
EKOLOJİ TERROR
AŞ PA-nın məruzəçisi Milisa Markoviçin "R+"a eksklüziv müsahibəsi
Müəllif: Almaz MAHMUD Bakı
Sərsəng su anbarını Azərbaycan hələ sovetlər dövründə, 1976-cı ildə Tərtər çayı üzərində tikib. Ermənistan-Azərbaycan münaqişəsi başlayanadək bu anbar Dağlıq Qarabağın əsas su mənbələrindən biri idi.
Lakin erməni işğalından sonra Sərsəng də işğalçı rejimin nəzarətinə keçdi. Hövzənin qarşısını bağlayan ermənilər cəbhə xətti boyu 400 minə yaxın insanı və onların əkin sahələrini susuz qoydular.
Onlar yaz daşqınları zamanı Sərsəngin qarşısını açmaqla torpaqları su altında qoyur, qızmar yayda isə, əksinə, suyun qarşısını kəsib, Azərbaycan kəndlərini suya həsrət qoyurlar.
Bu azmış kimi, artıq 20 ildən çoxdur ki, bu su anbarı əsl ekoloji fəlakət mənbəyinə çevrilib. Hətta erməni mətbuatı belə etiraf edir ki, bu gün qəzalı vəziyyətdə olan Sərsəng su anbarı insanların həyatı və ətraf mühit üçün təhlükə saçır.
Sərsəng su anbarının vəziyyəti və onun törətdiyi təhlükəni araşdırmaq məqsədilə AŞ PA-nın Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi ötən il monitorinq missiyası yaratdı və ona rəhbərliyi Milisa Markoviçə tapşırdı.
Ötən ayın sonunda Markoviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edərək, bir sıra rəsmi görüşlər keçirib və cəbhəboyu kəndlərdə vəziyyətlə tanış olub. Bu, Avropa missiyasının ölkəmizə ikinci belə səfəri idi. Su anbarının özünə baş çəkmək isə avropalı deputatlara hələ də qismət olmayıb, çünki Ermənistan onları işğal etdiyi ərazilərə buraxmaq istəmir.
"R+"la söhbət zamanı Milisa Markoviç problemin özü və həlli yolları barədə danışıb.
- Azərbaycana səfərinizin məqsədi?
-Mən artıq Azərbaycana ikinci dəfədir səfər edirəm. Problemlə bağlı hesabatın hazırlanması üçün gəlmişəm. Qeyd edim ki, bu hesabat Avropa Şurasının Sosial İşlər Komitəsi tərəfindən tərtib olunur və mən bu layihəni yaxın aylar ərzinə tamamlamalıyam. Azərbaycan əhalisinin su çatışmazlığı probleminin həll olunması və Ermənistan tərəfindən burada suyun verilməməsi həmin hesabatda öz əksini tapacaq.
- Hesabat nə zaman hazır olacaq?
- 2013-cü ilin fevral ayında mən Bosniya Herseqovina nümayəndə heyətinin tərkibində Azərbaycanda olmuşam və xatırlatmaq istəyirəm ki, səfərim zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də qəbul edilmişdik və elə o zaman bu məsələlərlə bağlı danışıqlarımız oldu. Azərbaycan bu məsələyə çox həssas yanaşır. Su çatışmazlığı, demək olar ki, Azərbaycanın Ermənistanla cəbhə boyu regionlarında ən böyük problemlərdən biridir və Azərbaycan hökumətinin üzvləri ilə görüşdüyüm zaman Azərbaycan dövlətinin bu bölgələrdə böyük investisiyalar yatırdığını, bu problemi həll etmək istədiyini görmüşəm və ümid edirəm ki, bizim də köməkliyimizlə bu problem aradan qalxacaq. Bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyində görüşüm zamanı bildirmişdim ki, bizim hesabatın əsas mahiyyəti odur ki, insanların su çatışmazlığı problemi həll olunmalıdır. Susuz və qidasız insan yaşaya bilməz.
- Səhv etmirəmsə siz bir neçə dəfə Ermənistan tərəfinə müraciət etmisiniz ki, Sərsəng su anbarı ilə bağlı monitorinq aparasınız. Amma rəsmi İrəvan bundan imtina edib. Sizcə, səbəb nədir?
-Yenə də xatırlatmaq istəyirəm ki, bu layihə hər iki ölkəni əhatə edir, yəni cəbhəyanı regionları. Qeyd etdiyim kimi Azərbaycana 2-ci dəfədir gəlirəm. Ancaq Ermənistana heç getməmişəm. Hələ də nikbinəm, çünki Ermənistan hökuməti mənə "yox" deməyib. Biz hələ də cavab gözləyirik. Amma "hə" də deməyib. Ümid edirəm ki, mən qarşı tərəfə də gedəcəm, çünki bu hesabatın hazırlanması üçün hər iki tərəfə səfər etmək və orada müşahidə aparmaq əsasdır. Xatırladım ki, bu il iyulun 30-da Avropa Şurası rəsmi olaraq, Ermənistan hökumətinə və AŞPA-dakı nümayəndə heyətinə müraciət edib və bizim oraya səfərimizin təşkil olunmasını istəyib. Amma hələ də bu məktubumuza bir cavab gəlməyib. Bir daha bildirmək istəyirəm ki, Avropa Şurasında olduğum müddətdə dəfələrlə Ermənistan nümayəndə heyəti ilə görüşmüşəm, amma onlar bizim ora səfərimizin təşkil olunması və tarixinin dəqiqləşdirilməsi ilə bağlı heç bir məlumat verməyiblər.
- Əgər yenə də Ermənistan tərəfi sizə "yox" cavabı verərsə, atacağınız addım nədən ibarət olacaq?
- Ermənistan hökuməti mənim səfərimi ora təşkil etməsə, bu zaman mənim ata biləcəyim iki addım var. Ya hesabat vaxtından əvvəl təhvil verilməlidir, o zaman da hansısa problemlər yarana bilər, çünki Ermənistana səfərim olmayıb. İkincisi, mən öz komissiyam qarşısında məsələ qaldırıb hesabatın tarixini uzada bilərəm. Bu da 2016-cı ilin aprel ayına təsadüf edə bilər. İstənilən halda, mən öz komissiyamın qərarı ilə hərəkət edirəm və sentyabrın sonu oktyabrın əvvəlində sessiya zamanı atacağımız addımları dəqiqləşdirəcəyik.
- Azərbaycana sonuncu səfəriniz zamanı hansı rayonlarında oldunuz və bu məsələ ilə bağlı hansı problemlərlə rastlaşdınız? Gəldiyiniz qənaət...
- Mən demək istəyirəm ki, keçən ilin dekabr ayında da cəbhəyanı altı rayona (Tərtər, Ağdam, Bərdə, Goranboy, Naftalan, Yevlax və Ağcabədi ) səfər etmişəm və bu il də altı rayona səfər etdim. Əsasən bunlar təmas xəttində olan regionlardır, hansı ki su ehtiyatı çatışmazlığı var. Hər bir rayonun icra hakimiyyəti ilə görüşdük və görüşlərimiz zamanı konkret problemlərdən danışdıq. Məsələ ondadır ki, burada içməli su ilə yanaşı, suvarma suyu da yoxdur. Kənd təsərrüfatı inkişaf etmir, meyvə-tərəvəz olmur.
- Sözsüz ki, siz bu məsələ ilə bağlı geniş araşdırmalar aparmısınız. Dünya praktikasında belə bir hala rast gəlmisinizmi ki, qarşı tərəf missiyaya şərait yaratmaqdan imtina etsin? Əgər belə hallar baş veribsə, nəticəsi necə olub?
- Ermənistan tərəfinin bu hərəkəti mənim üçün xoşagəlməzdir və mən bunu çox bədbin qəbul edirəm. Ancaq mən yenə də gələcəyə ümid edərək Ermənistan səfərimin baş tutacağını düşünürəm.
- Sonda nəsə əlavə etmək istərdinizmi?
- Son olaraq bildirmək istəyirəm ki, mən Azərbaycanda bir çox şəxslərlə görüşmüşəm və bir çox məlumatlar əldə etmişəm, əldə etdiyim bütün bu məlumatları hesabatıma daxil edəcəm. Billdirmək istəyirəm ki, mən bu altı rayonda su çatışmazlığı ilə bağlı həssaslığı çox yaxşı başa düşürəm və ümid edirəm ki, bizim hazırlayacağımız raport sonda bu məsələnin həll edilməsinə kömək edəcək.
MƏSLƏHƏT GÖR: