
BAKI - MOSKVA - ANKARA FORMATI
Rusiyalı ekspert: "Lavrovun Bakı danışıqları bu istiqamətdə diplomatiyanın fəallaşdırıldığını göstərir"
Müəllif: Cahangir HÜSEYNOV Bakı
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya son səfəri çoxları üçün gözlənilməz oldu. Ən azı o, planlaşdırılan görüşlərlə bağlı rəsmi siyahıda yer almırdı. Lakin bu səfər ərəfəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı ilə məsləhətləşmək üçün Ankaraya yollanması və Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında telefon danışığının baş tutması nəinki Bakı səfərinə ciddi hazırlıq görüldüyünü üzə çıxarır, həm də danışıqların iştirakçıları haqda hər şeyi izah edir. Məşhur rusiyalı publisist, daxili siyasət, Qafqaz üzrə mütəxəssis, "Alte et Certe" analitik mərkəzinin rəhbəri Andrey YEPFANSEV "R+"a müsahibəsində bu fəallaşmanın arxasında nələrin dayana biləcəyi, müzakirələrdə gündəlikdə hansı məsələlərin olduğuna dair ehtimallarını bölüşüb.
- Elmar Məmmədyarovla Sergey Lavrov mayda və iyulda görüşsələr də, Lavrov bu günlərdə yenidən Bakıya gözlənilməz və müəmmalı səfər etdi. Fikrinizcə, bu, nə ilə bağlı ola bilər?
- Həqiqətən də, Lavrovun Bakı səfərində məqsədin nə olduğunu dəqiqliklə heç kəs söyləyə bilməz. Lakin bu haqda mətbuata heç bir informasiya sızmasının baş verməməsi, əslində, danışıqların ciddi xarakterindən xəbər verir. Görüşlərdə müzakirə olunmuş proses uzun və çətin prosesdir. O davam edir və prosesə cəlb edilmiş tərəflərin bu haqda danışmasının mənası yoxdur. Lakin görüşdə böyük ehtimalla toxunulmuş bir neçə mövzu var. Birincisi, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı kompleks problemlərdir. Hər halda, bu səfərdən bir neçə ay əvvəl xüsusilə Kreml dairələrinə yaxın şəxslərdən, məsələn, Sergey Markovdan (Siyasi Araşdırmalar İnstitutunun direktoru, Dövlət Dumasının deputatı - red). Qarabağ münaqişəsinin həllində tezliklə ciddi irəliləyişlərin olacağına dair fikirlər eşitmişik. Əksər ekspertlər bu məsələyə tənqidi münasibət bəsləyir. Mən də bu cür bəyanatın nəyə əsaslanaraq verildiyini anlaya bilmirəm. Lakin belə proqnozlar olub və Lavrovun son səfəri son zamanlar Bakı-Moskva-Ankara konturunda diplomatiyanın fəallaşdırıldığını göstərir. İrəvan bu prosesə cəlb olunmayıb. Şübhəsiz ki, hansısa ciddi təkliflərin müzakirəsi gedir. Təklifləri hansı tərəfin irəli sürdüyünü söyləmək çətindir, lakin görünən odur ki, onlar İrəvanla ya razılaşdırılıb, ya da təkliflər İrəvana tərəflərin hər hansı qərara gəlməsindən sonra təqdim olunacaq.
Diplomatik işlər vəziyyətin ciddi şəkildə gərginləşməsi fonunda aparılır. Onlar iki dalğada aparılır - Avropa Oyunlarınadək və ondan sonra. Fikrimcə, müharibənin bərpa olunması ehtimalı var. Buna inanmayan bəzi rus ekspertlərlə razı deyiləm. Belə ehtimal var, lakin bu il yox. Və müharibəyə kimsə başlayacaqsa, bu, Azərbaycan tərəfi olacaq. Ermənistan sülh tərəfdarı mövqeyi tutur - təki müharibə olmasın. Lakin başa düşülməlidir ki, bunun səbəbi onların mahiyyət etibarilə sülh tərəfdarı olması deyil. Bunu ermənilərə də söyləyirəm.
Bu praqmatik yanaşmadır. Səbəb heç də sülhə sadiqlik deyil. Sadəcə olaraq, Ermənistan Qarabağ ərazisinə nəzarət edir və əlbəttə ki, kiminsə həmin ərazilərə nəzarəti hərbi yolla ələ keçirməyə çalışması ermənilərə sərf etmir. Fərziyyə olaraq Ermənistanın Dağlıq Qarabağdan məhrum olduğunu düşünsək, o, dərhal hazırda Azərbaycanın nümayiş etdirdiyi mövqeni tutacaq - gəlin, məsələni sülh yolu ilə çözək, amma biz onu hərbi yolla da həll edə bilərik.
- Deyirsiniz ki, gərginliyin pik həddə çatması bu il yox, gələn il mümkündür. Bəs, bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə İrəvanla bağlı olan, digər tərəfdən Azərbaycanla hərbi əməkdaşlığı genişləndirən Rusiya bu haqda nə düşünür? Yeri gəlmişkən, bu, Lavrovun Bakıya səfəri zamanı bir daha vurğulanıb. Bu iki xətt arasında ziddiyyət yoxdurmu?
- Bu, kifayət qədər ciddi məsələdir və ona müxtəlif tərəflərdən yanaşmaq olar. Bu, hətta müəyyən mənada mənəvi məsələdir. Sanki Rusiya... bir israilli ekspertin dediyi kimi, "biz hər iki tərəfə qələbə arzulayırıq" (bu fikri Suriya üzrə ekspert, tanınmış israilli professor Eyal Ziser 2014-cü ilin yanvarında Suriyadakı vəziyyətlə bağlı açıqlamasında səsləndirmişdi - red.) prinsipilə fəaliyyət göstərir. Əslində, bu, belə deyil. Rusiya bu münaqişədə çox çətin, riskli mövqe tutub. Bəli, Ermənistan bizim strateji müttəfiqimizdir. Amma Azərbaycan da düşmənimiz deyil.
Biz bu iki tərəfin hər biri ilə dost olmaq istəyirik, bu isə son dərəcə çətindir. Rusların məntiqi belədir: bəli, biz Ermənistana zəmanət verəcək, onu müdafiə edəcəyik - amma mübahisə obyekti olan ərazinin bura aidiyyəti yoxdur, bu əraziyə təminat şamil edilmir - lakin biz Azərbaycana da silah verəcəyik. Çünki Azərbaycan Nigeriya, Somali, yaxud Sudan və ya Şimali Koreya deyil. Bu ölkə ən müasir silahlar almaq istəyirsə, buna dünya bazarında da asanlıqla nail ola bilər.
Rusiya üçün Azərbaycanla hərbi-texniki əməkdaşlığın vacibliyinin daha bir səbəbi əks halda Bakının NATO standartlarına uyğun silahlar alacağı ilə bağlıdır. Bu, Bakının Moskvadan bir qədər də uzaqlaşması anlamına gələrdi. Moskva isə bunu istəmir.
- Aydındır. Hər kəs gördü ki, görüşdən sonra mətbuat üçün açıqlamada əsas söhbət hərbi və iqtisadi sahələrdə əməkdaşlığın möhkəmləndirilməsindən getdi. Fikrinizcə, bu, kimə yönəlmiş mesaj idi? Bakı danışıqları zamanı, yəqin ki, regiondakı geosiyasi vəziyyət də müzakirə olunub.
- Siyasətçilərin görüşdən dərhal sonra səsləndirdikləri bəyanatlara əsaslanmaq lazım deyil. Bu, protokola əsaslanan diplomatik gediş, standart fikirlər ola bilər. Görüşün əsasını nəyin təşkil etdiyini heç kəs söyləyə bilməz.
Xarici siyasi aspektlərə gəlincə, iki ölkədən heç birinin durumu yaxşı deyil və onlar bir-birilə əməkdaşlığı gücləndirməkdə maraqlıdırlar. Neftin ucuzlaşması, Rusiyanın və Azərbaycanın Avropaya karbohidrogen ixracatçısı kimi çəkisinin azalması, İranın tezliklə dünya bazarına çıxmağa hazırlaşması son dərəcə ciddi siyasi nəticələr verəcək. Çəki azalırsa, hər tərəfdən ən müxtəlif iddialarla üzləşirsən. Rusiyaya münasibətdə onun xarici siyasətinə, Azərbaycanın isə daxili siyasətinə - müxalifətə, vətəndaş azadlıqlarına, insan haqlarına münasibətinə və s. - etirazlar artır...
Qərb Rusiyanı təcrid duruma salmağa çalışır və bunu həm də Azərbaycana təzyiqləri artırmaqla etmək istəyir. Odur ki, ən yaxşısı bizim birlikdə olmağımızdır. Bütün postsovet ölkələri artıq siyasi bloklarla bağlı seçimini edib. Azərbaycan isə hələ də bu seçimi etməyib, yaxud bloklara qoşulmama yolunu seçib. Onun üçün Türkiyə ən yaxın ölkədir, lakin bu, nə NATO-dur, nə də Avropa İttifaqı. Rusiya üçün isə bu tərəzinin gözünü Avrasiya İttifaqına tərəf əymək vacibdir. Bəlkə də, söhbət elə bundan gedib. Bunu da istisna etmək olmaz.
İqtisadi sahəyə gəlincə, burada da ümumi qayğılarımız var. Neftin 1 bareli 100 dollar olduqda biz rəqib idik. İndisə ümumi strategiya hazırlamalı, müttəfiqə çevrilməliyik. Hesab edirəm ki, bu, müzakirə üçün ən təbii mövzu olardı. Məxfi saxlanılması tələb olunan mövzuların sayı çox məhduddur.
MƏSLƏHƏT GÖR: