
ADİ SEPARATÇILIQ
Suxumidə rusiyalı diplomatın qətlə yetirilməsi hansı reallıqları üzə çıxardı?
Müəllif: NURANİBakı
Gürcüstan seçkiqabağı yarış ritmini yaşamağa davam edir: oktyabrın 31-də ölkə yeni prezidentini seçəcək. Ekspertlərin fikrincə, yarışın favoritləri "Gürcü arzusu"nun namizədi Georgi Marqvelaşvili və "Vahid Milli Hərəkat" (VMH) partiyasının prezidentliyə namizədi David Bakradzedir. Baş nazir Bidzina İvanişvili ilə dövlət başçısı Mixail Saakaşvilinin tərəfdarlarının mübarizəsi, məhz bu iki namizəd vasitəsilə gedir.
Bu gün seçkinin necə nəticələnəcəyini heç kəs proqnozlaşdırmaq istəmir: səsverməyə hələ bir aydan artıq vaxt qalır, rəqiblər ağla gələn və gəlməyən bütün mübarizə üsullarından istifadə edir, ictimai rəy sorğuları isə seçicilərin simpatiyası və antipatiyasını yalnız, təxminən, ifadə edir.
Şübhə doğurmayan məqam Rusiya ilə münasibətlərin, daha doğrusu, onların normallaşdırılması imkanlarının seçkiqabağı kampaniyanın əsas mövzularından birinə çevrilməsidir. "Gürcü arzusu" üçün "Rusiya kartı", demək olar ki, lap əvvəldən əsas vasitə olub. Bir çoxlarının düşündüyü kimi, Bidzina İvanişvili parlament seçkisini həm də vətəndaşlara Moskva ilə münasibətləri normallaşdıracağı vədini verdiyi üçün qazanıb. Amma bu gün aydındır ki, "Rusiya ilə bağlı şüarlar"ın ilkin uğuru təkrarlanmaya da bilər.
Birincisi, Moskva ilə münasibətlərin tez bir zamanda və asanlıqla normallaşdırılması mümkün olmadı.
İkincisi, indi Moskva ilə barışıq vədini Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze verir. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan isə sanki odun üzərinə yağ töküb. O, tezliklə Moskva ilə İrəvan arasında Gürcüstan ərazisindən keçən dəmir yolunun açılacağını bəyan edib. Guya, buna həm Moskva, həm Tiflis, həm də Suxumi razılıq verib.
Artıq qatar getdi...
Amma ötəri təhlil zamanı da aydın olur ki, cənab Baqdasaryan qələbə məlumatı və vədlərini səsləndirməkdə bir qədər tələsib. Xatırladaq ki, Gürcüstan dəmir yolunun Abxaziya hissəsi 1993-cü ildə Abxaziyada baş vermiş separatçı qiyam nəticəsində bağlanılıb. Həmin hadisələr Rusiya KİV-də çox tez-tez "gürcü-abxaz müharibəsi" kimi təqdim olunur. Həmin qiyamda abxaz separatçıların tərəfində Şamil Basayevin başçılıq etdiyi çeçen yaraqlıları, həmçinin iki erməni batalyonu - "Krunk" və "Baqramyan" da iştirak edib. Məhz bu batalyonlar həmin toqquşmalarda dinc sakinlərə qarşı hə- yata keçirdikləri amansızlıqla "ad çıxarıblar".
Gürcüstanla Rusiya arasında dəmir yolu əlaqəsi məhz Suxumi vasitəsilə həyata keçirilirdi. Münaqişədən sonra isə həmin hissə bağlanıb. Belə olan təqdirdə, Gürcüstan istədiyi halda Azərbaycan ərazisindən dəmir yolu tranzitindən istifadə edə bilirsə, Ermənistanın məlum səbəblərdən belə imkanı yoxdur.
Buna baxmayaraq, "Gürcü arzusu" Gürcüstanda hakimiyyətə gəlişindən sonra yeni hökumətin təmsilçiləri Abxaziya ərazisindən dəmir yolu əlaqəsinin bərpasının mümkünlüyü haqda danışmağa başlamışdılar. Əvvəlcə ekspertlər arasında müəyyən canlanmaya səbəb olan bu ideya sonradan sanki yox oldu. Hər halda, qatar təyyarə deyil. O, Tiflisdən Suxumi vasitəsilə Moskvaya gedərkən və geri dönərkən mütləq İnquri və Psou çaylarının üzərindən keçməlidir. Bu, Moskva ilə Tiflisin statusu haqda tam fərqli mövqedə olduqları sərhədlərdir. Bu reysin reallaşdırılacağı təqdirdə, sərhəd və gömrük nəzarətinin kimlər tərəfindən həyata keçiriləcəyinə dair sualı, hətta nəzəri baxımdan cavabsız buraxmaq mümkün deyil. Demək, münaqişənin tam həlli və Abxaziya ilə Cənubi Osetiyanın statusunun tam aydınlaşdırılmasınadək tranzit mümkün olmayacaq. Baqdasaryanın bəyanatı politoloqlar arasında yenidən müəyyən canlanma yaratsa da, reallıqda tranzitin tezliklə bərpa oluna biləcəyini təsdiqləyən məqamlar yoxdur. Bundan başqa, Tiflis yenidən Rusiya ilə münasibətlərdə gərginliyin artmağa başladığını bildirir. Abxaziya və Cənubi Osetiyadan olan nümayəndə heyətinin Soçi Olimpiadasında müstəqil dövlətin təmsilçisi kimi iştirak etmək niyyəti Gürcüstan hökumətinin hiddətinə səbəb olub. Gürcüstanın Qori rayonunun Disi kəndində tikanlı məftillərin qurulması istiqamətində aparılan işlər Tiflisi daha çox qəzəbləndirib. Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze münasibətlərin bilərəkdən gərginləşdirildiyini açıq şəkildə bəyan edib. Onun fikrincə, bu, onun Praqada Rusiya XİN başçısının müavini Qriqori Karasinlə nəzərdə tutulan görüşü ilə əlaqədardır.
Diplomatik "toxunulmazlıq"
Son həftələrdə Gürcüstan və Rusiya mətbuatında Abxaziya faciəvi insidentlə gündəmə gəlib: Suxumidə Rusiya konsulunun birinci katibi Dmitri Vişernev öz evinin yaxınlığında güllələnərək qətlə yetirilib. Diplomatın xanımı insident zamanı ağır yaralanıb və bir neçə gündən sonra o da dünyasını dəyişib. Killer Vişernev və xanımı Olqanı səhər saatlarında Suxuminin Nazadze küçəsindəki qarajın yaxınlığında gözləyib. Diplomat öz "Cip"ini məhz bu qarajda saxlayırdı. Cütlük avtomobilə əyləşən zaman onlara yaxınlaşan killer maşının şüşəsinin üzərindən onlara atəş açıb.
Diplomatın qətli hər zaman fövqəladə hadisədir. Üstəlik, əgər öldürülən fövqəldövlətin nümayəndəsidirsə, məsələ daha kəskin xarakter alır. Moskva ilə Suxumi arasındakı xüsusi münasibətləri nəzərə alsaq, hadisənin əhəmiyyəti daha da ciddiləşir.
Hadisədən bir qədər sonra mətbuatda yer alan məlumatlar isə hər kəsi baş vermiş faciəvi hadisəyə yox, separatçı rejimin mahiyyətinə fərqli tərəfdən baxmağa məcbur edib. Kimin nə deməsindən asılı olmayaraq, prinsipcə onlar kriminal rejimlərdir. İstər Abxaziya olsun, istərsə Dağlıq Qarabağ, Cənubi Osetiya və ya Serb Krainası - məğz eynidir. Belə tanınmamış, daha çox Rusiyanın "nedoqosudarstvo" siyasi termininə uyğun gələn qurumlarda hakimiyyət keçmiş "səhra komandirləri"nin əlindədir. Onlar öz ilkin kapitallarını dinc əhalini bayağı şəkildə talan etməklə toplayıblar və qanunsuz məkanda Kalaşnikov avtomatının necə böyük rol oynadığını yaxşı bilirlər. Doğrudur, onlar sonradan kamuflyaj gödəkcələrini və pencəklərini dəyişirlər. Lakin oğurluq və talanla topladıqları pulları biznesə yatıra bilirlər. Halbuki bu cür "nedoqosudarstvax" leqal biznes ola bilməz... Amma onlar heç bir halda "quldur" psixologiyasından qopa bilmirlər. Hər halda, Abxaziyada növbəti səs-küylü hakimiyyət bölgüsü gedən zaman onun iştirakçıları açıq-açığına "Şimali Qafqazdan olan müttəfiqlərini" köməyə çağıracaqlarını bildirir, müttəfiqlərin rəqiblərlə "dağ qanunları" ilə haqq-hesab çəkəcəklərini" söyləyirdilər. Burada söhbət, çətin ki, qanuni güc strukturlarının əməkdaşlarından gedirdi.
İndi məlum olub ki, Vişernev "mübahisəli daşınmaz əmlak" məsələlərilə məşğul olurmuş. Bu isə Abxaziyada kifayət qədər qəliz işdir.
