
ŞİMALDAN TƏŞƏBBÜS
Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti, politoloq Aleksandr SotniÇenkonun "R+" jurnalına müsahibəsi
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Yay mövsümü Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində gərginliklə yadda qaldı. Erməni tərəfinin ayrı-ayrı diversiya əməlləri, Azərbaycan Ordusunun mövqelərinin iriçaplı silahlardan, qumbaraatanlardan atəşə tutulması müxtəlif lokal toqquşmalara, insan tələfatlarına səbəb oldu. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi də əvvəlkitək "dalana dirənmiş" vəziyyətdədir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfəri isə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkilinə yönəlmişdi.
Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti, politoloq Aleksandr SOTNİÇENKO "R+"a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərilə bağlı fikirlərini bölüşüb.
- BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək sessiyasında uzun fasilədən sonra, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün baş tutacağı gözlənilir. Görüşdən Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləyiş gözləmək olarmı?
- Təəssüf ki, görüşdə hər hansı ciddi irəliləyişin əldə olunacağını düşünmürəm. Vəziyyət faktiki olaraq 20 il əvvəl olduğu kimidir. Fikrimcə, tərəflərin razılığa gələ biləcəkləri yeganə məqam hər hansısa humanitar aksiya, atəşkəsə əməl olunması ilə bağlı ola bilər. Real irəliləyiş üçün isə hələləik imkanlar görmürəm.
- Rusiya vasitəçilər arasında hər zaman fəallığı ilə seçilib. Son zamanlar isə istər Bakı, istərsə də İrəvan Rusiyanın münaqişə tərəflərinin silahlandırması siyasətindən narazıdır. Münaqişənin həllində vasitəçi olan Rusiya tərəflərə silah, o cümlədən hücum silahları satmaqla hansı məqsədləri güdür? Bu mərhələdə Rusiyadan münaqişənin həllinə yönəlmiş ciddi addımlar gözləmək olarmı?
- Tərəflərin silahlandırılması ilə bağlı məsələ bəsitdir. Rusiya dəfələrlə bəyan edib ki, KTMT və Avrasiya İttifaqının üzvü olan Ermənistan onun hərbi-siyasi müttəfiqidir. Odur ki, Rusiya Ermənistanı istənilən halda silahlandıracaq.
Digər tərəfdən Moskva regionda gərginliyin artmasına imkan verməmək üçün Azərbaycana da eyni həcmdə silah-sursat satmağa çalışır. Yəni vəzyyət ABŞ-ın İsrail və ərəb ölkələrilə münasibətində olduğu kimidir: Vaşinqton İsrailə ərəb ölkələrinə ümumilikdə verdiyi silah qədər silah satmağı vəd edir. Beləliklə, müəyyən paritet qorunub saxlanılır.
Rusiyanın nə edə biləcəyi haqda sual isə, daha mürəkkəbdir. Dağlıq Qarabağ münaqişəsi həqiqətən çətin problemdir. Amma, o, regional inteqrasiya çərçivəsində həlli mümkün münaqişədir.
- Rusiya ekspertləri arasında Qarabağ probleminin vahid inteqrasiya birliyi çərçivəsində həlli ideyası daha populyardır.
- Düşünürəm ki, münaqişə bu və ya digər formada, məsələn, Ermənistan və Azərbaycanın Avrasiya İttifaqına inteqrasiyası çərçivəsində çözülə bilər. Buna regiondan uzaqda yerləşən Avropa, ABŞ kimi qlobal oyunçuların deyil, lokal oyunçuların münaqişənin müzakirəsinə cəlbilə də nail olmaq mümkündür. Söhbət, ilk növbədə, İrandan və Türkiyədən gedir. Bu halda Qafqazdakı digər münaqişələr kimi, Qarabağ problemi də həll oluna bilər. Bu istiqamətdə 2008-ci ildə müəyyən adımlar atılmışdı - Ərdoğan Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Platformasının yaradılmasını təklif etmişdi. Bunu ideal saymasam da, təxminən, bu istiqamətdə irəliləmək lazımdır.
Bu proseslərin təşəbbüskarı isə əlbəttə ki, Rusiya olmalıdır. Odur ki, Rusiyanın iştirakı olmadan regionda heç bir münaqişənin "donu açılmayacaq". Ermənistan və Azərbaycan da əslində diqqəti Rusiyaya yönəldib, ondan müəyyən addımlar gözləyir. Odur ki, Moskva regionda münaqişə tərəflərini bu və ya digər dərəcədə qane edəcək sülhə nail olunması proqramı ilə çıxış etməlidir.
- Bakı isə ən azı, indiki mərhələdə Avrasiya İttifaqına üzvlüyün onun üçün maraqlı olmadığını bəyan edib. Bununla yanaşı, belə bir fikir var ki, Rusiya işğal altındakı torpaqların qaytarılmasına kömək edərsə, Azərbaycan sözügedən təşkilata üzv ola bilər. Bu fikir nə qədər əsaslıdır?
- Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın Avrasiya İqtisadi İttifaqına inteqrasiyasının müzakirəsində, bu haqda diskussiyalarda əsas mövzu olacaq. Amma bu, Azərbaycanın indiki mərhələdə təşkilata üzvlükdən imtinasının əsas səbəbi deyil.
Əsas səbəb Avrasiya İttifaqının hələlik özünü böyüyən, effektiv inkişaf edən təşkilat kimi təsdiqləməməsidir. Yəni Rusiya bir sıra böhranları aradan qaldırmalıdır. Avrasiya iqtisadi məkanı, məsələn, Avropa İttifaqı kimi dinamik inkişaf edən beynəlxalq təşkilata çevrilərsə, Azərbaycan üçün cəlbedici qurum olacaq. Bu zaman mümkün inteqrasiyadan, bu inteqrasiyasını Qarabağ probleminin həlli kontekstində müzakirəsindən danışmaq olar.
Güman ki, Rusiya problemin regional səviyyədə müzakirəsinin əsasını təşkil edəcək yeni maraqlı ideya ortaya qoymalıdır. Hələliksə yeni və maraqlı heç nə düşünülməyib.
- Yeri gəlmişkən, Azərbaycan Avrasiya İttifaqına təmkinlə yanaşmaqla bərabər, digər nəhəng inteqrasiya birliyi olan ŞƏT ilə əlaqələrin güclənməsinə də maraq göstərir. Bu, Avrasiyaya inteqrasiya ideyasının Bakı üçün maraqlı olduğunu, böyük perspektivlərə malikliyini söyləməyə əsas verirmi?
- Əlbəttə ki, Azərbaycan üçün bu mövzu, ideologiya böyük perspektivlərə malikdir. İstənilən halda, biz yaxşı bilirik ki, Qərb ölkələri üçün Azərbaycan kifayət qədər demokratik ölkə sayılmır. O, özü üçün lazımi anda Azərbaycanı Ukraynasayağı "demokratikləşdirməyə" çalışa bilər. Azərbaycan da bunu yaxşı bilir və mümkün qədər bu ssenaridən qaçmağa çalışır. Odur ki, alternativ inkişaf yolları öyrənilir və burada söhbət həm də Avrasiya məkanına inteqrasiyadan gedir. Mənim fikrimcə, Avrasiya strukturlarına inteqrasiya Azərbaycan üçün böyük perspektivlərə malikdir. Bu, ilk növbədə, vahid məkan çərçivəsində həyata keçiriləcək nəqliyyat sahəsində əməkdaşlığa, Rusiya ilə əməkdaşlığa aiddir. İlk növbədə isə Azərbaycan Aİİ, İraq və Türkiyə arasında əməkdaşlıq üçün yaxşı körpü ola bilər.
MƏSLƏHƏT GÖR: