14 Noyabr 2024

Cümə axşamı, 18:35

MÜSTƏQİLLİYƏ APARAN YOL

Bakının azad olunması türk və Azərbaycan xalqları arasında qardaşlığın rəmzi oldu

Müəllif:

17.09.2013

Birgə rəşadət - Bakının 1918-ci ilin sentyabrında bolşevik-daşnak xuntasından və ingilislərdən gənc türk generalı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tərkibində Türkiyə və Azərbaycan döyüşçüləri tərəfindən azad olunmasını məhz belə xarakterizə etmək olar.

Cəmi 3 il əvvəl - 1915-ci ildə çar Rusiyası dövründə minlərlə Azərbaycan türkü Birinci dünya müharibəsində Türkiyəyə yollanaraq orada türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular. Yalnız Çanaqqala uğrunda döyüşdə (Qərbdə Dardanel əməliyyatı adlandırılır) 3 min azərbaycanlı həlak olub. Çanaqqala uğrunda döyüş və sonradan bu strateji obyektin qorunmasında Avropa ölkələri sarsıdıcı məğlubiyyət aldılar. Çanaqqalanın itirilməsi Osmanlı İmperiyasının çöküşü olardı. Misal üçün qeyd edək ki, bu döyüşdə yalnız Britaniyanın verdiyi itki Birinci dünya müharibəsində həlak olanların üçdə birinə bərabər idi.

Həmin illərdə azərbaycanlı vətənpərvərlər türk ordusu üçün pul və di-gər lazımi əşyaların yığılması istiqamətində böyük işlər görmüşdülər. Azərbaycanlı qadınlar qiymətli zinət bəzək əşyalarını, qənaət edib yığdıqları pullarını türk ordusuna yardım üçün verirdilər.

3 il sonra 1918-ci il mayın 28-də elan olunan Şərqin ilk demokratik dövləti - Azərbaycan Demokratik Respublikası (ADR) bolşeviklər və daşnaklar tərəfindən törədilən soyqırımı ilə üz-üzə qaldı. Azərbaycanın, demək olar ki, bütün ərazisində silahlı erməni dəstələri dinc əhalini qırır və bununla da, uydurma "Böyük Ermənistan"ın qurulması üçün bu torpaqları boşaltmağa çalışırdılar.

Bu vaxt Birinci dünya müharibəsi cəbhəsindəki ağır vəziyyətə rəğmən, Türkiyə ordusu qüvvələrinin bir hissəsini qardaş Azərbaycana kömək məqsədilə Qafqaza göndərdi. 1918-ci il iyunun 4-də Osmanlı İmperiyası ilə ADR arasında dostluq haqqında saziş imzalandı. Bu, ADR-in hər hansı xarici dövlətlə imzaladığı ilk müqavilə idi.

Sənədin 5-ci bəndinə əsasən, Türkiyə hökuməti Azərbaycanla həmsərhəd ərazilərdə yaradılmış silahlı bandit qruplaşmalarının tərk-silah edilməsi və ölkədən qovulmasına dair öhdəlik götürmüşdü. Müqaviləyə hərbi yardım haqda maddənin salınması Qarabağın dağlıq hissəsində azğınlıq edən erməni quldur dəstələrinin ləğv ediləcəyi, Bakının əcnəbi düşmənlərdən təmizlənəcəyi, ölkədə sakitlik və təhlükəsizliyin hökm sürəcəyi anlamına gəlirdi. Beləliklə, Türkiyə gənc Azərbaycan Respublikasına ərazi bütövlüyünün tam bərpası və respublika üzərində siyasi hakimiyyətə yiyələnmək məsələlərində yardım göstərmək öhdəliyini öz üzərinə götürdü. Həmin vaxt respublikaya rəhbərliyin bir hissəsi bolşevik diktaturasının əlində idi.

Müqaviləyə əsasən, Azərbaycan Respublikasına yardım üçün Türkiyə ordusunun iki diviziyası ayrıldı. Əvvəlcə 5-ci, ardından isə 15-ci diviziya Azərbaycana göndərildi. İki diviziyada, ümumilikdə, 15 minədək hərbçi var idi. Türkiyə ordusunun ən yaxşı diviziyalarından biri məhz 5-ci diviziya sayılırdı.  Birinci dünya müharibəsi dövründə Dardanelin müdafiəsində göstərdiyi şücaətə görə, ona "Çanaqqala diviziyası" adı verilmişdi. 1918-ci il mayın sonlarında Türkiyə ordusu Yelizavetpol quberniyasına girdi və Yelizavetpola (Gəncə) cəmləşməyə başladı. Diviziyanın Nuru Paşanın rəhbərlik etdiyi qərargahı da bu quberniyaya köçdü. Azərbaycanlı əhali də müttəfiq türk ordusunu böyük hərarət və sevinclə qarşılayırdı.

16 iyun 1918-ci ildə ADR hökuməti də Tiflisdən Yelizavetpola köçdü. Müttəfiq Azərbaycan və Türkiyə ordusu birləşdirildi və Qafqaz İslam Ordusu adlandırılan bu qüvvəyə komandanlıq Nuru Paşaya həvalə olundu. Nuru Paşa öz ordusuna əmrində yazırdı: "Hədəfimiz Bakıdır". Eyni zamanda 1918-ci ilin iyununda Kazım Karabekir Paşanın rəhbərlik etdiyi Türkiyə ordu hissəsi daşnakların təhlükə yaratdıqları Naxçıvana daxil oldu.

İyunun 16-18-də Kürdəmir cəbhəsində düşmən tərəfindən işğal edilmiş Göyçayın 20 kilometrliyində yerləşən Qaraməryəm kəndində döyüşlər gedirdi. Bu çətin məqamda Qafqaz İslam Ordusuna azərbaycanlı könüllülər də qoşuldu. Onların gəlişi ilə ordu komandanlığı hücuma hazırlaşmağa  başladı. İyunun 30-da bolşevik silahlı dəstələri əsas mövqelərindən - Qaraməryəmin şərqindən sıxışdırılmağa başlandı. Qafqaz İslam Ordusunun Göyçay uğrunda döyüşdə qazandığı qələbə Azərbaycanın yenidən birləşdirilməsi və Bakının azad edilməsi uğrunda aparılan döyüşlərdə dönüş nöqtəsi oldu.

İyulun 10-da Türkiyə və Azərbaycan döyüşçüləri Kürdəmiri azad etdilər. İyulun 14-də isə türk alayı Karrar stansiyasını döyüşsüz ələ keçirdi. İyulda Qafqaz İslam Ordusunun qüvvələri cəbhədə bu formada yerləşirdi: sol cinahda (Şamaxı istiqamətində) və sağ cinahda (Seldi istiqamətində) türklər idi. Mərkəzdə (Kürdəmir istiqamətində) isə əsasən Azərbaycan ordusu vuruşurdu. Qafqaz İslam Ordusunda azərbaycanlı hərbçilərin payı bu dövrədək artıq xeyli artmışdı.

Qafqaz İslam Ordusunun əks-hücumu bolşevik və daşnakların əlində olan Bakıda siyasi və iqtisadi böhranı daha da dərinləşdirmişdi. Son dərəcə gərginləşmiş siyasi atmosferdə 1918-ci il iyulun 25-də Bakı Sovetinin toplantısı keçirildi. İclasda ingilis ordusunun Bakıya çağırılması qərara alındı. Bu tələbə boyun əyməkdən imtina edən Bakı Xalq Komissarları Soveti səlahiyyətlərindən imtina etdi və Bakıdakı bolşevik hakimiyyətinin süquta uğradığını açıqladı.

Bakıda hakimiyyət daşnak-eser-menşeviklər blokunun əlinə keçdi. Onlar avqustun 1-də Bakıda "Sentrokaspi və Fəhlə-Əsgər deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası" adlı hökumət elan etdilər. Elə həmin gün Diktatura öz nümayəndələrini İrandakı ingilis komandanlığının qərargahına göndərdi. 1918-ci il avqustun 4-də polkovnik Stoksun komandanlığı ilə ilk Britaniya hərbi dəstəsi İranın Ənzəli limanından dəniz vasitəsilə Bakıya gəldi. 9-17 avqustda ingilislər Bakıya 3 batalyon, səhra topları batareyası və bir neçə zirehli avtomobil də göndərdilər.

Amma bütün bunlar döyüşərək Bakıya daxil olmuş və sentyabrın 15-də şəhər uğrunda həlledici döyüşə başlamış Qafqaz İslam Ordusunun önünü kəsmək üçün kifayət deyildi. Nəticədə, günün sonunda ingilislər nizamsız şəkildə öz gəmilərinə minərək Bakını tərk etdilər. Onların ardınca Diktaturanın üzvləri və on minlərlə erməni emissar da şəhərdən qaçdı. Paytaxtın azad olunması Azərbaycan hökumətinin tam heyətlə Bakıya köçməsinə imkan yaratdı. Bununla əlaqədar olaraq, o günlərdə Almaniyanın "Volkspherbeobachterin" qəzeti Azərbaycan haqqında yazırdı: "1918-ci il sentyabrın 15-i Azərbaycan tarixi üçün son dərəcə ciddi əhəmiyyətə malikdir. Həmin vaxt Avropada Azərbaycana yardım göstərilməsinin, ona yaşamaq imkanı verilməsinin vacibliyindən danışılırdı. (Amma Avropa Azərbaycanı paytaxtı olmadan tanımağı nəzərdə tuturdu - R.Q.). Amma bu, Azərbaycana Bakısız Azərbaycanın verilməsindən başqa bir şey deyildi. Bu, başı kəsilmiş kuklalarla oynalılan kukla tamaşasına bənzəyərdi. Necə ki, başsız bədənin yaşamasını təsəvvür etmək mümkün deyil, o cür də Bakısız Azərbaycan ağlabatmazdır. Azərbaycanın qələbəsi və yüksəlişi Bakının taleyilə bağlıdır".

Bu sözlər gənc Azərbaycan Respublikasının üzləşdiyi ağır vəziyyəti və 1918-ci ildə Bakının işğaldan azad olunmasının tarixi əhəmiyyətini ən yaxşı xarakterizə edən fikirdir. Bu səbəbdən də, Bakının azad edildiyi tarixi tam əminliklə qardaşlıq rəmzi, Azərbaycan və türk xalqlarının bayramı adlandırmaq olar.



MƏSLƏHƏT GÖR:

743