"Mənzil məsələsi"nin mahiyyəti belədir: 1993-cü ildə birinci müharibənin başlanması ilə vaxtilə parlayan "kurort" muxtariyyətini çox adam tərk etdi. Burada əhalinin əksəriyyətini təşkil edən gürcülərə qarşı sərt "etnik təmizləmə" aparıldı. Amma onlarla yanaşı, separatçı planlarla razılaşmayan insanların hamısı, hətta çoxlu sayda etnik abxaz da bölgəni tərk etməli oldu. Orada qalanlar isə "vəziyyətə uyğun" hərəkət etməyə başladılar: bəziləri, ilk növbədə, isə yerli ermənilər çoxsaylı silahlı qruplaşmalar üzv oldular, talanlara başladılar, digərləri müharibədən uzaq qaçmağa üstünlük verdi, kurort zonasında yerləşən mülklər də daxil olmaqla, bütün daşınmaz əmlakını və mülkünü ataraq aradan çıxanlar, sadəcə müharibənin gec-tez qurtaracağına ümid edərək, gözləmək qərarına gələnlər də vardı.
Müharibə, həqiqətən də, başa çatdı. Amma quldur özbaşınalığı hələ yeni başlayırdı. Tezliklə Abxaziyada boş qalmış mənzillərin ələ keçirilməsinə başlanıldı. Kurort zonasındakı daşınmaz əmlak daha cəlbedici görünürdü. Əvvəlcə etnik gürcülərin evləri "bölüşdürüldü". Sonradan rusiyalı jurnalistlərin də etiraf etdikləri kimi, Abxaziyadan qovulmuş gürcülərin evləri trofeyə çevrilmişdi və orta hesabla, hər abxaza üç gürcü evi düşürdü. Amma tezliklə başqaları da mülklərilə vidalaşmalı oldular. Bu, ilk növbədə, nüfuzlu yerli klanların müdafiə etmədiyi şəxslər idi. Belələri arasında, ilk növbədə, etnik rusların, yunanların və digərlərinin adını çəkmək olar. Evlərin ələ keçirilməsi fasiləsiz baş verirdi. Bu işdə ilk dalğa 90-cı illərin əvvəllərində, ikincisi isə sonlarında baş qaldırdı. Ruslara məxsus mənzillərin ələ keçirilməsinin növbəti piki isə Moskvanın Abxaziyanın müstəqilliyini tanımasından sonra yaşanıb. Bir çox hallarda insanlara yerli məhkəmələrin, guya, onların fantastik səviyyədə korrupsiyaya bulaşdığına dair qərarı göstərilirdi. Belə insanlara Rusiyaya qaçmaları üçün 24 saat vaxt verilirdi. Əks təqdirdə, onlar qisasla hədələnirdilər.
Maraqlıdır ki, Suxumi uzun müddət "rus mənzilləri" kimi problemin mövcudluğunu etiraf etmirdi. Lakin bu ilin yayında qalmaqallı, amma kifayət qədər məlumatlı olan "Moskovski komsomoles" qəzeti yazırdı: "...Abxaziya "hökuməti" (dırnaq işarəsi bizə məxsusdur - red.), deyəsən, artıq ağ elədi. Onlar uzun illər özlərini elə aparırdılar ki, guya respublikada rusdilli əhalinin mənzillərinin əllərindən alınması kimi problem yoxdur. Lakin 2010-cu ildə "MK" ilk dəfə bu haqda yazdıqdan sonra yazıda Abxaziyanın adları çəkilən rus sakinlərinin heç biri öz qanuni evində yaşaya bilməyib. Yeni "prezident" Aleksandr Ankvabın hakimiyyətə gəlişi də heç nəyi dəyişməyib. Halbuki respublikanın qeyri-abxaz əhalisi ona bu problem həll edəcəyinə inandıqları üçün səs vermişdi".
İddialara görə, Vişernev bu işə kifayət qədər enerji ilə girişibmiş. Ona yardım istəyilə çoxlu sayda insan müraciət edirmiş. Rəsmi səviyyədə bu dərəcədə fəallıq, yəqin ki, Suxumi separatçılarının xoşuna gəlməyib. Güman ki, bu səbəbdən də, diplomatla "oğru qanunları ilə" haqq-hesab çəkmək qərarına gəliblər.
Bir sözlə, rusiyalı diplomatın hansısa bir killerin deyil, separatçı rejimin mahiyyətinin qurbanı olduğu şübhə doğurmur və bu rejimlərin quldur rejimi olaraq qaldığını bir daha nümayiş etdirir.
MƏSLƏHƏT GÖR: