
YENİ DÖVLƏT?
Reşad Akar: "Kipr münaqişəsi üzrə sülh razılaşmasının əldə olunması şansını 80% qiymətləndirirəm"
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Avropanın ən qədim münaqişələrindən biri olan Kipr problemi çözümə heç zaman olmadığı qədər yaxındır. Bu ilin mayında - münaqişənin başlanmasının 41-ci ildönümündə Kipr Respublikası ilə tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) nümayəndələri arasında danışıqlar başlayıb. Sevindirici haldır ki, danışıqlar ilk andan müsbət istiqamətdə gedib və tərəflər kompromisə hazır olduqlarını göstəriblər. Bunadək isə Kipr Prezidenti Nikos Anastasiadis Şimali Kiprə səfər edərək, orada ŞKTC-nin lideri Mustafa Akınçı ilə danışıqlar aparıb. Türkiyə KİV-in məlumatına görə, danışıqlarda ciddi irəliləyiş əldə olunub və tərəflər indiyədək həll olunmamış bütün məsələləri razılaşdırıblar. Məsələn, türk tərəfi əvvəllər şərt kimi irəli sürdüyü konfederasiya, yəni, iki müstəqil dövlətin yaradılması tələbindən imtina edib, birləşmiş Kipr federasiyasının yaradılması ilə razılaşıb. Yunan tərəfi isə qarşı tərəfə BMT TŞ, Aİ və NATO tərəfindən təhlükəsizlik zəmanəti verir. Tərəflər yekun razılığa gələcəkləri təqdirdə, Kipr türkləri Aİ-nin üzvü olacaq, həmçinin Kiprin Avropanın bütün strukturlarındakı nümayəndəliklərində vəzifə alacaqlar. Nikosiya türk qoşunlarının Kiprdən çıxarılmasını tələb edir, 60%-ni yunanların, 40%-ni türklərin təşkil edəcəyi milli ordunun yaradılması, yaxud, ümumiyyətlə, Kipr ordusundan imtina təklifini irəli sürür.
Daha bir vacib məqam ŞKTC ərazisindəki nəhəng "Marş" qaz yatağının işlənməsi imkanıdır. Bu yataqdan Avropaya boru xəttinin çəkilişini nəzərdə tutan nəhəng layihə mövcuddur. Kipr prezidenti bildirib ki, bu yataq milliyyətindən asılı olmayaraq, bütün kiprlilərin sərvətidir və oradan əldə olunacaq gəlir müvafiq qaydada hər kəsə çatmalıdır. Türk tərəfi isə hesab edir ki, Kiprdə yaşayan bütün türklər gələcək birləşmiş Kiprin vətəndaşlığını əldə etməlidirlər. Məsələ ondadır ki, ötən illər ərzində Türkiyəyədək Şimali Kiprə kifayət qədər insan köçüb və hazırda onlar tanınmamış respublikasının sosial-iqtisadi həyatında vacib rol oynayırlar.
ŞKTC jurnalistlər cəmiyyətinin prezidenti Reşad Akar 1974-cü ildən davam edən Kipr probleminin həlli perspektivləri haqda fikirlərini "R+" ilə bölüşüb.
- Nikosiya və Lefkoşa siyasətçilərinin nikbinliyini bölüşürsünüzmü?
- Bəli. Axı Anastasiadis nikbin, prezidentimiz Akınçi isə daha da nikbindir. Kipr probleminin həlli ilə bağlı danışıqların tarixində bir neçə dəfə müəyyən irəliləyişlərə nail olunub. Bu dəfə isə sözün əsl mənasında irəliləyiş baş verib. Mən uğur qazanılması şansını 80% qiymətləndirirəm. Görünən odur ki, proses Kipr probleminin nizamlanması üzrə ümumi sülh razılaşmasının imzalanmasına doğru gedir. Hazırda tərəflər vacib məsələ üzərində işləyirlər: danışıqlar pozularsa, hansısa səbəbdən gələcək sülh razılaşmasının şərtlərinə əməl edilməzsə, nə baş verəcək? Kipr türklərinin hüquqlarına zəmanət necə veriləcək? Daha bir məqam türklərin yunan, yunanların isə türk tərəfindəki daşınmaz əmlakıdır. Necə olacaq? Mülklərin sahiblərinə kompensasiya veriləcək, yoxsa hər şey olduğu kimi qalacaq? Biz hər şeyin olduğu kimi saxlanılmasını təklif edirik. Çünki insanlar artıq 40 ildir bu daşınmaz əmlaklara sahibdirlər. Amma nizamlanma prosesində ən vacibi təhlükəsizlik problemidir.
- Bəs əhali Kiprin birləşməsi perspektivinə necə yanaşacaq?
- Hər iki tərəfdə insanlar danışıqlar prosesinin uğurla başa çatmasını gözləyir. Kipr Pravoslav kilsəsinin rəhbəri danışıqlar prosesini alqışlayıb və dəstəkləyib. Yunan tərəfində artıq Kipr türklərinin siyasi təşkilatı yaradılıb. Türk əhalinin təhlükəsizliyinə zəmanət məsələsi danışıqlar prosesinin ən son mərhələsinə saxlanılıb. Xatırladım ki, 1960-cı il razılşmasına əsasən, Türkiyə və Böyük Britaniya Kipr türklərinin təhlükəsizliyinin qarantıdır. Razılığa gəlinərsə, türk ordusu Kiprdən çıxarılacaq. Lakin Ankaranın türklərin təhlükəsizliyinin qarantı olaraq qalma hüququ var.
- Anastasiadis təklif edir ki, Türkiyə tərəflər arasında inamın artırılması üçün limanlarını Kipr bayrağı altında üzən bütün gəmilər üçün açıq elan etsin. Bundan başqa, o, yunanların doğmalarının türk ordusunun dislokasiya edildiyi ərazilərdəki məzarlarını ziyarət etməsinə imkan yaradılmasını da təklif edir. Bəs Kipr türklərinin təklifləri nədən ibarətdir?
- Bizi də inam məsələsi narahat edir. Məsələ ondadır ki, yunanların sayı 800 mindən artıq, türklərin sayı isə 250 mindir. Razılaşmanın əldə olunmasından və türk qoşunlarının bölgədən çıxarılmasından sonra yunanlar türk federasiyasına hücum edərlərsə, necə olacaq? Təbii ki, biz türk dövlətinin bu zəmanətini, daşınmaz əmlak məsələsinin ədalətli həllini istəyirik. Yunanların bütün qaçqınların öz evlərinə qayıtması təklifinin yerinə yetirilməsi çox çətindir. Bizim üçün optimal variant hər kəsin artıq 40 ildir yaşadığı yerlərdə qalmasıdır.
MƏSLƏHƏT GÖR: