
HUNLAR QAYIDIR
"R+" jurnalının suallarını Macar-Turan Fondunun sədri, tarixçi və antropoloq Andraş Biro cavablandırıb
Müəllif: Ayaz MİRZƏYEV Bakı
-Cənab Biro, Avropada küklərinin dərinliyi ilə öyünə biləcək xalqların sayı çox deyil. Ən qədim xalqlardan biri isə macarlardır. Hunların nəticəsi olmaq necə hissdir?
- Macarlar qəribə xalqdır. Onlar 1 000 ildən artıqdır Avropada yaşasalar da, hələ də əsl cəngavər əcdadlarını xatırlayırlar. O əcdadları ki, böyük əraziləri ələ keçirərək Şərqdən, Avrasiya düzündən Karpat hövzəsinə gəlmişdilər. Bu günədək macarlar qədim mədəniyyətlərinin bir çox elementlərini, özlərinə xas olan qədim Şərq dilini qoruyub-saxlayıblar. Böyük hökmdar Atilla macar əfsanələrinin ən vacib fiqurlarından biridir. Macarıstan elitası əsrlərdir onunla fəxr edir. Mənşəyini əsrlər boyunca Macarıstana başçılıq etmiş Arpadlar sülaləsindən götürmüş kralların geneologiyası da Atillaya gedib çıxır. Atillanın ölümündən sonra (453-cü il) hunların əhəmiyyətli bir hissəsi Macarıstan ərazisindən geri - Şərqə gedib və orada Qafqazın şimal regionlarında hunların yaşayış məskənləri yaranıb. Sonralar macar tayfaları yenidən oradan Qərbə doğru hərəkət edib və Arpadın başçılığı ilə Karpat hövzəsini ələ keçirib. Macarlar öz mənşəyi ilə, şanlı əcdadları ilə fəxr edirlər. Onlar öz xüsusi tarixləri, Avropada yeganə olan məşhur Şərq mədəniyyəti sayəsində spesifikliklərini qoruyub-saxlayıblar (halbuki, Avropa son 1 000 ildə onlara çox təsir göstərib). Macarlar çoxsaylı Avropa xalqları arasında öz milli xüsusiyyətlərini də qoruyublar. Min ildən artıqdır mövcud olan macar dövlətçiliyi qitənin ən qədim dövlətçiliyidir. Macarların əksəriyyəti tamamilə haqlı olaraq bununla fəxr edir, öz milli ənənələrini böyük hərarətlə qoruyurlar.
- Tarixi adət və ənənələrin qorunması, onların gələcək nəsillərə ötürülməsi üçün sizdə hər il Hun-Türk Qurultayı keçirilir. Oraya tanınmış şəxsiyyətlər, ictimai xadimlər dəvət olunurlar. Gələn ay "Atilla Günü" festivalı keçiriləcək. Bu cür tədbirlərin önəmi haqda nə deyə bilərsiniz? Ötən illər ərzində əsas məqsədlərinizə nail ola bilmisinizmi?
- Macar-Turan Fondu iki ildən bir möhtəşəm beynəlxalq tədbir təşkil edir. Söhbət qədim ənənələrə həsr edilən Hün-Türk tayfa assambleyası - Qurultaydan gedir. Bu, böyük hun və türk tarixinin bayram edilməsidir. O, həm də qardaş xalqlar arasında həmrəyliyin güclənməsinə köməkdir. Bundan başqa, hər iki ildən bir Macar-Türk Fondu mədəniyyətin qorunub-saxlanılmasına çalışan yüzdən artıq macar qrupu ilə birlikdə "Əcdadlar günü" təşkil edir. Həmin gün macarlar əcdadlarının, sülalənin yaradıcılarının xatirəsini yad edirlər. Onlar macarların ən böyük əcdadları olmuş hökmdar Atillanı və lider Arpadı yad edirlər. Bu tədbirə dünyanın hər tərəfindən macarlar axışır. Dünyada xüsüsiyyətlərini, köklərini itirmiş bir çox xalq var. Nəticədə, onlar özlərinə olan inamı da itirirlər. Bu mənada bayram tədbirinin daha bir önəmi var: o, xalqın müxtəlif nəsillərdən olan nümayəndələrini birləşdirir. Bu cür tədbirlər macarlar və qardaş xalqlar, məsələn, Azərbaycan xalqı üçün güc mənbəyi, iftixar mənbəyi sayıla bilər. Bu tədbirlər milli mədəniyyətləri məhv edən qloballaşmaya müqavimət göstərməyə kömək edir.
- Cənab Biro, çoxdandır ki, Macar-Turan Fonduna rəhbərlik edirsiniz. Bu fondun yaradılması zərurəti necə meydana gəlib? Hazırda fond hansı layihələr üzərində işləyir və gələcək planlar nədən ibarətdir?
- Fondu yaratmağımın səbəbi qədim macar ənənələrinin qorunmasına elmin cəlb olunmasının vacibliyini hiss etməyim olub. Macar ənənələrinin qorunub saxlanılmasına yönəlmiş digər tədbirlərlə yanaşı, fərqli bir şey yaratmaq lazım idi. Elə etmək lazım idi ki, milli geyimlər, silahlar və digər alətlər keçmişi doğru şəkildə əks etdirsin (qədim zamanlarda olduğuna mümkün qədər bənzər). Bundan başqa, məqsədim hər kəsi zəngin hun-türk mədəniyyətilə tanış etmək, qardaş xalqlarla əməkdaşlığı genişləndirmək, bu işdə bənzər tarixi köklərdən, mədəniyyətdən istifadə etmək idi. Azərbaycanla Macarıstan arasında əməkdaşlıq bu məsələdə vacib rola malikdir. Biz insanlara izah etmək istəyirik ki, aradakı böyük coğrafi məsafəyə baxmayaraq, azərbaycanlılar və macarlar nəinki bir-birlərinə ümumi keçmişlərilə bənzəyirlər, onlar həqiqətən də qohumdurlar.
Gələcəklə bağlı əsas məqsədlər arasında elmi layihələrin köməyilə, müasir elmi məlumatlara (antropologiya, genetika) əsaslanmaqla hunların və türklərin tarixinin yazılması var. Ümid edirəm ki, yaxın zamanlarda bir çox belə layihələrlə bağlı təşəbbüslər irəli sürüləcək.
- Avropada türklərə və hunlara yanaşma birmənalı deyil. Bu xalqların Avropa ailəsinə daxil olmasının qarşısına bir çox süni maneələr çıxarılır. Onların keçmişi ilə bağlı ədalətsiz ittihamlar irəli sürülür. Bu cür stereotiplərin mövcudluğunu nə ilə izah edərdiniz?
- Hər bir xalqın öz tarixi əməllərini və rolunun daha vacib olduğunu sübuta yetirmək cəhdləri təbiidir. Bu mənada Avropadan olmayan, yad mədəniyyətə və dinə mənsub istilaçıların (hunlar və türklərin) Avropanın yazılı tarixində son dərəcə mənfi formada göstərilməsi heç də təəccüblü deyil. Onlar bəzi hallarda hətta şeytan qismində göstərilirlər. Bununla yanaşı, zaman keçdikcə saxta obrazlar itəcək. Elmi yanaşmanı oraya qoyan müxtəlif nəşrlər (kitablar, məqalələr, filmlər) insanların daha real obraz əldə etməsinə kömək göstərir. Digər tərəfdən, bu mənfi fikirlərə ciddi önəm vermək lazım deyil. Çünki, bu cür böyük tarixə malik xalqlar - hunların və türklərin nəsli hər zaman tənqid hədəfi olacaq və hər zaman onların paxıllığını çəkəcəklər.
- Macar-Türk Fondunun sədri kimi Azərbaycana dəfələrlə səfər etmiş, burada rəsmi şəxslərlə görüşmüsünüz. Sirr deyilsə, Azərbaycanın rəsmi və vətəndaş institutları ilə hansı sahələrdə əməkdaşlıq etmək niyyətindəsiniz?
- Azərbaycanla Macarıstan arasında əməkdaşlıq nəinki əladır, onlar həm də strateji tərəfdaşdırlar. Macar-Turan Fondu üçün belə əməkdaşlığın xüsusi əhəmiyyəti var. Bu illər ərzində Azərbaycanda bir çox dost və tərəfdaş əldə etmişik. Azərbaycana səfərlərimiz hər zaman bizim üçün əla təcrübədir. Ev sahiblərinin münasibəti sayəsində hər zaman Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Biz də hər zaman proqramlarımız çərçivəsində ölkəmizə səfər edən azərbaycanlı qonaqlara böyük diqqət göstəririk. Onlar hər zaman digər millətlərin nümayəndələri arasında bizim üçün ən hörmətli qonaqlardandırlar.
Məqsədimiz Azərbaycanın mədəniyyət və elmi təşkilatları ilə əməkdaşlıq etməkdir. Birgə nəşrlər buraxmaq istəyirik. Azərbaycanlı deputatlarla əməkdaşlığımız da vacib xarakter daşıyır. Biz artıq onların bir neçəsi ilə bir sıra birgə proqramlar təşkil etmişik. Misal kimi Macarıstanda keçiriliş qurutlayın fəxri qonağı olmuş deputat Qənirə Paşayevanın adını çəkə bilərəm. Bakıda yerləşən Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əla münasibətlərimiz var. Bu qurumla bir neçə birgə layihə reallaşdırmağı planlaşdırırıq. Beynəlxalq əməkdaşlıq üzrə ən təcrübəli konsultantlarımızdan biri bu fondun sədri Ümid Mirzəyevdir. O, Macarıstandakı vəziyyətlə bağlı çox məlumatlıdır. Macarıstanın qədim mədəniyyətinin qorunub-saxlanması məqsədini güdən Türkdilli Dövlətlərin Koordinasiya Mərkəzi bizim ən vacib tərəfdaşımızdır. Gələcəkdə layihələrin (istər elmi, istərsə də qədim mədəniyyətin qorunub- saxlanrılması çərçivəsində) reallaşdırılması məqsədilə elmi institutlarla, universitetlərlə, idman assosiasiyaları ilə əməkdaşlıq üçün imkanlar axtarırıq. Azərbaycanla Macarıstan arasında uğurlu əməkdaşlığa, xalqlarımızın gələcəyinə, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına inanıram.
MƏSLƏHƏT GÖR: