Müəllif: Cahangir HÜSEYNOV Bakı
"Qorxulu!" "Faciəli!" Artıq xeyli vaxtdır ki, Rusiya qəzetləri və internet nəşrləri-nin səhifələrində bu sözlərə rast gəlinir. Bu ifadələr Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış və 2016-2018-ci illər üçün iqtisadiyyatın inkişaf ssenarisini müəyyənləşdirən yeni sənədlə bağlı işlədilir. Həqiqətən də, "dəqiqləşdirilmiş" ssenarilərə görə, neftin 1 barelinin 40 dollar olması fonunda (iki ssenarinin ən pisi) Rusiyanı kəskin büdcə kəsri gözləyir. Demək, büdcənin xərclər hissəsində ciddi azalma, inflyasiya, əhalinin həyat səviyyəsinin daha da ağırlaşması, həmçinin enerji resurslarının ixracından asılı ölkə üçün belə hallarda gözlənilən digər çətinliklər uzaqda deyil. Digər iki variant - emissiya, yəni pul kütləsinin artırılması və ya Milli Rifah Fondundan (MRF) vəsaitin götürülməsi, çətin ki, iqtisadiyyatın sabitləşməsinə imkan versin. Bu variantların iqtisadi artıma səbəb ola biləcəyi haqda isə düşünmək belə, artıqdır.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin ən son proqnozlarına görə, dolların məzənnəsi 3 il ərzində 75 rubldan yüksək həddə qalacaq. Üstəlik, onun bu həddən nə qədər yüksək olacağını bilən yoxdur. Gəzən söz-söhbətlərə görə, Milli Bank banklara 1 dolların 100-120 rubla bərabər olduğunu nəzərə almaqla, stress-testlər keçirmələrini məsləhət görüb. 2016-cı ildə ölkədə inflyasiyanın 8,8, 2017-ci ildə 7, 2018-ci ildə 6% olacağı proqnozlaşdırılır. Lakin hökumətin inflyasiyanı bu həddə saxlaya biləcəyinə belə, zəmanət yoxdur.
Bu da son deyil. Proqnozlar ABŞ və Çinin fond bazarlarında çöküşün yaşandığına dair informasiyaların yayılması ilə eyni vaxtda açıqlansa da, onlar hadisələrin bütün məqamlarını nəzərə ala bilməz. Böyük ehtimalla dünyanın dollarla sıx bağlı olan bütün iqtisadiyyatları nəfəslərini tutaraq ABŞ Federal Ehtiyat Sisteminin Açıq Bazar Komitəsinin növbəti iclasını gözləyir. İclas sentyabrın 16-17-də keçiriləcək. ABŞ-da faiz dərəcələrinin artması və bununla əlaqədar dolların mümkün bahalaşması xaosa səbəb ola bilər. Bu halda inkişaf etməkdə olan ölkələrin hökumətləri, onların maliyyə qurumları, korporasiyaları, hətta ev təsərrüfatları da yaşananların təsirini hiss edəcək. Onlar son bir neçə ildə trilyonlarla dollar borc alıblar və bu səbəbdən də, indi bu borcların yerli valyuta ilə real artımı ilə qarşılaşacaqlar. Bununla yanaşı, ABŞ-da faiz dərəcələrinin artması inkişaf etməkdə olan ölkələrdə də dərəcələrin yüksəlməsinə yol açacaq.
Əksər iqtisadçılar belə qənaətdədirlər ki, qlobal bazar 2007-2009-cu illərin böhranından sonra hələ də özünə gəlməyib. Buna bir çox sübut var. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı durğunluq yaşayır, bir çox valyutalar ciddi devalvasiya ilə üzləşib. ABŞ formal olaraq böhrandan 2009-cu ildə çıxıb və işsizliyə qalib gəlib. Lakin bu ölkədə də iqtisadi artım templəri yüksək deyil. Avropaya gəlincə, o, durğunluq və ya zəif artım yaşayır - bu il Avropada iqtisadi artımın 1,5%-dən çox olmayacağı proqnozlaşdırılır.
Bununla yanaşı, hökumətlər son illər ərzində borcları artırmaqla məşğul olub. Hazırda ABŞ-ın dövlət borcu, təxminən, 18 trilyon dollar (ÜDM-in həcmindən bir qədər çox), Aİ-nin borcu isə 12 trilyon avrodur (ÜDM-in 87%-i).
Büdcəsi neft-qaz sektorunun gəlirlərindən asılı olan ölkələrdə vəziyyət daha pisdir. Dünya bazarında enerji daşıyıcılarının qiymətinin kəskin şəkildə ucuzlaşmasının səbəbi nə olursa olsun, qiymətlərin əvvəlki səviyyəyə yüksələcəyinə inananların sayı çox azdır. Belə olan təqdirdə, büdcənin gəlir hissəsinin yerinə yetirilməsi üçün ən sadə üsul milli valyutanın devalvasiyasıdır. Rusiyada da məhz bu baş verir.
Sahibkarlar isə devalvasiyanı - istərsə o, 1998-ci ildəki kimi sərt olsun, istərsə də, 2008-2009-cu illərdəki kimi yumşaq - faydalı hesab etmirlər. Birinci variantı hər zaman sahibkarların yalnız 1-4%-i, ikinci variantı isə 10-13%-i dəstəkləyib. Bu yaxınlarda keçirilmiş müxtəlif sorğular göstərir ki, rublun ucuzlaşmasının davam etməsini rusiyalı sənayeçilərin yalnız 2%-i istəyir. Əksəriyyətin tələbi rublun güclü olması, vergilərin və kredit faizlərinin aşağı salınmasıdır. Bununla yanaşı, prezident Vladimir Putinin sənayeçilərlə bu günlərdə keçirdiyi görüşdə sahibkarlardan biri gözlənilmədən ondan "dolların ucuzlaşmasına imkan verməməsini" istəyib. Bu istək görüşdə iştirak edən digər sahibkarlar tərəfindən heç də narazılıqla qarşılanmayıb və bu, qətiyyən təəccüblü deyil. İdxal materiallarının əvəzlənməsindəki maneələrə gəlincə, rəyi soruşulanların 62%-i bunu yerli analoqların olmaması və ya keyfiyyətin aşağı olması ilə izah edir. Yəni idxal istənilən halda lazımdır. Bu arada Rusiya hökuməti iki vacib məsələnin həlli arasında "var-gəl edir" - bir tərəfdən büdcə doldurulmalı, digər yandan yeni müəssisələrin yaradılması, mövcudlarının müasirləşdirilməsi üçün biznesə lazımi şərait yaradılmalıdır. Amma bu gün Rusiya yalnız iki sahədə nisbətən müstəqil ola bilər - ərzaq məhsullarının istehsalı və yüngül sənaye. Digər sahələrdə reindustrializasiya və müasirləşdirilməyə ehtiyac var. Əsas "günah" isə formalaşmış iqtisadi modeldədir. Ötən əsrin 90-cı illərinin ortalarında start götürmüş və bu yaxınlaradək davam ettirilmiş deindustrializasiya nəticəsində ölkədə istehsal olunan məhsulların əksəriyyəti - avtomobillər və avadanlıqlar Qərbdən olan analoqlarından xeyli geri qalır. Gələcəkdə mükəmməl nə isə istehsal etmək üçün artıq indi Qərbdən dəzgahlar və texnologiyalar alınmalıdır. Bəs, rublun getdikcə ucuzlaşdığı, daxili istiqraz vərəqələrinin faizlərinin rentabelli olmadığı, ucuz xarici kreditlərin isə ayrılmadığı şəraitdə buna necə nail olmaq olar?
Qloballaşma və Sosial Hərəkatlar İnstitutunun İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşev "R+"a bildirib ki, "zəif iqtisadiyyatda güclü valyuta olmur". "Rublun ucuzlaşması tamamilə təbii və qanunauyğundur. Ona dünyada neftin ucuzlaşması yox, daxili səbəblər, ilk növbədə, daxili iqtisadi amillər yol açıb. Böhran üçün xarici səbəblər olsa da, Rusiyada böhran xeyli əvvəldən başlamışdı. Onu hələ 2012-ci ildə proqnozlaşdırmaq mümkün idi - ümumdaxili məhsul azalırdı və artıq ötən il bir sıra sahələrdə ixtisarlar, daşınmaz əmlak bazarında zəifləmə başlamışdı...", - deyə ekspert qeyd edib.
Qərbin sanksiyalarına qarşı görülən tədbirlər rusiyalı sahibkarlarda yeni istehsalat yerlərinin açılmasına, mövcudlarının müasirləşdirilməsinə müəyyən stimul yaratsa da, onların hökumət tərəfindən həyata keçirilən tədbirlərin uzunmüddətliliyinə inamları da çox deyil. Birdən Rusiya ilə Qərb arasında yaşanmaqda olan siyasi münaqişə aradan qalxarsa, qarşılıqlı sanksiyaların ləğv edilməyəcəyinə, nəticədə, ölkəyə ucuz malların və texnologiyaların dolmayacağına zəmanət varmı? Hətta Rusiyanın avqustda ərzaq məhsullarının idxalına qoyulmuş qadağanı 12 ay müddətinə uzatmaq qərarında belə, xüsusi qeyd var: Qərb sanksiyaları aradan qaldırarsa, Rusiya istənilən an bu qərarına yenidən baxa bilər.
Üstəlik, məlum olub ki, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Rusiya iqtisadiyyatının artıq ən aşağı həddə düşdüyünü və bundan sonra "batmaq" üçün yer olmadığını düşünür. Bununla yanaşı, nazir gələn ilin proqnozuna dəyişiklik də edib: artım proqnozlaşdırıldığı kimi 2,3% deyil, təxminən, 1-2% arasında olacaq. BVF-nin Rusiya iqtisadiyyatında artımın 0,2% təşkil edəcəyinə dair proqnozunu isə nazir "həddindən artıq bədbin" sayır. Vasili Koltaşev isə fərqli fikirdədir: "Düşünürəm ki, ÜDM-in azalması gələn il də davam edəcək. Hətta gələn il bu, cari ildəkindən daha çox hiss olunacaq. Son illərin məntiqi göstərir ki, iqtisadiyyat sıxılır. Dövlətin səyləri olmadan cəmiyyətdə işgüzar fəallıq mümkün deyil. Belə səylər yoxdur, demək, yalnız geriləmə haqda proqnozlar vermək olar. Tənəzzül şəraitində gələn illə bağlı inkişaf proqnozlarının verilməsinə gəlincə, bu, bir ənənə, xüsusi incəsənət növüdür. Aydındır ki, BRHÇC ölkələrinin iqtisadiyyatları böhran rejimindədir. Bu mənada hələlik yalnız Hindistanı istisna etmək olar. Çində inkişaf zəifləyib və son 24 ilin ən pis göstəriciləri qeydə alınmaqdadır. Braziliya, CAR və Rusiyada resessiyadır. Onların ardınca eyni sxem üzrə daha kiçik iqtisadiyyatların tənəzzülü gəlir. Bu şəraitdə hələ də problemlərini xammal ixracı hesabına çözməyə çalışan Rusiya gələn il iqtisadi inkişafa nail ola bilməz".
Beləliklə, görünən odur ki, iqtisadi böhran içərisində, ABŞ və müttəfiqlərilə həmişəkindən daha ciddi qarşıdurma şəraitində olan Rusiya defoltdan qaçmaq üçün milli valyutasını ucuzlaşdırmaqda davam etməlidir.
MƏSLƏHƏT GÖR: