaniya ilə yanaşı, Almaniya, Fransa, İtaliya, Norveç və Polşa dayanır. Bununla yanaşı, AVROPOL xüsusi olaraq qeyd edib ki, təhlükə yalnız «Əl-Qaidə» tərəfindən deyil, həmçinin, Üsamə bin Ladendən ilham alan başqa radikal islamçı qruplar tərəfindən də gəlir. Terrorçular üçün vacib hədəflərdən birinin də Türkiyə olmasına şübhə yoxdur. Xüsusilə də, Ankaranın Avropa Birliynə qoşulmağa ciddi səy göstərməsi radikalların nəzərindən yayınmır. Bu mənada, 2003-cü il noyabrın 20-də İstanbulda törədilən terror aksiyası Ankara üçün xəbərdarlıqdır. Həmin hadisə zamanı Böyük Britaniya konsulluğu və bu ölkəyə məxsus HSBC banklar qrupu hədəf götürüldüyündən, mütəxəssislər bunun Londonda ötən il törədilən terror aksiyaları ilə birbaşa bağlı olduğunu düşünürlər.
Hazırda yalnız Böyük Britaniyada terrorçuların əməlləri ilə bağlı 70-ə yaxın iş araşdırılır. «Əl-Qaidə» beynəlxalq terrorçu təşkilatının silahlıları, həmçinin, Britaniyanın Mİ-5 daxili təhlükəsizlik xidmətinin sıralarına girişməyə cəhd göstərir.
Bir sözlə, savaş davam edir və təəssüf ki, yeni qurbanların olacağı qaçılmazdır.
MƏSLƏHƏT GÖR: