
DÜNYANIN TƏLAŞINDAN ÖZÜNƏ QAPANMAQ
Teymur Daimi: "Öz mövcudluğuna inanmaq üçün, özünü mütəmadi olaraq bir çox narsis əkslərdə görmək lazımdır"
Müəllif: Nərminə VƏLİYEVA Bakı
"İncəsənət" antropoloji praktikadır. Onun məqsədi - xarici dünyanın səslərindən daxili səssizliyə çevrilərək, insanın öz daxilinə baxa biləcəyi mühitin yaradılmasıdır..." Azərbaycanlı rəssam, kinorejissor, incəsənətşünas Teymur Daimi öz sənətini beləcə təsvir edir. Onun rəsmləri Rusiyanın, Belarusun, Bolqarıstanın, İsrailin, Polşanın, Finlandiyanın və İsveçrənin bir çox şəxsi kolleksiyalarında saxlanılır. Peşəkar fəaliyyətə başlandıqdan bəri bədii praktika ilə yanaşı, Daimi nəzəri tədqiqatlarla da məşğuldur. 1996-cı ildə o, üç esse: "Yol tapmaq", "Təzələnmiş məkanın manifesti və ya Total Rəsminin manifesti" və "Əldən buraxılan Birliyin Epifaniyası"nı özündə birləşdirən "Yol tapmaq" kitabını nəşr edir. Beş ildir o, Venesiya biennalesində milli pavilyonun konsepsiyasını hazırlayan qrupa daxildir. Rəsm və qrafika ilə birgə, Daimi çoxlu sayda instalyasiya yaradıb və orijinal performanslar həyata keçirib, onlardan biri - Vaqif İbrahimoğlu ilə birgə "Yuğ" avanqard teatrında həyata keçirdiyi "Qadının arxitipi" misteriyasıdır. Teymur Daimi, həmçinin bir sıra eksperimental filmlərin və tammetrajlı "Sonuncu" adlı bədii filmin ssenari müəllifi və rejissorudur. Hal-hazırda Azərbaycan dövlət bədii kollecində və İncəsənət Akademiyasında dərs deyir.
"R+" üçün müsahibəsində Teymur DAİMİ müasir incəsənətə baxışı, gələcək planlarından və s. barədə danışıb.
- Hər şeyin necə başladığı barədə danışın? Siz necə rəssam olduz?
- Mən Bakıda doğulmuşam. Atam neft mühəndisidir, anam həkimdir. Mən ailədə tək uşaq idim və təbii ki, valideynlər mənim tərbiyəmə və inkişafıma böyük diqqət yetirirdilər. Uşaqlıqda mən, bir çox yaşıdlarım kimi, rəssamlıqla maraqlanırdım. Sonradan, məktəbdə oxuyarkən, Y.Qaqarin adına pionerlər sarayının təsviri incəsənət studiyasını ziyarət etməyə başladım. Lakin nəslimizdə rəssamlar olmayıb və yaxınlarım tərəfindən o qədər də böyük mənəvi dəstək ala bilmirdim. Bundan başqa, valideynlərim hesab edirdilər ki, rəssam peşəsi praktiki deyil və maddi təminat verməyəcək. Anam və atam istəyirdi ki, onların yolu ilə gedim. Mən isə altıncı sinifdə dəqiq bilirdim ki, rəssam olacağam. Valideynlərimi vaxtından əvvəl məyus etmədim və yalnız məktəbin bitməsinə yaxın qərarım barədə danışdım. Böyük canfəşanlıq nümayiş etdirmədilər, lakin mane də olmadılar. Bir sözlə, barışdılar. 8-ci sinifdən sonra mən Ə.Əzimzadə adına Azərbaycan dövlət rəssamlıq məktəbinə daxil oldum, sonradan isə təhsilimi Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirdim və Azərbaycan Elmlər Akademiyası yanında Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda "Postmodernizm və müasir Azərbaycan təsviri incəsənətində ənənə problemi" mövzusunda dissertasiyanı müdafiə etdim.
- Ənənələrin problemi müasir incəsənətdə aktualdırmı? Bizim vaxtda nə daha düzgündür - kosmopolit rəssam, yaxud milli ənənələrə sadiq qalmaq?
- Hesab edirəm ki, rəssam hiss etdiyi və işləməyi düzgün hesab etdiyi kimi işləməlidir. İncəsənət azadlığı hər şeydən üstündür. Azərbaycanda milli bədii məktəbin ənənələrini davam etdirənlərin sayı azdır. Lakin eyni zamanda, Qərbi Avropa avanqardının kəşfləri və postmodernizm metodologiyalarını inkişaf etdirən rəssamların sayı da çoxdur. Və bu və ya digər yanaşmanın o birisindən pis olduğunu demək kifayət qədər düz olmazdı. Baxmayaraq ki, ən iri müasir incəsənətin forumu olan Venesiya biennalesində bu gün də milli pavilyonlar nümayiş olunur, prinsipcə incəsənət milli "getto" problemini bilmir...
- Siz hansı üslubda işləyirsiniz?
- Düşünürəm ki, ötən əsrin son rübündə postmodernizmin yaranmasından sonra, vizual incəsənətdə üslub, cərəyan və istiqamət anlayışları mövcud olmağı dayandırıblar. Postmodernizm çərçivəsində bütün tarixi üslubların, istiqamətlərin, ənənələrin, texnikaların və formaların yerdəyişməsi baş verib. İndi incəsənətdə əsas olan "sənət əsəri" və ya bədii işlərin seriyası deyil, rəssamın, ümumiyyətlə, həyatı və incəsənət strategiyası, rəssamın dünya ilə dialoq qurduğu intellektual texnologiyalardır. Başqa sözlərlə, birinci yerdə ideya, konsepsiya, ismarıc, ətrafdakılara müəyyən mesaj göndərmək lazımdır. İstənilən rəssamın incəsənəti tamaşaçılar tərəfindən açılmalı olan simvolik kodların kütləsidir.
- İşlərinizdəki ismarıc nədir?
- İncəsənət yolunun əvvəlində mən rəssamlığı fəlsəfəyə, mifologiyaya, müxtəlif dini ənənələrə və praktikalara istinad edən ideyaların yayımı üçün bir növ kanal kimi istifadə edirdim. Bu gün mənim, daha çox tədqiqi və fənlərarası, nəzəriyyə və praktika, elm və incəsənət sərhədində olan başqa vəzifələrim var. İşim vasitəsilə mən tamaşaçıda özünün çoxtərəfli insani təbiətini - bu dünyanın səsli-küylü vurnuxmasından fikrini yayındıraraq, onun, adətən, toxunmadığı və onlardan qaçdığı məkanlar vasitəsi ilə dərrakənin nadir və incə vəziyyətlərinin yaranmasına çalışıram.
- Bizim zamanda rəssam olmaq çətindirmi?
- İndi rəssam olmaq asan deyil. Ümumilikdə, bu gün yaxşı həkim, müəllim, mühəndis, memar da olmaq çətindir... Peşəkarın bacarıqlarını unutmamaq üçün həmişə inkişaf etmək, hərəkətdə olmaq, öz üzərində çalışmaq, dayanmadan oxumaq və çata bilməyəcəyinə nail olmağa çalışmaq, öz qarşısında yeni böyük tapşırıqlar qoymaq lazımdır.
- Bədii incəsənətdən başqa, siz kino da çəkirsiniz. Rejissor işiniz barədə danışın...
- Mənim üçün kino - vizual incəsənətin inkişafında növbəti təkamül pilləsidir. Mənim kinoya gəlişim tamamilə təbii idi və mən deyərdim ki, intuisiya səviyyəsində idi. Rəssamlıqla məşğul olarkən və prosesdən həzz alarkən, mən hər halda müəyyən mərhələdə hiss edirdim ki, mənə nəsə çatır. Statik təsvirdən başqa, mən səsləri və sözləri eşitmək, hərəkətləri və jestləri izləmək istəyirdim. Lakin bunu mən sonradan belə formalaşdırdım. Həmin dövrdə isə mən dərhal anlamırdım ki, nəyi axtarıram. Natamamlıq hissi əzab verirdi, vəssalam. Ona görə də, çatışmazlıq hissi ilə hərəkət edərək, rəssamlıqla yanaşı, mən məkan kompozisiyaları yaratmağa başladım - art obyektlər və instalyasiyalar. Sonradan, yenə də müəyyən incəsənət aclığı hiss edərək, mən daha canlı və dinamik janr - performans janrına keçdim və öz bədənim də daxil olmaqla, bədənlə eksperimentlər etməyə başladım. Lakin bu da istənilən məmnunluq hissini vermədi. Və 2002-ci ildə kameranı əlimə götürərək, özümün ilk filmimi çəkdim. Mən anladım ki, bütün bu müddət ərzində əl ilə "hərəkət edən təsvirlər", yəni kinematoqraf istiqamətində hərəkət edirdim. Bu film "Örtük altında" adlanırdı və xüsusən Strasburqda beynəlxalq art layihə üçün hazırlanmışdı. Sonradan "Daxili cənnət", "Odun çağırışı", "Oyanma", "Məbədin ürəyi", "Geo-incəsənət" və digər filmlər olub. 2011-ci ildə yazıçı fantast Aleksandr Hakimovun baş rolda - filmdə Hakimov özünü oynayır - apokalipsis mövzusunda "Sonuncu" tammetrajlı bədii film çəkmək imkanı yarandı. Söz düşmüşkən, məhz "onun üçün" mən ssenarini yazırdım. "Sonuncu" kitab-faciənin adıdır və bu kitab yazıçıya geniş məşhurluq qazandırdı. Lakin bu uğur baha başa gəldi. Qəhrəman təsadüfən öz kitabında qəmgin şəkildə yazdığı kimi elə dünyaya düşür.
- Sizcə, vizual sənətdə və ya rejissurada müəyyən zirvələrə çatmaq istəyən üçün təkcə bacarıq kifayətdirmi?
- Mən Bakı art-kollecində dərs deyirəm və tələbələrim arasında bacarıqlı və perspektivli uşaqların sayı az deyil. Lakin mən onlara həmişə təkrarlayıram ki, incəsənətdə nəyəsə çatmaq üçün bacarıq kifayət etmir. Oxumaq, inkişaf etmək və təkmilləşmək lazımdır. Xüsusi ilə bu gün gənclərin təhsil almaq və özünü ifadə etmək üçün çoxlu imkanları var. Bu gün eşidilmək, demək olar ki, asandır. Sosial şəbəkədə səhifə açmaq və orada öz işlərini yerləşdirmək, fikirlər ilə bölüşmək, lazım olan əlaqələri qurmaq, həmfikirlər tapmaq və hətta öz incəsənət işlərini satmaq kifayət qədərdir. Lakin bir əmma var... Məşhur alman filosofu Boris Qroys bir dəfə dedi ki, əvvəllər cəmiyyət rəssamlara (sözün geniş mənasında) və tamaşaçılara bölünürdü. Sosial şəbəkələrin yaranmasından sonra tamaşaçılar qalmayıb, çünki demək olar ki, hamısı rəssamlara, rejissorlara, yazıçılara və şairlərə çevrilərək "səhnəyə" çıxıb. Tamaşaçı zalı isə boşalıb. Yəni heç kim başqasının incəsənəti ilə maraqlanmır, çünki öz fəaliyyəti ilə məşğuldur, öz-özü ilə, öz mövcudluğuna heyran qalır. Burada da sonsuz "selfi" fenomenidir, sanki müasir insanlara öz mövcudluq faktına inanmaq üçün özünü çoxsaylı narsistik əkslərdə görmək lazımdır... Mən hətta bu vəziyyəti dəyərləndirmək və hər hansı bir mühakimə irəli sürməyə çalışmıram. Yaxşıdır bu, yoxsa pis? Bilmirəm. Vaxt göstərəcək...
MƏSLƏHƏT GÖR: